"Azərikimya"
müəssisələri yenilənir, güclənir
ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin energetikləri "Polimir-120" kompleksində 25 ildən artıq istismarda olmuş 6 kilovoltluq yağ açarını müasir tipli vakuum açarı ilə əvəz etmişlər. Birliyin daxili texniki imkanları hesabına quraşdınrılmış ilk vakuum açarı sistemə qoşularaq sınaqdan çıxarılmışdır. Etilen-polietilen zavodunun "EP-300" və "Polimir-120" istehsalatlarının yarımstansiyalarında 26 belə açar tətbiq olunacaq. Artıq komplektləşdirilmiş yeni avadanlıq texnoloji proseslərə mane olmadan quraşdırılacaq.
Müəssisələrin elektrik
şəbəkəsində əvvəllər istifadə olunan yağ
açarları tez-tez sıradan
çıxır, boşdayanmalara və məhsul
itkisinə səbəb olurdu. Yenilik sayəsində texnoloji
avadanlıqların fasiləsiz istismarı təmin olunacaq.
* * *
İstehsalat birliyinin Mexaniki Təmir Zavodunda ilk dəfə olaraq kompyuter sistemi ilə idarə olunan "Laqun" markalı çoxtərtibli emal dəzgahı quraşdırılmışdır. Kiçik və iriqabaritli metal hissələrin mexaniki emalı sahəsində yeni nəsil nümunəsi olan, mövcud dəzgahlardan fərqli, əməliyyatları üç koordinat üzrə apara bilən "Laqun" həm də bir neçə funksiyalıdır. Bu dəzgah yonma, frezləmə və deşmə əməliyyatlarını mikron dəqiqliyi ilə yerinə yetirir, bu zaman yüksək təmizliyə nail olur və eyni zamanda, vaxta da qənaət edilir. Əvvəllər üç əməliyyat ayrı-ayrı dəzgahlarda yerinə yetirilir, çoxlu vaxt və qüvvə itkisinə səbəb olurdu.
Dəzgahın xüsusi temperatur rejimi tələb etməsi, qapalı şəraitdə daha dəqiq və səmərəli işləməsi nəzərə alınaraq ondan ötrü ayrıca otaq inşa edilmişdir. "Laqun"un ən mühüm texniki xüsusiyyətlərindən biri də onun yalnız düzbucaqlı deyil, həm də yumru-oval səthlərə malik detallarda emal işlərini eyni dərəcədə keyfiyyətlə yerinə yetirməsidir.
Artıq çoxfunksiyalı yeni
dəzgahda Etilen-Polietilen zavodunun
ilk sifarişi yüksək
keyfiyyətlə və vaxtından əvvəl yerinə yetirilmişdir.
* * *
"Azərikimya"
təmirçiləri "EP-300" Kompleksinin 1250 metr
uzunluğunda iri həcmli boru xəttinin çəkilişini
vaxtından əvvəl başa çatdırmışlar.
Piroliz şöbəsindən məişət-istehsalat
sularının təmizləmə sexinə nəql
olunduğu boru xətti demontaj edilərək əvəzlənmişdir.
Uzun illər istismar olunduğundan köhnə boruda
vaxtaşırı tutulmalar olur, tullantıların təmizləməyə
ötürülməsində maneələr yaranırdı.
İndi isə zavodun dövri sularla müntəzəm və
tam təmin olunması təmin edilmişdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 29 avqust.- S. 6.