Çoxları ona Cahandar ağa
deyə müraciət edir
Ələddin
Abbasov - 90
Azərbaycanın
xalq artisti Ələddin Abbasov ömrünün yarıdan
coxunu sənət yollarında keçirib. Bu yolun zirvəsində,
məncə, "Dəli Kür" filmində
yaratdığı Cahandar ağanın cox dəyərli
obrazı dayanır. Həmin filmə dəfələrlə
baxmışam, hər dəfə onun
yaradıcılığında yeni cizgilər tapmışam.
Bir
sözlə, bu aktyorun
istedadına heyran olmuşam.
Ələddin Abbasov böyük və
şərəfli sənət yolu keçmişdir. O,
1922-ci il mayın 5-də Gəncədə
anadan olub. Yeniyetmə vaxtlarından sənətə
olan həvəsi onu 15 yaşında Gəncə Dövlət
Dram Teatrının nəzdindəki
aktyor studiyasına gətirib. İkiillik teatr təhsili
almaqla yanaşı, repertuardakı tamaşalarda
kütləvi səhnələrdə
çıxış edib.
1939-cu ildən peşəkar aktyor kimi həyatını bütünlüklə bu
teatra bağlayıb.
Özü bu barədə deyir: "Mən sənətə
1938-ci ildə gəlmişəm.
Səhnə fəaliyyətim Gəncə Dram Teatrından
başlayıb. Burada
bir neçə il yardımçı
heyətdə işlədim.
Sonra məni aktyor qrupuna qəbul etdilər. O zamanlar Gəncədə Yüngül
Sənaye Texnikumunda oxuyurdum. Gəncə Dram Teatrında məşhur
bir aktyor vardı - Məmmədrza Şeyxzamanov. O, bizim
dərnəyimizin rəhbəri
idi. Biz dərnəkdə
Cəfər Cabbarlının
"1905-ci ildə" əsərindən
parçalar hazırlayası
olduq. Şeyxzamanov mənə Haykaz
Ağamyan obrazını
tapşırdı və
mən də oynadım".
Ələddin Abbasov oynadığı
müxtəlif xarakterli
dramatik və komik rolların öhdəsindən həmişə
bacarıqla gəlib.
Peşəsində amplua anlayışı
olmayan aktyor əyalət teatrları içərisində repertuar
zənginliyi və peşəkar aktyor məktəbi ilə seçilən Gəncə
Dram Teatrının təşəkkülündə
də mühüm rol oynayıb. Onun səhnəyə yaraşan
xarici görünüşü,
xarakterik siması, şaqraq səsi lirik-psixoloji tamaşalara uğur qazandırıb, seyrçini tamaşa zalını yarımçıq
tərk etməməyə,
maraq dolu baxışlarla onu sona qədər izləməyə məcbur
edirdi. Aktyorun təqdim etdiyi
real səhnə personajları
hər ifada qəlbləri riqqətə
gətirir, tamaşaçının
müasirinə çevrilir,
onlarda ideya-estetik zövq yaradırdı.
O, teatr yaradıcılığında
daha çox görkəmli dramaturq Cəfər Cabbarlının
əsərlərinin baş
qəhrəmanlarını oynayıb. Aktyor övladlarına da sevdiyi əsərlərin səhnə qəhrəmanlarının
adını verib: Aydın və Oqtay.
O, Gəncə Teatrında fəaliyyətə
başlayanda Cəfər
Cabbarlının "1905-ci ildə" pyesini repertuara salmışdılar
və ona da erməni Ağamyanı həvalə
etmişdilər. Ələddin
müəllim o vaxtı
belə xatırlayır:
"Məmmədrza dedi
ki, bu oğlan
vaxtilə mənim dərnəyimdə Haykaz Ağamyan rolunu oynayıb. Qoy elə burada
da həmin rolu Ələddin oynasın. O vaxtlar teatrımızda Miribrahim Həmzəyev adlı bir aktyor vardı.
O, sonralar xalq artisti Zəroş Həmzəyeva ilə ailə qurdu. Miribrahim Həmzəyev Haykaz Ağamyan rolunun ifaçısı idi.
Sonralar Naxçıvana getdi.
Bu rolu mənə
təklif etdilər.
Mən də bu rolu
yeni quruluşda oynadım. Bir dəfə tamaşa
zamanı Miribrahim lojada əyləşib mənim oyunuma diqqətlə tamaşa edirdi. Tamaşa qurtarandan sonra
teatrın direktoruna deyər ki, bu uşağı kefli vəziyyətdə teatra niyə buraxmısınız? Kefli vəziyyətdə
də rol oynayarlar? Mən də ki dilimə bir damcı da içki
vurmamışdım. Direktor məni öz kabinetinə çağırdı
və tənbeh etdi. Dedi, bəs ayıb deyil sənin üçün, içkili
halda teatra gəlmisən? Dedim, nə içki, nə zad, mən
heç pivənin də tamını bilmirəm. Miribrahim də kənardan
söhbətimizə qulaq
asırdı. Yaxın gəlib
soruşdu ki, doğrudan içkili deyilsən? Qayıtdım ki, atamın
canı üçün
içməmişəm. Rolum bu cürdü, mən də elə oynamışam.
Miribrahim məni qucaqlayıb öpərək
dedi, ay sənin qadan alım, nə yaxşı oynadın bu obrazın kefli vəziyyətini".
Ələddin Abbasov sənət aləmində özünə
ilk müəllim saydığı
Məmmədrza Şeyxzamanovu
dərin ehtiramla xatırlayır: "Sənətdə
ilk müəllimim Məmmədrza
Şeyxzamanov olub. Onun təkidi, qayğısı
nəticəsində peşəkar
səhnəyə addım
atmışam. Amma
özümdən böyük
başqa sənət yoldaşlarımın, çalışdığım
kollektivin, rejissorların
da əməyini dana bilmərəm.
Mənim
yüksəlməyimdə, tanınmağımda onların
da özünəməxsus
rolu olub". Ümumiyyətlə, aktyorun kino
yaradıcılığı hadisələrin real şərhinə
görə filmlərin
mövzusunun sosial təsir gücünü qüvvətləndirir, ekran
əsərlərinə baxımlılıq
gətirir. Ələddin Abbasov 22 filmdə çəkilib. Kinoda debüt
işi görkəmli
kinorejissor Hüseyn Seyidzadənin çəkdiyi
"Koroğlu" (1960) filmidir.
Aktyor filmdə oynadığı
səfir rolunu yaddaqalan formada təqdim edib. Rejissorun rol bölgüsündə
apardığı düzgün
seçim sayəsində
bu filmdə epizod rollar belə
diqqət çəkir,
onların hadisələrdəki
mövqeyi düzgün
bildirilir. Aktyorun
"Torpaq. Dəniz. Od. Səma" filmində yaratdığı Əli
obrazı da halal zəhməti ilə yaşayan, ətrafındakılara, övladına
həyatını düzgün
istiqamətləndirməsi üçün örnək
ola bilən
qətiyyətli bir personajdır. Əlinin hadisələri düzgün
şərh etməsi,
nəticə çıxarması
oğlunun da cəmiyyətin sağlam sakini kimi yetişməsinə
səbəb olur.
Teatrda qismətinə düşən müxtəlif
xarakterli rolların öhdəsindən bacarıqla
gələn sənətkar
Azərbaycan kinosunda yalnız dramatik rollar yaradıb.
Bunun səbəbini o özünün
də həyatda ciddi xarakterli bir insan olması
ilə əlaqələndirir.
Aktyorun ekranda obrazın "mən"ini təsdiqləyən
dolğun yaradıcılığı,
qətiyyətli xarici
görünüşü bəzən
rolların epizod olmasını belə unutdurur. Məsələn, "Mən ki,
gözəl deyildim"
filminin ilk kadrlarında
Səidənin atasını
(İmran) cəbhəyə
yola saldığını
və bir neçə dəfə onun məktubları ilə dərdləşdiyini
görürük. II Dünya müharibəsi illərində arxa cəbhədə olan insanların həyatından
bəhs edən filmdə biz qəddini dik tutub elini-obasını,
əzizlərini düşməndən
xilas etmək üçün cəbhəyə
tələsən azərbaycanlı
kişisinin məğrurluğunu
görür, ön cəbhədə vuruşan
azərbaycanlıların şücaətini
onun məktubları vasitəsilə öyrənirik.
Bir kadrda hadisələrə dəqiq münasibətini
bildirən bu obraz tamaşaçının
oxunan məktublara diqqət kəsilməsinə,
filmin aparıcı qüvvəsi kimi personajı sevməsinə,
rejissor ideyasını
asanlıqla dərk etməsinə imkan yaradır. Bu rol kiçik olsa da, peşəkar
aktyorun yaratdığı
nakam ata obrazının nisgili film boyu tamaşaçını
müharibənin qəddar
qanunlarına nifrət
etdirir, vətəninə
layiqli insan kimi milyonlara örnək olur.
Yenə aktyorun "Dəli Kür" filmindəki Cahandar ağa roluna qayıdıram.Bu rolu ilə o, daha çox məşhurlaşıb,
xalq tərəfindən
sevilib. Ələddin müəllimin
bu rola çəkilməsinin
maraqlı tarixçəsi
var. Kinorejissor Hüseyn
Seyidzadə onu "Yenilməz batalyon" filmində müsbət bir rola dəvət
etmişdi.Ancaq o, rola təsdiq olunmayıb, Gəncəyə qayıtmışdı.
Rejissor isə onun haqqında
başqa fikirdə idi. Deyirdi ki, Ələddinin
fakturası mənim çox xoşuma gəlir. Gələcək filmlərimdə onu musbət baş qəhrəman rolunda çəkəcəyəm.
İllər ötür və
rejissor "Dəli Kür" filmini çəkməli olur.Cahandar
ağa roluna bir neçə aktyor dəvət olunur. Hətta onların arasında
Adil İsgəndərov
da var idi.Amma
rejissor öz fikrində qalır və Cahandar ağanın ifasını
Ələddin Abbasova həvalə edir. Beləliklə, milli kinomuz
onun ifasında çox dəyərli bir ekran qəhrəmanı
qazanır.
Bir filmdə də onun yaratdığı
qəhrəmanı xatırlatmaq
istərdim. O da kinorejissor Hüseyn Mehdiyevin "Özgə vaxt" filmindəki ata roludur. Xəstə olduğundan qızı
Leyla ona qulluq edir. Ömrünü əlil stulunda
keçirən bu ata cox rəhmsiz
insan təsiri bağışlayır, amma
o, həyatdan küsdüyündən
belə rəhmsiz olub. Aktyor bu obrazı
böyük ustalıqla
yaradıb, onu tamaşaçıya sevdirə
bilib.
Ələddin Abbasovun 90 yaşı tamam olur. Bu böyük aktyorun zəhməti dövlətimiz
tərəfindən həmişə
yüksək qiymətləndirilmiş,
dəfələrlə orden
və medallarla təltif olnmuşdur.
Ən əsası isə o, Azərbaycanımızın sevimli
xalq artistidir.
M.MÜKKƏRRƏMOĞLU
Xalq qəzeti.- 30 Avgust .- 2012.- S.7.