Kəngərli nəslinin
rəssam oğlu
Bəhruz Kəngərli -
120
Azərbaycanın
görkəmli rəssamlarından biri olan Bəhruz (əsl
adı Şamil) Şirəli bəy oğlu Kəngərli
haqqında müxtəlif illərdə yazılan monoqrafiya və
məqalələr onun bizə yalnız rəssamlıq fəaliyyətini,
yaradıcılıq qabiliyyətini tanıtmışdır. Lakin
bu yazılarda görkəmli rəssamın həyatı və
ailəsi, eləcə də nəsil şəcərəsi
haqqında geniş məlumat verilməmiş, hətta tarixlər
və faktlar dəqiqliyi ilə göstərilməmişdir.
Bir neçə il əvvəl AMEA
Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun elmi işçisi Musa Quliyevlə
birlikdə "Naxçıvan xanlığının vəkil
(Sultan) qolu" adlı Kəngərlilərə məxsus
şəcərə tərtib etmişik. Həmin şəcərə
2 cildlik "Naxçıvan Ensiklonpediyası"nda çap
olunmuşdur. Burada XVI-XX əsrlərdə yaşamış Kəngərlilərin
nəsil şəcərəsi barədə məlumat
verilmişdir. Bu tərtibatda Bəhruz Kəngərlinin də
nəsil şəcərəsi öz əksini
tapmışdır. Şəcərədən aydın olur
ki, Bəhruz Kəngərlinin ulu babası Lütfəli
Sultanın oğlu Məhəmməd Sultan imiş.
Azərbaycan Dövlət Tarix Arxivində
Bəhruz Kəngərlinin ulu babası Məhəmməd
Sultan haqda 1808-ci ildə şahzadə Abbas Mirzənin
imzaladığı fərman saxlanılır. Həmin fərmandan
aydın olur ki, Məhəmməd Sultan İran ordusunda hərbi
xidmətdə olmuşdur. O, Kəngərli tayfasının
qolları olan Kəc və Bilicilərin 1813-1816-cı illərdə
hakimi olmuş və fəal hərbi fəaliyyətinə
görə İran hökumətindən pul təminatı -
pensiya almışdır.
Məhəmməd Sultan 1826-1828-ci illər
Rusiya - İran müharibəsindən sonra bir müddət
Marağa xanlığında yaşamışdır. O, Marağada
çox qala bilməmiş, ata-baba yurdu Naxçıvana
qayıtmışdır. Elə həmin illərdə, yəni
1828-1829-cu illər rus-türk müharibəsində iştirak
etmiş və Rusiya ordusunun giziri rütbəsini
almışdır.
Bəhruz Kəngərlinin babası
Murtuza ağa Şirəli bəy oğlu da çar Rusiyasında
tanınmış hərbçilərdən olmuşdur. Sənədlərdə
onun ştabs-rotmistr hərbi rütbəsində olduğu
yazılmışdır. Murtuza ağanın 3 oğlu
olmuşdur: Şirəli bəy (atasının adını
oğluna qoymuşdur), İrza ağa və Qədir ağa.
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisi Sədrinin 2012-ci il 12 yanvar tarixli Sərəncamından
sonra bu nəslin şəcərəsi
haqqında, Bəhruz Kəngərli və onun
ailəsi ilə bağlı Naxçıvan Muxtar
Respublikası Dövlət Arxivində mühafizə olunan XIX və XX əsrin əvvəllərinə
aid sənədlərin öyrənilməsinə
başlanılmış, bir çox sənədlər aşkar
edilmişdir. Əvvəlcə sənədlərin
dili ilə oxucularımıza görkəmli
rəssamın atası Şirəli bəy haqda
məlumat verməyi lazım bilirik.
Şirəli
bəy Murtuza ağa oğlu Kəngərli 11 mart
1864-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan qəza məktəbini bitirən
Şirəli bəy 1878-ci ildə Tiflis
gimnaziyasına daxil olmuş,
1883-cü ildə 6-cı sinif kursunu bitirmiş və ona 425 nömrəli şəhadətnamə verilmişdir. Şirəli bəyin xidmət dəftərçəsində
göstərildiyi kimi, o,
1883-1886-cı illərdə hərbi qulluqda
olmuşdur. Qafqaz
Qrenadyor Diviziyasının 2 oktyabr 1883-cü il tarixli, 139 nömrəli əmri ilə Şirəli
bəy Kəngərli 16-cı Miqrel-Qrenadyor
polkuna 3-cü dərəcəli sıravi
rütbəsində xidmətə alınmış, 18 avqust 1885-ci ildə isə ordudan
tərxis olunmuşdur. Hərbi
sirləri yaxşı bilən Şirəli bəy polk komandiri tərəfindən
25 avqust 1885-ci ildə "Əla
atıcılığa görə" döş
nişanı ilə təltif olunmuşdur.
25 iyun 1886-cı ildə 54 və 132
saylı hərbi hissələrin əmri ilə ona 2-ci dərəcəli zabit
rütbəsi verilmişdir.
Hərbi
qulluqdan ehtiyata
buraxılan Şirəli bəy Naxçıvana
qayıdır. Uzun müddət, yəni
1886-cı ilin avqust
ayından 1897-ci ilin sentyabr
ayına kimi hər hansı bir qulluqda işləməsi
xidmət kitabçasında göstərilməmişdir. Belə məlum olur ki, (xidmət kitabçasında göstərildiyi
kimi) valideynlərindən miras
qalmış Naxçıvan şəhərindəki meyvə
bağlarının üçdə iki
hissəsi ona məxsus olduğundan
dükan və meyvə
bağlarının gəliri hesabına ailəsini
dolandırırmış.
1897-ci
ilin 13 sentyabrında Şirəli bəy Kəngərli
Naxçıvan Sülh Məhkəməsi
(mirovoy sud) hakiminin qərarı ilə Naxçıvan Sülh Məhkəməsində dəftərxanada
birinci dərəcəli mülki
qulluqçu vəzifəsinə təyin olunur. Şirəli bəy 24 iyun
1898-ci ildən
19 oktyabr 1899-cu ilə kimi
Naxçıvan Sülh Məhkəməsi
katibinin köməkçisi vəzifəsində
işləmiş, 12 mart 1900-cü ildə
isə öz xahişi
ilə tutduğu vəzifəsindən azad edilmişdir. Uzun müddət, yəni 12 mart
1900-cü ildən 1 noyabr 1908-ci ilə qədər
dükan və təsərrüfatı ilə
məşğul olmuşdur.
1908-ci
ildə Şirəli bəy yenidən qulluğa
qayıtmış və 1 noyabr 1908-ci ildə
Naxçıvan Qəza Polis İdarəsinə
2-ci dərəcəli dəftərxana xidmətçisi vəzifəsinə
təyin edilmişdir. 17 noyabr
1908-ci il tarixli, 134
nömrəli əmrlə o,
Naxçıvan Qəza Polis İdarəsində IX dərəcəli
ştatdankənar polis məmuru vəzifəsində
çalışmışdır. Şirəli bəyin bu vəzifəyə təyin edilməsi
faktını Naxçıvan Qəza Polis
İdarəsinin rəisi Sarokinin 5 noyabr 1908-ci il tarixdə
İrəvan qubernatoruna göndərdiyi raportu da sübut
edir.
Şirəli
bəy Kəngərli 1911-ci ilin noyabr ayına qədər bu
vəzifədə çalışmışdır. 22 sentyabr 1911-ci ildə o,
Naxçıvan Qəza Polis İdarəsinin
rəisinə müraciət edərək tutduğu
vəzifəsindən azad edilməsini xahiş etmişdir.
Şirəli
bəy Kəngərli polis sistemindən azad edildikdən sonra, demək
olar ki, heç bir qulluqda çanlışmamış, ömrünün axırına kimi övladlarının tərbiyəsi ilə
məşğul olmuşdur.
Bəs
Bəhruz Kəngərlinin anası kimdir? Arxiv sənədlərindən aşkar
oldu ki, rəssam Bəhruz
Kəngərlinin doğma anası Əziz
xanım olmuşdur. O, polkovnik
İsmayıl ağa Novruz
ağa oğlu Kəngərlinin
qızıdır. Nədənsə, Bəhruz Kəngərli
haqqında yazılan məqalələrdə və monoqrafiyalarda analığı Şirin
xanımın adı çəkilmişdir. Şirin
xanım Vəzirova 1886-cı ildə Naxçıvan şəhərində
anadan olmuşdur. Naxçıvan şəhər qız məktəbində
təhsil almış Şirin xanım
1900-cü ildə Şirəli bəylə ailə həyatı
qurmuş, Bəhruzu da
öz doğma
övladı kimi sevərək tərbiyəsi
ilə məşğul olmuşdur. Şirin xanımın Şirəli bəylə
nikahından Tahirə və Mənsurə adlı iki qızı dünyaya
gəlmişdir.
Sənətşünas
Kərim Kərimov "Bəhruz Kəngərli"
kitabında yazırdı: "Bəhruzun uşaqlıq illərini
xatırlayaraq analığı Şirin
xanım deyərdi: "Bəhruz hər gün evə qayıdan kimi
kitablarını bir tərəfə
atıb tez kağız və qələm
götürər, evdən çıxardı. Bir azdan görərdik ki, o, nəyinsə şəklini
çəkibdir. Əvvəllər nə mən, nə də
atası Bəhruzun şəkil çəkməsinə fikir verərdik. Hətta bəzən
hayıfsılanırdıq ki, o, vaxtının çoxunu
şəkil çəkməyə sərf edir.
Amma sonralar atası onun istedadına inanmağa
başladı, onun üçün
Tiflisdən xüsusi kağız, karandaş, rəng gətirdi".
Bəhruz
Kəngərli haqda yazılmış kitab və elmi məqalələrdə
düzgün göstərilməyən faktlardan biri də onun anadan olduğu
gün və aydır.
M.Nəcəfovun,
K.Kərimovun, A.Qazıyev və M.Nəcəfovun A.Axundovun kitab və məqalələrində
Bəhruz Kəngərlinin 10 və ya 22 yanvar 1892-ci ildə anadan olduğu göstərilmişdir. Lakin arxivimizdəki
sənədlərdən birində Şirəli bəy Kəngərlinin
xidmət kitabçasının ailə tərkibi haqqında
14-cü bölməsində yazılır ki,
Bəhruz Kəngərli 28 fevral 1892-ci ildə
Şirəli bəyin birinci nikahından anadan olmuşdur. Belə
çıxır ki, əvvəlki, yəni
10 və ya 22 yanvar anadanolma tarixləri müxtəlif müəlliflər
tərəfindən təkrarlanmışdır.
Bəhruzun
məktəb təhsili haqqında da
yuxarıda qeyd olunan
müəlliflərin kitab və məqalələrində
fikir ayrılığı vardır. Həmin
yazılarda Bəhruzun "Xeyriyyə" və
Naxçıvan şəhər "Üsuli-cədid" məktəblərində
oxuması göstərilir. Məsələn, K.Kərimov
"Bəhruz Kəngərli" kitabında yazır:
"Şirəli bəy böyük oğlu Bəhruzu o zaman dəbdə olan mollaxanaya deyil, "Xeyriyyə"
adlanan yeni tipli şəhər məktəbinə qoymuşdur". K.Kərimov, ola
bilsin ki, Bəhruz Kəngərlinin
"Xeyriyyə" məktəbində oxumasını hər
hansı bir mənbə əsasında qeyd edib. Lakin
əlimizdə olan sənədlərdən
məlum olur ki,
"Xeyriyyə" məktəbi Naxçıvandakı
"Came" məscidinin nəzdində
1906-cı ildə açılmışdır. Bəhruz isə
artıq 1906-cı ildə xəstəliyinə görə
qulaqlarının eşitməməsi səbəbindən məktəbdən
uzaqlaşmışdır.
A.Axundov isə yazır: "B.Kəngərli
1892-ci il yanvarın 22-də
Naxçıvan şəhərində anadan
olmuşdur. Atası Şirəli bəy Kəngərli
dövrünün mütərəqqi elm adamlarından hesab olunurdu. Bəhruz kiçik
yaşlarından yatalaq xəstəliyinə
tutulmuş və bu
ağır xəstəlikdən qurtulsa da, fiziki qüsura
- eşitməzliyə məruz qalmışdır. Buna görə atası onu
"Üsuli-cədid" məktəbindən
çıxarıb təhsili ilə özü
məşğul olmuşdur". Qeyd etmək
istərdik ki, o dövrün təhsil və məktəblə
bağlı sənədlərini
araşdırdığımız zaman
belə bir məktəbin olması haqda heç bir sənədə rast gəlmədik.
"Üsuli-cədid" məktəb adı deyil,
ana dilində məktəblər
açılmasına dair bir hərəkatdır.
Araşdırılan
arxiv sənədlərindən o da məlum olur ki, Bəhruz (Şamil) 10-11 yaşlarında 1904-cü ildə
Naxçıvan şəhərində
açılmış "rus-tatar" məktəbində
oxumuş və xəstəliyi ilə əlaqədar
məktəbdən çıxarılmışdır. Bəhruz Kəngərlinin
"rus-tatar" məktəbində
oxumasını təsdiq edən sənədlərdən biri 1904-1905-ci illərdə köçürülmüş
şagirdlərin adlı siyahısıdır. Həmin
siyahıda "Kəngərli Şamil"in adı da vardır. Siyahıda Naxçıvanın görkəmli
ziyalılarından Əziz Şərif, Əli Qasımov, Həsən
Əliyev, Seyfulla Kəngərli, Bəxtiyar
Kəngərli, Abbas Qasımov, Əli Vəliyev,
Ağa Vəzirov, Nəcəf Sultanov, Əli Xəlilov, İbrahim
Nəsirbəyov, Cabbar Şeyxov,
Həsən Qənbərov və başqalarının da adları vardır.
Bəhruz
Kəngərli ilə Əziz Şərifin uşaqlıq və
sinif yoldaşı kimi
çox yaxın əlaqələri olmuşdur. Əziz Şərif "Atam və mən" kitabında yazır:
"Bazar, 12 fevral
1917-ci il. Rəssam Bəhruzgilə getmişdim. Olduqca
maraqlı şəkilləri vardır. Mən "Molla Nəsrəddin" jurnalının təzədən
nəşrə başladığına sevinir,
naxçıvanlı rəssam Bəhruz Kəngərli ilə
əlaqəni kəsmir, onun
yaradıcılığı ilə maraqlanırdım. Xəstə
yatdığı üçün onu evimizdə qəbul edə bilməsəm də,
tez-tez yanına gedir, əsərləri
ilə tanış olurdum". Beləliklə,
Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki
"rus-tatar" məktəbində
oxumasına heç bir
şübhə qalmır.
Bəhruz
Kəngərli ilə bağlı aşkar
edilmiş sənədlərdən biri də Naxçıvan Ölkə Xalq Maarif Komissarlığının
5 iyul 1921-ci il tarixli 68 nömrəli əmridir. Həmin əmrdə
yazılır: "01 iyul 1921-ci il tarixdən Kəngərli Bəhruz Xalq Maarif
Komissarlığında Bədii şöbənin müdiri təyin edilsin".
Təəssüf ki, xəstəliyi Bəhruzun
bu vəzifədə uzun
müddət işləməsinə imkan
verməmişdir. O, 7 fevral 1922-ci ildə əbədilik
gözlərini yummuşdur.
Cəmi
7 il yaradıcılıq fəaliyyəti
ilə məşğul olmağa möhlət
tapmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm
əsəri yaratmışdır. Ümummilli
lider Heydər Əliyev Bəhruz Kəngərlinin
yaradıcınlıq irsinə daim böyük qayğı göstərmişdir. Ulu
öndərin təşəbbüsü ilə
Naxçıvan şəhərində Bəhruz Kəngərli
Muzeyi yaradılmış,
Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyinin Sərgi Salonuna
Bəhruz Kəngərlinin adı verilmişdir.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin
"Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi
haqqında" sərəncamı isə Bəhruz Kəngərli
yaradıcılığına göstərilən diqqət və
qayğının davamı kimi önəmlidir.
Fəxrəddin CƏFƏROV,
Naxçıvan Muxtar Respublikası
Arxiv
İdarəsinin rəisi, tarix
üzrə
fəlsəfə doktoru
Xalq qəzeti.-
2012.- 31 avqust.- S.7.