Qazaxıstan və Azərbaycan arasında mədəniyyət və dostluq körpüsü

 

 

Bu yaxınlarda Bakıda keçirilən Qazaxıstan Mədəniyyəti Günləri qazax musiqisinin ən gözəl örnəkləri ilə mədəniyyətsevərləri tanış etdi. M.F.Axundov adına Dövlət Akademik OperaBalet Teatrında keçirilən tanıtım konserti, eləcə də "Gülüstan" sarayındakı rəsmi tədbir maraqlı çıxışlarla yadda qaldı.

 

Konsertdən öncə foyedə təqdim edilən və qardaş ölkənin görməli yerlərini, mədəni irsini əks etdirən fotosərgi diqqəti cəlb edirdi. Qazaxıstanın mədəniyyət və informasiya naziri Darhan Mınbay Bakıda olmaqdan məmnun olduğunu söylədi və ötən il Qazaxıstanın Almatı və Astana şəhərlərində Azərbaycan Mədəniyyətinin Günləri çox uğurla keçdiyini bildirdi. Natiq öz çıxışında əlaqələrimizin köklərinin uzaq keçmişə gedib çıxdığını vurğuladı.

Qazaxıstan OperaBalet Teatrının direktoru, Qazaxıstanın əməkdar incəsənət xadimi Erkeqali Raxmadiov türksoylu xalqların mədəni irslərinin tanıtımı ilə bağlı layihələri yüksək qiymətləndirdi:

"Bakıda çıxış etməkdən çox şadıq. Burada bizi mehribanlıqla qarşıladılar. Qazax və Azərbaycan xalqlarının ortaq mədəniyyətləri var. Keçən il biz TÜRKSOY-un təşkilatçılığı ilə Ü.Hacıbəylinin "Koroğlu" operasını tamaşaya qoyduq. Orada müxtəlif türk ölkələrindən, o cümlədən Qazaxıstan və Azərbaycandan da sənətkarlar iştirak etdilər. Planımız var ki, "Alpamış" əsərini də tamaşaya qoyaq. Noyabrın sonunda Bakıda MDB ölkələrinin opera müğənnilərinin müsabiqəsi olacaq. Biz orada da iştirak edəcəyik. Düşünürəm ki, bu cür tədbirlər xalqlarımız arasındakı mədəni əlaqələri daha da inkişaf etdirəcək. Biz bir kök, bir dil, bir mədəniyyətin övladlarıyıq."

Opera solisti, beynəlxalq müsabiqələr laureatı Ayzada Kaponova ilə səhnə arxasında görüşdük. Onun da Bakı və tamaşaçılarla bağlı təəssüratları maraqlı idi: "Auditoriya çıxışlarımızı gözəl qarşıladı. Bakıda ilk dəfədir, səfərdəyik. Ancaq doğmalıq, qonaqpərvərlik gördük. Qazax və Azərbaycan xalqlarının musiqiləri, adətləri oxşardır. Çünki eyni kökdən, eyni soydanıq. Hamıya təşəkkür edirəm."

Müğənni Januzak Bibigülün "Küçələrə su səpmişəm" mahnısını məlahətlə oxuması tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Səhnəarxasında başı papaqlı və əlində qazaxların milli aləti olan ifaçıya yaxınlaşıram.

Erlan Rıskali adlı bu gənc qazax milli musiqisinin tanıtımı ilə məşğuldur. Onun sözlərinə görə, qazaxların dombra alətində milli musiqiləri çalmaqdan xüsusi zövq alır: "Bizdə populyar musiqi alətləri arasında dombrakopuz xüsusi yer tutur. Sevindik ki, qazax musiqiləri, eləcə də dombra ifası burada heyranlıqla qarşılandı. Çünki bizim musiqilərimiz, mədəniyyətimiz oxşardır. Bu, Azərbaycan və qazax xalqlarının türk soyundan olduğundan irəli gəlir. Öyrəndim ki, sizdə Qazax adlı rayon var. Ümumiyyətlə, çox istərdik ki, bu cür tədbirlər çox olsun. Bu cür qarşılıqlı konsert və səfərlər bir-birimizin mədəniyyətini daha yaxından tanımağa kömək edir".

SSRİ xalq artisti, tanınmış müğənni Alibek Dnişov Azərbaycan musiqisinə heyranlığından söhbət açdı: "Çoxları elə bilir ki, mən Bakıda dəfələrlə olmuşam. Lakin bu ilk səfərimdir. Hələ sovet dövründə radioda Müslüm Maqomayevin mahnılarını sevərək dinləyərdim. İndi o sevimli mahnıları Bakıda oxumaq mənə xoşdur. Bu şəhəri heç bir şəhərlə müqayisə edə bilmirəm".

Qazaxıstan Respublikasının əməkdar incəsənət xadimi, gənc müğənni Sundet Bayqojinlə söhbətimiz təkcə Qazax mədəniyəti ilə deyil, həm də onun Azərbaycan musiqisinə olan marağı və sevgisi barədə oldu: "Qazaxıstanın Bakıda Mədəniyyət Günlərinin keçirilməsi ideyası çox maraqlı idi. Burada çıxış etməkdən məmnun olduq. Musiqi və mədəniyyətiniz çox gözəldir. Bakı həm də mənim kumirim, görkəmli müğənni Müslüm Maqomayevin şəhəridir. Onun yaradıcılığının vurğunuyam. Müslüm Maqomayevin məzarını ziyarət edəcəm".

Qazaxıstanın xalq artisti Alibek Dnişov, əməkdar incəsənət xadimləri Azamat Celtırquzov, Gülziya Stambek, Sundet Bayqojin, beynəlxalq müsabiqələr laureatları Eskendir Abkanov, Nurken Aşirov, Bibiqül Januzak, Ayzada Kaponovanın ifaları musiqisevərlərdə xoş ovqat yaratdı.

"Otırar sazı" akademik folklor-etnoqrafik orkestrinin ifasında olan əsərlər, xüsusilə də "Koroğlu"nun döyüşkənlik ritmləri qəlbləri titrətdi. "Qulder" dövlət rəqs ansamblının ifasındakı milli rəqslər, "Turan" etno-folklor qrupunun çıxışı Qazax mədəniyyəti barədə tam təsəvvür və müsbət rəy yaratdı.

Ümumiyyətlə, sovet dövründə Azərbaycanla digər sovet xalqları, xüsusilə də Orta Asiya xalqları arasında ədəbi, mədəni əlaqələr türksoylu xalqların fikir və mədəniyyət mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyırdı. SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış Azərbaycan, eləcə də Orta Asiya ölkələri arasında yaranan əlaqələr yeni mərhələyə qədəm qoydu. Dövlətlər arasında siyasi, diplomatik əlaqələr, qarşılıqlı əməkdaşlıq həm də mədəni müstəvidə davam etdirilməkdədir.

Bu gün Qazaxıstan türk xalqları arasında mədəni, ədəbi əlaqələrin möhkəmləndirilməsi və milli özünüdərkin formalaşmasında mühüm addımlar atmaqdadır. Müasir dövrdə qazax ədəbiyyatı dedikdə Azərbaycanda görkəmli yazıçı Oljas Süleymenovun adı sevə-sevə çəkilir. Bu ədibin Azərbaycana olan sevgisi, mədəniyyətimizlə bağlı müsbət çıxışları bir daha dostqardaş xalqlarımız arasında mənəvi körpü rolunu oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə O.Süleymenovun "Dostluq" ordeni ilə təltif edilməsi yazıçının bu dostluq əlaqələrinə verdiyi töhfələrin qiymətləndirilməsi hesab etmək olar. Bu gün türksoylu dövlət başçılarının keçirdiyi mütəmadi görüşlər, qarşılıqlı səfərlər, TürkPA-nın fəaliyyəti, TÜRKSOY-un layihələri ölkələrimiz arasında hərtərəfli əməkdaşlığı gücləndirməyə xidmət edir.

Qazaxıstan Mədəniyyət Günlərində tanış olduğum qonaqlar arasında telejurnalist İndira Umarovayla olan söhbətimiz isə daha canlı və maraqlı oldu. Gənc həmkarım Bakıda olmaqdan məmnunluğunu ifadə etdi: "Ölkənizdə öz keçmişinə, soykökünə, milli kimliyinə bağlılıq hissi çox güclüdür. Azərbaycan mədəniyyəti haqqında Qazaxıstan cəmiyyətində bilgiləri olanlar var. Hətta, mən çalışıram ki, evdə uşaqlarım bizə yaxın olan xalqların mədəniyyətləri ilə tanış olsunlar. Bizim evdə daim Azərbaycan, xakas, tatar, başqırd və digər xalqların musiqiləri səslənir. Arzum odur ki, mədəni əlaqələrimiz yüksələn xətlə inkişaf etsin. Mədəniyyət xalqları birləşdirir".

Həqiqətən, mədəniyyət müxtəlif xalqlar arasında mənəvi körpü yaradan ən güclü vasitədir.

 

Əfsanə BAYRAMQIZI,

 

 Xalq qəzeti.- 2012.- 1 dekabr.- S. 6.