Azərbaycan Dövlət Pedaqoji Universitetində böyük şairdramaturq Hüseyn Cavidin 130 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir

 

Noyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şairdramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə dahi şairin zəngin yaradıcılığına həsr edilmiş "Hüseyn Cavid-130" mövzusunda sərgi ilə tanış olmuşlar.

 

ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov tədbirin Prezident İlham Əliyevin "Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 16 fevral tarixli sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırmışdır. B.Xəlilov ədibin zəngin yaradıcılığı haqqında söhbət açmış, məşəqqətli ömür yoluna nəzər salmışdır. Bildirmişdir ki, Hüseyn Cavid Azərbaycan dramaturgiyasının, realistromantik ədəbiyyatının inkişafında öz dəsti-xətti ilə seçilən sənətkarlardandır. Dərin fəlsəfi məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyan sənətkarın lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz incisi kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.

Ədibin yaradıcılığının müxtəlif mərhələlərindən söhbət açan B.Xəlilov qeyd etmişdir ki, şairin əsərlərində türkçülük, müasirlik, islami dəyərlərə hörmət, onları qiymətləndirmək və s. meyarlar xüsusi əhəmiyyət kəsb edir. O, Azərbaycanda düşüncənin, zövqün, ədəbi inkişafın yüksəlişinə güclü təkan vermiş nadir simalardandır.

Qeyd edilmişdir ki, Türkiyədə təhsil almış H.Cavid əsərlərində türkçülüyə böyük önəm vermişdünyada bu ideologiyanın, məfkurənin təbliğ olunmasında böyük xidmətləri olmuşdur. 1937-ci il repressiyasının qurbanı olan, ağır sürgün həyatı yaşayan Hüseyn Cavidin nəşi ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə uzaq Sibirdən Azərbaycana gətirilmiş, doğulduğu Naxçıvan torpağında dəfn olunmuş, məzarı üzərində möhtəşəm məqbərə ucaldılmışdır. H.Cavidin irsi bütün dövrlərdə yaşayacaq, insanların ruhunu təmizləyəcək və onlara saflıq, ülvilik aşılayacaqdır. Daha çox dramaturq kimi tanınan ədibin "İblis", "Şeyx Sənan", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" və s. dramları Azərbaycan ədəbiyyatının parlaq səhifəsini təşkil etmişdir.

Tədbirdə "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasının dosenti, filologiya elmləri doktoru Ramin Əhmədovun "Hüseyn Cavid yaradıcılığı çağdaş düşüncə müstəvisində" mövzusunda məruzəsi dinlənilmişdir.

Yubiley tədbirində ADPU-nun elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Vilayət Əliyev, universitetin "Azərbaycan ədəbiyyatı" kafedrasının müdiri, professor Himalay Qasımov, ADPU-nun dosenti, şair Oqtay Rza və digərləri çıxış edərək Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Hüseyn Cavidin mübarizə dolu həyat və fəaliyyətinə nəzər salmış, ədibin zəngin yaradıcılığının müxtəlif istiqamətlərini təhlil etmişlər.

Sonda tələbələrin ifasında böyük şairdramaturq Hüseyn Cavidin yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim edilmişdir.

 

Xalq qəzeti.- 2012.- 1 dekabr.- S. 3.