O, öz sənətinin fədaisi idi
Xatırlama.
Azərbaycan kino sənətinin görkəmli yaradıcılarından biri, kinorejissor, xalq artisti, Dövlət mükafatı laureatı Muxtar Baba oğlu Dadaşov böyük və mənalı həyat yolu keçmişdir.
Azərbaycan kino sənətinin görkəmli yaradıcılarından biri, kinorejissor, xalq artisti, Dövlət mükafatı laureatı Muxtar Baba oğlu Dadaşov böyük və mənalı həyat yolu keçmişdir.Onun yaratdığı filmlər dəfələrlə ümumittifaq və beynəlxalq kinofestivalların qalibi olmuş, mükafatlara layiq görülmüşdür. Bu filmlərdə tariximizin çox əhəmiyyətli hadisələri canlandırılır, dövrün aktual problemləri öz əksini tapır.
Muxtar müəllim 1913-cü ilin sentyabr ayında Bakıda dünyaya
göz açmışdı. Hələ
uşaq ikən
Milli Dram Teatrının səhnəsində
çıxış edən
Muxtarın arzusu böyük
sənətə gəlmək, görkəmli sənət
ustaları ilə bir yerdə
çalışmaq idi. 1929-cü
ildə artıq Gənc Tamaşaçılar Teatrında
işləyirdi. Kiçik rollar
oynayır, rejissor assistenti
kimi fəaliyyət göstərirdi. Kinoya maraq onu 1931-ci ildə Bakı
kinostudiyasına gətirdi. Həmin il artıq o, burada operator assistenti kimi çalışırdı.
Amma onun arzusu ali kino təhsili almaq idi. Beləliklə, bir sıra sənədli
filmlərdə çalışdıqdan
sonra Muxtar Dadaşov ali operator təhsili almaq üçün 1933-cü ildə
Moskvaya gedir. Üç il
ərzində operator kimi
təkmilləşir, Moskvada
bir sıra filmlərin çəkilişlərində
iştirak edir, hətta görkəmli rus kinematoqrafçısı
M. Vernerin “Canlı
Allah” bədii filmində
aktyor M. Ştrauxila birgə baş rolda çəkilir.
Azərbaycan kinosunun yaranmasında
və formalaşmasında
öz xidmətlərini
göstərmək, qiymətli
filmlər çəkmək
onun böyük
arzusu idi. Vətənə qayıdandan
sonra o, bir bir müddət Azərbaycan kinosunda
operator kimi sənədli
filmlər çəkməklə
məşğul olur.
Onun yaratdığı
sənədli filmlər
həmişə öz
aktuallığı ilə
seçilmiş, dövrün
çox mühüm ictimai-siyasi hadisələri
bu filmlərin əsas mövzsunu təşkil etmişdi. “Sovet Azərbaycanı”, “Bizim Azərbaycan”, “Ana yurdum, Azərbaycan”, “Sovet Azərbaycanının 50 illiyi”,
“Respublika haqqında həqiqət” və s. filmlərində rejissor doğma torpağa məhəbbət hisslərini,
Azərbaycanın əsrarəngiz
təbiətini, tarixi
şəxsiyyətlərimiz haqqında həqiqətləri
ecazkar kinonun dili ilə tərənnüm
edir.
1939-cu ildə M. Dadaşov
rejissor-operator kimi “Samur-Dəvəçi kanalı”
kinooçerkini çəkir. Bu, çox
məsuliyyət tələb
edən bir film idi.Böyük tikintidə
çalışan insanların gərgin əməyini, quruculuq əzmini böyük ustalıqla ekrana gətirə bilmişdı.
Muxtar müəllim
Azərbaycanın məşhur
ziyalıları ilə
həmişə yaxın
dostluq edərdi. O, Mirzə
İbrahimov, Süleyman
Rəhimov, İmran Qasımov, Ənvər Məmmədxanlı, Tofiq
Quliyev və başqaları ilə tez-tez görüşər,
yaradıcı söhbətlər
aparardı. Muxtar müəllim deyirdi: “Kino həyatın aynasıdır.
Bu ayna böyük Sabir demişkən: “düzü-düz, əyrini-əyri”
əks etdirməyə
qadir olan möcüzədir. O, təmiz,
ləkəsiz, pak duyğularla canını sənətə fəda edən istedadlı, namuslu, bacarıqlı,
professional şəxslərin əlində olmalıdır”. O, kinoya həqiqətən bütün
qəlbi ilə bağlanmışdı, ona
görə də yaratdığı filmlərdə
qəribə bir özünəməxsusluq var
idi. 1953-cü ildə lentə aldığı “Arazın
o tayında” filmində
qaldırdığı problem bütöv Azərbaycan ideyasından güc alırdı. Muxtar müəllim
həmişə bu
problem ətrafında düşünər,
filmlərində, kiçik
epizodda olsa belə, bu mövzuya
toxunardı.
Muxtar Dadaşov
operator və rejissor kimi bədii filmlərdə də çalışmışdır. 1945-ci ildə
çəkilmiş “Arşın
mal alan” filmində o, operator köməkçisi
olmuşdu. Leyla xanım Bədirbəyli filmin çəkilişlərini
xatırlayaraq deyirdi:
“Muxtarla ilk işim “Arşın mal alan”
filmində olub. Filmin çəkilişləri zamanı
rejissor Rza Təhmasib tez-tez soruşardı: “Nəyə
görə istəyirsən
ki, sənin planlarını, xüsusilə
iri planlarını Muxtar Dadaşov çəksin?” Bir dəfə
mən bu sirri açdım. Dedim, düzdür, Əlisəttar Atakişiyev
təcrübəli operatordur.
Ondan fərqli olaraq Muxtar aktyorun daxili aləminə nüfuz edir. Mənim bu sözlərim Təhmasibin xoşuna gəldi, sonra daha bu mövzuya
qayıtmadı”.
Quruluşçu rejissor kimi ilk bədii filmi “Qanun naminə” kinoəsəri oldu. Bu filmi Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkmişdi. Filmdə əsərdən
fərqli cəhətlər
çoxdur. Amma ideya
bütövlükdə saxlanılmış
və uğurlu bir film yaranmışdır.
Muxtar Dadaşov çəkiliş
üçün dağ
rayonlarından birini seçmiş, baş rola isə Orta
Asiya respublikalarından
aktyor dəvət etmişdi. Filmin digər aktyor
ansamblı da maraqlıdır. Adil İsgəndərov,
Mustafa Mərdanov, Rza Təhmasib, Nəsibə Zeynalova, Əliağa Ağayev, Nəcibə Məlikova və başqalarının yaratdığı
rollar filmin səviyyəsinə öz
təsirini göstərmişdi.
Muxtar Dadaşovun
“Bakıda küləklər
əsir” filmi Böyük Vətən müharibəsi mövzusunda
çəkilmiş çox
dəyərli filmlərimizdəndir. Kinorejissor müharibə
mövzusunda hələ
1943-cü ildə “Bakı
döyüşür” adlı
sənədli film çəkmişdi.
Maraqlıdır ki, o,
müharibənin gedişi
vaxtı S. Vurğunu,
Üzeyir bəyi, kimyaçı alim Y.Məmmədəliyevi, eləcə
də neftçilərdən
G.Əliyevi, A.Nematullanı,
R. Rüstəmovu və
başqalarını bu
filmə daxil etmişdi. Bu tarixi
kadrlar milli kinomuzun nadir epizodları kimi çox əhəmiyyətlidir. Sonradan bu
filmi daha da genişləndirərək
“Bakı-42” adlı çox
gözəl film yaradan
rejissor, nəhayət,
1974-cü ildə “Bakıda
küləklər əsir”
bədii filmini yaratdı. Filmdə istedadlı rejissor
xalqımızın müharibə
illərində arxa və ön cəbhədə göstərdiyi
hünəri, casusların
ifşa edilməsində
qəhrəman çekistlərimizin
ayıq-sayıqlığını, onların çox cəsarətli əməliyyatları
nəticəsində Bakının
neft mədənlərinin
partladılmasının qarşısının
alınmasını ustalıqla
əks etdirmişdi.
Muxtar Dadaşov
operator kimi də bədii filmlərdə işləmişdi. “Rəqs edən tısbağalar”,
“Kəndlilər”, “Yeni
horizont”, “Vətən
oğlu”, “Sualtı qayıq T-9” filmləri məhz onun operator kamerası vasitəsilə
həyata vəsiqə
almışdır.
Muxtar müəllim
tədqiqatçı rejissor
idi. Çəkdiyi tarixi filmlər
üçün zəngin
material toplayır, alimlərlə
məsləhətləşir, sonra onları lentə alırdı.
Elə “Nəriman Nərimanov” filminin çəkilişi
zamanı da belə olmuşdu. N.Nərimanovun Genuya konfransındakı
çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb, filmə gətirmişdi.
Ömrünün son illərinə qədər
böyük həvəslə
filmlər çəkir,
filmlərdə məsləhətçi
kimi iştirak edirdi. O, öz məktəbini
yaratmışdı. Bu böyük sənətkar
Azərbaycan Kinematoqrafçılar
İttifaqının bütün
tədbirlərində iştirak
edir, milli kinomuzun problemlərinin həlli yollarını göstərirdi. O, həmişə
Rusiyanın məşhur
kino xadimləri ilə əlaqə saxlayırdı. Romen Karmen, Esfir Şub,
Qriqori Aleksandrov, Nikolay Renkov və başqaları tez-tez Muxtar müəllimi yad edir, onun filmlərinə
münasibətlərini məktub
və teleqramla bildirirdilər.
Muxtar Dadaşovun
yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Onun əsərləri
dünyanın bir sıra ölkələrində
göstərilmiş, böyük
maraqla qarşılanmışdır.
Rejissorun gərgin, yaradıcı əməyi
dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmiş,
o, xalq artisti fəxri adına,
“Şöhrət” ordeninə
layiq görülmüşdür.
Muxtar müəllim, həm də Dövlət mükafatı laureatıdır.
Onun sənət
irsinin tədqiq olunmasına bu gün böyük ehtiyac vardır. Onun əsərlərində öyrənilməli
cox şeylər var və yəqin
ki, kinoşünaslarımız bu
məsələyə biganə
qalmayacaqlar.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.- 2012.- 2
dekabr.- S. 6.