Suraxanı rayonunda sosial məsələlər
və qışa hazırlıqla bağlı iclas
keçirilmişdir
Suraxanı
Rayon İcra Hakimiyyətidə
sosial məsələlər və
qışa hazırlığın vəziyyəti ilə
bağlı geniş
şura
iclası keçirilmişdir. İclasda rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, respublikada həyata keçirilən sosial-iqtisadi yönümlü
tədbirlər, ölkə əhalisinin fasiləsiz və
keyfiyyətli elektrik enerjisi,
qaz, su və digər kommunal xidmətlərə olan
tələbatının ödənilməsi Prezident
İlham Əliyevin daim
diqqət mərkəzindədir. Əldə edilmiş
nailiyyətlər son illər ölkədə
aparılan uğurlu iqtisadi
siyasətin, həyata keçirilmiş
irimiqyaslı infrastruktur layihələrinin
məntiqi nəticəsidir.
Şura iclasında çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Hüseyn Həsənov qeyd etmişdir ki, 2003-cü illə müqayisədə 2012-ci ildə rayonda sənaye məhsullarının istehsalı 3,1 dəfə, tikinti-quraşdırma işləri 5 dəfə, nəqliyyat xidmətləri 1,9 dəfə, əsas kapitala yönəldilən investisiyalar 8,2 dəfə, aylıq əmək haqqı 4,3 dəfə artmış, 14142 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur.
H. Həsənov xatırlatmışdır ki, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən aztəminatlı ailələrə ödənilən sosial müavinət və təqaüdlərin miqdarı 2012-ci ilin 11 ayı ərzində 8548 nəfərə 4,4 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə 3461 ailəyə 4,8 milyon manat ünvanlı dövlət sosial yardım ödənilmişdir. 2012-ci ildə qaldırılmış 632 məsələdən 321-i müsbət həll edilmiş, 302-nə qanunamüvafiq izah verilmiş, 9 məsələ nəzarətdə saxlanılmışdır. 2012-ci ilin 11 ayı ərzində 27 səyyar görüş-qəbul təşkil edilmiş, qəbullarda 5848 nəfər sakin iştirak etmişdir.
Daha sonra sosial sahədəki vəziyyətlə bağlı rayon icra hakimiyyəti başçısının müavini Əhməd Talıbov çıxış edərək bildirmişdir ki, əhalinin sosial müdafiəsi və gender bərabərliyi sahəsində RİH tərəfindən müəyyən işlər aparılır. Rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda çalışan rəhbər və işçilərin 60 faizdən çoxu qadındır.
Əhməd Talıbov vurğulamışdır ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə 30 oktyabr 2009-cu il tarixdə Səhiyyə Nazirliyi tərəfindən rayon əhalisinin tibbi müayinəsinə başlanılmış, 192 min nəfər rayon sakini tibbi müayinədən keçmişdir. Natiq həmçinin qeyd etmişdir ki, vərəm, şəkərli diabet, yeni törəmələrlə xəstələnənlərin sayında artım müşahidə olunur. Bunun da əsas səbəblərindən biri xəstəliyin vaxtında aşkar edilməməsidir.
Qışa hazırlıqla bağlı rayon icra hakimiyyəti başçısının müavini Etibar Yolçiyev demişdir ki, 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar 250 min kvadratmetr asfalt örtüyü salınmış, 400 min metr qaz xətti çəkilmiş, su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilmiş, 10 transformator məntəqəsi əsaslı təmir edilmiş, 3-ü yenidən qurulmuş, 650 ədəd küçə işığı dirəkləri quraşdırılmışdır.
Rayonda qış mövsümünə hazırlıq işlərinin uğurla həyata keçirilməsi üçün ümumilikdə 8 ədəd olmaqla xüsusi təyinatlı maşınlar alınaraq rayon MKTB-nin istifadəsinə verilmişdir.
İclasda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nazirliyin fəaliyyət istiqamətləri və struktur bölmələri mövzusunda videoçarx göstərilmiş, yanğın hadisələri zamanı düzgün davranış vərdişləri barədə maarifləndirici izahatlar da verilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev iclasda çıxış etmişdir. Başçı İlqar Abbasov yekun çıxışında sakinlər adından rayonun inkişafına hərtərəfli dəstək verən, diqqət və qayğı göstərən ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmiş və əmin etmişdir ki, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə qarşıda duran vəzifələr layiqincə yerinə yetiriləcək.
Tədbirdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Fərəc Quliyev iştirak etmişlər.
Vaqif BAYRAMOV,
Xalq qəzeti.- 2012.- 5
dekabr.- S. 7.