Mingəçevir Turizm Kollecində
elmi-praktik konfrans
Mingəçevir Turizm Kollecində “Xidmət sahəsinin təşkilinin
peşəkarlıq meyarları”
mövzusunda elmi-praktik
konfrans keçirildi.
Konfransa gəlmiş qonaqlara ilk olaraq birinci mərtəbədə – foyedə
dünya şöhrətli
şair - Nizami Gəncəvinin 870 illiyinə
həsr olunmuş tələbələrin əl
işlərindən ibarət
sərgi nümayiş
etdirildi. Bundan sonra qonaqların
təhsildə və idmanda böyük nailiyyətlər qazanmış
tələbələrlə görüşü oldu və onların nailiyyətlərini əks
etdirən guşəyə
baxış keçirildi.
Konfrans Mingəçevir Turizm Kollecinin Heydər Əliyev adına ideoloji mərkəzində təşkil olunmuşdu.
Konfransı giriş sözü ilə kollecin direktoru, professor Əyyub Əyyubov açdı.
Sonra söz şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılova verildi. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin əhəmiyyətindən söhbət açdı. Mingəçevir Turizm Kollecində təhsil alan gənclərin peşəkar kadr kimi formalaşması üçün həyata keçirilən işləri vurğuladı. Bildirdi ki, bu gün bir çox xidmət sahələrinə gənc kadrların cəlb olunması işin keyfiyyətinə müsbət təsir göstərir.
Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov isə “Xidmət sahələri üçün ixtisaslı kadr hazırlığı” məruzəsi ilə çıxış edərək burada xidmət sahələri üçün peşəkar kadr hazırlığının həyata keçirildiyini qeyd etdi. O həmçinin vurğuladı ki, kollec xarici ölkələrdə fəaliyyət göstərən təhsil ocaqları ilə sıx əməkdaşlıq edir. O, bir sıra beynəlxalq tədbirlərə kollecin də qoşulduğunu qeyd etməklə, turizm sahəsi üçün təhsil müəssisəsində mütəxəssis hazırlığı işləri barəsində nümayiş olunan slaydlar əsasında ətraflı məlumat verdi.
Pedaqogika üzrə fəlsəfə doktoru, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sahib Əliyev “Azərbaycan turizminin inkişafı və xidmət sahələrinin formalaşdırılması” məruzəsi ilə çıxış etdi, Azərbaycanda turizmin inkişaf potensialından söhbət açdı.
Sonra “Azərbaycan bölgələrində turizmin inkişafına imkan verən təbii və coğrafi şərait”, “Otel və idman xidmətinin təşkili”, “Xidmət sahəsinin təşkili üçün xarici dil tədrisinin rolu”, “Turizm və nəqliyyat xidmətlərinin yaxşılaşdırılmasının bəzi məsələləri” və digər mövzularda məruzələr dinlənildi, fikir mübadiləsi aparıldı.
Sonda konfrans iştirakçılarına dahi söz ustası Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
İlqar MUSAOĞLU,
Xalq qəzeti.- 2012.- 5
dekabr.- S. 7.