TANAP layihəsi Avropanın enerji təminatına mühüm töhfələr verəcək

 

 

Azərbaycanın malik olduğu zəngin karbohidrogen ehtiyatları ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun xeyli artmasına səbəb olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla reallaşdırılması ölkəmizi regionda beynəlxalq enerji layihələrinin mərkəzinə çevirmişdir. 15 il əvvəl “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” yatağından ilkin neftin hasilatına başlanılması ilə Azərbaycan Respublikası dünyanın xam neft ixrac edən ölkələrinin sırasına daxil olmuşdur. 2006-cı ildə isə “Şahdəniz” yatağının istismara verilməsi Azərbaycanın dünyanın potensial qaz ixrac edən ölkəsi kimi əhəmiyyətini artırmışdır.

 

Mütəxəssislərin   Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” və “Abşeron” yataqları ilə bağlı nikbin proqnozları da ölkəmizin qaz ehtiyatları ilə zəngin olması qənaətini bir qədər də möhkəmləndirir. Daha doğrusu, dəqiqləşdirilmiş ən son məlumatlara görə, hazırda ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Bu damavi yanacağa” kəskin tələbatın artdığı müasir dövrdə  Azərbaycanın  dünyanın potensial qaz alan ölkələrinin maraq dairəsinə daxil olmasına səbəb olmuşdur.  Üstəlik, ölkəmizin regiondadünyada etibarlı tərəfdaş kimi mövqeyinin xeyli möhkəmlənməsi, eləcə də beynəlxalq enerji layihələrinin reallaşdırılması sahəsindəki zəngin təcrübəsi bu marağı bir qədər də artırmışdır.

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası özünün karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaq üçün alternativ ixrac marşrutlarına üstünlük verir. İlk dəfə bu təşəbbüslə xalqımızın ümummilli lideri Heydər Əliyev çıxış etmişdir. Xatırladaq ki, “Əsrin müqaviləsi” imzalanan zaman ulu öndər Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün şimal və qərb istiqamətləri ilə yanaşı, əsas ixrac marşrutunun–Bakı Tbilisi-Ceyhan boru kəmərinin də inşasının zəruriliyini bəyan etmişdi. Zaman bu uzaqgörən ideyanın həqiqiliyini sübut etdi və Bakı-Tbilisi-Ceyhan layihəsi reallığa çevrildi. Ulu öndərin siyasi-iqtisadi islahatlar strategiyasını Azərbaycanda uğurla davam etdirən Prezident İlham Əliyev də ölkəmizin qaz ehtiyatlarının dünya bazarına ixracı üçün şaxələndirilmiş boru kəməri sisteminin yaradılmasına xüsusi önəm verir. Hazırda Azərbaycan təbii qazını dörd istiqamətdə ixrac etmək imkanına malikdir. Bununla belə,  ölkəmizin zəngin qaz ehtiyatları daha geniş imkanlara malik ixrac boru kəməri marşrutunun yaradılmasını tələb edirdi. Təsadüfi deyil ki, uzun illər Azərbaycan qazının Avropaya çıxarılması üçün müxtəlif variantlar qızğın müzakirə obyekti olmuşdur. Nəhayət, bu sahədə uzun müddət davam edən müzakirələr artıq öz müsbət həllini tapmış, Azərbaycan qazının Avropaya nəqli üçün ən etbarlı marşrut dəqiqləşmişdir. Bu, Trans Anadolu qaz kəməri (TANAP) marşrutudur. Xatırladaq ki, TANAP layihəsi bir il əvvəl həyata vəsiqə almışdır. Belə ki, 2011-ci il oktyabr ayının 25-də Türkiyənin İzmir şəhərində “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dairsaziş imzalanmışdı. Bu il iyun ayının 26-da isə qardaş ölkənin İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” sazişə imza atılmışdı. 2012-ci il noyabr ayının 20-də Azərbaycan Respublikası Milli Məclisinin iclasında hər iki saziş  müzakirəyə çıxarılaraq təsdiqlənmişdir.

 

Dövlətimizin başçısı  İlham Əliyev isə “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına  satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dairsazişin təsdiq edilməsi haqqında qanunu imzalamışdır. Beləliklə də, yaxın illərdə Azərbaycanı Avropa ölkələrinin qaz bazarları ilə birləşdirəcək Trans Anadolu ixrac boru kəməri ilə bağlı hüquqi bazanın  yaradılması təmin olunmuşdur. İndi başlıca məsələ layihənin reallaşdırılması ilə bağlı fiziki işlərə başlamaqdan ibarətdir. Artıq kəmərin tikintisi üçün boruların, eləcə də TANAP layihəsinin reallaşdırılması ilə bağlı digər zəruri avadanlıqların istehsalına başlanılmasına hazırlıq görülür. Bir qədər əvvəl sözügedən layihənin texniki iqtisadi əsaslandırılması işlərinə də start verilmişdir. Yeri gəlmişkən, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu günlərdə jurnalistlərə açıqlamasında TANAP layihəsi ilə bağlı şirkətin yaradılmasını və ora işçilərin qəbul olunduğunu bildirmişdir. Layihə ilə bağlı işlərin plana uyğun olaraq getdiyini deyən ARDNŞ rəhbəri, həmçinin qeyd etmişdir ki, hazırda kəmərin keçəcəyi torpaqların müəyyənləşdirilməsi prosesi gedir. Bununla yanaşı, layihənin ekoloji təsiri ilə bağlı hesabatın hazırlanması işləri də davam etdirilir. Layihənin maliyyələşdirilməsi üçün isə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan kifayət qədər vəsaitin ayrılması nəzərdə tutulur.

 

Xatırladaq ki, Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən TANAP layihəsinin  beş il ərzində reallaşması nəzərdə tutulmuşdur. Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirəcək bu layihə 7 milyard ABŞ dollarına başa gələcək. Uzunluğu təqribən iki min kilometr olan boru kəmərinin diametri 56 düyümya 1,4 metr nəzərdə tutulmuşdur. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq.  Onu da deyək ki, ilk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20 faiz paya malikdir.

 

Azərbaycan və Türkiyə arasında enerji sahəsindəki əməkdaşlığın ənənəvi xarakter daşıdığını dəfələrlə bəyan edən dövlətimizin başçısı İlham Əliyev XI əsrin nəhəng qaz ixracı layihəsinin əhəmiyyəti barədə danışarkən demişdir: “ Artıq TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, danışdığımız kimi, yaxın  beş ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək... TANAP-ın üstünlüyü ondan ibarətdir ki, bu layihəni biz ikimiz icra edəcəyik. Üçüncü tərəflər üçünbu layihə açıqdır. Yerdə qalan müəyyən faizlər bizim tərəfdaş olan şirkətlərə verilə bilər. Beləliklə, TANAP layihəsinə beynəlxalq status da verilə bilər”. Yeri gəlmişkən, hazırda Dövlət Neft Şirkətinin “Şahdəniz-2” layihəsi üzrə tərəfdaşlarından olan bp, “Statoyl” və “Total” şirkətləri də TANAP-a maraq göstərirlər.  Bir qədər əvvəl isə ARDNŞ ona məxsus olan səhmlərin 29 faizini həmin şirkətlərə  təklif etmişdi. Artıq  bp və “Statoylbu layihədə hərəyə 12 faiz, “Total” şirkəti isə 5 faiz pay əldə etməklə bağlı niyyətlərini açıqlamışlar. Göründüyü kimi, Azərbaycan öz ərazisində reallaşdırılan bütün enerji layihələri üçün açıq ölkə olması ilə bağlı vədinə sadiqliyini bir daha nümayiş etdirdi. Xatırladaq  ki, hələ 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə ulu öndər Heydər Əliyev  demişdir: “ ...Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq”.

 

Azərbaycanın öz qaz ehtiyatlarını dünyanın enerji təhlükəsizliyinin təminatına yönəldilməsi ilə bağlı qəbul etdiyi cəsarətli qərarlar beynəlxalq dairələr tərəfindən rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, Avropa Birliyinin  enerji komissarı Günter Ottinger Azərbaycan parlamenti tərəfindən Trans-Anadolu qaz kəməri  layihəsi ilə bağlı sazişlərin ratifikasiya edilməsini alqışlayaraq bəyan etmişdir ki, bu qərar Azərbaycanın öz qazını Avropa bazarına çıxarmaq istiqamətində mövqeyinin konkret olduğunu göstərir. Avropa Birliyinin rəsmisi daha sonra demişdir: “Bu o deməkdir ki, qaz bu kəmər vasitəsilə Avropa sərhədlərinə gəlib çıxacaq və Avropa məkanında sərbəst yayılacaq. Mən Azərbaycanın, xüsusən də ARDNŞ-in Avropa Birliyinin enerji bazarına çıxmasını alqışlayıram”.

 

TANAP layihəsi regionda qarşılıqlı əməkdaşlığın növbəti təzahürüdür. Bu, iki qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin birgə səyi və gücü ilə  reallaşdırılacaq daha bir  enerji layihəsidir. Gələcəkdə Azərbaycan qazını Türkiyə vasitəsilə dünya bazarına çıxaracaq Trans Anadolu boru kəməri hər iki ölkənin  iqtisadi vəziyyətinin daha da  yaxşılaşdırılmasına, bu sahədə tərəfdaşlıq münasibətlərinin bir qədər də  möhkəmləndirilməsinə səbəb olacaq. Bununla da, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni mərhələ başlanacaq. Eyni zamanda, TANAP layihəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasında, Cənubi Qafqazın, o cümlədən Xəzər hövzəsində Azərbaycanın Türkiyə və Gürcüstan, Tükmənistan və digər ölkələrin əməkdaşlıq sahəsinin genişləndirilməsinə, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsinə, qaz bazarlarına daha çox maye qazın çıxarılmasınə və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə mühüm töhfələr verəcəkdir. TANAP layihəsi, həmçinin Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçünyeni imkanlar yaradacaq. Belə ki, gələcəkdə Qazaxıstan və Türkmənistanın bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində transit ölkəyə çevrilmək imkanı əldə edəcəkdir.

 

Mirbağır YAQUBZADƏ,

 

Xalq qəzeti.- 2012.-  5 dekabr.- S. 3.