Nəğmələrində
yaşayan sənətkar
Məmməd Cavadov – 100
Dekabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına salonunda tanınmış bəstəkar, pedaqoq Məmməd Cavadovun 100 illik yubileyinə həsr olunmuş tədbir və bəstəkarın yaradıcılığından bəhs edən “Barı Naxçıvan”nın 100 yaşlı bəstəkarı” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri, eləcə də bəstəkarın ailə üzvləri iştirak edirdi.
Mərasimi giriş sözüylə açan Bəstəkarlar İttifaqının məsul katibi, musiqişünas Lalə Hüseynova bəstəkarın keçdiyi zəngin və çoxşaxəli yaradıcılıq yolundan danışdı. Yubilyarın 1912-ci ildə Qarabağın dilbər güşələrindən biri Füzuli şəhərində anadan olduğunu qeyd edən natiq bəstəkarın erkən yaşlarından musiqiyə həvəs göstərdiyini, balaban, tütək kimi alətlərdə çaldığını vurğuladı. Bu həvəs onu 1930-cu ildə Asəf Zeynallı adına musiqi məktəbinə gətirir.
Tələbə gəncin musiqi istedadını görüb bəyənən Üzeyir Hacıbəyli onu Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və nəfəsli alətlər şöbəsinə imtahansız qəbul edir. Böyük bəstəkar 1932-ci ildə Məmmədi yeni yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə balaban ifaçısı kimi dəvət edir.
M.Cavadovun yaradıcılığının bir hissəsi 1941-ci ildə yaradılmış Azərbaycan Dövlət Caz Orkestri ilə bağlıdır. Maestro Niyazinin bədii, Tofiq Quliyevin isə orkestr rəhbəri olduğu bu kollektivdəki çıxışlarının onu daha çox tanıdıb sənət pərəstişkarlarına sevdirdiyini açıqlayan Lalə Hüseynova daha sonra Məmmədin həmin orkestrlə birlikdə hərbi hissələrdə, Naxçıvanda, İranın Xoy şəhərində, Dilcanda, Qroznıda və digər şəhərlərdə konsertlər verdiyni dedi. İlk dəfə onun ifasında alt saksafonda Tofiq Quliyevin “Çahargah” muğamı mövzusunda improvizəsini çox bəyənən Üzeyir Hacıbəyli Məmməd Cavadovun muğamla caz arasında olan yaxınlığı, doğmalığı göstərə bilməsini alqışlayır.
Məmməd Cavadov yaradıcılığının ən parlaq səhifəsi Naxçıvanla bağlı olub. Adil İskəndərovun təşəbbüsü ilə 1943-ci ildə Naxçıvan Dövlət Dram Teatrına dirijor təyin olunan M.Cavadov, eyni zamanda, musiqi məktəbində pedaqoji fəaliyyətini davam etdirir. Bu gün xalq tərəfindən sevilən Ramiz Mirişli, Nəriman Məmmədov, Rəşid Məmmədov kimi bəstəkarların ərsəyə gəlməsində M.Cavadovun böyük əməyi olmuşdur. O, Üzeyir Hacıbəylinin məsləhətilə Naxçıvanda xalq çalğı alətləri və caz orkestri, eləcə də sazçı qızlar ansamblı yaradır və ona rəhbərlik edir. Naxçıvan Muxtar Respublikasının 25 illiyi ilə əlaqədar M.Cavadov 120 nəfərdən ibarət xor kollektivi təşkil edib yubiley tədbirində uğurla çıxış edir. Məhz o illərdə bir bəstəkar kimi formalaşan Məmməd Cavadovun bir-birinin ardınca İslam Səfərlinin sözlərinə bəstələdiyi “Bənövşə”, “Badamlı”, Hüseyn Əziminin sözlərinə yazdığı “Xəyal”, “Naxçıvan düşüncələri” kimi mahnıları, yazıçı Nağı Nağıyevin Böyük Vətən müharibəsi mövzusunda yazdığı “Polad” dramına bəstələdiyi musiqi əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.
M.Cavadova ən çox populyarlıq gətirən, xalqa sevdirən əsər isə 1945-ci ildə şair Hüseyn Əziminin sözlərinə bəstələdiyi “Barı Naxçıvan” mahnısı oldu. Bu mahnı az bir zamanda geniş yayılaraq onu xalqa bir az da tanıtdı. “Barı Naxçıvan” mötəbər konsert salonlarının, el şənliklərinin yaraşığı oldu. Xalq artisti, professor, tarzən Ramiz Quliyev bildirdi ki, Naxçıvan Muxtar Respublikasının 25 illiyinə yazılmış mahnı muxtar respublikanın 75 illiyində də uğurla səsləndi.
Ramiz Quliyev daha sonra, təəssüf ki, uzun illər bəstəkarın yada düşmədiyini qeyd etdi.
Bakı və Naxçıvanda zəngin yaradıcılıq yolu keçən Məmməd Cavadov 1954-cü ildə doğulub boya-başa çatdığı doğma Füzuliyə qayıdır.
Onun gəlişi ilə Füzulinin musiqi həyatında bir canlanma yaranır. M.Cavadov özü respublika baxış müsabiqələrində dəfələrlə uğurla çıxış edib laureat olur, mükafatlara layiq görülür. O, xalq teatrının tamaşaya qoyduğu bir çox əsərlərə musiqi bəstələyir, 1989-cu ildə Özbəkistanın Namanqan vilayətində keçirilən “Ətirli güllər vadisi” incəsənət bayramında “Qran-Pri” mükafatını qazanır.
Qarabağ müharibəsi başlandıqdan sonra 1992-ci ildə ailəsi ilə birlikdə Lənkəran şəhərinə köçən, ömrünün ahıl vaxtı taleyinə qaçqınlıq həyatı yaşamaq qisməti düşmüş M.Cavadov burada da yaradıcılıqdan qalmır. Az müddət ərzində o, “Bu yerlər”, “Təkcə səni”, “Sənsizlik”, “Şəhidlər Xiyabanı” və digər mahnılar bəstələyir.
Uzun illər musiqi ictimayyətinin, az qala unutduğu M.Cavadovun musiqiləri, xüsusən, “Barı Naxçıvan” mahnısı daim səslənir, yeni-yeni müğənnilər tərəfindən ifa olunurdu. Yalnız 1999-cu ildə “Xalq qəzeti”ndə dərc olunmuş “Barı Naxçıvan” səslənəndə, barı onun müəllifi də yada düşəydi” məqaləsindən sonra qocaman bəstəkarın həyatında, sanki, yeni mərhələ başlandı.
1998-ci ildə Bakıya köçən bəstəkar ömrünün sonunadək burada yaşadı. Ömrünün 70 ilini Azərbaycan incəsənətinin inkişafına həsr etmiş bəstəkar – pedaqoq Məmməd Kərim oğlu Cavadovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona fərdi təqaüd verildi.
Tədbir M.Cavadovun əsərlərindən ibarət böyük bir konsert proqramı ilə davam etdi. Konsertdə xalq artisti, professor Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestirnin müşayiətilə respublikanın tanınmış müğənni və ifaçıları çıxış etdilər. Təqdim olunan kitab haqqında M.FAxundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov geniş məlumat verdi.
Tədbirin sonunda bəstəkarın oğlu Azər Məmməd oğlu Cavadov tədbir iştirakçılarına, Bəstəkarlar İttifaqına, Respublika Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də yeni kitabın redaktoru Vasif Quliyevə və ön sözün müəllifi Səadət Qarabağlıya ailəsi adından təşəkkürünü bildirdi. Qocaman bəstəkar 2003-cü ildə ömrünün 91-ci ilində vəfat etmişdir. Ancaq onun musiqisi yaddaşlarda, ürəklərdə bu gün də yaşayır.
Rafiq SALMANOV,
Xalq qəzeti.- 2012.- 9
dekabr.- S. 7.