Dünyanın
axırı varmı?
Yaxud 21 dekabr 2012-ci ildə nəsə baş verəcəkmi?
Son vaxtlar 2012-ci il dekabırın 21-də dünyanın sonu olacağı haqqında şayiələr
yayılmışdır. Guya, həmin gün planetlərin paradı olacaq,bütün
planetlər bir düz
xətt üzərində düzüləcək, Günəşin
qabağını kəsəcək və Dünya
qaranlığa qərq olacaq. Bəri başdan deyək ki,
bunların hamısı cəfəngiyyatdır, heç bir elmi əsası yoxdur. Bəs
“21 dekabr 2012-ci il” tarixi haradan meydana gəlmişdir? Günün
bu səs-küylü sualını
Bakı Dövlət Universiteti astrofizika kafedrasının müdiri,
fizika-riyaziyyat elmləri doktoru,
professor Cəfər Quluzadə
cavablandırır:
– Yeni eradan min illərlə əvvəllərdən başlayaraq Meksikada yaşayan mayyalılarda elm və mədəniyyət sürətlə inkişaf etməyə başlamışdı. XV əsrdə ispanlar bu yerləri işğal edərkən hündürlüyü 60 metr olan 40000 piramida, çoxlu sayda məbədlər, daş sütunlar üzərində 5000-dən çox heroqlif yazıları və s. aşkar edilmişdir. Əfsuslar olsun ki, ispan işğalı zamanı bu abidələrin böyük əksəriyyəti məhv edilmiş, qiymətli əlyazmalar yandırılmışdır. Yalnız üç əlyazma qalmışdır ki, onlar da Drezden, Paris və Madrid kitabxanalarında saxlanılır.
Mayyalılarda kifayət qədər dəqiq astronomiya təqvimləri də olmuşdur. Onlar, eyni zamanda, üç növ təqvimdən istifadə etmişlər. Bu təqvimlərdə illər Solkin, Tun və Haab adlanırdı. “Solkin” təqvim ili hər birinin uzunluğu 20 gün olan 13 aydan ibarətdir. Solkin təqvim ili =20*13=260 gün. Tun ili hər birinin uzunluğu 20 gün olan 18 aydan ibarətdir. Tun təqvim ili =20*18=360 gün. Sonralar mayyalılar müəyyən etmişlər ki, ilin uzunluğu 360 yox, 365 gündür. Ona görə onlar Tun ilinə 5 gün əlavə etmişlər. Haab təqvim ili 20 günlük 18 aydan və ilin axırında əlavə edilən 5 gündən ibarətdir. Haab təqvim ili =(20*18)+5=365 gün.
Mayya təqvimində hər günün və hər ayın öz adı vardır. Əlavə olunan 5 günün isə adı yoxdur, o günlər bayram günləri adlanır. Ənənəyə görə, hökmdarlar da bu günlərin birində dəyişdirilirdi. Mayya mifologiyasına görə, göyün 13 müqəddəs qatı mövcuddur və onların hər biri bir Allaha məxsusdur, allahlar onu idarə edirlər. Hər 400 ildən bir göydə hakimiyyət dəyişir və bu allahlar dünyanı növbə ilə idarə edir. Mayyalılar hesab edirdilər ki, 13 dəfə 400 illik bitəndə, guya, dünya tamam dəyişməli, yeni bir nizam yaranmalıdır. Başqa sözlə, dünyanın axırı çatmalıdır.
Meksikanın Tabasko ştatında saxlanılan bir monument üzərində mayyalıların belə bir yazısı həkk olunmuşdur: “13-cü 400 illik Kanki ayının 3-də, Yahav günü başa çatacaqdır”. Bu da bizim eranın 2012-ci ilin 21 dekabrına uyğun gəlir. Bu mifoloji əsaslara söykənən məlumatlara görə, məsuliyyətsiz “elm adamları”, yazarlar, mediya işçiləri dünyanın sonunun 2012-ci ildə olacağını söyləyirlər. Bu fikirlər elmdən, həqiqətdən çox uzaqdır. Bu məsuliyyətsiz fikirləri radio-televiziya kanallarında söyləmək, qəzetlərdə yazmaq cəmiyyətə çox böyük ziyan verə bilər. Sinir sistemi zəif olan adamlar düşkünləşə bilər.
– Cəfər müəllim, deyilənlərə inansaq, 2012-ci il dekabrın 21-də planetlərin paradı olacaqmı?
– Müasir astronomiya elmi planetlərin efemeridini (göydə yerini) istənilən vaxt üçün cox böyük dəqiqliklə təyin edə bilər. Son illərin bu şayiələrindən sonra 2012-ci il dekabrın 21-ində planetlərin yeri dəqiq öyrənilmişdir. Müəyyən olmuşdur ki, dekabrın 21-də Günəş Oğlaq bürcündə, Ay Qoç bürcü, Merkuri və Venera Oxatan bürcü, Mars Oğlaq bürcü, Yupiter Əkizlər bürcü, Saturn Əqrəb bürcü, Uran Qoç bürcü, Neptun Balıqlar bürcü və Pluton Oğlaq bürcü yaxınlığında olacaqdır. Buradan göründüyü kimi, planetlərin heç bir paradı gözlənilmir.
Onu da qeyd edim ki, planetlərin hamısı bir düz xətt üzrə düzülsələr belə, onlar Günəşə heç bir təsir edə bilməzlər. Planetlərin hamısının kütləsinin cəmi Günəşin kütləsinin təxminən 0,1 faizini təşkil edir. Günəş sistemi mükəmməl dinamik sistemdir və onun nizamını pozmaq qeyri mümkündür. Planetlərin paradının dünyanı qaranlığa qərq etməsi isə heç mümkün deyil. Günəş Yerdən 150 mliyon kilometr məsafədədir. Yerlə Günəş arasında isə yalnız Merkuri və Venera yerləşir. Onlar isə Yerdən baxdıqda səmada nöqtə kimi görunur. Onlar Günəşin qarşısını qətiyyən kəsə bilməzlər. Günəşin qarşısını kəsə biləcək yeganə göy cismi Aydır. Ayın bucaq diametri Günəşin bucaq diametrinə bərabər olduğundan yeni Ay fazasında Günəş tutulması baş verir. Onun tam tutulma fazası isə 2-3 dəqiqə cəkir, Yer kürəsində tam qaranlıq baş vermir.
– Bütün bu söhbətlərdən sonra belə bir sual da cavabını gözləyir: Dünyanın axırı nə vaxtsa gələcəkmi?
– Əvvəla, demək lazımdır ki, “Dünyanın axırı”, “Dünyanın sonu” anlayışları yalnış ifadələrdir. Dünya-kainat sonsuzdur, əbədidir. Ona həm məkan, həm də zaman mənasında sərhəd qoymaq olmaz. Məsələnin bu cür qoyuluşu anlaşılmazlığa, yanlışlığa gətirər. Bəli, dünyanın sonu yox, dünyanı təşkil edən ayrı-ayrı obyektlərin sonu var və bunu elmi cəhətdən hesablamaq olar. Dünyanın bir yerində həyat sona çatırsa, digər yerində həyat başlayır. Beləcə dünya geniş mənada əbədidir, həyat onun bir yerindən digər yerinə keçir.
Təkcə bizim daxil olduğumuz ulduz sistemində, Qalaktikada təxminən 200 milyard ulduz vardır. Bu ulduz sisteminin diametri 100 min işıq ilidir. Yəni saniyədə 300 min kilometr yol gedən işıq şüaları bu sistemin bir kənarından digər kənarına 100 000 ilə çata bilər. Belə ulduz sistemləri kainatda təxminən 200 milyarddır. Belə böyük ölçülərə malik olan bizim Qalaktikanın Kainatda tutduğu həcm çox kiçik hesab olunur. Onda bizim Günəş sisteminin, nəhayət, bizim yaşadığımız Yer planetinin ölçülərinin kainatla müqayisədə nə qədər “kiçik” olduğu aydın olur.
– İnsanlar dünyanın sonu dedikdə bizim yaşadığımız Yerin, uzaqbaşı Kainatda sonsuz kiçik bir həcm tutan Günəş sisteminin sonunu nəzərdə tuturlar. Bəs bu son varmı və nə vaxt olacaqdır?
– Ordan başlayaq ki, Yerin enerji mənbəyi, daha doğrusu, Yerdə həyat mənbəyi olan Günəş əbədi deyil. Onun sonu var və bu, labüddür. Siz soruşduğunuz kimi, nə vaxt onun sonu çatacaqdır? Göy cisimləri də insanlar kimidir. Sağlam doğulmuş insanlar 150-200 il də yaşaya bilər, cəmi bir neçə gün və ya bir neçə ay da. Sonsuz sayda ulduzlardan biri olan Günəş də ya uzun müddət yaşaya bilər, ya da ani olaraq məhv ola bilər. Ancaq ulduzlar üçün zaman vahidləri çox böyükdür. Onların həyatı milyard illərlə ölçülür.
Məlumdur ki, Günəş 1 saniyədə kosmik fəzaya 3.83*1033 erq enerji şüalandırır. Əgər Günəşin enerji ehtiyatını hesablasaq bu ehtiyatın neçə il kifayət etdəcəyini qiymətləndirmək olar. Dəqiq müəyyən olunmuşdur ki, Günəş və ulduzların əsas enerji mənbəyi onların nüvələrində yüksək temperatur və yüksək sıxlıq şəraitində gedən istilik nüvə reaksiyalarıdır. Bu reaksiyalar nəticəsində 4 hidrogen nüvəsi birləşərək 1 helium nüvəsi əmələ gətirir. Bu zaman kütlənin bir hissəsi enerjiyə çevrilir. Dəqiq hesablamalar göstərir ki, Hidrogen atomlarının helium atomlarına çevrilməsi hesabına Günəş 100 milyard il şüalana bilər. Lakin istilik-nüvə reaksiyaları yalnız Günəşin mərkəzi bölgələrində getdiyindən ondakı hidrogenin hamısı heliuma çevrilə bilməz. Ona görə də, Günəş 100 milyard il yox, təxminən bir tərtib az, yəni 10 milyard il şüalana bilər.
– Bu o deməkdirmi ki, insanlar Yerdə, ən azı, 10 milyard il yaşayacaqlar, başqa sözlə, Yerdə həyatın sonu hələ çox-çox uzaqdadır?
– Elmə dəqiq məlumdur ki, ulduzlar təkamülünün son mərhəlsində atmosferin üst qatını atır və onun parlaqlığı qısa müddətdə 100 min dəfə artır. Bu hadisə Günəşdə də ola bilər. Onda Yerdə temperatur kəskin artar və Yer kürəsi qısa müddətdə əriyər, öncə mayeyə, sonra isə qaza çevrilər. Temperatur çox yüksək olduğundan bu qazı təşkil edən hissəciklər kosmik fəzaya yayılar.
– Günəşin enerji mənbələri tükənsə nə baş verər?
– O zaman Yerdə temperatur kəskin aşağı
düşdüyündən yerin atmosfer qazları mayeyə, sonra
isə buza çevrilər. Yerdə temperatur
mütləq temperaturdan
cəmi bir neçə dərəcə
yüksək olar (-270
K!). Yer səthi qalınlığı
7 metr olan buzla örtülər.
Yerdə
bütün canlılar
məhv olar. Belə ölü Yer onunla hər hansı göy cismi toqquşana kimi beləcə qalar, güclü toqquşmadan sonra isə buxara çevrilib kosmosa yayılar.
– Bəs Yerdə
bu hadisələr nə vaxt gözlənilir?
– Bu suala cavab vermək üçün müsəlmanların müqəddəs kitabı olan “Qurani - Kərimə” də müraciət edək. Əl-Əraf surəsində deyilir: “Peyğəmbərim, Səndən Qiyamətin vaxtının nə zaman olduğunu soruşarlar. De ki, onun elmi yalnız Rəbbimin dərgahındadır. Onu Allahdan qeyri kimsə izhar edəməz. O, göylərə də, yerə də ağır gəlmişdir. O, sizə ancaq ani gələr. Sanki, bilirmişsiniz kimi sizdən təkrar onu sorarlar. Yenə de ki, “onun elmi ancaq Allahın dərgahındadır. Fəqət çox insanlar bunu bilməzlər”. Loğman surəsində isə deyilir: “Qiyamətin vaxtı haqqındakı bilgi ancaq Allahın dərgahındadır. Yağmuru o yağdırır, rahimlərdə olanı o bilir. Heç kimsə sabah nə qazanacağını bilməz. Yenə heç kimsə harada öləcəyini bilməz. Şübhəsiz, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır”.
– Sonda oxucularımıza sözünüz?
– Astrofiziki mülahizələrə, göy cisimlərinin ümumi təkamül pirinsipinə əsaslanaraq deyə bilərik ki, 2012-ci il dekabrın 21-də dünyanın sonu olacağı haqqındakı fikirlər cəfəngiyat olub nə elmi biliklərə, nə də İlahi biliklərə söykənir. “Dünyanın axırı” anlayışı ümumiyyətlə yalnışdır. Dünya sonsuzdur, əbədidir. Bizim yaşadığımız Günəş sistemində isə həyatın sonu labüddür, mütləqdir. Ancaq onun nə vaxt olacağını dəqiq söyləmək olmaz.
Güclü kosmik fəlakət nəticəsində bizim Yer planetində həyatın sonu istənilən vaxt, sabah da, 10 gün sonra da, milyard illərdən sonra da baş verə bilər. Onun vaxtını dəqiq söyləmək mümkün deyildir. Yeni sağlam doğulmuş uşağın neçə il yaşayacağını söyləmək mümkün olmadığı kimi, bizim Günəşin və ya kosmosda doğma evimiz olan Yerin də nə qədər mövcud olacağını söyləmək mümkün deyildir. İnsan yalnız onu bilməlidir ki, ona verilən ömrü mənalı, şərəfli, Vətəninə və xalqına sevgi ilə yaşamalıdır.
– Maraqlı və elmi dəlillərə əsaslanan cavablara görə çox sağ olun. Oxucularımız isə əsassız mülahizələrdən uzaq olsunlar.
Söhbəti
apardı:
Tahir AYDINOĞLU,
Xalq qəzeti.- 2012.- 9
dekabr.- S. 5.