Azərbaycanda əlil
pensiyaçıların etibarlı sosial
müdafiəsi təmin olunmuşdur
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin
sığorta-pensiya sistemində aparılan islahatlar aztəminatlı
əhalinin, o cümlədən əlil
pensiyaçıların etibarlı sosial müdafiəsini təmin
edir.
2006-cı ilin 1 yanvarından qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer almış, əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə əmək pensiyası alan pensiyaçıların pensiyalarının əhəmiyyətli artımı baş vermişdir. Belə ki, ölkə üzrə əlilliyə görə əmək pensiyası alan pensiyaçıların pensiyalarının orta aylıq məbləği 2006-cı il yanvarın 1-i tarixinə 32,3 manat olduğu halda, 2012-ci il yanvarın 1-nə bu məbləğ 129,5 manata çatdırılmışdır. Həmin tarixə I qrup gözdən əlillərin pensiyalarının orta aylıq məbləği isə 218 manat təşkil etmişdir.
Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunmuşdur.
Fond 3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar bildirir ki, 2012-ci ilin oktyabr ayına olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1 271 210 nəfərin 26,5 faizi (336,7 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 6,9 faizi, yəni 23,4 min nəfəri I qrup, 85,6 faizi (288,2 min nəfəri) II qrup, 7,5 faizi (25,1 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7575 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,7 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,8 faizi isə dövlət qulluqçularıdır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilmişdir. Qanunun müddəalarına əsasən, vətəndaşların yaşa görə pensiya hüququ müəyyən yaş həddi ilə məhdudlaşdırılsa da, əlilliyə görə pensiya təminatında heç bir yaş həddi qoyulmayıb. I qrup əlilə qulluq edilməsi müddəti, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sosial sığorta haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq sığorta stajına daxil edilmişdir. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Qanunla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillər, eləcə də I və ya II qrup əlil ata, ana, ər (arvad) yaşından və əmək fəaliyyətindən asılı olmayaraq ailə başçısını itirməyə görə pensiya hüququna malikdirlər.
Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilmişdir. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində əlavələr hesablanır. Qeyd etmək lazımdır ki, bu əlavələr I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində, I qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, eyni zamanda, I qrup Böyük Vətən müharibəsi əlillərinə 140 faizi məbləğində, II qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində, həmçinin II qrup Böyük Vətən müharibəsi əlillərinə 110 faizi məbləğində, III qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində (III qrup Böyük Vətən müharibəsi əlillərinə 90 faizi məbləğində) hesablanır.
Z.
BƏŞİRQIZI,
Xalq qəzeti.- 2012.- 9
dekabr.- S. 5.