ƏHALİNİN ƏRZAQ TƏHLÜKƏSİZLİYİ: reallıqlar, perspektivlər

 

 

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı sisteminin yaradılması məqsədilə həyata keçirilən strategiya intensiv inkişaf amillərindən səmərəli istifadə üçün əlverişli şərait yaratmışdır. Ölkə əhalisinin keyfiyyətli  ərzaq məhsulları ilə təminatına və  emal sənayesinin xammal təchizatına zəmanət verən bu strategiya ümumilikdə aqrar potensialın reallaşmasını, Azərbaycanın dünya təsərrüfatı sistemində layiqli mövqe qazanmasına  yönəlik sistemli fəaliyyəti şərtləndirir.

 

Aqrar sahənin inkişaf strategiyası  hər bir ölkə üçün, iqtisadi təhlükəsizlik və onun əsas istiqamətlərindən olan ərzaq təhlükəsizliyinin təminatı kimi həyati əhəmiyyətli məsələlərin təxirə salınmadan həllini nəzərdə tutur. Eyni zamanda, bu strategiyanı reallaşdırmaqda məqsəd ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, istehsalı, ixrac və idxal edilən ərzağın keyfiyyətini,  əhalinin ərzaq istehlakı strukturunun quruluşunu yaxşılaşdırmaqdan, sosial xarakterli bir sıra digər məsələlərin həllindən  ibarətdir.

 

Azərbaycanın Milli Elmlər Akademiyasının 2011-ci ilin aprel ayında   keçirilmiş illik ümumi yığıncağında Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin çıxışında  qeyd edildiyi kimi, “Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi, kreditlərin verilməsi, özəl sektorun inkişafı - bütün bu məsələlər bir məqsədi güdür ki, biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Hesab edirəm ki, növbəti 2-3 il ərzində biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik və bununla bərabər, çox güclü ixrac potensialımızı da yaratmalıyıq”.

 

Ərzaq kompleksinin səmərəliliyi, ilk növbədə qlobal miqyasda ərzaq problemini yaradan və kəskinləşdirən amillərlə şərtlənir. Həmin amillər  isə planetar miqyasda mövcud olan aqrobioloji potensialdan, həmin potensialın reallaşdırılması üçün bəşəriyyətin sərəncamında olan maddi-texniki, intellektual vasitələrdən, səngiməyən və dondurulmuş regional münaqişələrdən, ekoloji böhran hallarından və onların ortaya qoyduğu əsas reqlamentlərdən, ayrı-ayrı ölkələrin inkişaf səviyyəsindən və  bu kimi bir çox amillərdən asılıdır.

 

Təbii-iqlim şəraitindən asılı olan kənd təsərrüfatı ərzaq kompleksinin digər tərkib hissələrinə nisbətən təbii resursların məhdudluğundan, təbii resurslardan istifadənin intensivləşdirilməsindən irəli gələn müxtəlif xarakterli ekoloji fəsadlardan daha çox ziyan görür. Yer üzündə ekoloji və demoqrafik amillərin təsiri altında  adambaşına düşən əkinə yararlı torpaq sahələrinin daha sürətlə azalması ilə müşayiət olunduğu bir dövrdə, kənd təsərrüfatı məhsulları istehsalının intensivləşdirilməsi obyektiv zərurətə çevrilmişdir.

 

Ərzaq təhlükəsizliyində aparıcı sahə olan kənd təsərrüfatının inkişafı iqtisadiyyatın durumundan, intensivləşmənin prioritetliyindən, resursların artırılmasından və onlardan səmərəli istifadə mühitindən, dünya təsərrüfatı sisteminə inteqrasiyanın və ərzaq bazarında rəqabətin xarakterindən asılıdır. Aqrar təsərrüfatın strateji inkişaf kursu intensivləşmə, mövcud potensialdan səmərəli istifadə üçün əlverişli imkanlara malik olsa da, təbiətdən istifadə və sosial problemlərin həlli baxımından bəzi ziddiyyətləri kəskinləşdirdiyinə görə, onun reallaşdırılması daha dərin araşdırmalar tələb edir.

 

Ərzaq kompleksinin səmərəliliyini şərtləndirən amillər sırasında aqrar sahədə sahibkarlığın formalaşdırılması üçün islahatların maliyyə əsaslarının möhkəmləndirilməsi, dövlət tərəfindən kompleksin tarazlı inkişafının  dəstəklənməsinin mükəmməl sisteminin yaradılması xüsusi qeyd olunmalıdır. Bu kompleksin ahəngdar inkişafını təmin edən mexanizmin formalaşdırılması üçün, ilk növbədə dayanıqlı maliyyə-kredit sistemi yaradılmalıdır. Bu zaman məhsul satışı və servis xidmətlərinin maliyyə-kredit mexanizmi təkmilləşdirilməli, istehsal  və resurs potensialının inkişafını təşviq edən ixrac strategiyası hazırlanmalı, maliyyə-kredit sistemində ixrac yönümlü ərzaq məhsulları istehsalı sahələri və istiqamətlərinin əsas tələbləri nəzərə alınmalıdır.

 

Azərbaycan Respublikası Prezidentinin  14 aprel  2009-cu  il  tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının  2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı  Dövlət   Proqramında qeyd olunduğu kimi,   sahibkarlığa dövlət dəstəyinin mühüm istiqamətlərindən biri də sahibkarların güzəştli kreditlərlə təmin edilməsi mexanizmidir. Həmin mexanizm səmərəli fəaliyyət göstərməklə ərzaq kompleksinin inkişafında mühüm rol oynamaqdadır. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı istehsalına, sahədə iqtisadi fəallığa güclü təkan vermişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən vergi güzəştləri sahibkarlığın təşəkkülündə əhəmiyyətli rol oynamışdır.  2009-2013-cü illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması müvafiq proseslərin tənzimlənməsinin nəzəri-metodoloji məsələlərinin təxirə salınmadan həllini  nəzərdə tutur.

 

 Ərzaq kompleksinin maliyyə-kredit mexanizmi buraxılan məhsulların mənfəətlə satışına xidmət etməlidir. Odur ki, kompleksə könüllü maliyyə axını dəstəklənməli, məhsullara səmərəli tələbatın,  altkomplekslərin kredit qabiliyyətinin yüksəldilməsi mexanizminin formalaşdırılması üçün şərait yaradılmalıdır. O cümlədən, maliyyə-kredit mexanizmi sayəsində ərzaq məhsullarına tələb və təklifin yeni səviyyəsində sabitləşməsi təmin olunmalı, keyfiyyətsiz olduğuna görə ucuz başa gələn ərzaq məhsulları idxalının qarşısı alınmalıdır.

 

Sadalanan problemlərin tənzimləmə vasitələri ilə həlli ərzaq kompleksinin maliyyə ehtiyatlarının artırılmasını, bura investisiya, kredit və subsidiya şəklində yönəldilən maliyyə resurslarının təmərküzləşməsini  və istifadəsinin  ciddi koordinasiyasını tələb edir. Ölkəmizdə ərzaq kompleksinin inkişafının məqsədli maliyyələşdirilməsi və güzəştli kreditlər verilməsi təcrübəsi hərtərəfli araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, indiki mərhələdə ümumi və lokal layihələrə üstünlük verilməsi meyarlarının əsaslandırılması, maliyyələşdirmə mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması zəruridir.

 

Ərzaq kompleksinin maliyyə-kredit mexanizminin təkmilləşdirilməsi istiqamətlərindən biri də onun antiinflyasiya yönümünün dəstəklənməsi olmalı, aqflyasiyadan irəli gələn mənfi effekt dinamik iqtisadi inkişafa xas olan nəticələrlə kompensasiya edilməlidir. Ərzaq kompleksinin inkişafına dövlət dəstəyinin yeni mühitə uyğunluğu, maliyyə stimullaşdırılması mexanizminin təkmilləşdirilməsi zərurətə çevrilmiş, onun yeni keyfiyyət kəsb etməsi aktuallaşmışdır.

 

Əhalini ərzaq  məhsulları ilə təmin etmək baxımından həyata  keçirilən  fəaliyyət məkanı olmaqla ərzaq kompleksi, həmin  fəaliyyət sferasında kompleksə daxil olan fəaliyyət növlərinin  qarşılıqlı  əlaqələrinin inkişaf yönümlü tarazlığını təmin etməlidir. Kompleks çərçivəsində resurslardan istifadə istehsal - kommersiya fəaliyyətində ixtisaslaşmanın, sahələrarası inteqrasiya və kooperasiyanın  proseslərinin səmərəliliyində tənzimlənmə sisteminin yeri və rolu əsaslandırılmalıdır. Bu baxımdan torpaq islahatından sonra meydana çıxmış xırda ölçülü təsərrüfatların potensialından səmərəli istifadə, kooperasiya hərəkatının dəstəklənməsi, iri təsərrüfatların yaradılması vacib vəzifə kimi qarşıya qoyulmuşdur.

 

Azərbaycan Respublikası  Prezidentinin Nazirlər Kabinetinin 2011-ci ilin  sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə dövlət başçısının iri fermer təsərrüfatları yaradılması, bu təsərrüfatlarda meliorativ tədbirlərin həyata keçirilməsi, torpaq sahiblərinə güzəştli şərtlərlə yanacaq və gübrələrin verilməsi, aqrolizinq fəaliyyətinin gücləndirilməsi zərurətindən danışması, müvafiq istiqamətlərdə fəaliyyətin səmərəliliyinin yüksəldilməsi üçün konktret tapşırıq və tövsiyələr verməsi buna əyani sübutdur.

 

Keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı və onların insan sağlamlığı üçün təhlükəsizliyi məsələlərinin hüquqi əsasları “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (13 iyun 2008-ci il ) öz əksini tapmışdır. Bu baza torpağın münbitliyinin və strukturunun bərpası, qorunması, saxlanması və artırılması, ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması, təbii ehtiyatlardan səmərəli istifadə olunması, bazarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın ödənilməsi və bu sahədə rəqabətin formalaşdırılması,  istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlərin həlli üçün zəruri normativ-hüquqi baza formalaşdıran  müvafiq fəaliyyətin ümumi prinsipləri və ekoloji təmiz kənd təsərrüfatının tənzimlənməsində dövlətin vəzifələrini müəyyənləşdirməklə aqrar-ərzaq təsərrüfatının inkişafının konseptual istiqamətlərinin əsaslandırılmasında mühüm rola malikdir.

 

İnnovasiyaların təşviq edilməsi kənd təsərrüfatının və ərzaq kompleksinin müqayisəli və rəqabət üstünlüklərinin, məhz innovasiyalar hesabına reallaşdırılmasına əlverişli şərait yaradır.  Təbii ki, bu halda  intensiv inkişaf amili həlledici rol oynayır. Aqrar-ərzaq təsərrüfatının rəqabətə davamlılığında intensivləşmənin müstəsna rolu, istehsalçıların  ərzaq bazarındakı dəyişiklikləri nəzərə almaqla, artan əmtəəlik məhsulun satışı üçün mütərəqqi texnologiyalardan istifadə baxımından çevik fəaliyyətini tələb edir.

 

Yerli ərzaq məhsulları istehsalçılarının mənafeyi baxımından daxili aqrar bazarın qorunmasına yönəlmiş müdafiə tədbirləri  sırasında idxal məhdudiyyətləri  mühüm yer tutsa da, təcrübədən göründüyü kimi, bu, davamlı olmur. Belə vəziyyət, xeyli dərəcədə beynəlxalq təşkilatların, xüsusilə ÜTT-nin müvafiq müdafiə tədbirlərinin ərzaq məhsulları beynəlxalq ticarətinin səmərəliliyinə mənfi təsir etməməsi barədə təkidli tövsiyəsi ilə əlaqədardır. Məlum olduğu kimi, ÜTT - nin uyğun sazişlərində müdafiə tədbirlərinin konkret ərzaq məhsulları idxalının səviyyəsinin, son üç ildəki səviyyədən aşağı düşməməsi şərti vardır. Həmçinin, daxili bazarın müdafiə tədbirləri sistemi ölkənin xarici ticarət öhdəliklərinə zidd olursa, qarşı tərəfə ekvivalent ticarət güzəştləri verilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, idxaldakı inhisarçılıqdan və haqsız rəqabətdən müdafiə tədbirlərinin mövqeyi aqrar sahənin inkişafına yönəlmiş tədbirlər sistemində ölkənin xarici ticarət öhdəlikləri ilə şərtlənir.

 

Beynəlxalq ticarətin, o cümlədən ərzaq malları xarici ticarətinin liberallaşdırılması xəttini yeridən ÜTT inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdə kənd təsərrüfatı üzrə həyata keçirilməsi məqsədəuyğun hesab edilən himayə tədbirlərinin, ərzaq kompleksinin tənzimlənməsi sisteminə daxil edilməsini tövsiyə edir. Məlum olduğu kimi, haqqında danışılan tədbirlər “sarı zəmbil”, “yaşıl zəmbil”, və “mavi zəmbil” tədbirləri kimi fərqləndirilir. “Sarı zəmbil” tədbirləri dünya bazarında ərzaq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəldilmişdirsə, “mavi zəmbil” tədbirləri əsasən kompleksin və ümumilikdə aqrar sahənin inkişafını dəstəkləyir.

 

Ərzaq məhsulları xarici ticarətinin liberallaşması tələbləri kənd təsərrüfatının tənzimlənməsi və stimullaşdırılması tədbirləri kompleksində manevr etmək üçün  əhəmiyyətli imkanlar yaradır. Həmin imkanların reallaşdırılması üzrə işlərin aparılması strategiyasının əsaslandırılması milli ərzaq kompleksinin  inkişaf prioritetləri əsas götürülməklə, ölkə və ölkədaxili regionlar üzrə rəqabət üstünlükləri hesabına dünya ərzaq bazarında mövqe qazanmağa və ixrac yönümlü istehsalın genişləndirilməsinə yönəlik meyarlar nəzərə alınmaqla həyata keçirilməlidir.

 

Respublikamızda dövlət səviyyəsində problemin aradan qaldırılması üçün müasir soyuducu anbarlar şəbəkəsinin genişləndirilməsinə və ilkin emal infrasturukturunun inkişafına yönəlmiş sistemli işlər həyata keçirilir. Bununla belə, yetişdirilmiş kənd təsərrüfatı məhsullarının, ölkə daxilində və ya xarici bazarlarda  son istehlakçıya çatdırılması sistemində təxirə salınmadan öz həllini gözləyən məsələlər qalmaqdadır.

 

Ölkənin istehsal və resurs potensialının güclənməsi, əlverişli işgüzarlıq mühitində ərzaq altkomplekslərinin səmərəli əlaqələndirilməsi və dünya təsərrüfat sisteminə fəal inteqrasiya ixracın genişlənməsi baxımından mühüm rola malikdir. Respublikada aqrar sahədə aparılan islahatların hazırki mərhələsində ixrac yönümlü istehsalın dəstəklənməsi prioritet istiqamətdir. Həmin prioritetin reallaşdırılması ərzaq kompleksinin dayanıqlı inkişafının mühüm şərti kimi nəzərdə tutulur.

 

Azərbaycanda istehsal olunan və yüksək keyfiyyət  göstəricilərinə malik təzə tərəvəz və meyvənin Avropa ölkələrinə çıxarılması imkanları hazırda daha dərindən araşdırılan məsələlərdəndir. Hesab edilir ki,   təzə meyvə və tərəvəz ixracının coğrafiyasının genişləndirilməsi üçün, ilk növbədə təzə məhsulun əmtəə görünüşünün idarə edilməsi üzrə müasir texnologiyaların mənimsənilməsi və istifadəsi, təzə meyvə və tərəvəzin yetişdirilməsinin az enerji tutumlu proqramlaşdırılmış rejimlərinin tətbiqi, marketinq tədqiqatlarının intensivləşdirilməsi,  ilkin emal və daşıma rejimlərinin birgə optimallaşdırılması kimi tədbirlərin həyata keçirilməsi zəruridir.

 

XX əsrin 70-80-ci illərində respublikanın təbii-iqlim, resurs və istehsal potensialından səmərəli istifadə sayəsində üzümçülüyün və şərabçılığın sürətli inkişafı dövrü olmuş, zəngin təcrübə əldə edilmişdi. 80-ci illərin sonunda keçmiş İttifaq rəhbərliyinin volyuntarist və zərərli qərarları üzümçülüyə ciddi zərbə vurmuş, üzümlüklərin məhv edilməsi, üzüm emalı müəssisələrinin müxtəlif səbəblərdən sıradan çıxması ilə nəticələnmişdi. Vəziyyəti düzəltmək, üzümçülüyün və şərabçılığın inkişafı üçün uzun illər davam edən problemlərin aradan qaldırılmasının  bazar mexanizminin formalaşdırmaq üçün tədbirlər həyata keçirilir. Əlbəttə, unutmaq olmaz ki, həmin tədbirlər böyük vəsait tutumlu və uzun vaxt tələb edəcəkdir.

 

Bu  digər səbəblərdən ölkəmizdə xarici ticarət üzrə ixtisaslaşdırılmış infrastrukturun yaradılması və onun əsas ərzaq məhsullarının alınması baxımından unifikasiya edilməsinə kifayət qədər vəsait ayrılır. Haqqında danışılan infrastrukturun yaradılması layihələrinin maliyyələşdirilməsinə, kənd təsərrüfatı mənşəli xammalın daxil olmasının zəmanətli rejimini nəzərdə tutan biznes-planlar üzrə daha çox mənbənin cəlb edilməsi üzrə sistemli və miqyaslı iş gedir.

 

Ərzaq kompleksinin innovasiyalı inkişafının qabaqcıl xarici təcrübəsi göstərir ki, bu kompleksin təşkilati strukturunda baş verən keyfiyyət dəyişmələrinin maliyyələşdirilməsi məqsədli yanaşma tələb edir. Aparılmış tədqiqatlar  risk fondlarının yaradılması və istifadəsinin, vençur investisiyalaşmasının və kreativ maliyyələşmənin digər mənbələrinin fəallaşdırılmasının ərzaq kompleksində birbaşa tranzaksiya məsrəflərini aşağı saldığını söyləməyə əsas verir. Əslində, belə vəziyyət,  ənənəvi maliyyələşmədən fərqli olaraq, yuxarıda sadalanan maliyyələşdirmə mexanizmlərində işgüzar danışıqlara, informasiya axtarışlarına, opportunist meyillərinin aradan qaldırılmasına və i.a. məsrəflərin olacağı nəzərdə tutulması ilə əlaqədardır.

 

Ərzaq kompleksinə bu və ya digər dərəcədə aid olan xidmət sahələrində iqtisadi agentlərin transaksion məsrəflərinin mahiyyətinin açıqlanması və həmin məsrəflərin minimumlaşdırılması imkanlarının aşkar edilməsi üçün, hər şeydən əvvəl, həmin agentlərin institutsional iqtisadiyyat nöqteyi-nəzərindən tərkibi dəqiqləşdirilməlidir.

 

Ərzaq kompleksinin ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından əsas vəzifələri sırasında aşağıdakılar önə çəkilməlidir:

 

- Bütün əhali qruplarının əsas tələbatını təmin etmək üçün kafi həcmdə və müvafiq istehlak xarakteristikalarına malik olan ərzaq mallarının istehsalı, saxlanması, emal edilməsi və satışı üçün tarazlaşdırılmış sistem yaradılması. Ərzaq mallarını və onların istehsalı üçün xammalı istehlakçıya çatdırmaq üçün etibarlı sistem və mexanizmlər, o cümlədən dövlət ehtiyatları, sığorta və ehtiyat fondları yaradılması;

 

- ölkənin özünü ərzaqla təmin etmək siyasətinə və qarşılıqlı faydalı xarici ticarətə xas olan üstünlüklərinin səmərəli şəkildə əlaqələndirilməsi, ölkəyə keyfiyyətsiz, aşağı növlü məhsullar gətirilməsinə, habelə yerli istehsal hesabına təmin edilə biləcək məhsul növlərinin idxalına ağlabatan məhdudiyyətlər tətbiq edilməsi əsasında ərzaq müstəqilliyinin lazımi səviyyədə saxlanması;

 

- kənd təsərrüfatının və emal sahəsinin resurs potensialının əsas tərkib hissələrinin - torpaqların münbitliyinin, cins heyvandarlıq və toxumçuluğun, mütərəqqi texnologiyaların, elmi-texniki potensialın qorunub saxlanması və tədricən artırılması;

 

- əhalinin müxtəlif təbəqələrinin gəlirləri arasında iqtisadi cəhətdən əsaslandırılmamış diferensiasiyanın aradan qaldırılmasına yönəlmiş fəal sosial siyasət, əhalinin ayrı-ayrı sosial qruplarına və ictimai təsisatlara məqsədli ərzaq yardımı göstərilməsi, imkansızlara ünvanlı kömək;

 

-   həm aqrar istehsalın arealı və təbii müxtəlifliyin maddi daşıyıcısı, həm də ölkə əhalisinin xeyli hissəsinin yaşayış mühiti olan kəndlərin sosial-iqtisadi baxımdan kompleks və tarazlı inkişaf etdirilməsi.

 

Qoşqar ZEYNALOV,

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi

İqtisadi  İslahatlar Elmi-Tədqiqat İnstitutunun  dissertantı

 

Xalq qəzeti.- 2012.- 9 dekabr.- S. 4.