Heydər Əliyev Azərbaycan incəsənətinin misilsiz himayədarı idi

 

Müasir Azərbaycan dövlətinin memarı, türk dünyasının ünlü  ictimai-siyasi xadimlərindən biri olan ulu öndər Heydər Əliyev “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdirik ifadəsi ilə hər bir soydaşımızın qəlbində əbədi, silinməz iz buraxmışdır. Bu dahi şəxsiyyət  haqqında fikir söyləmək və ya yazı hazırlamaq məsuliyyətli olduğu qədər də çətindir. Onun çoxşaxəli həyat fəaliyyətində elə bir sahə tapmaq olmaz ki,  Azərbaycan üçün taleyüklü məsələlərin hamısını əhatə etməmiş olsun. Bu ali keyfiyyət ilk növbədə dahi şəxiyyətin təbiətindən - ona ilahidən verilən fitri istedaddan irəli gəlirdi.

 

Ulu öndərin həyat və fəaliyyəti barədə yazılan kitablarda qeyd olunur ki, gənc Heydər Əliyev hələ  kiçik yaşlarından özünün hazırcavablığı və iti zehni ilə yaşıdlarından seçilmişdir. Heydər Əliyevin uşaqlıq və gənclik illəri onun həmişə fərəhlə xatırladığı, Azərbaycan Respublikasının ən qədim torpaqlarından olan Naxçıvanda keçmişdir. O, Naxçıvan şəhərində texnikumda təhsil aldığı illərdə müəllimlərinin sevimli tələbələrindən biri kimi seçilirdi.  Riyaziyyat müəllimi gənc Heydərin gələcəyin böyük riyaziyyatçısı olacağını deyir,  Azərbaycan dili müəllimi dilçi alim, təsviri sənət müəllimi böyük rəssam, tarix müəllimi böyük siyasətçi və başqa müəllimlər digər sahələrdə böyük mütəxəssis olacağını söyləyirdilər. Ulu öndərin uşaqlıq və gənclik illərini onun ən yaxın dostu və tələbə yoldaşı olmuş Dövlət müəllim öz yazılarında belə xatırlayır: “Heydər Əliyevlə mən yaxından dostluq edirdik. Hələ o, zamanlar bizim aramızda xüsusi hörməti olan Heydər Əliyevin istedad və qabiliyyətini müəllimlərimiz çox yüksək qiymətləndirirdilər və ona böyük ümidlər bəsləyirdilər. Onun dərin zəkası qarşısında biz heyran qalırdıq...” Bəli, özünün iti zehni, xüsusi natiqlik qabiliyyəti və bacarığı ilə yaşıdlarını geridə qoyan Heydər Əliyevin peşə seçimində doğulub boya-başa çatdığı əsrarəngiz Naxçıvan təbiətinin və böyük qardaşı, xalq rəssamı Hüseyn Əliyevin təsirinin olduğunu  unutmaq  mümkün deyil.

 

Heydər Əliyevin xüsusi rəssamlıq təhsili alması və gələcəkdə rəssam olmaq istəyi sonralar onun fəaliyyətində yüksək yaradıcılıq əzmini, qurub-yaratmaq şövqünü həmişə qüvvətləndirmişdir. Qeyd etmək lazımdır ki, ulu öndərin həm də tarixçi və iqtisadçı ixtisaslarına yiyələnməsi  bu dahi şəxsiyyətin ictimai fəaliyyətinin daha səmərəli və peşəkarcasına yönləndirilməsini, onun  bir lider  kimi ərsəyə gəlməsini şərtləndirmişdir.Ulu öndərin istənilən məsələ barədə nitqini dinləyən həmin sahənin mütəxəssisləri belə  onun əhatəli biliyinə mat qaldıqlarını dilə gətirirdilər. Onun yüksək liderlik qabiliyyətinə malik şəxsiyyət olduğunu  sübut etmək üçün isə ölkəmizin 1969-82-ci illərini və müstəqilliyimizin 1993-cü ilin yayından sonrakı dövrünü qeyd etmək kifayətdir.

 

Ulu öndərin tale yolu olduqca şərəfli, mürəkkəb və çətinliklərlə dolu olmuşdur. Onun sadə bir işçidən generala qədər, generaldan sovet dönəmində ən nüfuzlu dövlət adamı vəzifəsinə qədər ucalması,  sonralar isə özünün ifadəsi ilə söyləmiş olsaq, “canı qədər sevdiyi Azərbaycan”ın Prezidenti olması ağır məşəqqətlər hesabına başa gəlmişdir. O, SSRİ dövründə sırf milli maraqlar baxımından fəaliyyət göstərdiyinə görə daim təzyiqlərlə üzləşirdi. Sovet imperiyası çərçivəsində türk xalqlarının  möhtəşəm müdafiəçisi kimi çıxış edən Heydər Əliyev öz bədxahlarının fitnə-fəsadları ilə tez-tez üzləşirdi. Gənc müstəqil Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirmək üçün nümayiş etdirdiyi qətiyyətə görə isə onun həyatına dəfələrlə  sui-qəsdlər təşkil edilmiş, uca tanrının iradəsi ilə son andaca həmin qəsdlərin qarşısı alınmışdır. Bu qəbildən olan bir neçə xəyanətin  üstünün açılması, milli dövlətçiliyimizin bədxahlarının ifşa edilməsi yəqin ki, bütün oxucuların xatirindədir.

 

Heydər Əliyevin incəsənətimizin inkişafı və tərəqqisi naminə atdığı səmərəli addımlar bu sahənin böyük bir epoxasını yaratmışdır. Onun apardığı uğurlu  siyasətin tərkib hissələrindən olan mədəniyyət siyasəti bu gün Azərbaycan mədəniyyətinə və incəsənətinə  özünün intibah mərhələsini yaşatmaqdadır. Biz burada sadəcə ulu öndərin sayı onlarla hesablanan mədəniyyət obyektlərinin - teatr, konsert, qalereya, sərgi salonlarının, mədəniyyət evlərinin, kinokulubbu kimi digər ocaqların tikintisinə, yenidən qurulmasına və əsaslı təmirinə ayırdığı diqqəti nəzərdə tutmuruq. Eyni zamanda onun ölkəmizdəki yaradıcılıq ittifaqlarının maddi-texniki bazalarının yaxşılaşdırılmasına, sənət adamlarının - şair, yazıçı, bəstəkar, rəssam, rejissor, aktyorların Prezident təqaüdlərinə, yüksək  ordenmedallara layiq görülməsinə, onların yubileylərinin keçirilməsinə, incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsinə  dair imzaladığı sərəncamları yada salmaq yerinə düşər. Ulu öndərin bu sahədəki fəaliyyətini bütövlükdə qələmə almaq istəsək, o zaman yüzlərlə şərəfli və yaddaqalan səhifələr yaranar. Təkcə təsviri sənətimizin inkişafı ilə bağlı ulu öndərin siyasətinin  bəzi ştirixlərini vurğulamaqla fikrimizi təsdiq edə bilərik.

 

Hələ sovet dönəmində Azərbaycanın tanınmış sənət adamlarına göstərdiyi diqqət və qayğı, yaradıcı şəxslərlə yaxın dostluq əlaqələri Heydər Əliyevə  böyük sənət adamları arasında dərin hörmət və nüfuz qazandırmışdı. Azərbaycanın tanınmış sənət adamları olan Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə, Nadir Əbdürəhmanov, Mirəli Mirqasımov, Ömər Eldarovbaşqa rəssamlarla şəxsən görüşərək onların yaradıcılıqları ilə yaxından maraqlanan, ünsiyyət yaradan ümummilli lider bu addımıyla milli mədəniyyətimizin daha da inkişaf etməsi üçün stimul yaradırdı. Onun sənət adamlarının yaradıcılığını yüksək qiymətləndirməsi, yaradıcı insanlara  respublikanın yüksək fəxri adlarının verilməsi və orden-  medallarla təltif edilməsi üçün göstərdiyi qətiyyət dünya siyasətində nadir dövlət başçılarının nümayiş etdirdiyi keyfiyyət idi. Digər tərəfdən, bəlkə də yaradıcı adamlara bu qədər xüsusi münasibətin göstərilməsi Heydər Əliyevin rəssamlıq təhsili alması, onun incəsənətin - bədii yaradıcılığın çətin və özünəməxsus incəliklərindən praktiki xəbərdar olmasından irəli gəlirdi.

 

Heydər Əliyevin təkcə müstəqillik illərində bizim sahə ilə bağlı imzaladığı fərman və sərəncamları yada salsaq, incəsənətimizin inkişafı və tərəqqisi tarixinə təsir göstərmiş böyük bir sənədlər toplusu yaratmış olarıq. Təsdiq etdiyi tarixi sənədlərlə öz şərəfli imzasını əbədiyyətə qovuşduran ulu öndər Azərbaycanın mədəniyyət siyasətinin əsas prioritetlərini özündə əks etdirən çoxsaylı qərar və qanunların müəllifidir. “Mədəniyyət haqqında qanunun təsdiq edilməsi haqqında” sərəncam, mədəniyyət aləminin müxtəlif sahələrinin fəaliyyətini tənzimləyən digər  qanunların təsdiq edilməsi, eləcə də  hüquqi dövlət quruculuğu  prosesində mədəniyyət siyasətinə önəm verilməsi böyük əhəmiyyət kəsb edirdi. Bu sahənin daha təkmil üsullarla inkişafının sürətləndirilməsi məqsədi ilə xüsusi dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi artıq özünün uğurlu bəhrələrini verməkdədir. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində xüsusi addımlar da məhz onun siyasi hakimiyyətə qayıdışından sonra atılmışdır. Belə ki, BMT-nin mədəniyyət sahəsində ixtisaslaşmış qurumu olan YUNESKO ilə əməkdaşlıq və bu qurumda Azərbaycanın daimi nümayəndəliyinin fəaliyyəti  sadalananları bir daha təsdiq edir.

 

Bu gün özünün intibah dönəmini yaşayan Azərbaycan mədəniyyəti ulu öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Artıq mədəniyyət aləminin bütün  sahələrində inanılmaz dərəcədə uğurlu nailiyyətlər əldə olunmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri  Mehriban xanım Əliyevanın rəhbərliyi ilə respublikamızda və xarici ölkələrdə çoxsaylı möhtəşəm mədəniyyət layihələri həyata keçirilmişdir.

 

Bəli, aparılan uğurlu mədəniyyət siyasəti sübut edir ki, qədim Şərq mədəniyyətinin əsas varislərindən biri, ikinci dövlət müstəqilliyinin iyirmi illiyini qeyd etdiyimiz şanlı məmləkətimiz və əbədi Azərbaycan Respublikamız  özünün qədim və zəngin mədəniyyəti ilə hər zaman dünya ölkələri arasında  layiqili yerini ucalarda saxlayacaqdır. Bu işdə xüsusi xidmətləri olan ulu öndər Heydər Əliyevin işıqlı xatirəsi və uca əməlləri isə Müstəqil Azərbaycan Respublikası tarixində və onun xalqının yaddaşında  əbədi yaşayacaqdır.

 

Əsəd  QULİYEV,

sənətşünas

 

Xalq qəzeti.- 2012.- 9 dekabr.- S. 3.