Millət və Vətən
yolunda fədakarlıq göstərənlər
unudulmurlar
Bu günlər ölkəmizin hər
yerində, eləcə də
bütün Türk dünyasında xalqımızın
dahi oğlu, görkəmli dövlət xadimi, Heydər Əliyevin anım
günü qeyd edilir. Zaman
keçdikcə Heydər Əliyev ucalığı, böyüklüyü
bizə daha aydın görünür.
Azərbaycanın bügünkü
yüksəlişi, dünya birliyində mövqeyinin möhkəmlənməsi, əlaqələrinin
gündən - günə genişlənməsi məhz ulu öndərin uzaqgörən siyasətinin,
Vətəninə, millətinə olan böyük sevgisinin nəticəsidir.
Ümummilli liderin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, siyasi müdrikliyi Azərbaycanı uçrumdan,faciələrdən xilas etdi və ölkəmizin müstəqilliyini əbədiyyətə çevirdi. Belə şəxsiyyətlər insanların qəlbində əbədi olaraq yaşayırlar. Həyatını xalq, Vətən yolunda fəda edənlər heç vaxt unudulmur, xatirələrdən silinmir, həmişəyaşar olurlar. Mən tarixçi olduğum üçün xalqımızın, elimizin - obamızın ulu və zəngin tarixinə daha yaxından bələdəm . Azərbaycan torpağı bəşəriyyətə çox görkəmli şəxsiyyətlər, zəkalı, yenilməz sərkərdələr, dövlət xadimləri vermişdir. Fəxrlə deyə bilərik ki, bizim dövlətçilik tariximizin 4 min ildən artıq yaşı var. Bu dövr ərzində minlərlə çarlar, şahlar padşahlar, sultanlar, xaqanlar... dövlət başçıları gəlib - gediblər. Minlərlə gəlib - gedən bu hökmdarlardan tarix yalnız çox az dövlət başçısının adını qoruyub saxlamış, nəsildən - nəslə, əsrdən - əsrə keçirmiş, nəhayət bu günümüzə gətirib çıxarmışdır.
Xalq uzaq dövrlərdə yaşamış Cavanşiri, Şəmsəddin Eldəgizi, Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaini, Sovetlər dövründə Azərbaycana layiqincə rəhbərlik etmiş Nəriman Nərimanovu bu gün də iftixarla xatırlayır. Adlarını çəkdiyimiz bu dövlət xadimlərinin hər biri öz vətəni, xalqı, milləti üçün elə nəhəng, elə müqəddəs, cahanşümul işlər görmüşlər ki, bu işlər, bu əməllər onlara əbədilik qazandırmış, adlarını tarixin yaddaşına həkk etmişdir. Xalq belə dahi, qəhrəman övladlarını heç vaxt unutmur, əsrlər keçdikcə onlar əbədiləşir və gələcək nəsillər üçün örnək olurlar.
Azərbaycan tarixinin müxtəlif taleyüklü məqamları və mərhələlərində həmişə doğma Vətənimizi ağır sınaqlardan çıxarmaq vəzifəsi müvafiq dövrlərin böyük şəxsiyyətlərinin üzərinə düşüb.Yola saldığımız ikinci minilliyin sonuncu yüzilliyi də Azərbaycan dövləti üçün çox kəşməkəşli olub. Sovetlər birliyinin süqutundan sonra respublikamız dövlət müstəqilliyini bərpa etdi, lakin bu müstəqilliyi qoruyub saxlayan, onu əbədiyyətə çevirən lider, dövlət xadimi yox idi. Ölkəyə başçılıq edən səriştəsiz rəhbərlərin fəaliyyəti nəticəsində müstəqilliyimiz məhvə doğru gedirdi. Bir tərəfdən erməni qəsbkarlarının Azərbaycan torpaqlarını işğal etmələri və bunun da nəticəsində bir milyondan artıq soydaşımızın öz ata - baba torpaqlarından didərgin düşmələri, digər tərəfdən isə respublikanın daxilində hökm sürən hərc - mərclik, özbaşınalıq, ayrı - ayrı şəxslərə xidmət edən qeyri - qanuni silahlı birləşmələr vəziyyəti daha da gərginləşdirirdi. Belə bir vəziyyətdə xalqı arxasınca apara biləcək bir liderə böyük ehtiyac yaranmışdı. Son dərəcə ağır bir vaxtda xalq ümid yeri kimi o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyən ulu öndər Heydər Əliyevə müraciət etdi. 91 nəfər ziyalının imzaladığı həmin müraciətdə deyilirdi: “Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz!”.
Ziyalılar ölkədə baş verən özbaşınalıq və hegemonluq barəsində ətraflı məlumat verir və bildirirdilər ki, vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı-yüksək ixtisaslı kadrlar tərk edir. Ulu ondərin diqqətinə çatdırılırdı ki, belə dözülməz bir şəraitdə ən ağır zərbə geniş xalq kütləsinə, aşağı təbəqəyə dəyir. Hadisələrin bu cür inkişafı göstərir ki, yaxın gələcəkdə sosial ədalətdən əsər - əlamət də qalmayacaq. Halbuki, uzun illər boyu imperiya boyunduruğu və totalitar rejim altında inləyən xalqımız bu gün demokratik qanunlara əsaslanan vətəndaş cəmiyyəti qurmaq arzusu ilə yaşayır. Ziyalılar öz müracətlərində qeyd edirdilər ki, bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə, ilk addım olaraq, bunu bir qrup ziyalı adından biz edirik. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir.
Həmişə çətin və ağır məqamlarda Vətəninə, xalqına, millətinə arxa - dayaq olan ulu öndər bu dəfə də “ömrünün qalan hissəsini xalqına bağışlamağa hazır olduğunu” bildirdi. O, ziyalıların müraciətinə dərhal cavab verdi və ölkədəki mövcud vəziyyəti təhlil etdi, çıxış yollarını da göstərdi. Ulu öndər ziyalıların müraciətinə göndərdiyi cavabda yazırdı: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir... Beləliklə, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması bütün ictimai-siyasi, sosial-iqtisadi potensialdan maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur”.
Heydər Əliyev müstəqilliyini yenicə bərpa etmiş ölkəmizi böhrandan xilas etmək üçün konkret yollar göstərmiş və belə çətin məqamda xalqla bir yerdə olmağa hazır olduğunu bildirmişdir. Xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan qüdrətli şəxsiyyət Heydər Əliyev ölkəmizi bütün bəlalardan qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasının qarşısını aldı. İkinci dəfə hakimiyyətə gəlişi ilə tez bir zamanda ölkədə sabitlik, əmin - amanlıq yaratdı, hərc-mərcliyin, anarxiya və xaosun qarşısı alındı. Müstəqilliyimizi istəməyənlər Azərbaycanı xanlıqlara, bölgələrə bölmək istəyirdilər. Azadlığımızın, müstəqilliyimizin beşiyi başında dayanan dahi siyasətçi və zəka sahibi Heydər Əliyev dəyanəti ölkəni, Vətəni, xalqı belə fəlakətlərdən qurtardı.Ulu öndər Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı.
Heydər Əliyevin bilavasitə rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Bütün varlığı ilə Vətənə və xalqa qəlbən bağlı olan müdrik şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Dünyanın nüfuzlu qurumları ilə sıx əməkdaşlıq yaratmaq üçün böyük zəmin yaradan ulu öndərin gərgin səyləri nəticəsində, ölkəmiz tədricən həmin təşkilatların layiqli üzvünə çevrildi. Azərbaycan getdikcə beynəlxalq aləmdə demokratik ölkə kimi tanındı və bugünkü sürətli və irimiqyaslı inkişafın təməli qoyuldu. Ölkəmiz məhz ulu öndərin yaratdığı fundamental təməl üzərində ucalaraq, dünyanın inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlıq etdi.
Ulu öndər xalqımızın bütün milli-mənəvi dəyərlərinə hörmətlə yanaşaraq deyirdi: “Hər xalqın öz adət-ənənəsi var, milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə və adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir”.
Heydər Əliyev dilimizi, adət-ənənələrimizi, ululardan bizə miras qalan xarakterik xüsusiyyətləri yad təsirlərdən qorudu. O, dövlət-din münasibətlərinin inkişafına uzaqgörənliklə yanaşırdı. Ulu öndərin tez-tez məscidlərə getməsi, dindarlar, din xadimləri ilə görüşməsi, dini mərasimlərdə iştirak etməsi, dini ənənələrə və abidələrə göstərdiyi hörmət nəticəsində dövlət-din münasibətləri təkmilləşmişdir. Bunun nəticəsidir ki, dinə münasibəti müstəqil müəyyənləşdirməkdə, dini etiqadda, ibadətdə bu gün ölkənin vətəndaşları qarşısında heç bir maneə yoxdur.
Bu gün Azərbaycanın bütün sahələrində böyük dövlət xadimi Heydər Əliyevin əl izləri var. Zəmanəmizin böyük azərbaycanlısı, dünya azərbaycanlılarının lideri və müasir türk dünyasının iftixarı Heydər Əliyev xalqını sevən, onunla fəxr edən görkəmli bir şəxsiyyət idi. Onun xidmətlərini tam təfərrüatı ilə sadalamaq, sözlə ifadə etmək, kağız üzərində əks etdirmək mümkün deyil. Çünki buna nə bir insan ömrü, nə vaxt, nə də insan təfəkkürü kifayət edər. Ancaq etiraf etməli bir həqiqət var, yüz illər keçsə də, ulu öndərimiz hər bir mövzunun müsbət qəhrəmanı olaraq qalacaq.
Mən əslən Qarabağdanam. Minlərlə qarabağlı kimi qaçqınlıq taleyi mənim və ailəmin də taleyinə yazılıb. O dəhşətli hadisələr, faciələr hələ də gözlərimin qarşısından çəkilmir. Əgər Heydər Əliyev olmasaydı, bir Allah bilir ki, bu xalqın, bu ölkənin başına nələr gələrdi. Mən 1990-1993-cü illəri yaxşı xatırlayıram. Müstəqillik qazanmışdıq. Ancaq bu müstəqillik tükdən asılı qalmışdı. Fərasətsiz rəhbərlər sayəsində Azərbaycan hər şeyi itirmək, parçalanmaq, məhv olmaq həddinə gəlib çatmışdı
Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqramtik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən - Heydər Əliyev siyasi məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən qiobal maliyyə və iqtisadi böhran zamanı da ən az zərər çəkən ölkə olmuşdur.
Dünyanın imkişaf etmiş dövlətləri və ən iri şirkətləri bu böhrana məruz qaldıqları halda ölkəmiz bu ağır sınaqlardan məharətlə çıxdı. Möhtərəm Prezidentimizin düzgün müəyyənləşdirdiyi iqtisadi və siyasi strategiya nəticəsində böhranlı illərdə Azərbaycan öz inkişafından qalmadı. İnsanların həyat tərzi yüksəldi, əmək haqları, pensiyalar, sosial müavinətlər artırıldı. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.
Heydər Əliyev qürur hissi ilə deyərdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam...”. Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir öndəri var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcək.
Əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq Heydər Əliyevin adı həmişə yaşayacaq. Gələcək nəsillər vətənpərvərliyi , milliliyi, azərbaycançılığı, bəşəriliyi ulu öndər Heydər Əliyevdən öyrənəcəklər. Heydər Əliyev həmişə bizimlədir. O yaşayır və yaşayacaqdır!
Havva
MƏMMƏDOVA,
tarix elmləri doktoru
Xalq qəzeti.- 2012.- 8 dekabr.- S. 3.