Heydər
Əliyevin azərbaycançılıq ideologiyası:
müasirləşmənin metafizikası, yaxud metafizikanın
müasirləşməsi
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafında, yeni tarixi şəraitə uyğun interpretasiya edilməsində - modern səviyyədə təfsirində və həmin ideologiyanın tarixdə ilk dəfə dönməz olaraq həyata keçirilməsində mənsub olduğu millətlə birlikdə apardığı mübarizə (göstərdiyi qəhrəmanlıq), ən nihilist “dostlarımızın” belə inkar edə bilməyəcəyi bir hadisədir. Heydər Əliyevin necə bir azərbaycançı olması, milli ideologiyamızın inkişafı, həyata keçirilməsi tarixindəki rolu barədə danışarkən yalnız bircə gerçəkliyi yada salmaq kifayətdir ki, o, məfkurə olaraq meydana çıxandan bəri həmişə istər ədəbi, istər siyasi romantik təsəvvürlərin tərənnüm obyekti olmaqdan o yana keçməmiş azərbaycançılıq ideallarına bir millətin müqəddəratını təyin edəcək qədər rəsmi məzmun- mündərəcə verdi.
Azərbaycan xalqı öz böyük oğullarının şəxsində belə bir cəhdi XX əsrin əvvəllərində də etmişdi, ancaq tarix müsaid deyildi. Azərbaycançılıq ideologiyasının tarixi, əslində, Azərbaycan xalqının tarixi qədər qədimdir; hər şeydən əvvəl ona görə ki, bu və ya digər xalq (etnos) özünün ümummilli məfkurəsini-həyat fəlsəfəsini bütün mövcudluğu boyu formalaşdırır. Və tarixin elə bir dövrü gəlir ki, xalqın böyük mütəfəkkirlərinin timsalında olunan idrakı uzun əsrlər ərzində təbii şəkildə formalaşmış həmin özünəməxsus (ümummilli!) məfkurəni formulə edir.
Əgər birinci minilliyin ortalarından XIX əsrin sonu, XX əsrin əvvəllərinə qədər Azərbaycan xalqının yaşadığı kifayət qədər mükəmməl inkişaf tarixi olmasaydı (və bu tarix xalqın ümummilli məfkurəsini diqtə etməsəydi!), azərbaycançılıq ideologiyasının əsaslarını nə keçən əsrin əvvəllərində formulə etmək, nə də həmin əsrin sonlarında yenidən bərpa eləmək mümkün olardı. Azərbaycan xalqının hansı məfkurəyə əsaslandığını bütün aydınlığı ilə təqdim edən ilk mənbə “Dədə Qorqud” eposudur. O epos ki, xalqımızın təşəkkül tapdığı ilk əsrlərdən meydana çıxmağa başlamış, onun gələcək tarixinin perspektivlərini müəyyənləşdirmişdir. “Dədə Qorqud”da türklər (1) İslamı qəbul edərək (2) müasir dünyanın üzvü tərkib hissəsi olan bir cəmiyyət (3) kimi hərəkət etməkdədirlər. Burada türkçülük, İslam və müasirlik emosiya- inersiyası nə qədər güclü olsa da, nə türk şovinizmi, nə İslam fundamentalizmi, nə də müasirlik kosmopolitizmi var.
Eposun min üç yüz illik yubileyini keçirən və bu genişmiqyaslı hərəkata bütün Azərbaycan ziyalılığını bir neçə il səfərbər edən Heydər Əliyev yaxşı bilirdi:
a) Azərbaycan xalqının;
b) azərbaycançılıq ideallarının;
c) və nəhayət, mənsub olduğu xalqın yüz illər boyu həsrətində olduğu bir hadisənin-azərbaycançılıq ideallarının gerçəkləşməsinin yubileyini keçirir.
Azərbaycan xalqının lideri Heydər Əliyev “Dədə Qorqud” eposunda ifadə olunmuş milli ideyaların nə qədər əsaslı, nə qədər perspektivli və nə qədər səmimi olduğunu bütün ruhu ilə duyurdu. Ancaq o, tək olmamışdı. Onun özü də müdrik sələfləri kimi tarixin dərinliklərindən gəlirdi.
XIX əsrin sonu XX əsrin əvvəllərində azərbaycançılıq ideologiyasının nəzəri əsaslarını verən böyük mütəfəkkir Əli bəy Hüseynzadə də öz formuləsində (türkçülük, islamçılıq və müasirlik) bir də ona görə haqlı sayıla bilər ki, o, “Dədə Qorqud” eposu qədər səmimi olmuşdu. “Dədə Qorqud” eposundakı azərbaycançılıq inersiya idi. Əli bəy Hüseynzadə (və onun daha çox siyasətçi olan davamçıları) bu tarixi inersiyanı ideologiyaya çevirdilər.
Bütün bunların ardınca, tamamilə təbii olaraq, nə gəlməli idi?–Azərbaycan xalqının tarixən mövcud olduğu coğrafiyanı ehtiva edən Azərbaycan dövləti uğrunda siyasi- ideoloji mübarizə!
Etiraf etmək lazımdır ki, belə bir mübarizə aparıldı, özü də kifayət qədər güclü siyasi intellekt və ehtirasla. Bunun ən böyük göstəricisi yalnız Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması olmadı, Azərbaycanın tarixi ərazisində bir neçə müstəqil dövlətin qurulmasına da cəhdlər edildi. Ancaq imperialist qüvvələrin təzyiqi ilə qərarlaşan beynəlxalq “harmoniya” Azərbaycan xalqının tarixi ideallarının (və milli ideologiyasının) həyata keçməsinə nəinki mane oldu, keçən əsrin 20-ci, 30-cu illərindən başlayaraq hətta bu idealların (və milli ideologiyanın) üzərinə dağıdıcı hücumlar başladı.
Azərbaycan xalqı öz milli müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəsini genişləndirməyə başladığı XIX əsrin sonu, XX əsrin əvvəllərinə çox acınacaqlı bir tale ilə gəlib çıxmışdı - Qafqaz, Şimali İran və Şərqi Anadolunun əhalisinin əksəriyyətini təşkil edən Azərbaycan türkləri xaricdən və “daxildən” o qədər müxtəlif təzyiqlərə məruz qalırdılar ki, millətin siyasi təmərküzləşmə imkanı, demək olar ki, yox idi. Ona görə də xalqın tarixini (və ideallarını) dərk etmiş ziyalılar bir tərəfdən nə qədər xoşbəxt idilərsə, o biri tərəfdən ondan da artıq bədbəxt idilər. Azərbaycanın müstəqilliyinin ideoloqlarından olan türkçü gənc Cəfər Cabbarlı tədricən Azərbaycan sovet ədəbiyyatının banilərindən birinə çevrildi, Azərbaycan Demokratik Cümhuriyyətinin himninin musiqisini yazmış Üzeyir Hacıbəyli Azərbaycan SSR-in himninə də musiqi yazmalı oldu.
Azərbaycan tarixinin dərinliklərindən gələn Səməd Vurğun özünün komsomol mənşəyi ilə fəxr eləməyə məcbur idi. Azərbaycançılığın birinci tərkib hissəsi olan türkçülük 30-cu illərin ortalarından etibarən qadağan olundu. Və qadağaların miqyası o həddə çatdı ki, Azərbaycan xalqının birbaşa genotipinə - tarixi mənşəyinə müdaxilə edildi; israrla “sübuta” çalışdılar ki, Azərbaycan xalqı türk yox, İran mənşəlidir, sadəcə olaraq, orta əsrlərdə Azərbaycana gələn köçəri türklərin dilini qəbul etmişdir. Qəribəsi də o idi ki, böyük bir xalqın etnik tarixinin saxtalaşdırılması prosesi həm sovet, həm də İran Azərbaycanında eyni forma, məzmun və üsullarla aparılırdı. Xalqı öz etnik- mədəni kökündən (və tarixi mühitindən) məhrum etmək, milli yaddaşın daşıyıcılarını (böyük ziyalıları) məhv eləməklə imperialist rejimlər bütöv bir etnosdan idarə edilməsi asan olan kütlələr formalaşdırmağa qədər gedirdilər.
Bir dövrdə ki, xalqın tarixi taleyindən bəhs edən, onun ictimai- bədii təfəkkürünün yaratdığı ən böyük əsər - “Dədə Qorqud” eposu rəsmən qadağan olunur, deməli, həmin xalqın mənəviyyatına hər cür təcavüz üçün imkan verilir.
Azərbaycançılığın ikinci tərkib hissəsi olan İslam dininə münasibət bundan da acınacaqlı idi. Sovetlər hər bir xalqın mühüm mənəvi göstəricilərindən biri olan dini hakimiyyətə gəldikləri ilk günlərdən qadağan elədilər.
Müasirlik (beynəlmiləlçilik) məsələsinə gəldikdə isə burada da böyük siyasi- ideoloji məhdudiyyət qoyuldu. Və beləliklə, keçən əsrin 20-ci, 30-cu illərindən başlayaraq, Azərbaycan xalqının həyatını idarə edən ideologiyalar onun milli tarixi ideallarına qarşı yönəldiyindən tamamilə antimilli (və antibəşəri!) xarakter daşıyırdı. Xalqın gələcəyi üçün təhlükəli olan bu şəraitdən xilas olmaq üçün cəhdlər edildimi? Əlbəttə, nə qədər böyük məhrumiyyətlərlə üzləşsə də, Azərbaycan xalqı öz milli mənliyini heç zaman unutmamış, ən çətin şəraitlərdə belə gələcəyə yönəlik ideallarının bulanmasına imkan verməmişdir. İctimai- siyasi (ideoloji!) özünütəsdiq uğrunda mübarizənin hüdudlandığı, yaxud qadağan olunduğu dövrlərdə xalq özünün varlığını dili, ədəbiyyatı və incəsənəti ilə təsdiq etməyə çalışmış, milli ideologiyanın əsaslarını həmişə sağlam saxlamışdır.
Təsadüfi deyildi ki, Azərbaycan sovet poeziyasının lideri Səməd Vurğunun “Azərbaycan” şeiri müstəqillik illərində ümummilli liderin dilindən məhz müstəqilliyimizin himni kimi səslənirdi.
Mənsub olduğu xalqın tarixini və milli tarixi ideallarını dərindən bilməklə yanaşı, uzun müddət sovet təhlükəsizlik orqanlarında xidmət etdiyindən, onun hansı məhrumiyyəitlərə məruz qaldığı barədə geniş təsəvvürə malik olan və ən əsası, həmin məhrumiyyətlərdən çıxmağın yollarını axtarıb tapmağa qadir siyasi mütəfəkkir kimi Heydər Əliyevin milli lider mövqeyinə yüksəlməsi ilə azərbaycançılıq ideologiyasının tarixində yeni dövr başlandı.
O zamana qədər
azərbaycançılıq milli ideal (və ideologiya) olaraq:
a) ilk orta əsrlərdən XIX əsrin
sonlarına;
b) XIX əsrin
sonlarından XX əsrin sonlarına qədər iki dövrdən
keçmiş, millətin liderini formalaşdıracaq mənəvi- ideoloji qüvvəyə
çevrilmişdi.
Azərbaycançılıq-Heydər
Əliyevin genişmiqyaslı fəaliyyətinin, sadəcə,
tərkib hissələrindən biri deyil, həmin fəaliyyətin
(əslində, mübarizənin!) əsası, başqa
sözlə,
mahiyyətidir. Və bu həm sovet
dövründə, həm də müstəqillik illərində
belə olmuşdur.
Sovet
dövründə milli idealların həyata keçirilməsi
üçün olduqca məhdud şəraitində Azərbaycan
rəhbəri respublikanın iqtisadi- təsərrüfat həyatının
canlandırılması, elmin, təhsilin inkişafı, ana
dilinin, ədəbiyyatın, incəsənətin mövqeyinin
yüksəldilməsi, - milli hərbi kadrların
yetişdirilməsi, Azərbaycanın beynəlxalq miqyasda
tanıdılması və s. kimi əhəmiyyətli tədbirlər
görmüşdür. Və böyük mütəfəkkir bütün
bunları elə etmişdir ki, görülən tədbirlər
sovet rejiminin əks reaksiyası, dağıdıcı
müqaviməti ilə qarşılaşmasın. Azərbaycanın yeni rəhbəri yaxşı
bilirdi ki, onun ürəyində millət sevgisi olan yaxın sələfləri
çox zaman məhz siyasi- ideoloji manevr imkanlarının
olmaması ucbatından həm özlərini, həm də
xalqı problemlər qarşısında qoymuşlar.
Bütün ideologiyalar kimi azərbaycançılığın
da heç zaman dəyişməyən metafizikası
vardır. Bununla belə o da inkişaf edən, müasirləşən,
dövrün müxtəlif miqyaslı konyuktur təzyiqləri
ilə hesablaşan bir ideologiyadır. Azərbaycan
xalqının ümummilli lideri öz tarixi fəaliyyətində
azərbaycançılıq ideologiyasının dəyişməyən
metafizikasından çıxış etməklə,
ona əsaslanmaqla yanaşı,
həyata keçirilmə iyerarxiyasına, metodlarına
da xüsusi önəm vermişdir.
Bütün
bunları nəzərə alaraq deyə bilərik ki, Heydər
Əliyev XX əsrin sonu XXI əsrin əvvəllərində:
1) azərbaycançılıq
ideologiyasının öz təbii gücündə təzahürü
üçün mədəni- mənəvi, ictimai- siyasi və
ideoloji mühit yaratdı;
2) milli (ümummilli) lider olaraq həmin
ideologiyanın nəzəri- metodoloji baxımdan inkişafına, zənginləşməsinə
əhəmiyyətli töhfələr verdi;
3) azərbaycançılığı müstəqil
Azərbaycan dövlətinin
ideologiyasına çevirdi.
Beləliklə,
yüz illər boyu mənəvi-mədəni (etnoqrafik), on illər
boyu siyasi
mübarizə həyatı yaşamış bir ideologiya qalib
gələrək öz tarixinin yeni epoxasına daxil oldu.
Ümummilli liderin bir tarixi xidməti həmin missiyanı
reallaşdırmaq idisə, ikinci missiyası da azərbaycançılıq
ideologiyası qarşısında yeni perspektivlər, üfüqlər
açması oldu.
Bu gün
Azərbaycan
xalqı məhz Heydər Əliyevin ardıcıl
mübarizəsi ilə formulə edilən, elmi- nəzəri
və praktik baxımdan komplektləşdirilən mükəmməl
bir ideologiyaya malikdir. Azərbaycançılıq öz
metafizik gücünü bütünlüklə qoruyub
saxlamaqla yanaşı, inkişaf edib müasirləşir:
1. Azərbaycan Respublikası Azərbaycan xalqının əsrlər
boyu daşıdığı mənəvi, siyasi- ideoloji
ideallarının məhsuludur. Azərbaycan Respublikası ərazisində
yaşayan digər
xalqlarla birgə azərbaycanlılar öz müstəqil
dövlətlərinin təəssübkeşi olaraq siyasi
müqəddəratlarını təmin etmişlər. Həm
öz tarixi vətənlərində yaşayan, həm də
dünyanın müxtəlif yerlərinə səpələnmiş
azərbaycanlılar Azərbaycan Respublikasını özlərinin
ata yurdu saymalı, məskun olduqları dövlətin qayda-
qanunlarına riayət etməklə yanaşı, öz milli
kimliklərini unutmamalı, mənsub olduqları xalqın
tarixi idealları uğrunda mübarizə aparmaqdan çəkinməməlidirlər.
2. Azərbaycan
xalqı türk xalqlarından biridir, Türk
dünyasının üzvü tərkib hissəsidir. Bununla belə, Azərbaycan
xalqının tarixən müəyyənləşmiş özünəməxsusluqları
vardır ki, həmin özünəməxsusluqlar heç bir
halda türklüyü istisna etmir, əksinə, zənginləşdirir.
Müasir
türk xalqlarının və dövlətlərinin
inteqrasiyası onların kökcə birliyindən və orta əsrlərdən
etibarən meydana çıxmış, sabitləşmiş
özünəməxsusluqlara qarşılıqlı hörmətdən
keçir.
3.
Türk xalqlarının əksəriyyəti kimi azərbaycanlılar da
İslam dinini qəbul etmiş, müsəlman
dünyasının tərkibinə daxil olmuşlar. Azərbaycan xalqı öz dini-mənəvi dəyərlərilə
fəxr etməklə bərabər dünyanın
bütün humanist dini dəyərlərinə hörmətlə
yanaşır.
4.Azərbaycan xalqı bütün tarixi boyu müasir dünya mədəniyyətinə,
modern texnologiyalara, beynəlmiləl
münasibətlərə maraq göstərmişdir,
özünü dünyadan heç zaman təcrid etməmişdir.
Bu gün də biz öz
uğurlarımızı və problemlərimizi, bir qayda
olaraq, dünya miqyasında dəyərləndiririk. Azərbaycanın
son illər xüsusilə iqtisadi sahədə qazandığı tarixi nailiyyətlər beynəlxalq səviyyədə
etiraf olunur.
Heydər Əliyevdən sonra azərbaycançılıq
ideologiyasının onun adı ilə bağlı
dövrü davam edir. Azərbaycan Prezidenti, Azərbaycan xalqının yeni lideri İlham Əliyev azərbaycançılıq
metafizikasının inkişafı üçün
üç məqama, fikrimizcə, daha çox önəm
verməkdədir:
1. Azərbaycanı
iqtisadi, ictimai və mədəni inkişafına görə
dünyanın nüfuzlu ölkələri səviyyəsinə
qaldırmaqla Azərbaycan insanına zaman- zaman təlqin
edilmiş ikinci, üçüncü dərəcəlilik
kompleksini aradan
qaldırmaq.
2. Vətənpərvərlik hisslərini gücləndirməklə xalqın tarixi ideallarının tam miyqasda həyata keçirilməsi üçün mənəvi potensiya hazırlamaq.
3. Azərbaycançılığı müdafiə olunan hadisədən hücum edən hadisəyə çevirmək.
Biz hər əsrdə, hər onillikdə bir ideologiyanı mənimsəyən xalqlardan deyilik, ona görə də hər onilliyin, hər əsrin konyukturunu qəbul edib milli ideologiyamızın metafizikasından imtina etməmişik. Bizim türkçülüyümüz türklüyümüzdən, müsəlmançılığımız islamlığımızdan, müasirliyimiz (beynəlmiləlçiliyimiz) isə modernliyimizdən və humanizmimizdən irəli gəlir. Əsas üstünlüyümüz isə ondadır ki, biz bu üç tarixi əlamətimizi bir milli xarakterə çevirə, xalqımızın bütöv bir həyat idealı olaraq dərk edə və “bizim siyasətimiz bizim işimizdir” (İlham Əliyev) deyə bilmişik.
Azərbaycançılıq heç bir xalqın ideallarına qarşı çıxmamışdır, bu gün də çıxmır, gələcəkdə də çıxmayacaqdır. Ancaq tarix Azərbaycan xalqına edilmiş çoxsaylı təcavüzlərin şahididir. Bircə faktı xatırlatmaq kifayətdir ki, Azərbaycan xalqı öz müstəqil dövlətini tarixi ərazisinin hələlik yalnız beşdə birində qurmağa nail olmuşdur. Ona görə də azərbaycançılıq ideologiyası mənsub olduğu millətin təbii hüquqları uğrunda hələ çox döyüşməli, tarixin səhvlərini düzəltməli olacaqdır.
Nizami
CƏFƏROV,
Azərbaycanda
Atatürk Mərkəzinin rəhbəri,
AMEA-nın müxbir üzvü, Milli
Məclisin komitə sədri, professor
Xalq qəzeti.-
2012.- 7 dekabr.- S. 3.