Azərbaycanın
xarici siyasətinin prioritetləri
Bu gün dünyada
gedən siyasi proseslər bir
daha onu sübut edir ki, söz sahibi olmaq üçün
çətin situasiyalarda iradə nümayiş etdirmək və irəli
sürülən hər hansı bir
haqlı iddianı qəbul
etdirmək dövlətin nüfuzunun səviyyəsindən
asılıdır. Son iyirmi ildə ölkəmizdə gedən daxili və xarici proseslər,
aparılan islahatlar, iri
neft-qaz layihələri, güclü
milli ordu quruculuğu və s. uğurlar onu göstərdi
ki, inkişaf müddətin
azlığına dəlalət edə bilməz. İnkişafda sıçrayış qeyri-mümkün bir hadisə
deyil. Bu gün Azərbaycan, həqiqətən də,
əksər parametrlərinə görə qeyri-mümkün
hesab edilən prosesi
reallığa çevirə bilmişdir.
Bunu ölkəmizə gələn əcnəbi
qonaqlar da təsdiqləyirlər.
Bu gün Azərbaycan olduqca çevik xarici siyasət yürüdür. Xarici siyasət dedikdə, ilk növbədə bir dövlətin və hökumətin özünü bütün sahələrdə beynəlxalq aləmdə qəbul etdirmək cəhdi başa düşülür. Xarici siyasətin qurulma mexanizmi və onun strateji hədəfləri çətin və eyni zamanda çoxşaxəli olsa da bütün istiqamətlər bir nöqtədə birləşir: bu da həmin ölkənin inkişafına hesablanır. Doğrudur, bu gün Ermənistan hakimiyyəti də özünün xarici siyasətini qurmuş və rəsmi Yerevan bu istiqamətin onların milli mənafelərinin təmin olunması üçün nəzərdə tutulduğunu öz xalqına inandırmağa çalışır. Lakin regionda baş verən hadisələrə, gedən proseslərə baxdıqda aydın görünür ki, hansısa nailiyyətə ümid bağlamaq Ermənistan üçün illuziyadan başqa bir şey deyil. Çünki bir dövlət olaraq qonşularına qarşı aqressiv siyasət yürüdən, öz xülyalarını diktə etdirməyə çalışan, terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistanın regiondakı siyasi çəkisi sıfıra bərabərdir. Üstəlik də iqtisadi resurslar baxımından yoxsul ölkə olan Ermənistanın belə iddialarla çıxış etməsi, öz çirkin, heç bir tarixi əsası olmayan planlarını həyata keçirmək istəyi onu bütün regional layihələrdən təcrid etmişdir. Nəticə olaraq, Ermənistanın xarici siyasətinin necə yanlış əsaslara söykəndiyi və xalqının inkişafına deyil, özünün işğalçı maraqlarına hesablandığı açıq-aşkar görünür. Çünki bu vəziyyətdə ermənilərin həyat şəraitinin aşağı səviyyədə olması, ölkəni tərk etmə halları özünün ən yüksək nöqtəsinə çatmışdır.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş mərasimdəki nitqində demişdir: “Bu gün Ermənistan ilə Azərbaycan arasında yaranmış uçurum artıq çox böyükdür, gündən-günə genişlənir. Azərbaycan ildən-ilə güclənir. Ermənistan isə ildən-ilə zəifləyir və tənəzzülə uğrayır. Ermənistandan başqa ölkələrə müşahidə olunan kütləvi köç, insanların köçməsi buna əyani sübutdur”.
Onu qeyd etmək lazımdır ki, Azərbaycanın yerləşdiyi region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas götürülür. Xarici dövlətlərlə münasibətlərdə balanslaşdırma siyasətinin əsas olaraq götürülməsi Azərbaycanın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəir. Lakin hər hansı həssas şəraitdən asılı olmayaraq, Azərbaycan dövləti özünün müstəqil xarici siyasətini həyata keçirmək üçün gərəkli olan prinsipləri müəyyənləşdirmişdir. Bunlar aşağıdakılardır:
*Bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokratiyanın inkişaf etdirilməsi;
*Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa edilməsi məqsədi ilə müstəqil xarici siyasət yeridilməsi;
*Azərbaycanın təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması;
*ATƏT-in Lissabon sammiti prinsipləri əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi;
*Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması;
*qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi;
*regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi;
*Regionda qanunsuz silah və digər daşımaların qarşısının alınması;
*nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud olan qlobal rejimlərə sadiqlik və Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması;
*Xəzər dənizi hövzəsinin demilitarizasiyası (hərbsizləşdirilməsi);
*NATO, Avropa Birliyi, Qərbi Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla, Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya;
*Azərbaycanın Qərblə Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək;
*Azərbaycanın iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək.
Bu gün ölkəmizin dünya miqyasında yüksək hörmətə layiq görülməsi bu prinsiplərin uğurla həyata keçirilməsindən xəbər verir. Bunun əyani sübutu olaraq keçən il BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizi göstərmək olar. Böyük rəqabət şəraitində, eyni zamanda, süni manelərə baxmayaraq Azərbaycan bu yerə layiq olduğunu göstərdi və bu siyasi uğura imza atdı. Bu, Azərbaycan üçün böyük siyasi hadisə idi ki, biz bunun öhdəsindən gələ bildik. Bu bir il ərzində Azərbaycan dünyada baş verən siyasi hadisələrin nizamlanmasında, qlobal proseslərin həllində fəal rol oynamışdır. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması üçün 155 dövlət Azərbaycanı dəstəkləmişdir. Bundan əlavə, Qoşulmama Hərəkatına üzv olarkən ölkəmiz dünya birliyinin mütləq əksəriyyətinin dəstəyini qazanmışdır. Bu dəstək dərhal Qoşulmama Hərəkatının zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətləri ilə bağlı reallığı, beynəlxalq hüququ, Azərbaycanın mövqeyini əks etdirən qətnamədə də öz əksini tapmışdır. Dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən ən əsası, şübhəsiz ki, Azərbaycanın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfindən həyata keçirilən separatizm və işğalçılıq siyasətinin qarşısının alınması və bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılmasıdır. Bu mənada BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunmağımızın müstəsna əhəmiyyəti vardır.
Bundan əlavə, xarici siyasətimizin digər istiqamətləri də bu gün uğurla yürüdülməkdədir. Bakıda mütəmadi keçirilən beynəlxalq konfranslar, simpoziumlar, qlobal məsələlərin müzakirəsi ilə bağlı mötəbər siyasətçilərin və alimlərin iştirak etdiyi toplantılar və s. dünya səviyyəli mədəni tədbirlər ölkəmizin uğurlu xarici siyasətinin mövcudluğunu nümayiş etdirir. Təkcə Beynəlxalq Humanitar və İnternet İdarəçilik forumlarını qeyd etmək kifayətdir ki, ölkəmizin imici barədə tutarlı təsəvvür yarada bilək. Üstəlik də gələcəklə bağlı dövlətimizin planları konkret olaraq “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsi və mərhələli şəkildə tətbiqinə artıq başlanılması ölkənin 8 ildən sonrakı vəziyyətinin hansı səviyyədə olacağı barədə müsbət fikir bildirməyə əsas verir. Bildiyimiz kimi, Ermənistan dövlətinin böyük iddialar xülyasına düşməsi və münaqişənin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirməsinin əsas səbəbkarı erməni lobbisidir. Bu baxımdan milli məsələlər – xüsusilə Qarabağ probleminin həlli ilə bağlı prinsipial mövqedən çəkinməmək dövlətimizin bugünkü əsas vəzifəsi hesab olunur. Milli məsələlər dedikdə, ilk növbədə erməni lobbisinin antiazərbaycan təbliğatının qarşısını almaq, böyük dövlətlərin siyasətçilərinin erməni yalanlarına inanmaması, lobbinin maliyyə təsiri altına düşən dünya dövlətləri parlamentarilərinin ifşa edilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması dövlətin xarici siyasət prioritetlərindən ən başlıcası hesab olunur. Bu barədə YAP-ın yubiley mərasimində Prezident İlham Əliyev dedi: “Birinci, erməni lobbisi bizim əsas düşmənimizdir. Mən bunu bir neçə dəfə demişəm, bir daha da demək istəyirəm, heç kimdən çəkinmədən, bizim düşmənimiz erməni lobbisidir. Çünki Ermənistan bir ölkə kimi heç bir əhəmiyyət daşımır. O, faktiki olaraq müstəmləkədir, forpostdur, xaricdən idarə olunan, qədim Azərbaycan torpağında süni şəkildə yaradılmış bir ərazidir. Erməni lobbisi isə bizim əsas düşmənimizdir və biz də onlar üçün düşmənik. Əslində, bizim onlarla düşmənçiliyimiz onların bizə qarşı olan düşmənçiliyindən qaynaqlanır”.
Prezidentin çıxışından da göründüyü kimi, erməni lobbisinin fəaliyyətini iflic etmək xarici siyasətimizin ana xəttidir.
Eyni zamanda, reallıq onu göstərir ki, Azərbaycanın Avropa Birliyi sisteminə siyasi, iqtisadi, mədəni sahələrdə inteqrasiyası xalqın rifahının təhlükəsizliyini, xarici kapital və investisiyaların, həmçinin yeni texnologiyaların ölkə iqtisadiyyatına daxil olmasını xeyli artırmışdır. Azərbaycanın xarici siyasət prioritetləri sırasında həmçinin sivil birgə yaşayış normalarının bərqərar olması, eyni zamanda regionda və dünyada sülhü və təhlükəsizliyi təmin edən BMT, NATO, ATƏT, kimi beynəlxalq qurumların fəaliyyətinin artırılmasında yaxından iştirak etmək durur. Ayrı-ayrı regionlarda yaşayan azərbaycanlıların hüquqlarının qorunması və bunun beynəlxalq hüquq normaları ilə təmin olunmasını fəaliyyət istiqamətinin əsas müddəalarından biridir.
Bütün bunlar bizim güclü dövlətə sahib olduğumuzu bir daha sübut edir. Dəqiq konsepsiyamızın, inkişaf proqramımızın olması bunu bir daha məqsədyönlü formaya çevirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Bizim artıq güclü dövlətimiz vardır-müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız vardır. Bu poqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik!”
Anar TURAN,
Xalq qəzeti.- 2012.- 7 dekabr.- S. 1.