Geoloji təbiət abidələri haqqında yeni kitab

 

 

Respublikamızın  ərazisi geoloji təbiət abidələri ilə zəngin olsa da, onlar  kifayət qədər öyrənilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti bu boşluğu nəzərə alaraq “Azərbaycanın Qərbi-Xəzəryanı hissəsinin geoloji təbiət abidələri və onların turizm potensialı” adlı yeni  kitabı (müəlliflər Qazı  Hacıkərimov  və Fəxrəddin  Abdullayev) çapdan buraxmışdır.

 

Kitaba daxil edilən tədqiqat işlərinin nəticələri geniş oxucu kütləsinin bu sahədə maarifləndirilməsində öz müsbət təsirini göstərəcək, eyni zamanda, gələcək nəsillərin geoloji təbiət abidələrinin daha mükəmməl öyrənilməsinə xidmət etməklə yanaşı, onlar üçün dəyərli  informasiya mənbəyi ola biləcək. Məhz bu nöqteyi-nəzərdən yazılmış əsər öz aktuallığı ilə seçilir.

 

Kitabda diqqət çəkən məqamlar geoloji təbiət abidələrinin regionlar üzrə sistemləşdirilməsi və hər bir abidə barədə müfəssəl məlumatların verilməsidir. Geoloji təbiət abidələrinin sistemləşdirilmiş halda verilməsi kitabın daha maraqlı və oxunaqlı olmasına zəmin yaradır.

 

Yeni nəşrdə respublikamızın dörd iqtisadi-coğrafi bölgəsində 48 geoloji təbiət abidəsinin müayinəsi, geoloji baxımdan və struktur cəhətdən mövqeyi, maddi tərkibi, yerləşdiyi məkan, istirahət və müalicə obyektləri, qədim tarixə malik mağaralars. öz əksini tapmışdır. Qeyd edilənlər yüksək məsuliyyət, diqqət və gərgin rejimi tələb etsə də, müəlliflər bu işin öhdəsindən  bacarıqla gəlib, sanballı, olduqca maraqlı bir əsər ərsəyə gətiriblər.

 

Burada müalicə əhəmiyyətli  İsti sulara, xüsusən də cənub bölgəsində (Lənkəran, Yardımlı, Astara, Lerikdə) olanİsti sulara xüsusi diqqətlə yanaşılmış, onların yerləşdiyi məkan, geoloji, morfoloji quruluşları haqda qısa və məzmunlu şəkildə informasiyalar verilmişdir. Eyni zamanda, kitabda yaxın gələcəkdə bu istirahət və müalicə obyektlərinin bərpası və istifadəyə verilməsi tövsiyə edilmişdir. Bundan əlavə qeyd edilən regiondaYanar dağ” (Masallı), “Yanar bulaq” (Astara) kimi geoloji təbiət möcüzələrinə də toxunulmuşdur.

 

Kitabda maraq doğuran digər geoloji təbiət abidələrinə də geniş yer verilmişdir. Cənub regionunda “Qız qalası” “Allar mağarası” “Dəvə karvanı” (Yardımlı), “Nisli” mağarası (Lerik), şimal bölgəsində isə “Təngialtı keçidi”, “Qayalıqda Pəncərə”, (Quba), “Beşbarmaq” (Siyəzən), Umbakı muldasında  kəsik konusvariEol şahidləri” və s. bu  tip abidələrdəndir.

 

Qeyd edilən bütün geoloji abidələrin fotoşəkillərinin verilməsi olduqca önəmli və diqqətəlayiqdir. Kitabda ayrı-ayrılıqda hər bir abidə haqqında məlumatla yanaşı, onların fotoşəkillərinin verilməsi kitabın ümumi məzmununa və onun daha oxunaqlı olmasına öz müsbət təsirini göstərir.

 

Son vaxtlar respublikamızda   turizmin inkişafı ilə əlaqədar çoxsaylı tədbirlər həyata keçirilir. Gələcəkdə də bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulub. Kitabda turizm üçün mənzərəli estetik gözəlliyə malik məkanların araşdırılması, sistemləşdirilməsi istiqamətində aparılan işlərin nəticələri də verilmişdir. Kitabdan göründüyü kimi mənzərəli (meşəli, çəmənli) estetik gözəlliyə malik məkanlarımız turizm  bazaları təşkil etmək üçün çox önəmlidir. Belə məkanlar respublikanın şimal, cənub və qərb bölgələrində kifayət qədər olsa da, bu gün onlar yetərincə istifadə  edilmir.

 

Kitabda toxunulan bu sahə günümüzün aktual məsələlərindən hesab edildiyindən müəlliflərin  bu istiqamətdə araşdırmalarını qənaətbəxş hesab etmək olar.

 

Göründüyü kimi, turizm məqsədilə qeyd edilən bu məkanlara cənub bölgəsində “Mişarçay” (Masallı), kaskadvari “Zeynənəzir” (Yardımlı), “Çayrud” (Lerik), şimal bölgəsində isə “Afurca”, “Künxirt” (Quba) və “Laza qrupu” (Qusar) şəlalələri turizm üçün mühüm əhəmiyyət kəsb edir və respublikada turizmin inkişafına təkan verəcək obyektlər kimi qiymətləndirilir.

 

Kitabda nadir geoloji obyektlərin tektoniki, petroqrafik, mineraloji, paleontoloji, kosmoloji, təbii geoloji açılışlar, tarixi-bədii-təbiət qoruqları və vulkanik növləri barədə araşdırmalar aparılmış və ümumi məlumatlar verilmişdir.

 

Təqdim edilən kitab geoloji təbii abidələrimizin rekreasiyası, turizm potensialı barədə yazılan ilk sanballı, olduqca dəyərli və günün tələblərinə tam cavab verən bir kitabdır. Kitab turistlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.- 2012.- 9 dekabr.- S. 7.