“Şah və Sultan” romanı və
yaxud təhrif olunmuş tarix
Bir müddət bundan əvvəl
çağdaş Türkiyə ədəbiyyatının
tanınmış nümayəndələrindən biri
İskəndər Palanın “Şah və Sultan” əsəri
ilə tanış oldum. İki qüdrətli
türk hökmdarı - Şah İsmayıl və Sultan Səlim
haqqında yazılan bu əsərlə tanışlıqdan
sonra, bir oxucu kimi, şəxsən məni qane etməyən,
qaranlıq qalan bəzi şübhəli məqamlara
aydınlıq gətirmək üçün çox
arzulayırdım ki, müəlliflə
görüşüb, ona suallarımı verim, fikrimi
çatdırım.
Bu yaxınlarda İ. Pala Bakıya gəldi. Sevindim ki,
görüşüb fikirlərimi ona çatdıra biləcəm.
Lakin bu, mümkün olmadı. Çünki oxucuların onunla
görüşündə yazıçıya sual vermək
mümkün olmadı. Pala üçün düzənlənən tədbirə
gəlincə isə nə qədər yaxşı təşkil
olunsa da, onun çıxışı nə qədər bəlağətli
olsa da, istədiyimiz cavabları eşitmədik. Düşündüm ki, bəlkə
yazıçı media nümayəndələri
üçün yəqin bir brifinq də keçirəcək.
Bu da baş tutmadı. Sanki Pala hiss
etmişdi ki, salonda əyləşənlər arasında
onunla razılaşmayanlar var və açıq ittihamlarla dolu
suallar eşidəcək.
Mən istədiyimiz cavabları eşitmək deyəndə,
bu, Palanın öz yazdıqlarını inkar etməsi
anlamına gəlməməlidir. Əsər artıq yazılıb və
müəllifi tənqid də ediblər, tərif də. Bu yazıçının
dünyagörüşünü, aldığı təhsili,
hadisələrə münasibətini,
araşdırmaçılıq hüdudlarını bəlli
edən bir romandır. Əsərə mənfi
münasibət bəsləyənlərin öz məntiqi var,
müsbət deyənlərin də öz məntiqi. Lakin əsl həqiqət deyilən bir məfhum da
var ki, müəllifdən də, əsərdən də, onu
tərifləyən və ya tənqid edənlərdən də
daha yüksəkdə qərar tutur.
Bu günlərdə Prezident
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin
“Şah İsmayıl Səfəvi ali məramlı tarixi
şəxsiyyət kimi” sərlövhəli
elmi məqaləsi rəsmi mətbuatda dərc olundu. Bu
araşdırma son zamanlar cəmiyyətimizdə Şah
İsmayıla qarşı aparılan bəzi əsassız hücumlara
qarşı tutarlı cavab oldu. Dövlətin
yüksək ranqlı rəsmi nümayəndəsinin milli
dövlətçilik ənənəmizə uyğun gəlməyən
belə böhtanlara qarşı elmi sübutlara əsaslanan məqaləsini
Şah İsmayıl Səfəviyə qarşı
açılan “savaşa” ən
böyük “sillə” hesab etmək olar. Bəzən
özünü tədqiqatçı hesab edən elələri
Şah İsmayıl barədə fikir bildirir və ya “ əsər”lər yazırlar ki, onların Azərbaycanın
milli düşüncə tərzi ilə heç bir
bağlılığı yoxdur. Hətta, belələrinin
arasında açıq-aşkar Şah İsmayılı
gözdən salmağa çalışan, ona qarşı təhqiramiz
ifadələr işlətməkdən çəkinməyən,
əllərində söz yığınından başqa
heç nəyə bənzəməyən yazıları ilə
ictimai fikri çaşdırmağa çalışanlar da
mövcuddur. Təəsüflər olsun
ki, bu cür insanlar tarixi bilməyərək və onu düzgün
təhlil etməyərək fikir yürüdür, həqiqətə
zidd ideyalarını cəmiyyətə “sırımağa”
can atırlar.
Şübhəsiz, bu əsərə ədəbiyyatçı
bir cür qiymət verəcək, tarixçi başqa cür,
siyasətçi isə tamam özgə mövqedən
yanaşacaq.
Hərəsinin öz baxış bucağı var. Ədəbiyyatçılar
əsərə
yüksək qiymət verirlər.Oxunaqlı
üslub, güclü bədii təfəkkür, hadisələri
mübaliğəylə təqdimetmə bacarığı, nəfis
tərtibat ədəbiyyatşünasın nəzərindən yayınmır
və romanı oxuyarkən öz irad tutma ənənəsini
pozmalı olur.
Amma
tarixçilərin bir çoxunun romanın müzakirəsində
Palayla mövqeyinin uyğunlaşmayacağı
aydındır. Çünki gözəl qələmə
sahib olmaq hələ, tarixi həqiqətləri düzgün
təsvir etmək üçün yetərli deyil. Etiraf edim ki, əsəri mütaliə edərkən
məlum oldu ki, məhz tarixi baxımdan ədalət tərəzisi
pozulmuşdur.
Təbii
ki, romana siyasi, dini-ideoloji tərəfdən yanaşanlar da
var.Onların bir çoxu yazıçının dini təəssübkeşlik
və psevdopatriotluq hisslərini hər şeydən
üstün tutduğunu iddia edir. Bunun əksini
irəli sürənlər də mövcuddur. Bir sözlə,
mübahisə..,mübahisə..,mübahisə.
Pala bu əsərdə iki məşhur dünya sərkərdəsinə
fərqli baxışdan mövqe ortaya qoyduğunu, iddia etsə
də, ikisinə də qəhrəman gözüylə
baxdığını iddia etsə də, əsəri oxuyan hər
kəs bunun belə olmadığını
açıq-aşkar görə bilər. Romanda əsasən, şah
şeytan, sultan isə mələk qismində təqdim
olunmuş və açıq-aşkar tərəfkeşlik
göstərilmişdir.
Əsərdə verilən dəhşətli faktlardan
biri Şah İsmayılın öz anası Aləmşahbəyimin
qatili olmasıdır. Müəllif hadisəni belə təsvir edir: bir
şair şaha yazdığı mədhiyyədə onun həm
də Ağqoyunlu Uzun Həsən soyundan olduğunu qeyd edir. Bildiyimiz kimi, şahın anası həqiqətən
də Uzun Həsənin yunan əsilli xanımından olan
qızı idi. Şairin bu tərifindən
şah hiddətlənir. O, şiəlik təriqətini
əsas ideologiyaya çevirmişdi. Ata tərəfdən
soyunun İmam Əliyə (ə.) çatdığı
iddiasını hamı bilirdi. Uzun Həsən
isə sünni təriqətindən idi. Şah
şairin boynunu vurdurur. Elə o ərəfələrdə
Təbriz sünnilərinin evləri qızılbaş
qoşunları tərəfindən yağmalanır, güya
şah buna göz yumurmuş. Bu talanın
qarşısının alınması ilə bağlı
orduya göstəriş verməsini xahiş edən anasına
şah sərt cavab qaytarır. Bunun əvəzində,
guya, anası şahın üzünə tüpürür.
Buna dözə bilməyən Şah İsmayıl
anasının edam hökmünü verir.
Onu da qeyd
edək ki, bu hadisə İskəndər Paladan əvvəl
“İsmail” adlı romanıyla “məşhurlaşmış”
Reha Çamuroğlunun (soyadından hər şey məlumdur-A.T.)
da əsərində öz əksini tapmışdır. Nə qədər dəhşətli olsa da İskəndər
Pala da əsərində bu haqsızlığa, mənbəsi
məlum olmayan uydurma hadisəyə yer
ayırmışdır. Əvəzində Sultan Səlimin
hakimiyyətə gəlmək üçün öz
qardaşları Qorqud və Əhmədi öldürtməsini,atasını taxtdan salmasının
üstündən, nədənsə, ötəri keçir.
Yazıçının əsərində tarixə məsuliyətsiz
baxışı bununla bitmir. Güya, Bağdadı
və Şərqi Anadolu torpaqlarını tutan Şah
İsmailin əmri ilə bütün şeyxlərin qəbirləri
açılır, “sünni köpəkləri” deyilərək
sümükləri yandırılır. Hətta
Əbdülqadir Geylani, Əbu Hənifə və Məsur Həllac
kimi övliyaların qəbirləri də eyni cür hədəfə
alınır. Qatı teokratik əsaslara
söykənən Səfəvilər dövləti və onun
qurucusu Şah İsmayılın bu cür addım atması nə
dərəcədə realdır? İslam fəlsəfəsi
tarixinə bəllidir ki, Şah İsmayıl sufi
düşüncə sisteminə mənsub bir şəxsiyyət
olmuşdur. Bu sistemdə şəriət mərtəbəsindən
həqiqət mərtəbəsinədək keçən məşəqqətli
yolda öz möhürünü vurmuş Geylani, Əbu Hənifə,
Mənsur Həllac kimi İslam alimlərinin məzarlarına
qarşı bu cür münasibəti müsəlman
hökmdarın etməsi hansı məntiqə
sığır bunu anlamaq olmur? Bir haşiyə
çıxmaq istərdim ki, Şah İsmayıl Təbrizdə
taxta çıxarkən “Ənəlhəqq sirri uş
könlümdə gizli ki, həqqi-mütləqəm mən,
həqq söylərəm mən” məşhur
misralarını işlətmişdir. Təkcə
bu faktın özü Mənsur Həllacın ənəlhəqq
fəlsəfəsinin Şah İsmayılda izlərini
görmək üçün yetərli deyilmi?
“Şah və Sultan” da hər iki hökmdarın
bir-birinin elçilərini öldürdükləri qeyd
olunur. Sadəcə
Şah İsmayılın sultandan fərqi, guya, bütün osmanlı elçilərinin kəlləsindən
qədəh düzəltdirib şərab içməsində
göstərilmişdir. Belə yanaşma nə
deməkdir axı? Kəllədən qədəh
düzəltdirirb şərab içməyi Şah
İsmayıla necə rəva görmək olar?
Dünyanın 6 böyük sufi şairindən
biri hesab olunan Şah İsmayılı qaniçən kimi qələmə
vermək nə dərəcədə doğrudur? Məncə, Palanın Şah İsmayıl barədə
bildiyi bu qədərmiş.
Əsərdə
daha bir qərəzli və kinayə ilə yazılmış
hissə Çaldıran döyüşündə Şah
İsmayılın hərəmxanasının əsir
düşməsi və şahın hərəmini
döyüş meydanında buraxaraq qaçmasının təsvir
olunmasıdır.Və bu arada Sultan Səlimin dilindən
Şah İsmayılın bu hərəkətinin
“alçaqlıq” adlandırılması və onun “ər” olmaması
bədii pafosla qeyd olunmuşdur. Və nədənsə,
müəllif Sultan Səlimi cəsur kimi təqdim edir, Şah
İsmayılın döyüşdə göstərdiyi hər
kəsi heyran edən şəxsi cəsarətinin üzərindən
sükutla keçir.
Yazıçının
sultana
açıq simpatiyası daha bir yerdə özünü
göstərir. Guya Səlim hələ Trabzonda
şahzadə olduğu zaman dərviş qiyafəsində Təbrizə
gəlir, saraya qədər gedib çıxaraq Şah
İsmayılla şahmat oynayır. Hətta onu oyunda mat
edir. Bu hadisəni isə bütövlükdə
yazıçı təxəyyülünün məhsulu
hesab edirik.
Əsərə
görə, Çaldıran döyüşündən əvvəl
qarşı tərəfə gecə basqını etmək də
Osmanlı paşalarının yığıncağında səslənibmiş,
guya sultanın reaksiyası belə olub: “Zəfərimə
oğurluq və qapdıqaçdı havası vermək istəyirsiniz?”
Hansı ki, tarixi mənbələr Şah
İsmayılın Osmanlı ordusuna gecə hücum etmək
haqqında sərkərdələrin təklifinə cavab
olaraq işlətdiyi “Mən karvan basan quldur deyiləm, qoy
Allahın təqdir etdiyi kimi olsun” məşhur ifadəsini təsdiqləyir.
Əsərdə daha maraqlı bir yanaşma var ki, tarixdən az-çox anlayışı olan hər kəsi güldürə bilər. Sən demə, Şah İsmayılın sultan Səlimə məktublarının türkçə, sultanın isə farsca yazması bir jest kimi qeyd olunur. Güya onların hər biri qarşı tərəfin sadəcə rəsmi dilində yazmışdır. Yəni Osmanlının dili türkcə, Səfəvilərin dili isə farsca olması ortaya qoyulur. Ancaq bütün tarixi mənbələr, hətta fars qaynaqları belə Şah İsmayılın Azərbaycanda türk dilini ilk dəfə rəsmi səviyyəyə qaldırmasını və nəinki Səlimlə, digər dövlətlərlə də bütün diplomatik yazışmaların bu dildə aparılmasını qeyd edir. Üstəlik də, ədəbiyyat tarixinə bələd olan hər kəs bilir ki, Şah İsmayıl özünə Xətai təxəllüsü seçmiş və bu imza ilə türkçə divan yaratmışdır.
İskəndər Palanın bu romanı ilə bağlı çox məqamlara toxuna bilərik, sadəcə, əsas nüansları oxucuya çatdırmaqla əsər barədə az-çox təəssürat yaratmağa cəhd etdik. Biz təbii ki, əsərdə Palanın şaha olan münasibətindən fərqli olaraq, sultanı hər hansı bir rakursdan kiçiltmək fikrində deyilik. Əksinə, onun da bir böyük sərkərdə olmasını və 8 illik hakimiyyəti dövründə Osmanlının ərazisini iki dəfə böyütdüyünü, Çingiz xana, Əmir Teymura keçilməsi nəsib olmayan ilan -əqrəblərin tüğyan etdiyi Sina çölünü on üç günə qət edərək Misiri fəth etməsini, ucu-bucağı görünməyən çöllərdən ibarət olan, üstəlik də bədəvilərin çoxluq təşkil etdiyi Ərəbistanı itaətə gətirməsini də yaxşı bilirik. Lakin Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirən, güclü mərkəzləşdirilmiş idarə üsulu yaradan və dilimizi rəsmiləşdirən, eyni zamanda ədəbiyyatımızın incilərini yaradan Şah İsmayılı da yaxşı tanıyırıq. Əgər tarixi roman yazılırsa, real mənbələrə söykənib yazılmalı, birtərəfli mövqe nümayiş etdirilməməlidir. Bir halda ki, hər iki dövlət türk dövləti, hər iki hökmdar türk dünyasının övladlarıdır. Onların vaxtı ilə dini fanatizm və ya regionda möhkəmlənmək üçün etdikləri müharibələri qabartmaqla, üstəlik tarixi hadisələri təhrif etməklə bu günkü gəncliyə müsbət təsir etmək çətindir. Vaxtı ilə Səfəvi-Osmanlı müharibələri Qərbin strateji qələbəsinə çevrilmişdi. Heç olmasa, biz yeni nəsil bu ümumi səhvlərimizdən nəticə çıxarmalı, düşmən dəyirmanına su tökməməliyik. Nəzərə alsaq ki, Türkiyə və Azərbaycan iki qardaş dövlətdir, eyni soyun daşıyıcısı, eyni mənəvi dəyərlərin sahibi və eyni dili danışan iki müstəqil ölkədir. Qardaşlıq tellərimizi həyatımızın ayrılmaz şüarı kimi görməliyik. Elə isə İskəndər Palanın köhnə palan içi eşməsinə nə hacət?!
Anar TURAN,
Xalq qəzeti.- 2012.- 9 dekabr.- S. 4.