Xalqın əbədi sevgisini qazanmış lider

 

Respublikanın hər yerində olduğu kimi, paytaxtın Xətai rayonunda da müstəqil Azərbaycanın taleyində əvəzsiz rol oynamış ümummilli lder Heydər Əliyevin anım günü ilə bağlı keçirilən tədbirlər  rayon icra hakimiyyətinin və  YAP Xətai rayon təşkilatının birgə toplantısı ilə davam etdirildi. Toplantı iştirakçıları əvvəlcə dahi siyasətçi, əvəzsiz şəxsiyyət və müstəqilliyimizin memarı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçək dəstələri qoydular, xatirəsini hörmətlə yad etdilər.

 

YAP Xətai rayon təşkilatının iclas zalında davam edən anım mərasimini rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki,  bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, Heydər Əliyevin əbədiyyətə qovuşmasından 9 il keçir. Lakin xalqımız bu dahinin nurlu xatirəsini bir an belə unutmur, onun ideallarına daim böyük sədaqət nümayiş etdirir.

 

Böyük dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salan R. Məmmədov qeyd etdi ki, bu böyük siyasət ustasının hakimiyyətə yeni qayıdışı xalqımız üçün çox ağır bir dövrə təsadüf etdi. Lakin bu, polad iradəli şəxsiyyət böyük sərkərdə dühası ilə gənc müstəqil Azərbaycanı xoasanarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən ustalıqla çıxararaq tərəqqiyə, yüksəlişə, davamlı sabitliyə, hüquqi, demokratik dövlətə doğru apara bilmiş və həyatının son məqamında belə yaratdığı bu möhtəşəm əsəri öz sədaqətli və dəyanətli silahdaşına etibar etməklə yeni möhtəşəm bir xidmətə imza atmışdır.

 

İllər göstərdi ki, ulu öndər Heydər Əliyevin göstərdiyi bu yol xalqımızın sonrakı taleyində misilsiz rol oynamış, müstəqil Azərbaycan öz  qətiyyətli lideri möhtərəm Prezidentimiz İlham Əliyevin çevik strateji planları və  xalqla sarsılmaz birliyi sayəsində ötən  illərdə inanılmaz intibah yolu keçmiş, qısa bir dövrdə inkişaf etmiş ölkələr səviyyəsinə yüksələ bilmişdir.

 

Xalqımızın dahi oğlunun xatirəsi bir dəqəqəlik sükutla yad edildikdən sonra çıxış edən Milli Məclisin deputatları Səməd Seyidov  YAP Xətai rayon təşkilatının sədri  Hüseynbala Mirələmov gənc müstəqil Azərbaycanın ağır siyasi- iqtisadi böhran illərini xatırladaraq bildirdilər ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindəndir.

 

Natiqlər həmçinin qeyd etdilər ki, ulu öndər Heydər Əliyev bütün həyatı boyu daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki mərhələdə eyni əzmlə çalışmış, qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücüsiyasi nüfuzunu səfərbər etmişdir. 1993-cü ilin iyunundan etibarən ölkədə ictimai-siyasi sabitliyi təmin edən böyük strateq Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını göstərmişdir. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur.

 

Natiqlər onu da bildirdilər ki, müstəqillik tariximizdə Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin davamı olan   Prezident İlham Əliyev  dövrü  Azərbaycanı  bölgənin  liderinə, dünyada söz sahibinə çevirən dinamik inkişaf və möhtəşəm quruculuq mərhələsi kimi tarixə yazılmaqdadır. Məhz ulu öndər Heydər Əliyevin 2003-cü ildə uzaq Klivlenddən xalqa müraciətindən sonra  Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev milli maraqların dövlət siyasəti səviyyəsində daha geniş şəkildə həyata keçirilməsini davam etdirdi. Bu maraqlar həm ölkə daxilində siyasi, iqtisadi, həm də Azərbaycan üçün xüsusi önəm daşıyan xarici siyasət sahəsində düşünülmüşolduqca dəqiq hazırlanmış konsepsiyalar əsasında təmin edildi.

 

Anım mərasimində çıxış edən digər natiqlər də unudulmaz rəhbər, dahi insan, böyük azərbaycanlı Heydər Əliyevin öz xalqı qarşısındakı saysız- hesabsız xidmətlərindən danışdılar, onun nurlu xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağına qəti əmin olduqlarını bildirdilər. Sonda mərasim iştirakçıları böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən sənədli filmə tamaşa etdilər.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2012.- 11 dekabr.- S. 6.