Vətənə
və xalqa sədaqətlə xidmət nümunəsi
Heydər
Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələndə mən institutun I
kursuna yenicə qədəm qoymuşdum və o gündən
ulu öndərin həyat yolunu, siyasi
fəaliyyətini, bütün nitqlərini, bəyanat və müsahibələrini nəinki diqqətlə izləmiş, həm
də öyrənmiş,
təbliğ və tədris etmişəm. Amma bu, hələ
o demək deyil ki, mən ulu öndər haqqında hər şeyi bilirəm. Digərlərinin də belə
bir iddiada olmağa əsla haqqı yoxdur. Çünki, Heydər
Əliyevin nəsillərə nümunə olan ömür
yolu və zəngin elmi-nəzəri irsi oxumaqla, öyrənməklə qurtaran
kitab deyil. O, böyük
bir məktəbdir. Təkrar-təkrar
oxuduqca, öyrəndikcə onun nə dərəcədə zəngin və tükənməz
bir mənəvi sərvət mənbəyi olduğunu daha dərindən
anlayırıq. Biz hələ uzaqdan-uzağa
ulu öndərimiz haqqında bu
qədər bilirik. İndi görün, onun yanında, bilavasitə rəhbərliyi altında çalışanlar, o parlaq
şəxsiyyətin nəsillərə
nümunə olan ömür yolu və xidmətləri barədə nələri bilirlər!
Bu məqalə
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Şəmsəddin
XANBABAYEVİN ulu öndər Heydər Əliyevin ömür yolu və əməli fəaliyyətinin bəzi məqamları
barədə xatirələri əsasında qələmə
alınmışdır.
Heydər Əliyevi yaxından tanıyan, onunla tez-tez təmasda olan, bilavasitə ondan tapşırıqlar alan və bu tapşırıqların icrası barədə şəxsən birbaşa özünə məruzə edən, ümummilli liderin xeyir-duası ilə məsul vəzifələrə təyin olunan, beləliklə də onun idarəçilik məktəbində püxtələşən, mətinləşən, bir sözlə, ulu öndərin yadigarı olan belə insanlardan biri də 1969-cu ildən bu günədək müxtəlif rəhbər vəzifələrdə çalışan və hazırda Xaçmaz Rayon İcra Hakimiyyətinə başçılıq edən Şəmsəddin Xanbabayevdir. Şəmsəddin müəllimi yaxından tanıyanlar çox yaxşı bilirlər ki, o, sözü, işi və əməli ilə ulu öndərə qəlbən bağlı olan bir insandır. O, sözün tam mənasında, sinəsi Heydər Əliyevlə bağlı xatirələrlə dolu olan canlı bir kitabdır. Bu kitabı vərəqlədikcə ümummilli liderlə bağlı çoxumuzun heç vaxt eşitmədiyi, bilmədiyi son dərəcə qiymətli məlumatları öyrənmək mümkündür. Onu da deyim ki, Şəmsəddin müəllimdən ulu öndərlə bağlı xatirələri qoparmaq o qədər də asan iş deyil. Mən özüm nə az, nə çox düz səkkiz ildir ki, xidməti işimlə bağlı onunla tez-tez görüşsəm də, yalnız məqamı düşəndən-düşənə nələrisə öyrənməyə müyəssər olmuşam. Yəni, həmin xatirələr Şəmsəddin müəllim üçün həqiqətən, çox əzizdir və bu səbəbdən də onları sevə-sevə qəlbinin dərinliklərində qoruyur. Ulu öndərlə bağlı xatirələri danışanda da kövrələ-kövrələ, sanki o anları yenidən yaşayırmış kimi danışır. Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə bağlı Xaçmazda yubiley tədbiri keçirildi. İlk dəfə məhz həmin toplantıda Şəmsəddin müəllimdən Heydər Əliyevlə bağlı bəzi yeni və son dərəcə qiymətli xatirələr eşitdim. Həmin yığıncaqdan dərhal sonra onun ulu öndərlə bağlı xatirələri barədə məxsusi olaraq “Xalq qəzeti” üçün müsahibə verəcəyinə razılığını aldım.
— Şəmsəddin müəllim, gəlin lap əvvəldən başlayaq, ümummilli liderlə ilk tanışlıqdan...
— Xırdalanda işləyiridim. Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi seçiləndən 10 gün sonra məni Abşeron Rayon Tikinti İdarəsinə rəis təyin etdilər. Ulu öndərlə ilk tanışlığım da elə Xırdalanda oldu. Bizim idarəyə əvvəlcə pivə zavodu, daha sonra mebel fabriki, onun ardınca isə ət kombinatı inşa etməyi həvalə etdilər. Heydər Əliyev də bu tip obyektlərdə işlərin gedişi ilə tanış olmaq üçün tez-tez yerlərə gedirdi. Belə səfərlərdən birində tikintidə işlərin gedişatı barədə məlumat verərkən o, mənim ləhcəmdən naxçıvanlı olduğumu hiss etdi və soruşdu:
—Haralısan?
—Naxçıvanlıyam, — dedim.
— Bu rayondakı bütün tikintiləri sən aparırsan?
—Bəli.
1977-ci ilin iyununda məni Mərkəzi Komitəyə çağırdılar. Şöbə müdiri İsmayıl Əsgərov dedi ki, səni Heydər Əliyev qəbul edəcək. İstəyirlər Ordubad Rayon İcraiyyə Komitəsinə sədr göndərsinlər. Qəbul otağında bir az gözlədikdən sonra məni qəbul etdi:
— Mənə dedilər ki, sən artıq Naxçıvana getməyə razılıq vermisən. Bu, çox yaxşıdır. Naxçıvanlıların bir qismi məndən xahiş edir ki, Bakıya işə gəlsinlər, amma sən Naxçıvana gedirsən. Mən bunu çox bəyəndim.
Daha sonra Ordubadda görüləsi işlərlə bağlı tövsiyələrini də bildirdi. Üç il həmin vəzifədə işlədim. 15 yanvar 1980-ci ildə məni Ordubad Rayon Partiya Komitəsinin I katibi seçdilər. O zaman da Heydər Əliyev məni qəbul etdi. Dedi ki, sənin fəaliyyətini yaxından izləyirəm, hələlik qənaətbəxş işləyirsən.
5 ay sonra o, Ordubada gəldi. Bir çox yerdə, o cümlədən 1500 nəfərin işlədiyi ipəkaçma fabrikində oldu. Qadınların ağır iş şəraitində çalışdığını gördü və oradaca yüngül sənaye nazirinə 3 ay ərzində fabrikdə havalandırma sisteminin qaydaya salınmasını əmr etdi. Çox keçmədi ki, onun tapşırığı ilə Ordubadda müasir texnologiya və avadanlıqla işləyən yeni ipəkaçma fabriki tikildi. Ulu öndər Ordubadda olarkən onun rayonumuza gəlişindən xəbər tutaraq akademik Yusif Məmmədəliyevin abidəsi önünə toplaşmış on minlərlə insanın qarşısında çıxış etdi. Onun ordubadlılarla görüşdə dediyi “Ordubad Azərbaycanın incisidir” kəlamı hələ də dillər əzbəridir.
O, Bakıya dönəndən sonra Naxçıvan Vilayət Partiya Komitəsinin I katibi məni yanına çağırıb dedi:
— Heydər Əliyev mənə tapşırdı ki, Ordubadın I katibini qoru.
Bu, əlbəttə, mənim üçün çox böyük etibar və diqqət idi. Odur ki, ömrüm boyu bu diqqətə, bu etibara layiq olmağa çalışmışam.
— 1982-ci ildə Heydər Əliyevi Moskvaya apardılar. O, Sovet dövlətinin rəhbərliyindən biri kimi fəaliyyətini davam etdirdi. Həmin dövrdə Azərbaycanda hadisələrin sonrakı inkişafı barədə nə deyə bilərsiniz?
— Heydər Əliyevin getməsi ilə Azərbaycanda bir sıra sahələrdə, xüsusən də dövlət idarəçiliyində çox ciddi boşluqlar yarandı. Açığını deyim ki, işgüzar və vicdanlı kadrlar üçün olduqca ağır bir dönəm başladı. Heydər Əliyevin əleyhinə aparılan, özü də Moskvadan idarə olunan çirkin kampaniya namuslu insanları qəzəbləndirir, onların əlini işdən soyudurdu.
31 dekabr 1989-cu il tarixdə Moskvanın xalqımıza və onun siyasi liderinə qarşı hərəkətlərinə cavab olaraq Azərbaycanın İran və Türkiyə ilə dövlət sərhədindəki sərhəd dirəkləri çıxarılıb atıldı. Bundan 3 gün sonra Vəzirov, Girenko və Nişanov Naxçıvana gəldilər. Başda Nehrəm camaatı olmaqla Naxçıvan əhli onlara elə bir üz göstərdi ki, gəldiklərinə də peşman oldular. Təsəvvür edin, camaat onların yolunu blokadaya alaraq vilayət partiya komitəsinin binasına daxil olmalarına çox ciddi əngəl yaratdı. O zaman Ali Məclisin binası qarşısına toplaşanların bir çoxunun əlində “Vəzirov çıx get!”, “Yaşasın Heydər Əliyev!” şüarları yazılmış plakatlar və ulu öndərin portretləri var idi. Bu, əslində Naxçıvan əhalisi tərəfindən keçirilən ilk Heydər Əliyevi müdafiə mitinqi idi.
— Sizə münasibət necə idi?
— 1990-cı il mayın 6-da Naxçıvan Vilayət Partiya Komitəsinin I katibi Afiyyədin Cəlilov məni kabinetinə çağıraraq dedi: “Çox yaxşı işləyirsən, ona görə də səni II katib təyin etmək istəyirəm”. Mən etiraz etmədim. Bir gün ötəndən sonra o, yenidən məni çağıraraq, işdən getməyim barədə ərizə istədi. Səbəbini soruşdum, dedi ki, belə məsləhət oldu. Mən də, ərizə yazıb işdən getdim. Dörd ay işsiz qaldım.
1990-cı ilin yayında Heydər Əliyev Naxçıvana qayıtdı. İlk vaxtlar o, bacısının evində qalırdı və biz tez-tez görüşürdük. O vaxt Naxçıvanın çox ağır günləri idi. Hərbi qayıqların Araz çayında yan-yana düzülərək nə məqsədlə növbə çəkdiyi Naxçıvan Şəhər Partiya Komitəsinin I katibi kimi, mənə çox yaxşı bəlli idi. Bəli, nə qədər acınacaqlı və dəhşətli olsa belə, cəbhəçilər Heydər Əliyevdən canlarını qurtarmaq və hakimiyyəti qəsb etmək naminə hətta Naxçıvanı da ermənilərə təslim etməyə hazır idilər. Əhali isə çaşqınlıq və həyəcan içərisində nə edəcəyini bilmirdi. Heydər Əliyevin Naxçıvana dönüşü insanları ürəkləndirmişdi. Cəbhəçilər isə xalqın təzyiqindən qorxaraq manevr etməyə başladılar. Bir sözlə, Naxçıvan camaatı Heydər Əliyevə, Heydər Əliyev isə Naxçıvan camaatına arxa-dayaq oldu.
Günlərin bir günü Ordubadda idim. Xəbər gəldi ki, Afiyəddin Cəlilov məni
çağırır. Mən də getdim.
1990-cı ilin sentyabrında məni Naxçıvan Dövlət
Plan Komitəsinin
sədri və baş nazirin I müavini vəzifəsinə
təyin etdilər. Əlbəttə, aylarla işsiz qalan adamı birdən-birə
belə məsul vəzifəyə təyin etmək elə belə
məsələ deyildi. Sonradan öyrəndim
ki, bu təyinat məhz ulu öndərin
tapşırığı əsasında baş tutub. O
zaman nehrəmlilər Heydər Əliyevin deputatlığa
namizədliyini vermişdilər. Ulu öndərin seçkiqabağı
görüşləri olduqca yüksək səviyyədə
keçirdi. Seçki günü də
hamıdan daha çox səs toplayan məhz Heydər
Əliyev oldu. Nəhayət, 3 sentyabr 1991-ci ildə o,
Naxçıvan əhalisinin israrlı təkidi ilə Ali Məclisinin
sədri
seçildi.
—
Sözsüz ki, yenidən o dahi şəxsiyyətlə bir yerdə
işləmək böyük xoşbəxtlik idi.
- Gecə
də, gündüz də Allahıma şükr edirəm.
Şükr edirəm ki, İlahi, o dahi insanla
görüşməyi, bir yerdə işləməyi, məsləhət
və tövsiyələrini eşitməyi, onun insanlara olan
qayğısını müşahidə etməyi mənə
nəsib edib. Mən özümü çox xoşbəxt insan hesab edirəm.
Yəni, mənim üçün Heydər Əliyev kimi dahi
bir insanın rəhbərliyi altında işləməkdən, onunla
bir dövrdə yaşamaqdan şərəfli nə ola bilərdi?!
Naxçıvana
rəhbərlik etdiyi qısa müddət ərzində o,
dörd dəfə Türkiyədə, iki dəfə
İranda rəsmi səfərdə oldu, Turqut Özal,
Süleyman Dəmirəl, Rəfsəncani və digər rəsmilərlə
görüşərək
danışıqlar apardı. Bilirsiniz, o
insanlar Heydər Əliyevə necə qiymət verirdilər?!
Onlardan heç biri və heç zaman onun sözünü kəsmirdi. Bu
insanların hər biri onu çox böyük maraq və diqqətlə
dinləyirdi.
1992-ci ilin aprelində
İzmirdə çox
böyük bir iqtisadi forum keçirildi. 67 ölkənin
dövlət və
hökumət
başçılarının təmsil olunduğu bu
forumda ən hörmətli yerdə Turqut Özal, onun
xanımı, Heydər Əliyev, daha sonra Süleyman Dəmirəl
və qeyriləri əyləşmişdi.
Heydər Əliyevin forumdakı nitqi çox böyük marağa səbəb oldu və hamıdan əvvəl
məhz Turqut Özal ayağa
qalxaraq onu alqışladı. Ona baxaraq bütün salon ayağa
qalxdı və Heydər Əliyevi alqışladı.
1992-ci
ilin avqustunda İran Prezidenti Rəfsəncani onu rəsmi səfərə
dəvət etdi və özünün şəxsi təyyarəsini
Naxçıvana onun dalınca göndərdi. İran
Prezidenti Heydər Əliyevi çox böyük hörmət və
ehtiramla qarşıladı,
danışıqların
gedişində İranla Naxçıvan arasında
çox mühüm əhəmiyyətli protokol imzalandı. Həmin protokola əsasən tez
bir zamanda Şahtaxtı kəndində
yeni körpü tikildi.
İki müştərək
bazar açıldı, iri
qabaritli maşınların
İran ərazisindən keçərək Bakıdan
Naxçıvana yük
daşımasına icazə verildi, Xoy-Culfa-Naxçıvan qaz kəmərinin çəkilişinə dair
razılıq əldə olundu və nəhayət, İrandan
Naxçıvana 30 meqavat gücündə elektrik enerjisi
verilməsinə başlanıldı. 1992-ci ilin sonlarında isə Türkiyədən,
daha doğrusu, İqdırdan Naxçıvana elektrik xətti çəkildi. Təsəvvür
edin, 98 kilometrlik yüksək gərginlikli elektrik xətti cəmisi 6 ay ərzində
istifadəyə verildi. Bütün bunlar, əlbəttə,
o zaman ağır blokada şəraitində olan
Naxçıvan üçün həyati əhəmiyyətli
işlər idi.
1993-cü
il martın 18-də İran Prezidenti Rəfsəncani ilə
növbəti görüşündən qayıdarkən Heydər
Əliyev Xudafərin körpüsünə baxmağı qərara
aldı. Yolüstü İran Culfasının
Ordubadla üzbəüz olan Siyaqut kəndindən keçərkən
camaat onu tanıdı. Hamı ətrafına
toplaşdı,
hörmət və ehtiram əlaməti olaraq
ayağının altında 31 qoyun qurbanı kəsildi. Daha
sonra Xüdafərin
istiqamətində yolumuzu davam etdirərkən Mehri rayonunun Aqarak qəsəbəsində Araz
çayı üzərində İranla-Ermənistanı birləşdirən
körpü tikildiyini görəndə ulu öndər bərk narahat oldu. Xudafərin
körpüsündə bizi 18 yaşlı bir əsgər qarşıladı. Körpünü
qoruyurdu. Əvvəlcə o, bizi körpüyə
buraxmadı və
birdən ulu öndəri tanıyaraq, — “Siz
yoldaş Əliyev deyilsiniz?! — deyə
qabağa düşərək böyük ehtiramla, buyurun,
keçin, — dedi. Sonra da əlavə etdi: — Atam Füzulidəki evimizdə Sizin şəklinizi divardan
asdığımız xalçanın üstünə vurub. Sizi ondan
tanıdım. Gənc Azərbaycan əsgərinin
bu səmimi sözləri ulu öndəri kövrəltdi.
O, əsgəri
qucaqlayıb öpərək, xidmətində ona
uğurlar arzuladı.
O
dövrün çətinlikləri barədə çox
danışa bilərəm. Bir tərəfdən Bakının Naxçıvana ögey münasibəti,
respublikanın başında
duran təsadüfi və başabəla rəhbərlərin
Heydər Əliyev xofu, digər tərəfdən isə Ermənistanın
yaratdığı blokada və
müharibə çağırışları
Naxçıvandakı onsuz da
dözülməz olan
şəraiti daha da gərginləşdirdi.
Təsəvvür edin, Ali Məclisin sədri hətta qışın sərt
şaxtalı günlərində belə çox vaxt gecə
saat 3-ə, 4-ə qədər işləyirdi.
Heydər
Əliyevlə görüşmək üçün
Naxçıvana saysız-hesabsız insan gəlirdi. Bu adamları yerləşdirmək,
onlara qulluq etmək
lazım idi. Yeni Azərbaycan Partiyasının təsis konfransını yada salmaq
istərdim. Adamlar cəmisi 32 nəfərlik tutumu olan YAK-40 təyyarəsinə
tramvaya doluşan kimi doluşaraq, Naxçıvana gəlirdilər.
Təsis konfransının keçirildiyi C.Məmmədquluzadə
adına Naxçıvan Teatrının binasında son 3-4 ildə, demək olar ki,
heç bir tədbir keçirilməmişdi.
İnanın, teatrın içərisi küçədən daha
soyuq idi. Amma ulu öndər bu
şəraitdə belə paltosunu aşağıda soyunaraq kostyumla konfransa girdi və axıradək
də heç nə hiss elətdirmədi.
—1993-cü
ilin iyununda
ölkədə siyasi gərginlik pik həddinə
çatdı. Cəmi bir neçə ay öncə hakimiyyət əldə etmək
uğrunda bir-birini didən
üzdəniraq liderlər günü-gündən dərinləşməkdə
olan daxili siyasi böhran və xaricdən
olan təzyiqlər qarşısında tab gətirə bilməyərək pərən-pərən düşdülər. Belə olan halda hamı
Naxçıvandan ümid gözləyirdi. Heydər
Əliyevin yenidən siyasi rəhbərliyə qayıtması
üçün
hər yanda
imzatoplama kampaniyası gedirdi. Görkəmli ziyalılar, alimlər, ictimai
xadimlər ona dönə-dönə müraciət etdilər və nəhayət,
iyunun 7-də Prezident Əbülfəz Elçibəy öz
şəxsi TU-134 təyyarəsini onun ardınca
Naxçıvana göndərdi.
—Təbiidir
ki, Bakıda baş verənlərdən Naxçıvan camaatı da çox narahat idi.
Qarabağda hərbi əməliyyatların gedişi zamanı
düçar olduğumuz
uğursuzluqlar hamıya dərd
olmuşdu. Bu problemlər Heydər Əliyevin də yuxusunu ərşə çəkmişdi. Daxili siyasi
qüvvələrlə, xarici ölkə rəsmiləri ilə
bu istiqamətdə
ardıcıl olaraq danışıqlar aparmaqda idi. Amma Bakıya dönmək məsələsində əvvəlcə
razılıq vermədi. Prezidentin təyyarəsi 3 gün Naxçıvanda onu gözlədi.
Mənim kabinetimdən bir neçə dəfə Elçibəylə
danışdılar və bildirdilər ki, Heydər
Əliyev gəlmir. Yalnız Elçibəyin təkrar-təkrar və israrlı xahişindən sonra o, Bakıya getməyə razılıq verdi.
Onu
Bakıya yola
salmaq üçün, demək olar ki,
bütün
Naxçıvan əhalisi Ali Məclisin qarşısındakı meydana
toplaşmışdı. İnanın, insanların çoxu göz
yaşları içərisində idi. Kimisi sevinirdi ki, Heydər
Əliyev Bakıya gedib
qardaş qırğınının
qarşısını alacaq və Azərbaycan dövlətini parçalanma təhlükəsindən
xilas edəcək. Kimisi də Heydər Əliyev gedəndən
sonra Naxçıvanın taleyinin necə olacağından narahatlıq keçirdiyi
üçün göz yaşları axıdırdı. Bütün bunları seyr edən ulu
öndər toplaşanlara xitabən
belə dedi: Narahat olmayın, mən Naxçıvana yenə
də gələcəyəm!
Bakı
aeroportunda onu
Naxçıvanda olduğundan daha böyük izdiham qarşıladı. Adamlar
bütün maneələri aşaraq birbaşa təyyarənin
pilləkəninin
yanına qədər
gəlmişdilər. Onları buraya gətirən ulu
öndərə olan
məhəbbət, sədaqət və ən
başlıcası isə, inam idi. Hamı ürəkdən
inanırdı ki, Azərbaycanı düçar olduğu bəlalardan
yalnız Heydər
Əliyev xilas edə bilər.
— Siz
doğrudan da çox xoşbəxt insansınız. Zarafat
deyil, az qala, bütün şüurlu ömrünüz boyu ulu öndər
Heydər Əliyevlə bu və ya digər formada təmasda olmusunuz. Onun xeyir-duası ilə yeni-yeni təyinatlara
getmisiniz. İllər boyu səhər-axşam ondan tapşırıqlar
almısınız, məsləhət və
tövsiyələrini eşitmisiniz. Çətin anlarda da,
xoş günlərdə də çox vaxt onun yanında olmusunuz.
—Mənim
həmişə bir yolum olub. Bu, Heydər Əliyev yoludur. O yol
Azərbaycanı daim uğurlara aparan bir yoldur. Bu
yol Vətənə, xalqa ləyaqətlə xidmət etmək
yoludur. Ulu öndər özü bu yolu seçib və
bizləri də belə tərbiyə edib. Onun məsləhət,
tövsiyə və iradlarına məhəl qoymayaraq bu yoldan
çəkilənlərin acı taleyi indi Azərbaycanda hər
kəsə bəllidir.
Vətəni,
xalqı böyük hədəflərə doğru aparmaq
qüdrətində olan yetkin siyasi liderlər az-az yetişir. Azərbaycan
xalqı xoşbəxt xalqdır ki, ulu öndər Heydər
Əliyevdən sonra
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin timsalında böyük siyasətdə
xüsusi yeri və çəkisi olan daha bir parlaq dövlət
xadimi yetirdi. Böyük fəxr hissi ilə deməliyəm
ki, Heydər Əliyevin ailəsində
böyüyən, tərbiyə alan, onun məktəbində
püxtələşmiş möhtərəm Prezidentimiz yeni
tarixi şəraitdə doğma Azərbaycanımıza daha
böyük uğurlar qazandırmaqdadır. Prezidentimizin hər
dəfə
dünya liderləri ilə görüşlərini
seyr etdikcə, onun çox nüfuzlu
beynəlxalq tədbirlərdəki
çıxışlarını dinlədikcə, vallah
ürəyim dağa dönür. Baxın, Azərbaycanın hər bir
bölgəsi necə də
sürətlə
inkişaf edir. Şəhərlərimiz, kəndlərimiz
gündən-günə daha da abadlaşır. Bu gün Allaha
şükürlər olsun, hər şeydən doyuruq, təkcə
doğma Bakımıza
baxmaqdan doymaq olmur. Təsadüfi deyildir ki, Azərbaycanda
olan qonaqların
bir çoxu öz ölkələrinə dönəndən
sonra Bakını “Qafqazın Dubayı” kimi təqdim edirlər.
İnanın, bütün bunlar birbaşa ölkə Prezidentinin xidmətidir.
Bu yerdə
yadıma bir əhvalat düşdü: 1978-ci il
idi. Heydər Əliyev Qazaxda zona müşavirəsi
keçirirdi. Mən də Ordubad Rayon Soveti
İcraiyyə Komitəsinin sədri kimi həmin iclasda
iştirak edirdim. Yığıncaqdan əvvəl rayon mədəniyyət
evi üçün inşa edilmiş yeni binanın
açılışı oldu. Bu zaman bir nurani kişi
Heydər Əliyevə yaxınlaşaraq bu bayatını
dedi:
Əzizim
Ordubada,
Yol gedər Ordubada.
Sərkərdə
yaxşı olsa,
Verməz ordunu bada.
Azərbaycan
xalqının bəxti onda gətirib ki, ulu öndər Heydər
Əliyevin və
onun layiqli davamçısı
olan möhtərəm Prezidentimiz İlham Əliyevin
timsalında onun sərkərdələri
həqiqətən yaxşı olub. Dostlarımız da,
düşmənlərimiz də Azərbaycanın son illər bütün
sahələrdə böyük
uğurlar
qazandığını
etiraf edirlər. Əlbəttə, bütün bunlara görə
biz, hər şeydən öncə, məhz möhtərəm
cənab Prezidentimizə minnətdar olmalıyıq.
Sözardı; İnsanlar
bir-birinə bənzədikləri
qədər də, bir-birindən
fərqlənirlər. Məmurlar da belədir. Onlar bir sıra
keyfiyyətləri, xüsusən də icra etdikləri funksiyaları baxımından bir-birinə
çox bənzəyirlər. Ən azı, fəaliyyətlərinin
zahiri tərəfi bu cür düşünməyə əsas verir. Amma onları da
bir-birindən fərqləndirən çox ciddi nüanslar
var. Nədənsə, özü də hər dəfə
Xaçmaza gedəndə, icra
başçısı Şəmsəddin Xanbabayevlə həmsöhbət
olanda, onun təşəbbüsü,
rəhbərliyi və bilavasitə nəzarəti altında
icra olunan bir-birindən gərəkli və zövqlü
layihələri seyr edəndə
bu barədə daha çox düşünürəm. Şəmsəddin müəllim
çox böyük bir məktəb keçib. Bu,
bütün ideyaları və idealları hər zaman təzə
və təravətli olan Heydər Əliyev məktəbidir.
Əfsuslar olsun ki, ölkədəki bəzi destruktiv qüvvələr
çox zaman hətta
bu cür
yaradıcı və işgüzar kadrların üzərinə
də kölgə salmağa cəhd edirlər. Belələrinə
cavab olaraq millət vəkili Siyavuş Novruzovun bu günlərdə qəzetlərdən
birinə verdiyi müsahibəsindən bir məqamı yada salmaq istərdim:
“İcra başçısı bir rayonun rəhbəridir, o, kifayət qədər oturuşmuş, qabiliyyətli,
bacarıqlı adam olmalıdır. Demirəm ki, bütün
yaşlılar
bacarıqlıdır, gənclər də
ağılsızdır. Sadəcə seçim olur. Bəzi
başçılar var ki, 70-ə çatıblar, amma işləyirlər.
Elə Xaçmazın icra başçısı 10 gəncə dəyər
ki, yaşına baxmayaraq tikib-qurur, bütün xaçmazlılar
başına and içir”. Millət vəkilinin sözlərinə
qüvvət olaraq
bildirmək istərdim ki, bu gün Xaçmaz həqiqətən
də olduqca coşqun və hərtərəfli inkişaf
yolundadır. Orada son bir neçə ildə tikinti və quruculuq sahəsində görülən və
hazırda da davam etdirilməkdə
olan işləri sadalamaqla
qurtaran deyil. Təsəvvür edin, indi Xaçmazda 5
park, 11 muzey var. Hazırda tarix diyarşünaslıq muzeyi üçün
üçmərətəbəli yeni bina inşa olunur. Heydər
Əliyev prospekti başdan-başa yenidən qurulur və s.
Möhtərəm
oxucu, Xaçmazda özünəməxsus milli üslubda
inşa edilmiş Heydər Əliyev Mərkəzində olarkən,
Bakı-Xudat yolu üstündə salınmış Heydər Əliyev seyrəngahı
və rayon mərkəzindəki Heydər Əliyev parkında ilin-günün
bütün
çağlarında hökm sürən qələbəliyi seyr edərkən,
Xudat və Yalamadakı Heydər Əliyev muzeyləri ilə təkrar-təkrar tanış olarkən,
idarə, müəssisə və
təşkilatlarda, istehsalat yerlərində yaşından, vəzifəsindən,
təhsilindən, peşəsindən, milli və siyasi mənsubiyyətindən
asılı olmayaraq minlərlə, on minlərlə
insanın Heydər Əliyev irsinə olan diqqət və
marağını, sevgi və sədaqətini, ən nəhayət,
xaçmazlıların özlərinə həm də
ağsaqqal bildikləri icra başçısı Şəmsəddin
Xanbabayevin o dahi insanla bağlı
xatirələrini dinlədikcə bir daha əmin olursan ki, bəli, ulu öndər
70-80-ci illərdə və müstəqillik illərində
olduğu kimi bu gün də bizimlədir, Azərbaycan
xalqı ilə bir yerdədir. O, sabah da, gələcək illərdə
də xalqımızın ürəyində, qəlbində və
əməllərində yaşayacaqdır.
Qələmə aldı:Qafar CƏBİYEV,
əməkdar jurnalist, tarix elmləri doktoru
Xalq qəzeti.- 2012.- 11 dekabr.- S. 4.