Azərbaycanın
quruculuq tarixinin şərəfli
səhifəsi
1969-1982-ci illər Azərbaycanın
quruculuq tarixinin ən məhsuldar, işıqlı səhifələri
olmuşdur. Həmin vaxtda yaxın və
uzaq gələcəyə yönələn,
müstəqilliyə yol açan,
mütərəqqi ənənələrə söykənən
inkişaf strategiyası müəyyənləşdirilmiş
və uğurla həyata keçirilmişdir.
Ulu öndər Heydər Əliyev həmin
dövrü belə xarakterizə etmişdi: “Azərbaycanın Sovet dövründə inkişafının ən
bariz nəticəsi odur
ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni
potensial respublikamızın tam müstəqil dövlət kimi
fəaliyyət göstərməsi üçün
möhkəm zəmin yaratmışdır”. Müasir Azərbaycan dövlətinin
inkişafı məhz həmin illərdə yaradılan
bünövrə üzərində qurulmuşdur.
Ümummilli lider Heydər Əliyev ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycan dilinin, milli şüurumuzun, mentalitetimizin qorunması və inkişafının keşiyində dayanmış, bu sahədə çalışanların əməyinə yüksək qiymət vermişdir. Azərbaycan dilinin inkişaf etdirilməsində, qiymətləndirilməsində Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. 1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul edildi. Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası Azərbaycan SSR-in yeni konstitusiya layihəsini hazırladı. Bu Konstitusiya SSRİ-nin yeni Konstitusiyası əsasında hazırlansa da, orada respublikanın milli, iqtisadi, siyasi və tarixi xüsusiyyətləri də öz əksini tapmışdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və apardığı ardıcıl mübarizə nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında öz əksini tapdı.
1969-1982-ci illərdə Azərbaycanın inkişaf tarixinin dinamikası belə bir fikri təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızın müstəqil dövlət quruculuğuna aparan yol olmuşdur. Heydər Əliyevin böyük əməyinin nəticəsində həyata keçirilən dəyişikliklərin həcminə, ictimai-iqtisadi islahatların səciyyəsinə görə 70-80-ci illər Azərbaycanın tarixində ən parlaq səhifələr təşkil etmişdir. 70-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli özünüdərk duyğularının, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu.
Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bu məqsədlə Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələr və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq kimi tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.
Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarix məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil edir. Ulu öndərin respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı. İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
Dahi şəxsiyyət ötən əsrin 70-80-ci illərində böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. O dövrdə repressiya qurbanlarına bəraətin verilməsi istiqamətində gördüyü işlər də məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.
Ulu öndər 1993-cü ilin iyununda kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider, ilk növbədə, ölkədə ictımai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edilmişdir. Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun tətbiqinə nail olmuşdur.
Yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı bu inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini tam sübuta yetirir. Respublikamızın ötən illərdə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Son illərdə bu inkişaf modelinin yeni dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsinə xidmət edən kompleks islahatlar Azərbaycanı daha da gücləndirmişdir. Bu gün dünyanın ən müxtəlif iqtisadi mərkəzləri respublikanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini öyrənməyə çalışırlar.
Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün nəinki proqressiv proqram və konsepsiyalar mövcuddur, eyni zamanda, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanaraq ölkəmizin intıbahının təmınatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlimişdir. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini bu ənənələr çərçivəsində qurur.
Cənab İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu hələ Prezident seçilməmişdən əvvəl də ulu öndərin müəllifi olduğu neft strategiyasının həyata keçirilməsinə, Milli Məclisin deputatı və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi beynəlxalq təşkilatlarla münasibətlərın inkişafına, Azərbaycan idmanının yüksəlişinə verdiyi töhfələrlə sübuta yetirmişdir. Dövlətə rəhbərlik fəaliyyətinin ötən 9 ili isə cənab İlham Əliyevin Azərbaycan xalqına, dövlətinə qazandırdığı daha böyük uğurlarla əlamətdar olmuşdur.
Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə, demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Dövlət başçısı cənab İlham Əliyev respublikanın sosial-iqtisadi inkişafı ilə paralel gedən demokratikləşmə prosesini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin mühüm şərti hesab edir. Cənab İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Azərbaycanın bugünkü dinamik iqtısadi inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir. Ötən 9 ildə Azərbaycan cəmiyyətində qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin varisliyini uğurla təmin etmiş alternativsiz liderdir.
Nəbi XƏLİLOV,
YAP-ın Binəqədi rayon
təşkilatının sədri
Xalq qəzeti.- 2012.- 12 dekabr.- S. 12.