Müstəqil Azərbaycanın
milli iqtisadi inkişaf strategiyasının banisi
Azərbaycan xalqı qədim tarixə, dərin milli-mədəni və mənəvi irsə, eləcə də böyük dövlətçilik ənənələrinə malik bir xalqdır. Tarix sübut edir ki, yalnız bu keyfiyyətləri özündə cəmləşdirən xalqlar geniş əhali kütləsini öz ardınca aparmağı bacaran şəxsiyyətlər yetişdirə bilər.
Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitlliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malikdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan uca millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə, görə xalqımız ulu öndər Heydər Əliyevə minnətdardır. Hələ uzun illər öncədən xalqımızın qəlbində əvəzsiz dövlət xadimi qiymətini almış bu tarixi şəxsiyyətin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, onun mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xöşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyət, əsl ümummilli liderə xas parametrlərə tam cavab verən, eləcə də dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan rəhbər, lider bəxş etmişdir.
Heydər Əliyevin hakimiyyət ustadı, dünya siyasətinin aparıcı simalarından biri kımi nadir insan olduğunu ən qərəzli opponentləri belə etiraf edirdilər. Onun idarəçilik qabiliyyətindən, dövlətçilik dərslərindən, eləcə də Azərbaycan dövləti və xalqı üçün çəkdiyi zəhmətlərdən söhbət açmaq bütöv bir tarixi mərhələyə işıq tutmaq, yüksək praktiki əhəmiyyətə malik dəqiq və konkret elmi-nəzəri fikirlərə əsaslanan bir təlimdən bəhs etmək çox məsuliyyətli bir işdir. Zəka və müdrikliyi, millətinə və Vətəninə olan sevgisi ilə bəşər övladını heyrətə gətirən ümummilli lider Heydər Əliyevin zəngin dühası qiymətli fikir və hikmət xəzinəsi idi.
Etiraf etməliyik ki, taleyi Heydər Əliyevin taleyi kimi xalqının, millətinin, dövlətinin taleyi ilə bu qədər yaxından bağlı olan ikinci bir dövlət başçısı təsəvvür etmək, doğrudan da çətindir. Başqa sözlə desək, fitri idarəetmə istedadı, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik və müdriklik, fenomenal yaddaş və dəmir məntiq, böyük vətənpərvərlik və yüksək humanizm, qətiyyət və cəsarət, şəfqət və comərdlik kimi xüsusiyyətləri özündə cəmləşdirən ümummilli lider Heydər Əliyev üçün dövlətçilik və azərbaycançılıq ideyaları hər şeydən üstün idi. O, xalqına, Vətəninə ürəkdən bağlı idi və dəfələrlə də bunu istər çıxışlarında, istərsə də fəaliyyətində sübut etmişdir. Hələ 1990-cı ilin yazında: “İstəyirəm ki, xalqımız mütəşəkkil olsun, Milli qürur hissi daha da güclənsin, tariximizi sevək, Vətən qarşısında xidməti olan insanların qədrini bilək” – deyən dahi Heydər Əliyevin ən ülvi və tükənməz arzusu xalqın birliyinə, bütün azərbaycanlıların həmrəyliliyinə söykənən qüdrətli milli dövlətin yaradılması olmuşdur. Məhz bu arzu ilə də ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarını, bunun ən vacib şərtlərindən olan qanunvericilik bazasını, demokratik seçki mexanizmini yaratdı, Milli Ordu quruculuğuna real impuls verdi.
Xalqımızın yenilməz oğlu Heydər Əliyev təkcə yaşadığı günlər, illər haqqında yox, daim parlaq, xoşbəxt sabahlar barədə düşünən lider idi. Ona görə də Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkədə həyat səviyyəsinin yüksəldilməsi, iqtısadiyyatın ayrı-ayrı sahələrində rəqabət qabiliyyətli məhsullar istehsal edilməsi, mövcud resurslardan daha səmərəli istifadə olunması və beləliklə də, Azərbaycanın iqtisadi baxımdan dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirir, mümkün olanı edirdi. Bu yerdə hörmətli akademik Ramiz Mehdiyevin “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” əsərindən aşağıdakı fikirləri yada salmaq yerinə düşərdi: “1969-cu il Azərbaycanın dövrü tarixində yeni dönüş ili oldu. Respublikamızın dinamik inkişafının təmin edilməsinə dair kompleks proqramlar işlənib hazırlandı. Bu yorulmaz fəaliyyət nəticəsində 1970-1985-ci illər ərzində baş vermiş dəyişikliklərin vüsəti, rifahın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından, sözün tam mənasında, müstəqil Azərbaycanın yaranması salnaməsində ən parlaq səhifədir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublika iqtısadiyyatının hərtərəfli tərəqqisi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən edən həmin qərarların xalqımızın mənafeyi baxımından tarixi əhəmiyyəti vardı. Tam inamla demək lazımdır ki, indiki mərhələdə Azərbaycanın suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslanır”.
Bəli, məhz SSRİ dövründə qəbul edilmiş qərarların, həyata keçirilmiş tədbirlərin nəticəsi idi ki, ötən əsrin 70-ci illərində Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf etmiş, pambıqçılıq, taxılçılıq, üzümçülük sahələrində rekord göstəricilər qazanılmışdır. Bununla da insanların yaşayış şəraiti yaxşılaşmış, bir çox sosial problemlər həllini tapmış, ucqar kəndlərdə belə, əhalinin firavan yaşayışı təmin olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün də təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz həyata keçirilən ardıcıl tədbirlər nəticəsində dinamik iqtisadi artım təmin edilmiş, təkcə 2000-2010-cu illər ərzində ölkədə yoxsulluğun səviyyəsi 5-6 dəfə aşağı düşmüş, ÜDM-in həcmi 10 dəfə artmış, milli iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb edilmiş investisiyaların həcmi milyardlarla manat çoxalmış və ən əsası isə investisiya qoyuluşlarında aparıcı mövqeyə yerli maliyyə mənbələri çıxmışdır. Başqa sözlə desək, bu müddət ərzində investisiya qoyuluşlarının əsas hissəsi yerli vəsaitlərin payına düşmüşdür.
Ənənəvi olaraq iqtisadi uğurlar sonrakı illərdə də davam etdirilmişdir. Bütün bunları ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, əhalinin rifah halının daha da yaxşılaşması, dövlət tərəfindən sosial və iqtisadi öhdəliklərin tam yerinə yetirilməsi, infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin və yoxsulluğun minimuma endirilməsi və digər amillər də sübut edir.
Əldə olunmuş makroiqtisadi göstəricilər ölkəmizin inkişafını aydın şəkildə əks etdirir. Belə ki, ölkənin inkişafını xarakterizə edən əsas makro göstərici - ümumi daxili məhsul istehsalı 2011-ci il ərzində müqayisəli qiymətlərlə 40 milyon manat artaraq 50,1 milyard manata çatmış, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 5530,6 manat (7003,4 ABŞ dolları) təşkil etmişdir. İqtısadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,4 faiz artımı müşahidə olunmuş, onun ÜDM-də xüsusi çəkisi 48,3 faiz təşkil etmişdir. Ümumi daxili məhsulun 51,7 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüş və əvvəlki ilə nisbətən 9,3 faiz azalmışdır. Bununla yanaşı, 2011-ci ildə iqtisadiyyatın qalan sahələrində də nəzərəçarpacaq artım müşahidə edilmişdir. Əlavə dəyər turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahələrində 22,6 faiz, tikintidə 20 faiz, informasiya və rabitədə 11,8 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 10,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,8 faiz, sosial və digər xidmətlər sahəsində 5,7 faiz artmışdır. Ötən il ÜDM-in 53,9 faizi sənayedə, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 8,3 faizi tikintidə, 6,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,2 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitədə, 12 faizi sosial və digər xidmət sahələrində istehsal olunmuş, məhsula və idxala görə ödənilmiş xalis vergilərin payı isə 6 faiz təşkil etmişdir.
2011-ci ildə sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 34,6 milyard manatlıq məhsul istehsal olunmuşdur. Sənaye məhsulu istehsalı qeyri-neft bölməsində 11,1 faiz artmışdır. Sənaye məhsulunun 77,9 faizi mədənçıxarma bölməsində, 17,1 faizi emal bölməsində, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,5 faizini təşkil etmiş, ümumi istehsalın 92,7 faizi sənaye mallarının (əmtəələrin), 7,3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır. Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 5,9 milyard manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu sahədə istehsalın həcmi 7,1 faiz artmaqla daha çox hissəsi - qida məhsulları istehsalının payına düşmüşdür. Əksər qida məhsullarının istehsalında artım müşahidə olunmuş, onlardan kolbasa məmulatlarının istehsalı 11,5 faiz artaraq 2 min ton, pendir və kəsmik istehsalı 2,2 faiz artaraq 44,3 min ton, ət 4,6 faiz artaraq 258 min ton, süd 5,4 faiz artaraq 708,9 min ton, kərə yağı 0,8 faiz artaraq 21,1 min ton, cem və marmeladlar 1,8 faiz artaraq 10,4 min ton olmuşdur. Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 85,2 milyon manatlıq məhsul, o cümlədən 15,8 min ton pambıq lifi, 9,8 min ton pambıq iplik, 1,5 min kvadratmetr xalça və xalça məmulatları, 3,2 milyon cüt corab məmulatları, 121,6 min ədəd kişi paltoları və s. məhsullar istehsal edilmişdir. Neft məhsullarının istehsalında 0,9 faiz artım müşahidə olunmuşdur.
Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 27,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 17,5 faiz çox olmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 7482,3 milyon manat, qeyri-dövlət müəssisələri isə 5294,1 milyon manat vəsait sərf etmişlər. Məhsul istehsalı obyektlərinin inşasında 5502,8 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 7273,6 milyon manatlıq vəsaitdən istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 80,3 faizini daxili, 19,7 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmiş, daxili mənbələrdən yönəldilən vəsaitlərin 67,3 faizi dövlət müəssisə və təşkilatlarının, 32,7 faizi qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. Əsas kapitala yönəldilmiş bütün vəsaitin 38 faizi sənaye sahələrinin inkişafına, 21,1 faizi nəqliyyat və anbar təsərrüfatına, 9,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 9,1 faizi mənzil tikintisinə), 5,6 faizi istirahət, əyləncə və incəsənətə, 5,1 faizi dövlət idarəetməsinə, 3,8 faizi ticarətə, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 3,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, hər birinə 2,4 faiz olmaqla təhsil və səhiyyəyə, 2,2 faizi informasiya və rabitəyə, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 1,4 faizi tikintiyə, 0,3 faizi isə digər sahələrə sərf edilmişdir. Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 9811,5 milyon manatı (76,8 faizi) qeyri-neft bölməsinin, o cümlədən 1884,2 milyon manatı (14,7 faizi) qeyri-neft sənaye sahələrinin, 2964,9 milyon manatı (23,2 faizi) neft bölməsinin inkişafında istifadə edilmişdir.
2011-ci il ərzində ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan, turizmin inkişafı üçün vacib rol oynayan yeni tikili və obyektlərin istifadəyə verilməsi təmin edilmişdir. 2011-ci ildə Bakı şəhərində “Hilton Bakı”, “Kempinski Badamdar” və “Jumeirah Bilgah Beach Hotel” otel kompleksləri, Müalicə-Diaqnostika Mərkəzi, “Dərnəgül” metrostansiyası və tikinti materialları zavodu, Sumqayıt şəhərində Olimpiya İdman Kompleksi, Gəncə şəhərində Fiziki Qüsurlu İnsanlar üçün Regional İnformasiya Mərkəzi, Naftalan şəhərində “Çinar Hotel və SPA Naftalan” və “Qaşaltı” sanatoriya kompleksləri, Qəbələ rayonunda beynəlxalq aeroport, Olimpiya İdman Kompleksi, limonad zavodu və “Qafqaz Sport Hotel” mehmanxanası, Şəki rayonunda şərab zavodu, “Green Hill İnn” mehmanxanası, Qax rayonunda “El Resort” mehmanxanası və s. istifadəyə verilmişdir.
Ölkənin aqrar bölməsi də 2011-ci ili uğurla başa vurmuşdur. Kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4525,2 milyon manat olmuş, onun sabit qiymətlərlə dəyəri 2010-cu ildəkinə nisbətən 5,8 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 8 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,5 faiz artmışdır. Kənd təsərrüfatının ümumi məhsulunda bitkiçilik məhsullarının xüsusi çəkisi 51,7 faiz, heyvandarlıq məhsulları isə 48,3 faiz olmuşdur.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə və əhaliyə göstərilmiş xidmətlərin üçdə iki hissəsi dəmir yolu nəqliyyatı, avtomobil və boru kəməri, 9 faizi dəniz, 15,3 faizi hava nəqliyyatı, qalan hissəsi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti ilə məşğul olan müəssisələr tərəfindən göstərilmişdir. Yük nəqliyyatı ilə 203,5 milyon ton və ya ötən illə müqayisədə 3,6 faiz çox yük daşınmış, qeyri-neft yüklərinin həcmi isə 9,6 faiz artmışdır. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 54 faizi avtonəqliyyat, 29 faizi boru kəməri, 10,9 faizi dəmir yolu, 6,1 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilmişdir. Ötən ildə qeyri-dövlət bölməsində yük daşınması 3,6 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı 73,8 faiz təşkil etmişdir.
İnformasiya və rabitə sektoru dinamik inkişaf etmiş, təsərrüfat subyektlərinə və əhaliyə 1,2 milyard manatlıq və ya əvvəlki ilə nisbətən 11,8 faiz çox xidmət göstərilmişdir. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,7 faiz təşkil etmişdir. Xidmətlərdən əldə olunmuş gəlirlərin 61,8 faizi mobil telefon rabitəsindən yaranmış və 2010-cu illə müqayisədə bu xidmətlərin həcmi 3,6 faiz artaraq 770 milyon manat təşkil etmişdir. Mobil telefon abunəçilərinin sayı son bir il ərzində 162,5 min artmış, 2012-ci il yanvarın 1-nə abunəçilərdə 9,1 milyon nömrə mövcud olmuş və onların 7 milyonu aktiv olmaqla istifadə olunmuşdur.
İstehlak bazarında istehlakçılara 21,8 milyard manatlıq və ya 2010-cu illə müqayisədə 9,9 faiz çox istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Hər ölkə sakini orta hesabla ayda 200,5 manatlıq müxtəlif istehlak malları almış və pullu xidmətlərdən istifadə etmişdir.
Pərakəndə ticarət və iaşə müəssisələrində əmtəə və xidmətlərin satışı 2010-cu ilin səviyyəsini 10,6 faiz üstələyərək 16,4 milyard manat təşkil etmişdir. Pərakəndə ticarət və iaşə şəbəkələrində hər ölkə sakininə orta hesabla ayda 151,4 manatlıq və ya 2010-cu illə müqayisədə 23,8 manat çox müxtəlif əmtəə və xidmətlər təqdim edilmişdir. Pərakəndə ticarət və ictimai iaşə şəbəkələrində əhaliyə satılmış ərzaq məhsullarının həcmi 3,2 faiz artaraq 10 milyard manata, qeyri-ərzaq mallarının həcmi isə 28,2 faiz artaraq 6,4 milyard manata çatmışdır. O cümlədən, əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin səviyyəsini 7,8 faiz üstələyərək 5332,4 milyon manata çatmışdır. Artımın 62,9 faizini hüquqi şəxslər təmin etmiş və əhaliyə 4096,1 milyon manatlıq və ya 6,3 faiz çox pullu xidmətlər göstərilmiş, hər bir ölkə sakini orta hesabla ayda 49,1 manatlıq və ya 5 manat çox müxtəlif pullu xidmətlərdən istifadə etmişdir.
Ölkənin xarici iqtisadi fəaliyyətində də həcm və əhatə dairəsi baxımından müvafiq irəliləyişlər əldə edilmişdir. Belə ki, xarici ticarət dövriyyəsinin 80,5 faizi İtaliya, Fransa, Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Ukrayna, Almaniya, İndoneziya, İsrail, Belarus, Malayziya, Çin, Koreya Respublikası və Gürcüstan dövlətlərinin hesabına formalaşmışdır. Ölkəmizə idxal olunmuş malların ümumi həcminin 16,8 faizi Rusiyanın, 13,4 faizi Türkiyənin, 8,7 faizi Almanıyanın, 6,5 faizi Amerika Birləşmiş Ştatlarının, 6,4 faizi Çinin, 6,2 faizi Fransanın, 5,7 faizi Ukraynanın, 5 faizi Böyük Britaniyanın, 2,6 faizi İtaliyanın, 2,2 faizi Qazaxıstanın, 2,1 faizi Koreya Respublikasının, 1,9 faizi İsveçrənin, hər birində 1,8 faiz olmaqla Braziliya və Yaponiyanın, 1,6 faizi İranın, 17,3 faizi isə digər ölkələrin payına düşür. Ümumilikdə, xarici ticarət dövriyyəsinin 30,8 milyard dolları, yaxud 84,9 faizi, o cümlədən ixracın 23,6 milyard dolları (89 faizi), idxalın 7,2 milyard dolları (73,8 faizi) MDB-yə üzv ölkələr istisna olmaqla, digər dövlətlərin payına düşmüşdür. 2010-cu illə müqayisədə bu ölkələrlə ticarət dövriyyəsinin real həcmi 2,5 faiz, o cümlədən idxal 57,4 faiz artmış, ixrac olunan malların həcmi isə 14,3 faiz azalmışdır.
Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 5,5 milyard dollar, o cümlədən ixrac 2,9 milyard, idxal 2,6 milyard dollar olmuşdur. 2010-cu ilə nisbətən Birlik ölkələri ilə ticarət dövriyyəsinin real həcmi 22,9 faiz, o cümlədən ixrac 25,7 faiz, idxal olunan malların həcmi 19,7 faiz artmışdır.
2011-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən 9,5 faiz artaraq 363,1 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olmuş və sənayedə 521,4 manat, tikinti kompleksində 518,9 manat, nəqliyyatda 447 manat, rabitədə 575,7 manat təşkil etmişdir. Neft sektorunda aylıq əmək haqqı 1176 manat, qeyri-neft sektorunda 340,5 manat, dövlət bölməsində 302,5 manat, özəl bölmədə isə 464,3 manat təşkil etmişdir. Ölkə əhalisinin sosial vəziyyətinin getdikcə yaxşılaşması yoxsulluğun azaldılmasına öz təsirini göstərmiş və ilkin məlumatlara görə bir il ərzində yoxsulluq səviyyəsi 1,5 faiz bəndi azalaraq 7,6 faizə enmişdir. Qeyd etmək lazımdır ki, yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7 faiz, 2004-cü ildə 40,2 faiz, 2005-ci ildə 29,3 faiz, 2006-cı ildə 20,8 faiz, 2007-ci ildə 15,8 faiz, 2008-ci ildə 13,2 faiz, 2009-cu ildə 10,9 faiz, 2010-cu ildə isə 9,1 faiz təşkil etmişdir. Beləliklə, son səkkiz ildə yoxsul əhalinin sayı 5,2 dəfə azalmışdır.
Bütövlükdə isə müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların əhatə dairəsini və strukturunu genişləndirmək olar. Təbii ki, bütün bunların əsasında bünövrəsi dahi ümummilli lider tərəfindən qoyulmuş iqtisadi strategiyanın uğurla davam etdirilməsi dayanır. Ümummilli lider tərəfindən bu strategiya elə qurulmuşdur ki, biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Heydər Əliyev bütün müsbət xüsusiyyətləri ilə yanaşı, həm də böyük ürək sahibi idi. Hətta ona qarşı dönük çıxmış, xəyanət etmiş insanları da bağışlamağı bacarırdı. Bu insan üçün Vətən, millət, xalq daha önəmli idi, nəinki şəxsi ambissiyalar. Elə 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri kimi çıxışında da bu barədə demişdir: “Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq vaxtıdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasıbət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam”.
Hamıya məlumdur ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda barışmaz mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, reğional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdir. Təbii ki, bu kitablarda ümummilli lider Heydər Əliyev bir hakimiyyət ustadı, qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir.
Heydər Əliyev həm də ədalətli bir dövlət başçısı idi. Məhz özü ədalətli adam olduğu üçün hadisələrə də bu konteksdən yanaşmağı bacarır, dünya ictimaiyyətini, beynəlxalq qurumları və s. ölkəmizin üzləşdiyi münaqişənin həllində ədalətli olmağa çağırırdı. O, sərt olmağı bacarırdı, səhvə görə cəzalandırırdı da, ancaq heç vaxt ədalətsiz qərar qəbul etmirdi. Onun cəzası vicdan və ədalət kateqoriyalarının həmişə, hər yerdə və hər bir şəraitdə prinsipial qələbəsini təmin etmək kimi nəcib və sosial-mənəvi missiyaya hesablanmışdı. Bütün bunlar Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə də açıq-aşkar hiss edilirdi. Ulu öndərin öz sözləri ilə desək, dövlət inamsızlıq üzərində qurula bilər, ədalətsizlik üzərində yox.
Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu və keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Heydər Əliyev dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünyada söz və nüfuz sahibi, sabit, inkişaf edən Azərbaycan yaratmışdır. Təkcə elə bu səbəbə görə də Heydər Əliyev irsi, bu unudulmaz şəxsiyyətin həyatı bir örnək olaraq dərindən öyrənilməli, təbliğ edilməli və daim ehtiramla yad olunmalıdır.
İsa ALIYEV,
AMEA
İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor,
Aqil
ƏSƏDOV,
İqtisadiyyat
İnstitutunun aparıcı elmi işçisi, iqtisad elmləri
namizədi, dosent
Xalq qəzeti.- 2012.-12 dekabr.- S. 4.