Dahi şəxsiyyətin
böyük Vətən mücadiləsi
Vətən
üçün yaşayanlar yaşadırlar Vətəni!
Vətən üçün yaşayanlar yaşadırlar Vətəni!
Zaman aman vermədən
bizi dünya tarixinin dahi azərbaycanlısını doğma
Vətən torpağına əmanət etdiyimiz günlərdən
durmadan uzaqlaşdırır. Lakin bu ağır
ayrılığın ilahidəngəlmə bir təsəllisi də var: doğma Vətən,
qədirbilən xalqımız və siyasət dünyası
zaman keçdikcə qoca tarixin Heydər Əliyev zirvəsini
daha aydın görür, onun hikmət dünyasına daha
tez-tez müraciət etməli olur və onun müdrik vəsiyyətlərindən,
zəngin mənəvi irsindən daha çox faydalanır...
Bu gün mən neçə illər bundan əvvəl gəldiyim bir nəticəni böyük qürur hissi ilə bir daha təkrar edirəm:
HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ ÖYRƏNİLMƏMİŞ DÜNYADIR! BU NADİR DÜHANIN SİYASƏT ALƏMİNİ BİTİB-TÜKƏNMƏYƏN, SAHİLLƏRİ GÖRÜNMƏYƏN ÜMMANA BƏNZƏTMƏK OLAR. MİSİLSİZ DÖVLƏT XADİMİ KİMİ ƏN MÜRƏKKƏB, ƏN AĞIR, HƏTTA ÇIXILMAZ HESAB OLUNAN VƏZİYYƏTLƏRDƏN VƏTƏN ÜÇÜN, DOĞMA XALQINDAN ÖTRÜ HEÇ KƏSİN GÖZLƏMƏDİYİ ƏN YAXŞI ÇIXIŞ YOLU TAPMAQ BACARIĞI ALLAHIN ONA BƏXŞ ETDİYİ VERGİ İDİ. BÜTÜN BUNLARIN HAMISI BİR KEYFİYYƏT ALTINDA BİRLƏŞİRDİ. HEYDƏR ƏLİYEV BÖYÜK AZƏRBAYCANLI İDİ. AZƏRBAYCAN XALQININ, AZƏRBAYCAN TORPAĞININ MİSİLSİZ TƏƏSSÜBKEŞİ, DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI, BÜTÜN ZAMANLARIN ƏN BÖYÜK AZƏRBAYCANLISI İDİ.
Ulu Tanrının bir kərə bəxş etdiyi ömür payını - şirin canını xalqına bağışlayanlar, Vətən üçün yaşayanlar yaşadırlar Vətəni! Bütün zamanlarda, hər bir tarixi dövrdə belə olub. Çoxları gəlib-gedib bu dünyadan, o cümlədən Azərbaycan dünyasından da! Lakin qədirbilən xalqımız onların içərisindən tək-tək insanları - Cavanşirləri, Babəkləri, Şəmsəddin Eldənizləri, Məhəmməd Cahan Pəhləvanları, Qızıl Arslanları, Uzun Həsənləri, Xətailəri, Nadir şahları... köçürüb öz əbədi yaddaşına! Qoca dünya bunu da təsdiqləyib ki, bu tək-təklərin içərisindən elə şəxsiyyətlər də çıxır ki, onlar öz xalqlarının coğrafi sərhədlərindən, təfəkkür çərçivəsindən çıxıb bütün dünyanın - Yer kürəsinin dahi şəxsiyyətlərinə - Atatürklərə, Vaşinqtonlara, Nehrulara, De Qollara... Heydər Əliyevlərə çevrilir.
...Şirin canını xalqına fəda edənlərə dünyanın bütün xoş sözləri sağlığında deyilməlidir. Nə yazıqlar ki, bar verən ağaclar sağlığında - bar verəndə daşa basılır. Qədirləri sonradan bilinir. İçimdə həyatın belə fəlsəfəsinə səngimək bilməyən üsyan yaşayır. Mirzə Fətəlilərin, Sabirlərin, Məhəmməd Hadilərin, Mirzə Cəlillərin taleyinə yandığım üçün Heydər Əliyev barədə bütün xoş sözlərimi, heç bir təmənna ummadan, sağlığında yazmışam. Bu gün bir əxlaqi qürur duyuram ki, nə yaxşı ki, bu dahi şəxsiyyətə sağlığında ikən çoxsaylı yazılar, o cümlədən “Vətəndaş etirafı”mı, “Azərbaycan dövlətçiliyinin xilaskarı”, “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” kitablarımı həsr etmişəm. Və bunun üçün daim peşəkar cızmaqaraçıların “hədəfinə tuş gəlmişəm”. Odur ki, yolumdan dönməyərək Heydər Əliyevin sağlığında onun barəsində yazdıqlarımı bir daha yazıram. Və bir daha, bir daha yazacağam! Tarix yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Artıq qeyd etdiyim kimi, Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli şəxsiyyətlər bəxş etmişdir.
Əsrlər keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll kimi nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.
Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, min cür maneələrdən, çətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş Mübarizəsinin Qalibi kimi daxil olmuşdur.
Heydər Əliyev tarixi yaradan idi, tarixin özü idi. Odur ki, bu sualın cavabını da tarixin özü verir...
XX yüzillikdə dəfələrlə istiqlal savaşına qalxmış Azərbaycan xalqı, nəhayət, əsrin sonunda tarixi torpaqlarımızın bir hissəsində - Şimali Azərbaycanda özünün qədim dövlətçilik ənənələrini dirçəldə bildi. Azərbaycanımız yenidən siyasi varlığa çevrildi. Dünya xəritəsində Azərbaycan Respublikası adlanan dövlətimizin öz yeri, öz payı var. Müstəqillıyimizə qənim kəsilən xarici düşmənlərin və onların daxildəki əlaltılarının bitib-tükənməyən məkr, hiylə və qəsdlərinə baxmayaraq Azərbaycan dövləti artıq iyirmi bir ildir ki, yaşayır. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğundakı uğurlarımız göz qabağındadır. Bu gün hamımız bir inamla yaşayırıq: müstəqilliyimizə zaval yoxdur, dövlətimiz əbədiyyətə qədər yaşayacaqdır! Çünki bizim dövlətimiz Heydər Əliyev kimi bir müdrikin ölməz əsəridir!
Azadlıq, müstəqil dövlət halında yaşamaq hər bir xalqdan ötrü, o cümlədən bizim xalqımız üçün ən böyük xoşbəxtlikdir, misilsiz nemətdir. Çünki, dövləti olmayan xalq məhvə məhkumdur. Məhz buna görə də qədirbilən xalqımız ilk növbədə öz dahi oğluna - Heydər Əliyevə minnətdardır. Hər bir Vətən övladına gün kimi aydındır ki, əgər XX yüzillıyin sonunda Ulu Tanrı şəxsiyyət və zaman problemini bizim xeyrimizə həll etməsəydi - xalqımızın Heydər Əliyev kimi qüdrətli şəxsiyyəti olmasaydı müstəqilliyimizi qoruyub saxlaya bilməyəcəkdik!
Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində xalqımızın yetirdiyi dahi şəxsiyyətdir. O, öz xalqının bağrından qopub gələn BÖYÜK AZƏRBAYCANLI İDİ, öz yurdunun, doğma torpağının misilsiz təəssübkeşi idi. Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir.
Azərbaycan xalqının XX yüzillikdəki tarixi Heydər Əliyev şəxsiyyəti ilə, onun 30 ildən artıq bir müddət ərzində öz xalqının, doğma yurdunun gələcəyi naminə həyata keçirdiyi böyük quruculuq işləri ilə qırılmaz surətdə bağlıdır. Bütün ruhu, varlığı ilə öz xalqına, doğma yurduna bağlı olan bu böyük şəxsiyyət müxtəlif sistemlərdə, bir-birinə zidd siyasi quruluşlarda fəaliyyət göstərsə də həmişə, ən çətin tarixi dövrlərdə və təqiblər şəraitində belə, doğma Azərbaycana xidmət etmişdir. Böyük dövlət xadiminin ömür yolunun bütün məqamlarını bir nadir keyfiyyət səciyyələndirir - Vətən mücadiləsi, hər yerdə, bütün vəzifələrdə, hər zaman ana Vətənin, doğma xalqın tərəqqisi üçün can qoymaq!
Heydər Əliyevin doğma xalqına həsr olunmuş ömür yolunun bir adı var - BÖYÜK VƏTƏN mücadiləsi! Onun ictimai-siyasi və zəngin dövlət quruculuğu fəaliyyəti bir-biri ilə üzvi surətdə bağlı olan aşağıdakı dövrləri əhatə edir:
Birinci dövr - XX əsrin 40-cı illərindən 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlməsinə qədərki illəri əhatə edir. Həmin illərdə Azərbaycanın hüquq-mühafizə orqanlarında fəaliyyətə başlayan Heydər Əliyev son dərəcə ağır maneələri və çətinlikləri dəf edərək Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəldi. Onun olduqca gərgin, səmərəli və çox çətin şəraitdə göstərdiyi məqsədyönlü fəaliyyəti nətıcəsində bu dövrdə Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı, ilk dəfə olaraq xalqımızın qeyrətli övladları təhlükəsizlik orqanlarında işə cəlb olundu. O zaman Heydər Əliyev xalqımızın vətənpərvər oğullarını, milli əhval-ruhiyyəli ziyalılarını təqiblərdən qorudu və bununla, əslində, milli oyanışımızın başında durdu. Beləliklə, xalqımıza qarşı dəfələrlə qanlı qırğınlar törətmiş düşmən yuvasının - KQB-nin zərərsizləşdirməsi Heydər Əliyevin doğma xalq qarşısındakı ən böyük tarixi xidmətlərindən biridir.
İkinci dövr – Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrüdür. 1969-1982-ci illəri əhatə edən bu dövrdə ölkəmiz, ümumiyyətlə Şimali Azərbaycan Rusiya İmperiyası və Sovet dövləti tərkibində olduğu bütün tarixi dövr ərzində, özünün ən yüksək inkişaf zirvəsinə qalxdı. Heydər Əliyevin çox dərindən ölçülüb-biçilmiş, gələcəyə istiqamətlənmiş müdrik və cəsarətli fəaliyyəti nəticəsində o zaman Azərbaycan bütün Sovet İttifaqında ən qabaqcıl sənaye və kənd təsərrüfatı respublikasına, SSRİ məkanında nəhəng tikinti meydanına çevrildi. Elm, mədəniyyət və kadr hazırlığı ən yüksək zirvəyə qalxdı. Uzaqgörən və daim xalqının gələcəyini düşünən böyük dövlət xadimi öz xalqını həyatın bütün sahələrində müstəqil yaşamağa hazırladı. SSRİ-nin dağılacağını qabaqcadan görən Heydər Əliyev bugünkü müstəqil, yeni Azərbaycanın quruculuğuna hələ o zaman başlamışdı. Bir sözlə, ötən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi və himayəsi ilə Şimali Azərbaycanda milli oyanış və müstəqilliyə doğru Böyük Dönüş dövrü başlanmışdı. Buna görə də XX yüzilliyin 90-cı illərində böyük Sovet imperiyası çökərkən məhz Heydər Əliyevin uzaqgörən, olduqca gərgin, səmərəli və cəsarətli dövlətçilik fəaliyyəti nəticəsində Azərbaycan müstəqil yaşamağa tamamilə hazır idi.
Üçüncü dövr – Heydər Əliyevin dövlətçilik fəaliyyətinin Moskva dövrüdür. 1982-1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək post tutan Heydər Əliyev velikorus şovinizmi və böyük dövlətçilik psıxologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, bu rejimin yaratdığı təqiblər və ayrı-seçkilik sisteminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyildir. Tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev az vaxt içərisində bütün SSRİ-də böyük nüfuz qazandı. Həmin dövrdə Heydər Əliyev Siyasi Büroda bütün Sovet dövlətini idarə etməyə və onu tənəzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi. Odur ki, səriştəsiz və bacarıqsız Kreml rəhbərləri, xüsusilə M.Qorbaçov Heydər Əliyevi özlərinə ciddi rəqib hesab edirdilər. Belə bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Heydər Əliyev sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi. Xalqımızın böyük oğlu o zaman, həm də, Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçilərinin qarşısında qüdrətli maneə, keçilməz sədd idi. Elə buna görə də, hələ Stavropoldan başlayaraq erməni mafiyasının əlində itaətkar alət olan M.Qorbaçov, nəhayət, öz fitnəkar niyyətinə nail ola bildi: xalqımızın dahi oğlu SSRİ-yə rəhbərlikdən uzaqlaşdırıldı. Bu, əslində bütün sovet hakımiyyəti illəri ərzində xalqımıza vurulan ən ağır zərbə idi. Təsadüfi deyil ki, bundan dərhal sonra M.Qorbaçov tərəfindən himayə olunan erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan qoparıb almaq üçün fəal mübarizəyə başladılar. Dahi şəxsiyyətimiz bu dövrdə həm öndən - Moskvadan, həm də arxadan Azərbaycandakı dönüklərdən vurulan ağır zərbələrə məruz qaldı...
Dördüncü dövr. Heydər Əliyevin Böyük Vətən mücadiləsinin Dördüncü dövrü 1987-1990-cı illəri əhatə edir. Bu illər M.Qorbaçovun başçılıq etdiyi Kreml rejiminin xalqımızın böyük oğluna qarşı həyata keçirdiyi ağır təqib illəridir. Ömrünün bütün dövrlərində olduğu kimi, Heydər Əliyev həmin illərdə də doğma xalqı üçün yaşamış, nəhəng Sovet dövlətinin dağılmaqda olduğu şəraitdə öz Vətəni üçün çıxış yolları axtarmış, özünün zəngin dövlətçilik təcrübəsi, müdrik məsləhətləri ilə Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf etmişdir. Lakin o zaman Azərbaycana başçılıq edən səriştəsiz rəhbərlərin Moskva qarşısındakı mütiliyi və xəyanətkar siyasəti nəticəsində Azərbaycan xalqı bu dövrdə öz böyük oğlunun zəka potensialından məhrum edilmişdir. Nəinki məhrum edilmişdir, hətta ona arxadan vurulan zərbələr də ara verməmişdir...
Beşinci dövr – 1990-1993-cü illəri əhatə edir. Bu dövr Heydər Əliyevin Vətən naminə mübarizə yolunda xüsusi yer tutur. Həmin dövr Azərbaycanın tarixində ən ağır fəlakət illəri, “olum, ya ölüm” dövrü idi. Moskvaya satılmış xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan “bəylər” məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Vətənin ümid çırağı, əliyalın xalqın yeganə qələbə sılahı Heydər Əliyev zəkası idi. Bu dövrdə - 1990-cı il Yanvarın 21-də (20 Yanvar qırğınının ertəsi günü!) həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsınin önünə keçdi. Dahi siyasətçi xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin Vətəndə - onun paytaxtı Bakıda tariximizin ən rüsvayçı faktlarından biri baş verdi: xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq, ona yol göstərmək imkanı verilmədi. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra - 1990-cı il iyulun 22-də doğulduğu Naxçıvana pənah aparmalı oldu. Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı. Bu dövrdə ermənilər və onların havadarları olan Rusiya hərbçiləri tərəfindən hərbi-siyasi və iqtisadi blokadaya salınmış Naxçıvan çıxılmaz vəziyyətə düşmüşdü. Ana Vətəndən - Böyük Azərbaycandan da Naxçıvanın harayına cavab verən yox idi. Səriştəsiz rəhbərlər, oyuncaq kürsü düşkünləri Vətən torpaqlarını hərraca qoymuşdular. Təkcə Naxçıvanın deyil, bütün Azərbaycanın halı ağır idi. Yağıların torpaqlarımızı bölüşdürmək planları reallaşmaqda, Yurdumuz, o cümlədən də Naxçıvanımız bir siyasi varlıq kimi Cənubi Qafqazın siyasi xəritəsindən yox edilmək ərəfəsində idi. Məhz belə bir ağır şəraitdə Heydər Əliyev “olum ya ölüm” savaşımızın ən ağır cəbhəsindən - Naxçıvandan bütün Azərbaycanın qurtuluş mücadiləsinə qalxdı. Müasir daşnakların sovet sərhəd qoşunları ilə birləşərək üzük qaşı kimi mühasirəyə aldığı Naxçıvanda təkcə həmin bölgəmizin deyil, bütün Azərbaycanın müqəddəratı həll olunurdu. Ağlasığmaz dərəcədə ağır olan bu mürəkkəb tarixi şəraitdə Heydər Əliyev şəxsiyyəti özünün yeganə silahı ilə - misilsiz siyasi dühası və dövlət müdrikliyi sayəsində Naxçıvan camaatının mübarizliyınə, əzmkarlığına arxalanaraq qəhrəman Kəngərli yurdunu tarixin ən ağır sınağından çıxara bildi! O zaman milli müstəqilliyimizin ilk addımları da məhz Naxçıvanda atılırdı. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılıb atılması, Naxçıvan “Ali Sovet”inin “Ali Məclis” adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə burada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması və qaldırılması, Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, SSRİ-nin saxlanılması barədə referendumdan imtina olunması, 1990-cı ilin 19-20 yanvar faciəsinə siyasi qiymət verilməsi, dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması barədə tarixi qərar çıxarılması, bir çox digər cəsarətli addımlar Naxçıvanımızı qurtuluş mücadiləmizin önünə çıxardı.
Heydər Əliyevin başçılıq etdiyi Qurtuluş savaşının Naxçıvan dövründə ana Vətən - Böyük Azərbaycan qan içərisində çapalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, vəzifə naminə müqəddəs torpaqlarımızın düşmənə təslim edilməsi adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, hərki-hərkilik baş alıb gedirdi. Yurdun hər yerində silahlı quldur dəstələri hökmranlıq edirdilər. Məmləkəti idarə edənlərin başı sovet hakimiyyəti illərində toplanmış xalq əmlakının talan olmasına qarışmışdı. Faktiki olaraq dövlət yox idi. Ölkə milli fəlakət həddinə çatmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Azərbaycan vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Vətən torpaqları hərraca qoyulmuşdu. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Tarixi düşmənlərimizin Azərbaycanı Qafqazın siyasi xəritəsindən silib götürmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bu fəlakət anında müdrik xalqımız, qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı: dünyanın böyük siyasət adamını – Azərbaycanın yeganə ümid çırağını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı.
Altıncı dövr – 1993-cü ilin iyun günlərində, məhz o zaman, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanmış qurtuluş mübarizəsi özünün yeni – həlledici mərhələsinə qədəm qoydu, bütün Azərbaycanın qurtuluşu başlandı. Bununla Heydər Əliyevin Vətən naminə mücadiləsində Altıncı dövr başlandı. 1993-cü ilin iyunundan başlanmış həmin dövrdə Heydər Əliyev bütün həyatını, varlığını Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizəyə və Yeni, Müstəqil Azərbaycanın qurulmasına həsr etdi.
1993-cü ilin iyununda doğma yurdunda - özünün vaxtilə qurub-yaratdığı Azərbaycanda ikinci dəfə rəhbərliyə gələn müdrik siyasətçi bir neçə gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət xadiminin əlinə keçdi. Yenicə müstəqillik qazanmış Azərbaycan, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı. Heydər Əliyev zəkası xarici və daxili düşmənlərin dövlətçiliyımizə qarşı törətdikləri bütün qəsdlərə üstün gəldi. Bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş, xalqımızı dəfələrlə qan içərisində boğmuş ənənəvi düşmənlərımızin, onların bitib-tükənməyən məkr, hiylə və ən müasir silahlarının qarşısında məhz Heydər Əliyev şəxsiyyəti duruş gətirə bildi!
Dahi siyasətçi Vətənin müstəqilliyinin qorunub saxlanılması uğrunda ağır mübarizə şəraitində, eyni zamanda, Yeni - Müstəqil Azərbaycanın quruculuğuna başladı. 90-cı illərin ortalarından başlayaraq hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu daha da genişləndi. Azərbaycan keçmiş sovet məkanında həyatın bütün sahələrində ən qabaqcıl mövqeyə çıxdı. Ölkəmiz daxili siyasətdəki və beynəlxalq aləmdəki uğurlarına görə dünya birliyində öz layiqli yerini tutdu.
Zəmanəmizin dahi siyasətçisi Heydər Əliyev Vətənin, doğma xalqın işıqlı gələcəyi naminə hələ ötən əsrin 40-cı illərindən başladığı şərəfli mübarizə yolunu bu gün də uğurla davam etdirir, öz doğma xalqını dibi görünməyən yarğanların, uçurumların üzərindən böyük müdrikliklə, incə və çevik siyasətlə, nazik tellər üzərindən keçirib gələcəyə aparır, lakin cismən yox, bizlərə əmanət etdiyi vəsiyyətləri ilə, müəyyənləşdirdiyi aydın və işıqlı yolla, uzaqgörən daxili və xarici siyasət strategiyası ilə!
Heydər Əliyev ideyalarının zəfər yürüşü davam edir...
Bu gün Azərbaycan Respublikasına Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir.
Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O, doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidenti həyata keçirdiyi demokratik islahatlarla və böyük quruculuq-abadlıq işləri ilə bütün dünyada məşhurdur. İlham Əliyev Azərbaycan tarixinə Qurucu Prezident kimi daxil olmuşdur.
Müasir dünyanın görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.
İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır.
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.
İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonunda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətlə xidmət etmək nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma “Dağlıq Qarabağ problemi” barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var. Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə Qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazandırmışdır. O, AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir (2003, yanvar).
İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.
İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda bütün regionlarda da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.
Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir.
İlham Əliyev, hələ prezident seçilməzdən əvvəl, beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan nümayəndə heyətinin başçısı, yaxud üzvü kimi ABŞ, İngiltərə, Türkiyə, Fransa, Rusiya, Ukrayna, İsveçrə, Qazaxıstan, Özbəkistan, Slovakiya, Polşa, Gürcüstan və digər ölkələrdə rəsmi səfərlərdə, o cümlədən dövlət səfərlərində olmuş, bir çox beynəlxalq konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir.
İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. O, 2003-cü ilin prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi dövründə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi Prezident fərmanı ilə 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı qəbul olunmuş, bütün ölkə ərazisində geniş quruculuq-abadlıq işlərinə başlanmışdır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Heydər Əliyevin inkişaf strategiyası yeni mərhələyə daxil olmuşdur. Ölkə başçısının həyata keçirdiyi müdrik və uzaqgörən islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənmiş, iqtisadiyyatda yeni texnologiyaların tətbiq olunmasına diqqət daha da artmışdır. Qloballaşan dünyada baş verən iqtisadi proseslərin dərindən təhlil olunaraq nəzərə alınması, ölkə iqtisadiyyatının inkişafına və idarə olunmasına müasir yanaşma Azərbaycanın maliyyə-iqtisadi imkanlarının sürətlə artmasına səbəb olmuşdur. Dayanıqlı və dinamik iqtisadi inkişafın təmin olunması nəticəsində Azərbaycan ümumdaxili məhsulun həcminə və iqtisadi inkişaf tempinə görə dünyanın ən öndə gedən ölkələrindən birinə çevrilmişdir.
Prezident İlham Əliyevin dərin elmi əsaslara malik olan iqtisadi inkişaf siyasəti nəticəsində Azərbaycan dünyanın ən dinamik və davamlı inkişaf edən ölkəsinə çevrilmişdir. İqtisadi inkişafın Azərbaycan modeli hazırda bütün dünyada diqqəti cəlb edir.
Sürətli iqtisadi inkişaf və çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına və yoxsulluq həddinin kəskin surətdə azalmasına səbəb olmuşdur. Hazırda ölkədə regionların sosial-iqtisadi inkişafı (2009-2013), yoxsulluğun azaldılması və davamlı inkişaf (2008-2015), əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair (2008-2015) və bir çox başqa sahələrdə Dövlət Proqramları uğurla həyata keçirilir.
Prezident İlham Əliyev ölkənin intellektual potensialının inkişaf etmiş ölkələrin səviyyəsinə qaldırılması üçün məqsədyönlü siyasət yeridir. Ölkədə xüsusi istedada malik olan uşaqların təhsili diqqət mərkəzində saxlanılır. Azərbaycan gənclərinin xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələrinə göndərilməsi, informasiya-kommunikasiya texnologiyaları sisteminin sürətli inkişafı dövlətin prioritet inkişaf sahələrindəndir. 2012-ci ildə Azərbaycanın milli telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur. Ölkədə kosmik tədqiqatların inkişafı diqqət mərkəzində saxlanılır.
Planetar təfəkkürlü siyasi və dövlət xadimi olan İlham Əliyevin yeritdiyi qlobal inteqrasiya siyasəti nəticəsində Azərbaycan Avropa ilə Asiyanı əlaqələndirən çox mühüm beynəlxalq nəqliyyat qovşağına və neft-qaz tranziti ölkəsinə çevrilmişdir. Azərbaycan Respublikası hazırda özünün iqtisadi təhlükəsizliyini təmin edəcək valyuta ehtiyatlarına malikdir.
2003-2010-cu illər ərzində Azərbaycanda həyata keçirilən demokratik-hüquqi islahatlar nəticəsində bütün sahələrdə bazar iqtisadiyyatının sürətli inkişafını təmin edən qanunvericilik bazası yaradılmışdır; iqtisadiyyatın bütün sahələrində mülkiyyətin çoxnövlülüyü təmin olunmuşdur; özəl sektor Azərbaycan iqtisadiyyatının inkişafında həlledici rol oynayır; dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmişdir; azad rəqabət təmin olunmuşdur; Azərbaycan iqtisadiyyatı konkret proqramlar əsasında idarə olunan iqtisadiyyata çevrilmişdir; ölkədə bazar institutları (valyuta birjası, kredit sistemi, qiymətli kağızlar, sığorta, lizinq bazarları və s.) formalaşdırılmışdır; xarici iqtisadi fəaliyyət liberallaşdırılmışdır; korrupsiyaya və inhisarçılığa qarşı davamlı mübarizə aparılır.
Beləliklə, Prezident İlham Əliyevin müdrik, dərin elmi əsaslara malik olan, uzaqgörən və çevik siyasəti nəticəsində Azərbaycanda keçid dövrü başa çatmış və ölkə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları (2004,12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir.
Mükəmməl tarix təhsili almış və bu sahədə dərin, hərtərəfli biliyə malik olan İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. O, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi”.
Ölkə başçısı çarizm və bolşevik rejimi dövrlərində Azərbaycan tarixinin xüsusi məqsədlərlə saxtalaşdırılmış məsələlərinin yenidən yazılmasını gündəlik nəzarət altında saxlayır. O, ölkədə tarix sahəsində aparılan tədqiqatlara xüsusi önəm verir və tarixçilərin əməyini yüksək qiymətləndirir: “Tarix elmləri ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir. Biz bu məsələyə çox böyük diqqət göstəririk. Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar. Başlıcası, İrəvan xanlığının tarixi ilə bağlı yaradılmış əsərlər xüsusi məna daşıyır. Çünki əfsuslar olsun ki, dünya birliyi demək olar bilmirdi ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır”.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Azərbaycan Prezidenti İlham Əliyev dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir və Avropa-Asiya qarşılıqlı əlaqələrinin həyata keçirilməsində çox mühüm rol oynayır. Bütün dünyada Azərbaycan Prezidentinə olan böyük hörmət və etimadın nəticəsidir ki, 155 dövlətin səs verməsi nəticəsində bu gün Azərbaycanımız BMT Təhlükəsizlik Şurasının üzvüdür. Ölkəmiz dünyanın ən sürətlə inkişaf edən dövlətidir. Xalqımız böyük qürur hissi keçirir ki, yaşadığımız günlərdə şanlı tariximizin QURUCU İLHAM səhifələri yazılır.
Yaqub MAHMUDOV,
əməkdar elm
xadimi, AMEA-nın müxbir üzvü,
tarix elmləri
doktoru, professor
Xalq qəzeti.- 2012.- 12 dekabr.- S.
2;3.