İtaliyanın
Azərbaycandakı səfiri: “Avropa Birliyi regionda sülh və sabitliyin bərqərar
olmasında müsbət rol oynaya bilər”
“İtaliya qarşılıqlı ticarət dövriyyəsinin həcminə görə Azərbaycanın əsas tərəfdaşlarından biridir”
İtaliyanın Azərbaycandakı səfiri Mario Baldinin APA-ya müsahibəsi
- Cənab səfir, Azərbaycan və İtaliya arasındakı əlaqələri necə xarakterizə edərdiniz?
- Bir sözlə desəm, yüksək səviyyədə. Azərbaycanla İtaliyanı sıx dostluq hissləri və faydalı, çoxtərəfli əməkdaşlıq birləşdirir. 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulduqdan sonra ikitərəfli və çoxtərəfli səviyyədə siyasi dialoqun intensivləşdirilməsi üçün çoxsaylı imkanlar yaradılıb. Azərbaycanın İtaliya hökuməti tərəfindən də dəstəklənən ATƏT və Avropa Şurasına üzvlüyü ölkənin Avropa institutlarına tədrici inteqrasiyası prosesində böyük tarixi addım idi. İqtisadiyyat sahəsində əməkdaşlığa gəlincə, Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında fundamental rol oynayır, mənim ölkəmə neft ixrac edən dördüncü ölkədir. Energetika bizim əməkdaşlığımızın əsas istiqaməti olsa da, iki xalq arasındakı dostluğu qidalandıran, humanitar əlaqələrimizin şəffaflığını izah edən digər enerji mənbəyi də var - bu, qarşılıqlı mədəni hörmət və heyranlıqdır. Bu hisslər dərin və səmimi olub, tərəfdaşlığımızın etibarlı və möhkəm təməlini təşkil edir, eyni zamanda, Azərbaycanla İtaliya arasında gələcək əməkdaşlıq üçün nikbinlik vəd edir.
- İki ölkə arasında turizm sahəsindəki əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
- Məmnuniyyətlə qeyd edərdim ki, İtaliyanın gözəlliklərini, qonaqpərvərliyini, təbiətini, tarixini, incəsənət və kulinariyasını özü üçün kəşf edən azərbaycanlı turistlərin sayı getdikcə artmaqdadır. 2012-ci ildə İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən verilmiş turizm vizalarının sayı 70 faiz artıb. Bu, bizim nikbinliyimizə əsas verir, çünki turizmi əsas gəlir mənbələrimizdən birinə çevirmək istəyirik.
- İtaliyadakı hazırkı böhran Azərbaycanla ticarət-iqtisadi münasibətlərə təsir edə bilərmi?
- Böhran səbəbindən İtaliyada enerji istehlakı azalıb ki, bu da Azərbaycandan neft idxalını təbii olaraq azaldır. Amma mən iqtisadi əlaqələrimizin perspektivinə nikbin yanaşıram. İtaliya qarşılıqlı ticarət dövriyyəsinin həcminə görə (bu il 8 milyard avrodan çox olub) Azərbaycanın əsas tərəfdaşlarından biri olaraq qalır. Bundan başqa, iqtisadiyyat sahəsində əlaqələrin perspektivlərinin öyrənilməsi üçün böyük potensial mövcuddur. Bu sırada kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, bərpa olunan enerji mənbələri kimi sahələri sadalamaq istərdim. Ona görə də İtaliya hökuməti, o cümlədən Xarici İşlər və İqtisadiyyat nazirlikləri həmişə italyan şirkətlərini, kiçik və orta müəssisələri Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadiyyatın diversifikasiyası prosesində iştirak etməyə həvəsləndirir. Avrozonadakı çətin vəziyyətə baxmayaraq, bizim şirkətlər Avropanın hüdudlarından kənarda yeni imkanlar axtarmalı və Azərbaycan bazarını özləri üçün kəşf etmək məqsədilə bura gəlməlidirlər.
- Avropadakı böhran “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Azərbaycan-Avropa Birliyi münasibətlərinə təsir edə bilərmi?
- Bunun belə olacağını düşünmürəm. Avropa Birliyinin digər üzvləri kimi, İtaliya da Azərbaycanın Avropa institutlarına yaxınlaşmaq, qanunvericiliyin harmonizasiyası, standartların yaxşılaşdırılması səylərini dəstəkləyirik. Hesab edirik ki, “Şərq Tərəfdaşlığı” Proqramı Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın möhkəmlənməsi və genişlənməsi üçün həm ikitərəfli, həm də çoxtərəfli platforma olaraq vacib alətdir. Bu kontekstdə biz “Şərq Tərəfdaşlığı” Proqramında nəzərdə tutulan birgə layihələrin həyata keçirilməsi, siyasi dialoqun gücləndirilməsi istiqamətində tərəqqini dəstəkləyirik. Ona da inanırıq ki, Avropa Birliyi regionda sülh və sabitliyin bərqərar olmasında müsbət rol oynaya bilər.
- Azərbaycan Avropadakı borc böhranının həllində necə iştirak edə bilər?
- Azərbaycan
artıq Avropaya
enerjidaşıyıcılarının etibarlı nəqlində
mühüm rol
oynayır. Düşünürəm ki,
Azərbaycan gələcəkdə Dövlət Neft Fondu vasitəsilə Avropaya investisiyaların həcmini artıra bilər.
Xalq qəzeti.- 2012.- 13 dekabr.- S. 5.