Azərbaycan
Avropanın həm də idman mərkəzlərindən birinə
çevrilir
Bugünlərdə
hamımız sürətlə
inkişaf edən ölkəmizin beynəlxalq aləmdə
artan nüfuzunu, qüdrətini növbəti dəfə təsdiqləyən
xoş xəbərin sevincini yaşamaqdayıq. Bəli, dünya miqyasında böyük nüfuza
malik olan Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa
Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı qərarı hər bir azərbaycanlının qəlbində
sonsuz iftixar hissi yaratmış, cəmiyyətdə hədsiz
sevincə səbəb olmuşdır. Dekabrın 10-da bu
münasibətlə xalqımızı təbrik edən Azərbaycan
Prezidenti İlham Əliyev haqlı olaraq Avropa Olimpiya
Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı qərarı böyük tarixi hadisə, ölkəmizin
növbəti möhtəşəm uğuru kimi qiymətləndirmişdir.
Bu hadisə bir daha sübut edir
ki, nüfuzlu beynəlxalq tədbirlərin
keçirildiyi məkana çevrilən Azərbaycan, həm də Avropanın idman mərkəzlərindən
birinə çevrilməkdədir.
Məlumdur ki, 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının hansı ölkədə və hansı şəhərdə keçirilməsi ilə bağlı uzun zaman müzakirələr aparılmış, müxtəlif təkliflər səsləndirilmiş və dünya səviyyəli ekspertlərin rəyi öyrənilmişdir. Aparılan gərgin müzakirələrin nəticəsində bir neçə mühüm amil möhtəşəm idman tədbirinin ilk dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinə öz təsirini göstərmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, bu amillərdən birincisi Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik ölkəyə çevrilməsidir. Respublikamızın mühüm və həssas geosiyasi məkanda yerləşməsi, onun elmi şəkildə əsaslandırılmış çevik, tarazlı və çoxtərəfli əlaqələrin qurulmasını, inkişafını ön planda tutan xarici siyasət kursu həyata keçirməsi, dünyadakı mövqelərimizi xeyli möhkəmləndirmişdir. Son dövrlər cərəyan edən qlobal və regional proseslərin fonunda, Cənubi Qafqazın istisnasız lider dövləti olan Azərbaycanın dünya birliyindəki rolu və təsir imkanları günbəgün deyil, anbaan artmaqdadır.
Məhz həmin səbəbdən də bu gün Azərbaycana beynəlxalq aləmdə, xüsusən, Avropada böyük hörmətlə yanaşılır, onun geostrateji əhəmiyyəti, Qərb dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsindəki və sivilizasiyalararası dialoqdakı xüsusi rolu yüksək qiymətləndirilir. Keçən il BMT-nin Təhlükəsizlik Şurasına keçirilən seçkidə Azərbaycanın Macarıstan və Sloveniya kimi Avropa ölkələrini geridə qoyaraq, kəskin fərqlə çox səs alaraq Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də bunu təsdiq edir. Bu, həm də o demək idi ki, rəsmi Bakı artıq BMT-də kifayət qədər böyük nüfuz qazanmışdır və onun regionda və beynəlxalq aləmdə yürütdüyü siyasət dünya ölkələri tərəfindən də rəğbətlə qarşılanır. Ölkəmizin quruma üzv olan 193 dövlətin 155-i tərəfindən tam şəkildə dəstəklənməsi də bunu deməyə əsas verir. Bu, müstəqil Azərbaycanın diplomatiyasının ən böyük uğurudur.
Digər amil isə ondan ibarətdir ki, Avropanın, hətta dünyanın bir sıra ölkələrində ictimai təhlükəsizlik məsələlərinin tam həll edilmədiyi bir dövrdə ictimai-siyasi sabitliyin mövcud olduğu Azərbaycanda bu və digər məsələlər xüsusi diqqətdə saxlanılır. Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitlik çox mühüm rol oynayır və Azərbaycan bu baxımdan nümunəvi dövlət kimi dünyada özünü təsdiqləmişdir.
Maliyyə böhranından və onun ciddi fəsadlarından xilas ola bilməyən inkişaf etmiş Avropa ölkələrindən fərqli olaraq Azərbaycanın qeyri-adi sürətlə inkişaf etməsi də beynəlxalq aləmdə təəccüblə, rəğbətlə izlənilir. Qlobal güc mərkəzləri arasında yenidən tarazlaşma prosesinin çox ağrılı keçdiyi, aparıcı ölkələrin irimiqyaslı iqtisadi stimul paketləri yalnız vəziyyətin kəskin pisləşməsinin qarşısını ala bildiyi bir dövrdə ilin sonunadək Azərbaycanın strateji valyuta ehtiyatlarının 50 milyard dolları ötəcəyi barədə məlumatlar Avropada böyük rezonans doğurmuşdur. Strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkəmiz dünyada ilk onbeşlikdə qərarlaşmışdır.
Bir məqama da toxunmağı lazım bilirik. Bəzi, hətta
inkişaf etmiş ölkələrdə də büdcə kəsiri
ümumi daxili məhsulun 10 faizi qədər, dövlət
borcu isə onun 100 faizindən yuxarıdır. Azərbaycanda
isə dövlət borcu ümumi daxili məhsulun cəmi 8
faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici
dövlət borcunu 9 dəfə üstələyir ki, bu da
böyük nailiyyətdir. Başqa bir fakt: Azərbaycanda
neftin hasilatı ilə məşğul olan şirkətlərin
açıqlamalarına görə, 2006-2025-ci illər ərzində
dövlət büdcəsinə yalnız neftdən gələn
gəlirin 400 milyard ABŞ dolları məbləğinə
çatacağı qeyd olunmuşdur. Bu, çox böyük
vəsaitdir və Azərbaycan kimi əhalisi az
olan ölkələrin iqtisadi- maliyyə imkanlarının
kifayət qədər artırılması, yaşayış
səviyyəsinin xeyli yüksəldilməsi baxımından əvəzolunmaz
bir fürsətdir.
Ölkəmizdə
və Bakı şəhərində yüksək səviyyəli
müasir infrastruktur layihələrinin
reallaşdırılması, mötəbər beynəlxalq
idman yarışlarının keçirilməsi
üçün paytaxtımızda hər cür şəraitin
yaradılması da Avropa Olimpiya Komitəsinin 2015-ci ildə
birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi
ilə bağlı qərar qəbul etməsinə səbəb
olmuşdur. Məlumdur ki, möhtəşəm
paytaxtımız, artıq dünyanın ən gözəl
şəhərləri siyahısında öz yerini
almışdır. Bununla
belə, növbəti illərdə də Bakının
infrastrukturunun genişləndirilməsi, müasirləşdirilməsi
istiqamətində əlavə tədbirlər görüləcəkdir. Bu gün şəhərimizdə yeni infrastruktur,
xidmət obyektləri tikilir, ictimai yerlər, parklar
salınır, binalar bərpa edilir. Paytaxtımız gündən-günə
abadlaşır, çiçəklənir. Bakıya gələnlər
onun gözəlliyənə heyran qaldıqlarını hər
fürsətdə dilə gətirirlər.
Paytaxtımızda
və bütövlükdə Azərbaycanda idman
infrastrukturunun yaradılması istiqamətində böyük işlər
görülmüşdür. Vaxtilə
başlanmış layihələrin bir çoxu artıq
başa çatmışdır. Ötən illərdə
Gəncədə, Naxçıvanda, Sumqayıtda, Şəkidə,
Qubada, Şamaxıda, Lənkəranda, Qazaxda, Bərdədə,
Bakının Maştağa kəndində və digər
bölgələrimizdə Olimpiya İdman kompleksləri
tikilmişdir. Hətta, cəbhə xəttinin
bir neçə kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində
möhtəşəm idman qurğusu
idmançılarımızın istifadəsinə
verilmişdir. Hazırda ölkəmizdə 35 olimpiya idman kompleksi fəaliyyət
göstərir. Daha 10 idman infrastrukturu isə
inşa olunur.
Bu gün Bakıda
80 min tamaşaçı tutumlu yeni Olimpiya Stadionu inşa
edilir. Bu stadion bölgənin ən böyük
və ən müasir Olimpiya Stadionu olacaqdır. Hazırda böyük tutumlu Gimnastika Sarayı
tikilir. Bu yaxınlarda yeni, müasir Su
İdman Növləri Sarayının tikintisinə start
verilmişdir. Bu il, eyni zamanda, idman yarışları
üçün lazım olan ən böyük Bakı
“Crystal Hall” tikilmişdir. Bu sahədə
görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
Yaxın aylarda istənilən beynəlxalq yarışın
keçirilməsi üçün Bakıda yüksək səviyyəli idman
infrastrukturu yaradılacaqdır.
Bu gün Azərbaycan dünyada və Avropada idman ölkəsi
kimi tanınır. Bizim uğurlarımızın birinci səbəbi
Azərbaycanda gənclərə və idmanın
inkişafına göstərilən xüsusu diqqət və
qayğıdır. Yəni, ölkəmizdə idmanın
inkişafına geniş prizmadan yanaşılır və
kompleks tədbirlər görülür. Əlbəttə,
ilk növbədə, dövlət siyasəti bu istiqamətdə
çox uğurla aparılır. Onu da deyək
ki, idman sahəsində əldə edilən uğurlar bilavasitə
ölkələrin inkişaf göstəricilərinə
uyğundur. İnkişaf etmiş ölkələrdə,
adətən idman da inkişaf edir. Azərbaycan
inkişafda olan bir dövlət kimi idman sahəsində də
böyük nailiyyətlərə çata bilibdir. Təsadüfi
deyil ki, 2012-ci il Azərbaycanda “İdman
ili” elan edilmişdir. Bu, özlüyündə
bir göstəricidir.
Bu gün
Azərbaycanda idmanın inkişafı o səviyyəyə
çatıb ki, artıq beynəlxalq yarışlarda ölkəmizin
idmançıları dünyada əsas rəqib
kimi qəbul olunurlar. Bu baxımdan, olimpiya
oyunlarında qazandığımız uğurlar müstəsna
əhəmiyyətə malikdir. Müstəqil
Azərbaycan Respublikası da Olimpiya oyunlarına ilk dəfə
1996-cı ildə qatılmışdır. Atlantada qazanılmış bir gümüş medal
o dövrdə ölkəmiz üçün uğurlu nəticə
olsa da, Azərbaycanı güclü idman ölkəsi kimi
tanıtdırmağa yetərli deyildi. Həmin
illərdə olimpiya hərəkatının, idmanın
sürətlə inkişaf etdirilməsi zərurətə
çevrilmişdi. Qətiyyətlə deyə bilərik
ki, respublikamızda belə bir inkişaf 15 il
öncə – 1997-ci ildə cənab İlham Əliyevin Milli
Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə
başladı. 2000-ci ildə Sidney Olimpiya Oyunlarında
idmançılarımız iki qızıl və bir
bürünc medal qazanaraq, dövlətimizin 199 ölkə
arasında 34-cü olmasını təmin etdilər. Nəhayət, 2004-cü ildə Afinada
medallarımızın sayı 5-ə, 2008-ci ildə Pekində
isə 7-yə çatdı.
İnamlı
yüksəlişi davam etdirən idmançılarımız XXX London Yay Olimpiya
Oyunlarında möhtəşəm uğur qazandılar.
İdmanın 16 növündə 53 idmançı ilə təmsil
olunduğumuz olimpiadada Azərbaycan idmançıları iki qızıl, iki gümüş
və altı bürünc medal qazanmaqla bir daha təsdiq etdilər
ki, ölkəmiz qədim idman ənənələrinə
malikdir və bu sahədə uğurlu yüksəlişimiz
davam edir. Ölkələrin cədvəlində
Azərbaycan 30-cu yerə layiq görüldü, medalların
sayına görə 24-cü, Avropa ölkələri
arasında 15-ci, müsəlman ölkələri arasında
isə 3-cü yeri tutdu. Bu, doğrudan da
böyük və tarixi nailiyyət idi. 200-dən
çox ölkə arasında yalnız 35-nin nümayəndələrinin
iki və daha çox qızıl mükafata sahib olması və
onlar arasında Azərbaycanın da yer alması bir mənada
bizim də dünyada söz sahibi olduğumuzun rəmzi hesab
oluna bilər. Ölkəmiz XXX Olimpiadada medal qazanmış 85
ölkənin nəticələrini əks etdirən cədvəldə
bir çox dövlətləri, o cümlədən
İsveçrə, Norveç, Kanada, İsveç, Meksika,
Argentina, Belçika, Finlandiya, Bolqarıstan, Portuqaliya,
Yunanıstan, Hindistan, Malayziya, İndoneziya kimi ölkələri
qabaqlamışdır.
Bu məqamda qeyd etmək istərdik ki, bir dövlətin
bayrağı dünyada üç halda yüksəyə
qaldırılır. Birincisi, səfirliklərin, diplomatik
nümayəndəliklərin və beynəlxalq təşkilatların
binasının önündə, digəri isə dövlət
başçıları başqa bir ölkəyə səfər
etdikdə. Üçüncü halda isə
idmançılar beynəlxalq yarışlarda qələbə
qazandıqda onun təmsil etdiyi ölkənin bayrağı
yüksəldilir, dövlətinin himni səsləndirilir.
Yəni idmançılarımızın XXX
London Yay Olimpiya Oyunlarındakı misilsiz nailiyyəti, həm
də böyük siyasi xarakter daşıyırdı,
dövlətçiliyimizin nailiyyətləri kimi qiymətləndirilirdi.
Bu yolla beynəlxalq aləmdə böyük
nüfuz qazanan, etibarlı tərəfdaş kimi tanınan Azərbaycan
Respublikasının şan-şöhrəti daha da artdı,
ölkəmizin həm də idman sahəsində qabaqcıl
dövlətlər sırasında yer aldığı
bütün dünyaya sübut olundu. Avropa Olimpiya Komitəsinin
2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda
keçirilməsi ilə bağlı qərar qəbul etməsinə
təsir edən amillərdən biri də bu idi.
Avropa Olimpiya Komitəsinin Bakını seçməsinin digər bir səbəbi də budur ki, bu gün ölkəmiz möhtəşəm beynəlxalq tədbirlərin, yarışların keçirilməsində böyük təcrübəyə malikdir. Sirr deyil ki, ölkəmiz mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi, beynəlxalq idman yarışlarının baş tutduğu bir məkana çevrilmişdir. Son aylarda paytaxtımızda keçirilən tədbirlər də bunu sübut edir. İkinci Bakı Beynəlxalq Humanitar Forumu, Beynəlxalq İnternet İdarəçilik Forumu bunun ən bariz nümunəsidir. Təkcə İkinci Bakı Beynəlxalq Humanitar Forumuna 70 ölkədən 700-ə yaxın xarici nümayəndə qatılmış, 10 Nobel mükafatçısı, elm və ictimai xadimlər, tanınmış dövlət nümayəndələri, çoxlu sayda sabiq prezident, xarici işlər nazirləri, siyasi və iqtisadi sahələrdə tanınmış ekspertlər, KİV nümayəndələri, eləcə də dünyanın siyasi, iqtisadi, elmi və mədəni elitası, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirakçı qismində paytaxtımıza gəlmişdilər. Bu qədər nüfuzlu insanın dəvəti qəbul edərək ölkəmizə gəlməsi, Azərbaycana, onun Prezidentinə duyulan hüsnü-rəğbətin nəticəsi idi. Bu, ölkəmizin dünyadakı nüfuzunun göstəricisiydi.
Son aylar Bakı həqiqətən, həm də beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Bu il sentyabrın 29-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində sumo üzrə ikinci “Baku Open 2012" beynəlxalq festivalının açılış mərasimi olmuşdur. Festivalda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Ukrayna, Yaponiya, Rusiya, Belarus, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Polşa, Monqolustan, İordaniya, Misir və Şri-Lankadan olan 200-dək sumoçu birincilik uğrunda mübarizə aparmışlar. Keçən ayın 13-də Bakı İdman Sarayında tələbələr arasında boks üzrə sayca 5-ci dünya çempionatına start verildi. Noyabrın 27-də isə Bakıda ”İdman qurğularının idarə edilməsi" mövzusunda Beynəlxalq konfrans öz işinə başlamışdı. Önümüzdəki illərdə də bu tendensiya davam etdiriləcəkdir. 2016-cı ildə Azərbaycanda Şahmat Olimpiadası keçiriləcəkdir. Bir il sonra isə Azərbaycan İslam Oyunlarına ev sahibliyi edəcəkdir. Bütün bunlar göstərir ki, Azərbaycanda dünya səviyyəli yarışların təşkili üçün hər cür şərait yaradılmışdır.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul edilir. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmamışdır. Yuxarıda qeyd etdiyimiz kimi, məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə ölkəmizdə onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. Növbəti belə bir tədbir Bakıda 2015-ci ildə keçiriləcək birinci Avropa Olimpiya Oyunları olacaqdır.
Rauf KƏNGƏRLİ,
Xalq qəzeti.- 2012.- 14 dekabr.- S. 1.