Mifoloji fikirlər və reallıq

 

 

150 illik tarixi olan arxeoloji araşdırmalar Maya sivilizasiyasının yaranması, çiçəklənməsi və sonda mədəniyyətinin süqutunun səbəblərini aydınlaşdırmağa imkan verməmişdir. Mərkəzi Amerikanın Yukatan yarımadasında məskunlaşan bu qədim sivilizasiya, öz yazılı abidələrinə, incəsənətinə, arxitekturasına, riyazi və astronomik biliklərinə görə dünya tarixində diqqətəlayiq mövqe tutur. Yeni eranın başlanğıcına qədər mayalılar müasir Meksikanın, Qvatemalanın və Qondurasın ərazisini əhatə edən bir dövlət qurmuşdular. Bu ərazidə Palenke, Çiçen-İşa, Tikal kimi 100-ə qədər iri şəhər mövcud idi. Yeni eranın IX əsrinə qədərə demək olar ki, bütün bu şəhərlər məhv olmuş, Maya imperiyası süqut etmişdir. Onun yerində XI əsrdə Toltek dövləti yaranmış, XVI əsrdə ispanlar Mərkəzi Amerikanı zəbt edənə qədər bu dövlət mövcud olmuşdur.

 

“Dünyanın sonu” müzakirəsinin indi yaranmasının əsas səbəbi Maya təqviminin növbəti 5125 il davam edən baktunun (siklinin) sonunun 2012-ci ilin dekabrına təsadüf etməsidir. Bu təqvimə görə, həmin vaxt 5-ci Günəş erasının sonu, yeni eranın başlanğıcı olmalıdır. Bəzi Maya tədqiqatçıları hesab edirlər ki, sonuncu 13-cü sikl b.e.ə. 3114-ci il avqustun 11 və ya 13-də başlamışdır və öz sonuna çatmaq üzrədir.

 

Maya tarix və mədəniyyətini araşdıran mütəxəssislər baktunun sonu barədə bir-birinə uyğun olmayan nəticələrə gəlirlər. Məsələn, mayanistika üzrə bir çox populyar kitablar yazmış Maykl Kounun fikrincə, qədim kahinlər hesab edirdilər ki, növbəti baktun başa çatanda “dünyanın azad olmuş xalqları” məhv olacaqlar. Meksikadakı Çyapas ştatının şimal-şərqində yerləşən və əsası b.e.ə. III-VIII əsrlərdə qoyulmuş mayalılar şəhərinin qalıqları olan Palenkedə məbəddə yerləşən daşüstü yazılarda bəzi hadisələrin daha sonrakı dövrə, hətta 21 oktyabr 4772-ci ilə təsadüf edəcəyini bildirirdilər. Deməli, mayalılar siklin başa çatması ilə dünyanın məhv olacağını deyil, yeniləşəcəyini iddia edirdilər.

 

Dünyanın məhv olacağı fikri haradan irəli gəlir?

 

Dünyanın sonunun olacağı haqqında hələ eramızın əvvəlində mövcud olan bir çox sekta və okkult cəmiyyətlərin fikirlərindən başlamış, son dövrə qədər bütün müxtəlif növ dini kitablarda və mülahizələrdə, məşhur astroloqların və baxıcıların fikirlərində dəfələrlə məlumat verilir. Yeni eranın əvvəlindən indiyədək baş verəcəyi tarixi ay və günə qədər dəqiq verilmiş 100-ə qədər müxtəlif mənbə sadalamaq olar ki, indiyədək bu öncəgörmələrin heç biri özünü doğrultmamışdır. Başqa sözlə, dünyanın dağılacağı haqqında əvvəlcədən verilmiş bütün proqnozıarın heç biri reallaşmamışdır.

 

Dünyanın məhv olması haqqında bütün fərziyyələr iki əsas mənbədən qaynaqlanır. Tabasko ştatında Tortuqeroda VII əsrə aid olan daş kitabədə yarıpozulmuş belə bir yazı var ki, baktunun sonunda müharibə allahı Bolon-Yokte gələcəkdir. Kitabə müxtəlif aşınma və pozulmalara məruz qaldığından onun üzərindəki yazıları müxtəlif cür izah edirlər. Digər bir mənbə VIII əsrdə yaradılmış peyğəmbər kitablarıdır. Bu kitablarda dumanlı şəkildə deyilir ki, siklin sonu fəlakətlərə və Meksikada İspan ağalığının sona çatmasına səbəb olacaqdır. Bu yaxınlarda Meksika antrpoloqları Komalkalko xarabalığında 13-cü siklin sonu barədə daha yeni bir kitabə aşkar etmişlər.

 

XXI əsrin əvvəlində Maya təlimlərinin kütləviləşməsinin fikrimizcə, bir sıra ciddi səbəbləri vardır. Həmin dövrdə müxtəlif mistik cərəyanları və hərəkatları özündə birləşdirən “Nyu-Eydj” (New Age – yeni era, yeni dövr) dini təlimləri meydana çıxdı. Bu cür cərəyanlar “Yeni Era”, “Dolça əsri” hələ XX əsrdə müxtəlif Qərb ölkələrində mövcud olan teosofik qruplar tərəfindən yaranmış və 1970-ci illərdə geniş yayılmışdı. Bu hərəkatın adı yeni astroloji dövrün Dolça bürcündən başlaması ilə əlaqədardır. Yəni yaz bərabərliyi nöqtəsi uzun müddət eyni bir bürcdə olur, həmin dövr astroloji era adlanır. Eraların dəyişməsinin səbəbi Yerin fırlanma oxunun presessiya etməsidir. Bu yeni cərəyanın digər dinlərdən əsas fərqi ondadır ki, o, hansısa bir dini təlimə və ya dünyagörüşünə aid olmayıb, müxtəlif mənəvi təlimlərin, təcrübələrin və konsepsiyaların məcmusunu özündə birləşdirir. Göstərilən yeni təlimə görə, guya bu keçid hərəkəti nəticəsində Yer sakinlərin mental və mənəvi inkişafı böyük sıçrayışla yüksələcək.

 

Təkziblər

 

1990-cı ilin ortalarında həvəskar astronom C.M.Cenkins çap etdirdiyi populyar broşuralarında mayalıların təqvimindəki siklin sonunu qış günəşduruşu ilə bağlamışdır. Daha doğrusu, o, özünəməxsus “Qalaktik düzülmə” terminini ilk dəfə işlədərək, 2012-ci ilin sonu haqqında məlumat vermişdir. Eyni zamanda, o, belə bir düzülmənin sonuncu dəfə 1998-ci ildə baş verdiyini, nəticədə heç bir fövqəladə hadisə olmadığını bildirir.

 

2010-cu ildə əsasən rusdilli kütləvi informasiya vasitələri belə bir xəbər yaydılar ki, yerdənkənar sivilizasiyaların axtarışı ilə məşğul olan SETİ (Search for Extraterrestrial Intelligence)təşkilatı Yerə doğru hərəkət edən kənar planetlərdən gələn kosmik raketlər dəstəsi aşkar etmişlər. 2011-ci ildə SETİ təşkilatı geniş yayılmış belə bir şayiəni rəsmi şəkildə tamamilə təkzib etdi.

 

2011-ci ilin sonunda belə bir fikir formalaşdı ki, Maya təqvimi kataklizmlə bitməli deyil, çünki onun bir sikli bitdikdən sonra digər bir sikli başlayır. Biz mətbəx divarında asılmış sadə təqvimdə sikl bitəndə onun əvəzinə yenisini asırıq. Buna bənzər formada mayalıların təqvimi də yeni dövrə başlamalıdır. Amerikada olan FAMSİ tədqiqat qrupunun icraçı direktoru Sandra Nobl yazırdı ki, “qədim mayalılar üçün siklin başa çatması böyük bayram sayılırdı”. O, qeyd edirdi ki,  2012-ci ilin dekabrını dünyanın sonu kimi vermək “əsl saxtalaşdırma və bir çoxları üçün varlanma mənbəyidir”.

 

İnternet səhifələrində yerləşdirilən yazılara görə, 21 dekabr 2012-ci ildə planetlərin paradı olacaqdır, yəni bütün mövcud planetlər bir düz xətt üzrə düzüləcəkdir. Özü də bu parad digərlərindən onunla fərqlənəcəkdir ki, hətta digər planet sistemləri də hamısı “Qalaktikanın sıfır nöqtəsinə” istiqamətlənəcəkdir. Bu isə dünyanın tamamilə yeniləşməsinə və fəlakətlərə səbəb olacaqdır.

 

Gəlin məlum elmi faktlara diqqət edək. Planetlər ümumidünya cazibəsinin təsiri altında göy mexanikası qanunları ilə hərəkət edir. Bizim Günəş sisteminin yaşı 4,5 milyard ildir. Bu müddət ərzində mövcud planetlərin hərəkəti olduqca dayanıqlı bir vəziyyətə gəlmişdir və burada hər hansı bir dəyişikliyin hiss olunacaq dərəcədə baş verməsi üçün çox böyük zaman tələb olunur. Əslində, planetlərin paradı zamanı heç də həmişə bütün planetlər hamısı Günəşdən bir istiqamətə düzülmür. Planetlərin orbit müstəviləri az da olsa ekliptika müstəvisi ilə müəyyən bucaq əmələ gətirir. Məsələn, Merkurinin orbiti 7°, Veneranınki 3,4°, digər 6 planetinki isə daha kiçikdir. Odur ki, parad yalnız müəyyən sektor daxilində bir istiqamətə düzülmədir. Böyüklü-kiçikli 8-10 planetin eyni vaxtda bir sektorda düzülməsi ehtimalı olduqca kiçikdir.

 

Planetlərin paradı hazırda iki cür təsnif olunur. Venera, Mars, Saturn və Merkurinin düzülüşü kiçik parad, Yer, Venera, Yupiter, Mars, Saturn və Uranın düzülüşü isə böyük parad  adlandırılır. Kiçik parad ildə bir dəfə, böyuk parad isə 20 ildə bir dəfə baş verir.  Qeyd edək ki, müasir dövrdə göy mexanikası qanunları əsasında planetlərin orbitdə vəziyyətlərini – koordinatlarını əvvəlcədən yüksək dəqiqliklə hesablamaq olur. Biz əgər 21dekabr 2012-ci il tarixi üçün koordinatlar üzrə  alınan düzülüşə baxsaq, yalnız 3 planetin – Merkuri, Venera və Saturnun bir istiqamətə düzüldüyünü görə bilərik. Deməli, heç də deyildiyi kimi, həmin vaxt bütün planetlər bir istiqamətə düzülməyəcəkdir. Hətta, düzülsə belə, bunun heç bir qorxusu yoxdur. Elə 2011-ci ildə Merkuri, Venera, Mars, Yupiter və Uran Balıq bürcünə tərəf düzülərək parad təşkil etmişdilər. Beləliklə, planetlərin paradının təhlükə törədəcəyi fikrinin heş bir elmi əsası yoxdur.

 

Yayılmış məlumatlara görə, Yer üçün daha bir təhlükə planetlərarası mühitdə sərbəst dolaşan və guya hələ haqqında şümerlər tərəfindən öncədən məlumat verilən Nibiru adlanan bir planetin olmasıdır. Nibiru haqqında ilk dəfə 1995-ci ildə Nensi Lider adlı bir qadın məlumat vermişdir. O, iddia edirdi ki, guya həmin planetin sakinləri ilə kontakta girmişdir, yad planetlilər Nensinin onlarla birbaşa əlaqə yaratması üçün onun başında implantator yerləşdirmişlər.

 

Daha sonra Zaxariya Sitçinin yazdığına görə, şümerlər Nibirunu 12-ci planet hesab edirdilər. Sayın 12 olması onunla bağlıdır ki, şümerlər 9 planetdən başqa Günəş və Ayı da planet hesab edirdilər. Nibiru isə bu sırada 12-ci olur. Şümerlər hesab edirdilər ki, həmin planetdə yüksək şüurlu məxluqlar yaşayırlar. Planet çox sivri ellipik orbitə malikdir və 3600 ildə bir dəfə Yupiterlə Marsın orbiti arasından keçir. Guya bu zaman onlar Yerə enir və insanlarla kontakta girirlər.

 

İndi gəlin məsələnin elmi tərəfinə baxaq. Mövcud 8 böyük planetdən əlavə, 1930-cu ildə kiçik planet Pluton kəşf olunmuşdur. Bundan sonra buna bənzər daha bir kiçik planet -(15760) 1992 QB1 1992-ci ildə kəşf olundu. Hazırda Neptunun orbitindən kənarda diametri 800 km-dən böyük olan 11 belə kiçik planet məlumdur, bunlara Trans Neptun Obyektlər (TNO) deyilir. 2007-ci ildən indiyədək diametri 500 km-dən böyük olan və orbiti Plutonun orbiti daxilində yerləşən başqa cisimlər tapılmamışdır. Əgər belə cisimlər olsaydı, onun parlaqlığı 18-ci ulduz ölçüsündə olardı. Müasir teleskoplar hətta bundan da dəfələrlə zəif parlaqlıqlı cisimləri görə bilirlər. Deməli, məlum Günəş sistemi hüdudlarında belə bir planet yoxdur. Ola bilsin ki, Plutona bənzəyən hansısa bir cisim bizim Günəş sisteminin kənarında yerləşən Oort dumanlığında olsun. Bunu dəqiqləşdirmək üçün yeni elmi müşahidələr aparmaq zəruridir.

 

Hazırda belə planetlərin axtarışı ilə məşğul olan astronomlardan biri ABŞ Texnologiya Universitetinin professoru Maykl Braundur. Onun apardığı tədqiqatların nəticələri 2009-cu ildə nəşr olunmuşdur. Göstərildi ki, 2001-2006-cı illər ərzində səmanın 50 faizinin diqqətlə axtarılması nəticəsində 150 a.v. məsafədə diametri 1500 km-dən böyük obyekt tapılmamışdır. Braun göstərmişdir ki, 2012-ci ildə həmin Nibiru planeti yerə yaxınlaşmalı olsaydı, onu 2010-cu ildə mütləq görə bilərdik.

 

Yayılan digər xəbərlərə görə, dünyanı dəyişəcək səbəblərdən biri kimi, Yerin fırlanma oxunun qütblərinin əksinə dəyişməsi göstərilir. Guya dekabrın 21-də Yer oxunun şimal və cənub qütbləri öz yerini dəyişəcək, bu da fəlakətə gətirəcək, materiklər dəyişəcək və bütün yer üzünü su basacaq. Bəzi hallarda Yerin coğrafi qütblərinin yox, maqnit qütblərinin çevrilməsindən danışırlar. Gəlin baxaq, görək bu cür çevrilmə çox qısa müddətdə baş verə bilərmi?

 

Demək olar ki, əksər xalqların miflərində bir-birinə çox bənzəyən yer üzünü suyun basması hadisəsi haqqında yazılar vardır. Son dövrlərdə müşahidə olunan qlobal istiləşmə, tez-tez baş verən zəlzələlər, Yerin formasının dəyişməsi, Yaponiyadakı zəlzələdən sonra Yerin oxunun bir qədər sürüşməsi kimi faktlar bu məsələyə diqqətlə yanaşmağı zəruri edir. Bundan başqa, Çin alimləri belə bir elmi nəticəyə gəlmişlər ki, 1,3 milyard il əvvəl yer sutkalarının uzunluğu 15 saat, bir ildəki günlərin sayı isə 540 idi. Bütün bu faktlar real və dərin araşdırmalar tələb edir. Bu hadisələrin baş verəcəyinin mümkünlüyü haqda araşdırmalara nəzər salaq.

 

Müasir tədqiqatlar göstərmişdir ki, Yer planeti təxminən 4 milyard il bundan əvvəl formalaşma dövrü keçirərkən onun səthi çoxlu sayda asteroid bombardmanına məruz qalmışdır. Bu fakt hazırda yer səthində diametri 20 km olan 22000 ədəd və diametri 40 km olan 1000 ədəd kraterin olması ilə təsdiq olunur. Güman olunur ki, bu asteroidlər Marsla Yupiter orbitləri arasında yerləşən asteroidlər qurşağından gəlmişdir. Zərbə nəticəsində eni 5000 km-ə çatan dərələrin yaranması həmin bombardmanların nə qədər dəhşətli olmasından xəbər verir. Hesab olunur ki, məhz bu zaman yerdə canlıların yaranmağa başlaması üçün təbii inkubator – cansız kimyadan canlı rüşeymlərin yaranması üçün hidrotermal sistemlər yaranmışdır.

 

Yerin fırlanma oxunun geoloji sürüşməsi Ay və Günəşin təsiri ilə baş verir. Yer kürəsi qütblərdən basıq olduğu üçün hələ Nyuton göstərmişdi ki, kənar cisimlərin cazibəsi nəticəsində yerin oxu presessiya etməlidir. Müasir ölçmələrə görə bu presessiya nəticəsində yerin oxu 25776 il periodla fəzada konus cızır, oxun istiqaməti təxminən 71,5 il ərzində 1° sürətlə baş verir. Müasir dəqiq ölçmələrə əsasən yerin oxu il ərzində 7-8 m sürüşə bilər. Bu hadisə planetlər üçün təbii bir prosesdir, çünki yerdə kütlə kürə boyunca bircins paylanmamışdır.

 

NASA-nın reaktiv hərəkət laboratoriyasından Riçard Qross məlumat vermişdir ki, 2011-ci il martın 11-də Yaponiyada baş verən 9 ballıq zəlzələdən sonra Yerin oxu 17 sm sürüşmüşdür. Müqayisə üşün deyək ki, Çilidəki 2010-cu il zəlzələsindən yerin oxu 8 sm, Sumatrada 2004-cü ildə olan zəlzələdən isə 6 sm sürüşmüşdür. Lakin bu sürüşmələr il ərzində baş verən 7-8 m-lik sürüşmə fonunda çox azdır, hərçənd, dəyişmə sürəti zəlzələ zamanı sıçrayışla baş verir.  Bu halda yerin üst qatlarında olan litosfer layları hərəkət edə bilər. Məsələn, Yaponiyadakı zəlzələdən sonra Xonsyu adasının şimali-şərqindəki Osika yarımadası cənub-şərqə doğru 5,3 sm sürüşmüşdür. Yer qütblərinin fəlakətli şəkildə çox qısa müddət ərzində dəyişməsi akademik elm tərəfindən qəbul edilmir. Nəzəri olaraq Yerin litosfer qatında baş verə biləcək global sürüşmələr oxun qütblərinin dəyişməsinə səbəb ola bilər. Lakin bu hadisə nəzəri bir modeldir və onu uzun bir dövr ərzində baş verə biləcək materiklərin sürüşməsi, maqnit qütblərinin dəyişməsi kimi real hadisələrlə qarışdırmaq olmaz.

 

Yerin maqnit sahəsinin qütblərinin dəyişməsi 1885-ci ildən ölçülür. Son 100 il ərzində Yerin cənub maqnit qütbü 900 km sürüşərək Hind okeanına daxil olmuşdur. Arktik maqnit qütbü 1973-cü ildən 1984-cü ilədək 120 km sürüşmüşdür. 2002-ci ildə verilən məlumatlara görə, 1970-ci illərdə maqnit qütbünün sürüşməsi 10 km/il, 2001-ci ildə isə 40 km/il təşkil etmişdir. Maqnit qütlərinin sürüşməsinin dəqiq səbəbi məlum olmasa da, suxurların maqnitənməsini öyrənən poleomaqnitoloqlar sübut etmişlər ki, maqnit qütblər 250 milyon il bundan əvvəl böyük sürüşmələrə məruz qalmışdır. Bu hadisə nəticəsində həm litosferdə, həm də biosferdə ciddi dəyişmələr baş vermişdir. Beləliklə, bütün bu nəticələr göstərir ki, qütblərin sürüşməsi, deyildiyi kimi, bir gün ərzində deyil, milyonlarla il ərzində baş verə bilər.

 

Riyaziyatçıların və fiziklərin apardıqları hesablamalara görə, Yer oxunun fəzada yerini dəyişməsi üçün Yerə ən azı diametri 1000 km olan asteroid çırpılmalıdır. Yerin diametri 12756 km-dir. Günəş sistemində belə cisimlərin sayı çox azdır. Hazıda isə Yerlə toqquşma ehtimalı olan asteroidlər müşahidə olunmur. Hazırda Yerdə komet və asteroid təhlükəsi elmi araşdırmalar proqramı çərçivəsində belə cisimlərin trayektoriyasını avtomatik izləyən axtarış sistemi fəaliyyət göstərir (bax, http://neo.jpl.nasa.gov/orbits/). Əgər təhlükəli asteroidlər və habelə, yuxarıda qeyd olunan Nibiru kimi naməlum planet varsa, axtarış sistemi onu dərhal görə bilərdi.

 

Son günlərdə bəzi internet saytlarda NASA-nın dünyanın dağılacağı haqqında fərziyyələri təkzib etməsi haqqında yazılar da verilmişdir. Bu yazıların nə dərəcədə məhz NASA-ya aid olması saytlardan bəlli olmur. NASA kimi ciddi bir qurumun belə mifoloji fikirlər üzərində qurulan öncəgörmələri inkar etmək istəməsi ağlabatan deyil.

 

Qeyd edim ki, internet sürətli informasiya vasitəsi olduğundan ondan bəzi insanlar asan yolla yüksək qazanc götürmək üçün istifadə edirlər. Məsələn, son zamanlar bu və ya digər şayiələri yaymaq xüsusi bir məqsədə yönəlmiş olur. Məqsəd müxtəlif ola bilər: çoxdan bəri istehsal olunmuş və anbarlarda yatıb qalan istehlak mallarının, şamın, çadırların, ət konservlərinin və s. satılmasını sürətləndirmək üçün; bir çox ölkələrdə tarixi yerlərə diqqətin cəlb olunması və yeni turizm marşrutları açaraq qazanc əldə etmək üçün və s. Dünyanın sonu fikrinin ortaya atılması internet şəbəkəsində minlərlə qıcıqlandırıcı sərlövhəli məqalələrin və videomaterialların, filmlərin ortaya çıxmasına səbəb olmuşdur. Bütün bu materialların oxunması və baxılması böyük miqdarda internet vaxtı və deməli, külli miqdarda qazanc deməkdir. Turizm sahəsində Çinin təcrübəsi parlaq nümunədir. Vaxtilə aparılmış uzaqgörən siyasət və təbliğat  nəticəsində hazırda təkcə Pekin şəhərində onlarla tarixi və dini məbədlər və Böyuk Çin səddi kimi turizm mərkəzlərindən milyardlarla dollar gəlir əldə edilir. Belə mifoloji şayiələr bəzən də siyasətçilər tərəfindən cəmiyyətin məqsədyönlü şəkildə idarə olunması üçün də istifadə olunur. Heç uzağa getməyək, M.F.Axundovun “Aldanmış kıvakib” əsərini xatırlamaq kifayətdir. Hələ o dövrdə münəccimlərin öncəgörmələrinin hansı ictimai-sosial problemlər törədə biləcəyi çox gözəl təsvir olunur.

 

Ümumiyyətlə, astronomların qənaəti belədir ki, dekabrın 21-də heç bir fövqəladə hadisə baş verməyəcək. Sadəcə olaraq, həmin vaxt, hər il olduğu kimi, göy sferində illik hərəkəti nəticəsində Günəşin ekvatorial koordinat sistemində koordinatları dəyişir. Biz Azərbaycan vətəndaşları Yerin şimal yarımkürəsində yaşadığımıza görə, yay vaxtı iyunun 22-də Günəş Bakıda maksimal hündürlükdə – üfüqdən 72°46’ bucaq altında müşahidə olunur və həmin vaxt günün uzunluğu ən böyük olur. Qışda isə, dekabrın 22-də ən qısa gün müşahidə olunur, Günəş üfüqdən təxminən 35°52’-də minimal hündürlükdə olur. Bu zaman Bakıda saatlar 15-02-ni göstətəcək və beləliklə qış mövsümü girmiş sayılacaq.

 

Nəriman İSMAYILOV,

AMEA Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi,

fizika-riyaziyyat elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2012.- 16 dekabr.- S. 7.