Azərbaycanda
şəhərsalmanın yeni dövrü başlanmışdır
Ölkəmizdə
quruculuq işləri ildən-ilə
genişlənməkdədir. Şəhər və kəndlərimiz
öz simasını dəyişir, yeni yollar, prospektlər
salınır, dünya
memarlığının ən
yeni nailiyyətlərinə uyğun gözəl binalar
inşa edilir, bir sözlə, həyatımız gündən-günə yeniləşir,
gözəlləşir. Bütün
bunların əsasında Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü,
davamlı siyasət dayanır.
İstər paytaxtımızda, istərsə də regionlarımızda səhərsalmanın müasir ənənələrindən məharətlə istifadə edən memarlarımız öz yeni layihələri ilə Şərqin və Qərbin memarlıq üslubunun sintezini yaradır, həmin layihələr əsasında yeni, müasir binalar, parklar və xiyabanlar inşa edilir.
Bu gün Azərbaycanda səhərsalma sahəsində hansı yeniliklər var, Azərbaycanda memarlıq sənəti dövrün tələblərinə cavab verə bilirmi? Bu və digər suallarımızı Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru Cahid Həsənov cavablandırır.
- Memarlıq
insanın həyat və fəaliyyəti üçün
məkan mühitini əmələ gətirən
bina və qurğular sistemidir. Bu, bina və qurğuların gözəllik
qanunlarına uyğun olaraq
yaradılması sənətidir. Monumental memarlıqla
bərabər tarix boyu xalq memarlığı
da inkişaf edib. Mənsub olduğu xalqın
həyat tərzini və estetik görüşlərini əks
etdirən xalq memarlığı monumental memarlıq
üçün tükənməz
yaradıcılıq mənbəyi
olub.
Azərbaycanda memarlıq sənətinin
qədim tarixi var. Əlbəttə, mən bu tarixi nailiyyətləri
şərh etmək fikrində deyiləm. Bakı və digər regionlarımızdakı qədim
binalar, digər abidələr bunu təsdiq edir.
Müsahibim bildirdi ki, mövcud
yenidənqurma, genişləndirmələr,
müasir şəhərsalma
və arxitekturanın
yaradılması Azərbaycanda
şəhərlərin müasir
həyatının xarakterik
cəhətidir. Təkcə şəhərlərin əraziləri, yaxud da, onların sayı artmır, həm də dərin keyfiyyətli dəyişikliklər baş
verir. Elə Bakı şəhərini
götürün. O, özünün
bütün müxtəlifliyi
ilə yalnız memarlıq ansamblını
deyil, həm də yüksək yaşayış, inzibati və sənaye binalarından, metropoliten xəttinin dərində yerləşən yeraltı
nəqliyyat obyektlərindən,
estakadalardan, körpülərdən,
yollardan və s. təşkil olunan mürəkkəb mühəndis
qurğular kompleksini xatırladır.
Respublika Prezidentinin
14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”na
əsasən Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinə
tapşırılmış “Böyük Bakının
Regional İnkişaf Planı”nın
hazırlanması başa
çatmışdır.
Bakıya gələn
qonaqlar etiraf edirlər ki, Bakı tamamilə yeniləşmişdir. Burada inşa edilən
müasir tipli binalar, xiyabanlar onları həqiqətən
valeh edir. Xüsusilə, Heydər Əliyev prospektində ucaldılan Heydər Əliyev Mərkəzi öz füsünkarlığı ilə insanları valeh edir. Elə “Üç alov” bina
kompleksi də müasir memarlığın yeni nailiyyətlərindəndir. Əlbəttə,
müasir memarlıq təkcə uca binalar deyil, bu binaların görkəminin insan ruhuna, milli ənənələrə uyğunlaşması əsas şərtdir.
Bizim Milli Parkda son illər aparılan quruculuq işləri şəhərimizin ümumi memarlıq ansamblına yeni bir gözəllik bəxş edib, Bayraq Meydanı isə bu parkın ansablını bir növ tamamlayır.
Müsahibim Bakının ayrı-ayrı rayonlarında aparılan quruculuq işlərindən də danışdı. Dedi ki, İpək Yolu üstündə yerləşən Qaradağ rayonunda inşa edilən yeni binalar, parklar müasir memarlığın ən yeni nailiyyətlərinə əsaslanır.
Regionlarımızda quruculuq işləri genişlənir. Burada da şəhərsalmanın yeni nailiyyətlərindən məharətlə istifadə olunur. Xüsusilə ulu öndər Heydər Əliyevin adını daşıyan parklar, Olimpiya kompleksləri, yaşayış binaları öz görkəmi ilə gözəl mənzərə yaradır.
Cahid müəllim Bakının “Qara şəhər” adlandırılan ərazisində salınacaq yeni “Ağ Şəhər”in layihəsi barədə də danışdı. Bildirdi ki, bu, Bakının qoynunda yeni Avropa şəhəri olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq edilməsi haqqında fərmanının icrası çərçivəsində, Bakı şəhər İcra Hakimiyyətinin başçısı H. Abutalıbovun 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən, bundan sonra Bakı Ağ Şəhər (Baku White City) adlanacaq “Qara şəhər”in bərpa və inkişafı haqqında qərar qəbul edilmişdi. Sahəsi 221 hektar olan bu ərazi tamamilə dəyişərək, yeni bir sima alacaqdır. Artıq bu şəhərin tikintisinə başlanılmışdır.
Son olaraq müsahibim onu da dedi ki, Azərbaycanda şəhərsalma işləri bundan sonra daha da sürətlənəcək, ölkəmizin şəhər və qəsəbələri öz simasını dəyişəcəkdir. Bu, dövrün tələbidir.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.- 2012.- 15
dekabr.- S. 11.