Bakı Ali Neft Məktəbi ilə
“Statoil-Azərbaycan” şirkəti arasında əməkdaşlıq
protokolu imzalandı
Dünən
Bakı Ali Neft Məktəbi ilə “Statoil-Azərbaycan” şirkəti
arasında əməkdaşlıq protokolunun
imzalanması mərasimi keçirildi. Tədbiri giriş sözü ilə Bakı Ali Neft Məktəbinin rektoru
Elmar Qasımov açaraq
Azərbaycanda yenicə fəaliyyətə başlayan
bu ali təhsil
ocağının beynəlxalq əlaqələrinin
formalaşdırılması istiqamətində həyata
keçirilən tədbirlərdən bəhs etdi.
Qeyd olundu ki, “Statoil-Azərbaycan” şirkəti ilə imzalanan sənəd beynəlxalq əməkdaşlığın yaradılması sahəsində ilk vacib addımlardandır. Natiq bildirdi ki, zəngin neft və qaz ehtiyatlarına malik olan bu Şimal ölkəsi həmin sərvətləri vaxtında insan kapitalına çevirməyi bacarmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin neft-qaz sərvətlərinin insan kapitalına çevrilməsi ilə bağlı tövsiyəsinin hazırda uğurla reallaşmasını diqqətə çatdıran E. Qasımov bir çox sahələrdə olduğu kimi, bu məsələdə də Norveç təcrübəsinin faydalı olacağını vurğuladı.
Bakı Ali Neft Məktəbi ilə “Statoil-Azərbaycan” şirkəti arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi daşıyan müqavilə ali məktəbin və Norveçin ali təhsil müəssisələrinin əməkdaşlarının qarşılıqlı səfərlərinin təşkilini, “Statoil” şirkətinin yüksək təcrübəyə malik əməkdaşlarının tələbələr qarşısında mühazirələr oxumasını, müxtəlif istiqamətlərdə treninqlərin keçirilməsini nəzərdə tutur. Bundan əlavə, müqavilədə Bakı Ali Neft Məktəbinin kadr potensialının inkişaf etdirilməsi məqsədi ilə Norveçin müxtəlif universitetlərində doktorantura təhsilinin təşkilinin, tələbələrin “Statoil” şirkətinin Azərbaycanda və xaricdə fəaliyyət göstərən müəssisələrində təcrübə keçmələri üçün şəraitin yaradılmasının öz əksini tapdığını diqqətə çatdıran rector onu da qeyd etdi ki, gələcəkdə azərbaycanlı tələbələrin şirkətin korporativ tədbirlərində iştirakının təmin edilməsi və Bakı Ali Neft məktəbində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələlərinə dəstək verilməsi də nəzərdə tutulmuşdur.
“Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorensen isə bildirdi ki, şirkət Azərbaycandakı fəaliyyətinin 20 illiyi münasibəti ilə bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlərin əksəriyyəti Azərbaycanın universitetləri ilə əməkdaşlıq əsasında tələbələrin təhsilinə həsr olunmuşdur. “Statoil-Azərbaycan” şirkətinin Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığından məmnunluğunu diqqətə çatdıran L. Sorensen qeyd etdi ki, bu əməkdaşlıq çərçivəsində şirkət Azərbaycanın neft və qaz sənayesinin inkişafına da öz töhfəsini verəcəkdir. Qeyd olundu ki, beş ili əhatə edəcək bu müqavilə “Statoil-Azərbaycan” şirkətinə ölkəmizdə güclü potensiala malik kadrların hazırlanmasında yaxından iştirak etməyə şərait yaradacaq.
Mərasimdə iştirak edən Norveç Krallığının ğlkəmizdəki səfiri Erlinq Şönsberq xalqlarımız arasında mövcud olan dostluq əlaqələrindən danışaraq, hər iki dövlətin faydalana biləcəyi əməkdaşlığa daim dəstək veriləcəyini diqqətə çatdırdı. Səfir bildirdi ki, dinamik inkişaf edən Azərbaycanda dünya standartlarına cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə etməsi təqdirəlayiq haldır. “Statoil-Azərbaycan” şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında imzalanacaq müqaviləni Norveç ilə Azərbaycan arasında günü-gündən inkişaf edən münasibətlərin məntiqi nəticəsi kimi dəyərləndirən səfir öz növbəsində bu münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün hər cür dəstəyə hazır olduğunu vurğuladı.
Sonda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorensen birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi daşıyan əməkdaşlıq protokolunu imzaladılar.
Mirbağır
YAQUBZADƏ,
Xalq qəzeti.- 2012.- 15
dekabr.- S. 10.