Gələn ilin dövlət büdcəsi ölkənin iqtisadi gücünün
artması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi
istiqamətində mühüm mərhələ
olacaqdır
Ölkə
iqtisadiyyatında mühüm maliyyə təminatı
rolunu oynayan dövlət
və icmal büdcələrdə risklərin
qarşısının alınması, onların potensial gəlirlərinin neft
amilindən asılılığının
azaldılması, qeyri-neft sektorundan
daxilolmaların artırılması istiqamətində səmərəli
tədbirlərin
görülməsi 2013-ci ildə qarşıda duran vəzifələrdəndir.
Dövlət büdcəsi gəlirlərinin yığım əmsalının artırılması, mülkiyyət vergilərinin dərəcələrinin optimallaşdırılması, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi, vergidən yayınmaların qarşısının alınması istiqamətində işlər növbəti ildə də davam etdiriləcəkdir. Bu, “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə ölkə Prezidenti İlham Əliyevin 13 dekabr 2012-ci il tarixli fərmanında öz aydın ifadəsini tapmışdır.
Mütəxəssislərin fikrincə, sözügedən maliyyə sənədi 2013-ci ildə dövlət büdcəsinin xərcləri dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsinə, sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, milli maraqların beynəlxalq miqyasda təmin edilməsinə, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına, istehsal və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının daha da yaxşılaşdırılmasına maliyyə təminatı yaradacaqdır.
Maliyyə sənədindəki bəzi məqamlara diqqət yetirək. Gələn ilin dövlət büdcəsində səhiyyə müəssisələrinin, o cümlədən xüsusi təyinatlı səhiyyə ocaqlarının maddi-texniki təminatının, dərman və ərzaq təchizatının yaxşılaşdırılması üçün onların xərcləri 3 milyon manat artırılıb. Siyasi partiyalar üçün dövlət büdcəsində maliyyə vəsaiti 2,5 milyon manata çatdırılıb.
Dövlət büdcəsindən maliyyələşən bir sıra büdcə təşkilatlarının büdcədənkənar fəaliyyətləri nəticəsində gördükləri işlərə və həyata keçirdikləri xidmətlərə, həmçinin qanunvericiliyin tətbiqi ilə bağlı müxtəlif cərimələrdən nəzərdə tutulan ayırmalara görə bu təşkilatlarda büdcədənkənar gəlirlərin artması gözlənilir. Bunları nəzərə alaraq büdcədənkənar xərclər 35 milyon manat artırılıb.
Beləliklə, edilmiş dəyişikliklər nəticəsində 2013-cü ilin dövlət büdcəsinin gəlirlərinin 5 milyon manat artırılaraq 19 milyard 159 milyon manata, xərclərinin 40 milyon manat artırılaraq 19 milyard 850 milyon manata, kəsirinin isə büdcə təşkilatlarının büdcədənkənar gəlirləri hesabına 35 milyon manat artırılaraq 691 milyon manata çatdırılmşdır. Bu dəyişikliklərdən sonra 2013-cü ilin icmal büdcəsinin gəliri 20 milyard 729 milyon manat, xərcləri isə 24 milyard 500 milyon manatdır.
Dövlət büdcəsi 2013-cü ildə ölkənin iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi istiqamətində mühüm mərhələ olacaqdır. Bir neçə ildir ki, qlobal dünya böhranı bir çox ölkələrin iqtisadiyyatına, sosial şəraitinə ciddi zərbələr vurmuşdur. Dünya iqtisadiyyatının inkişaf sürəti xeyli aşağı düşmüş, böhrana düçar olmuş ölkələr ağır problemlər, sosial gərginliklərlə üzləşmişlər. Ən nüfuzlu beynəlxalq təşkilatların, inkişaf etmiş dövlətlərin başçılarının iştirakı ilə dəfələrlə aparılan müzakirələr, antiböhran tədbirləri hələ də lazımi səmərə verməmişdir. Dünya böhranı onu da təsdiqləmişdir ki, inkişaf səviyyələrinə, siyasi sistemlərinə, tarixi şəraitinə və s. spesifik amillərə görə bir-birindən xeyli fərqlənən ölkələr üçün vahid oyun qaydaları səmərə vermir, böhrandan daha çox azad bazar münasibətlərini tam fetişləşdirən, dövlətin rolunu minimuma endirən, real sektoru arxa plana atan ölkələr əziyyət çəkirlər. Azərbaycan isə dünya böhranından ən az itki ilə çıxan ölkə kimi tanınmışdır. Bunun da əsas səbəbi odur ki, dövlət başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatını qlobal maliyyə böhranının dağıdıcı zərbələrindən qorumaq üçün düşünülmüş, milli maraqlara cavab verən strategiya müəyyənləşdirmiş və hökumət qabaqlayıcı tədbirlər görmüşdür.
Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, dünyanın əksər ölkələrindən fərqli olaraq, Azərbaycanın iqtisadi inkişaf səviyyəsi yüksəlir, ölkəmizin iqtisadi potensialı güclənir, maliyyə imkanları artır. Son illər Azərbaycan bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricinin - ÜDM-in artım sürətinə görə lider ölkələr sırasındadır. Gələn il ÜDM-in həcmi 56 milyard manat təşkil edəcəkdir ki, bu da 2003-cü ilə nisbətən 8 dəfə çoxdur (2012-ci illə müqayisədə artım 4,7 milyard manat və ya 5,3 faiz təşkil edəcəkdir).
1990-2000-ci illərdə respublikada Ümumi Daxili Məhsulun orta illik aşağı düşmə sürəti 6,1 faiz təşkil etmişdir ki, bu da bilavasitə müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatının böhran vəziyyətində olması ilə əlaqədar idi. 2000-2008-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artım sürəti 18,1 faizə bərabər olmuşdur ki, bu da nəinki MDB məkanında, eləcə də dünyada ən yüksək göstərici kimi qiymətləndirilmişdir.
Xatırladaq ki, “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyət və ortamüddətli inkişafa təsir göstərən daxili və xarici amillər, o cümlədən 2012-ci ilin ötən 8 ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilmişdir. Cari ilin səkkiz ayı ərzində dövlət büdcəsinin gəlirləri 100,6 faiz (10 milyard 991 milyon manat) təmin edilmişdir. Dövlət büdcəsinin xərcləri isə 87,9 faiz (9 milyard 724 milyon manat) icra olunmuşdur. Bu ilin sonuna dövlət büdcəsinin xərclərinin 98 faiz icra olunacağı gözlənilir.
İqtisadi İnkişaf Nazirliyinin hazırladığı respublikanın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2013-cü ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz, qeyri-neft sektoru üzrə Ümumi Daxili Məhsulun 11,7 faiz artımı proqnozlaşdırılır ki, bu da növbəti ildə qeyri-neft sektorunun inkişafının yüksələn xətlə davam edəcəyi deməkdir. Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən neft gəlirlərinin hesablanmasında bir barrel neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.
2013-cü il dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,2 faizini təşkil etməklə, 19 milyard 154 milyon manat proqnozlaşdırılır ki, bu da 2012-ci illə müqayisədə 2 milyard 116 milyon manat və ya 12,4 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən 3 milyard 453,3 milyon manat və ya 22 faiz çoxdur. 2013-cü il dövlət büdcəsinin gəlirlərinin 11 milyard 350 milyon manatını Dövlət Neft Fondundan transfertlər, 6 milyard 400 milyard manatını Vergilər Nazirliyinin, 1 milyard 380 milyon manatını Gömrük Komitəsinin xətti ilə, 0,1 faizini isə digər daxilolmalar təşkil edəcəkdir.
Dövlət büdcəsinin xərcləri Ümumi Daxili Məhsulun 35,3 faizini təşkil etməklə, 19 milyard 810 milyon manat proqnozlaşdırılmışdır. Bu, 2012-ci illə müqayisədə 12,1 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən isə 28,7 faiz çoxdur. Xərclərin 50,3 faizi cari, 45,8 faizi əsaslı xərclərə, 3,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 25,4 faiz təşkil edir. Ünvanlı dövlət sosial yardımının təyin olunması üçün istifadə olunan ehtiyac meyarının həddinin və ya əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun artımı da 2013-cü ildə dövlət büdcəsində öz əksini tapmışdır. Gələn il üçün sosial ipotekanın da məbləği artırılaraq 40 milyon manata çatdırılmışdır.
Dövlət Neft Fondundan ayırmaların həcmi də artırılmışdır. 2013-cü ildə fondun xərclərinin 11,35 milyard manatı transfert qismində ölkənin dövlət büdcəsinə ayrılacaqdır. Fond qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və onların yerləşdirilməsi üzrə tədbirlərin maliyyələşdirilməsinə 300 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin yekunlaşdırılmasına 107,4 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının icrasına 34 milyon manat ayıracaqdır.
Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və turizm xidmətlərinin daha da genişlənməsi, regionlarda və Bakıda yeni, müasir standartlara cavab verən mehmanxanaların, Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi və tarixi abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi nəticəsində turizm sektorunda 2013-2016-cı illər ərzində orta hesabla 21,9 faiz artım gözlənilir.
Sosial və digər xidmətlərdə 2013-cü ildə 8,6 faiz, növbəti 3 ildə orta illik 5,3 faiz artım, ticarətdə 2013-cü ildə 13 faiz, növbəti üç ildə isə 9,3 faiz orta illik artım proqnozlaşdırılır. Qeyri-neft ÜDM-in dinamik artımı qeyri-neft ixracının da artmasına müsbət təsir edəcəkdir. Belə ki, qeyri-neft ixracı 2013-cü ildə 19,9 faiz, sonrakı 3 ildə orta hesabla 19,1 faiz artacaqdır.
2013-cü ildə investisiya yatırımlarının 17,3 faiz artaraq 18 milyard manat, növbəti 3 ildə isə 53,8 milyard manat olacağı, o cümlədən xarici investisiyaların gələn il 5,2 milyard manat olmaqla növbəti 3 ildə 16,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il neft sektoruna 5,5 milyard, qeyri-neft sektoruna isə 12,5 milyard manat investisiya yatırılacağı gözlənilir. Bütövlükdə, 2013-2016-cı illər ərzində Dövlət İnvestisiya Proqramı çərçivəsində ölkə iqtisadiyyatına 32,7 milyard manat vəsait qoyulacağı proqnozlaşdırılır.
Vaqif BAYRAMOV,
Xalq qəzeti.- 2012.- 18
dekabr.- S. 5.