Bərdə batalyonunun şərəfli döyüş
yolu
Bu barədə 701 saylı hərbi hissənin 5-ci Bərdə batalyonunun yaradılmasının 20 illiyi münasibətilə keçirilən toplantıda geniş danışıldı
Bu görüşü
- keçmiş
döyüşçülərin görüşünü
həyəcanla və intizarla izləyirdik.
Elə bil ki, tamam başqa bir aləmə düşmüşük.
Onlar uzun illərin həsrətləri kimi görüşür,
bir-birlərinə sarılır, hətta göz
yaşlarını saxlaya bilmirdilər. Bəli, bu göz
yaşlarında sevinc və qürur da vardı, həsrət
və kədər də. Adama elə gəlirdi
ki, onların gözlərinə, bir də çöhrələrinə diqqətlə
baxsan müharibənin odunu,
alovunu, amansız döyüşlərin
üzlərini görüb oxuya biləcəksən. 701 nömrəli
hərbi hissənin 5-ci batalyonu isə
yaxın hərb tariximizə neçə-neçə belə
igidlik və qəhrəmanlıq nümunələri
yazmışdır.
Əvvəlcə keçmiş döyüşçülər Bərdə şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etmiş, Qarabağ müharibəsində canlarını qurban vermiş, döyüş dostlarının əziz xatirəsini böyük ehtiramla yad etmiş, onların müqəddəs məzarları üstünə gül-çiçək dəstələri qoymuşlar.
Sonra 701 saylı hərbi hissənin veteranlar şurasının sədri Tofiq İsmayılov görüşü açaraq keçmiş döyüşçülərin diqqətini Kəlbəcər rayonunun azad edilməsi uğrunda gedən döyüşləri əks etdirən radio-lentlərə cəlb etdi. Ölüm-dirim mübarizəsini, şiddətli döyüşləri, igidlik və qəhrəmanlıq nümunələrini əks etdirən səhnələr hər kəsin qəlbində qürur və iftixar hissi doğurdu. Belə bir ümumi fikir ifadə olundu ki, belə qeyrətli oğulları olan Azərbaycan silahlı qüvvələri müqəddəs torpaqlarımızı yağı düşməndən azad etməyə hər an hazırdır.
Görüşdə 701 saylı hərbi hissənin komandirləri olmuş polkovnik Əzizağa Qənizadə, polkovnik-leytenant Valeh Rəfiyev, 5-ci batalyonun komandiri, baş leytenant Gəray Əsədov, keçmiş döyüşçülərdən Bəxtiyar Hüseynov, Aqil Almazov, şəhid atası Əkbər Qasımov, keçmiş döyüşçü Arif Qarayevin oğlu İsgəndər Qarayev, Avro-Asiya əməkdaşlıq təşkilatı gənclər fondunun rəhbəri Rüfət Qasımov və başqaları çıxış edərək 5-ci batalyonun keçdiyi şərəfli döyüş yolundan, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdikləri misilsiz qəhrəmanlıq nümunələrindən söhbət açmışlar. Qeyd edildiyi kimi, 701 saylı hərbi hissənin tərkibinə daxil olan 5-ci batalyon 1992-ci ildə yaradılmışdır. Batalyonun ilk komandiri Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş Tahir Cəfərov olmuşdur. Vətənə, millətə, doğma torpaqlarımıza sonsuz sevgi və məhəbbət, düşmənin gözünə dik baxmaq, cəsurluq və igidlik bu hərbi hissənin döyüşçülərini fərqləndirən əsas kefiyyətlər idi. Yarandığı ilk günlərdən cəbhə xəttinin ən gərgin yerlərində vuruşmuş, düşmənə ağır və sarsıdıcı zərbələr vurmuşdur. Ümumiyyətlə, 5-ci batalyonun döyüş yolu Ağdam, Füzuli, Beyləqan, Laçın, Kəlbəcər rayonlarından, cəbhənin ən ağır xətlərindən keçir. Keçmiş komandirlərin və döyüşçülərin də qeyd etdikləri kimi, bu döyüşlərin hər biri haqqında ətraflı danışmaq, onlarla, yüzlərlə qəhrəmanlıq nümunələri misal gətirmək olar.
Ancaq ikinci Kəlbəcər, daha doğrusu, “Meydança” əməliyyatı haqqında ayrıca danışmaq lazımdır. “Meydança” əməliyyatı 1993-cü ilin dekabr ayında, daha doğrusu, dekabr ayının 29-dan 30-a keçən gecə başlandı. Döyüşçülər Koroğlu zirvəsindən keçib Susuzluq dağı ilə Yanşaq kəndinin yaxınlığında Suqovuşan deyilən meydana çıxdılar. Qarlı-şaxtalı dekabr günlərində düşmən tərəfi belə qəfil hücumu gözləmirdi. Ona görə də özünü itirən erməni qoşun hissələri geri qaçmaqla başladı. Külli miqdarda silah-sursat əldə edildi. Cəmi 3 gün davam edən bu əməliyyat nəticəsində qüvvələrimiz 22 kilometrə qədər irəliləmiş, 18 kənd düşmən caynağından azad edilmişdi. Qəfil hücum, düzgün seçilmiş və cəsarətli manevr bacarığı onunla nəticələndi ki, düşmənin 100-dən çox canlı qüvvəsi mühasirəyə düşərək məhv edildi.
Ancaq təəssüf ki, cəbhənin sağ və sol cinahındakı hərbi birləşməlir nəzərdə tutulmuş vaxtda hücum təşkil edə və beləliklə də müəyyən edilmiş mövqeləri tuta bilmədilər. 701 saylı biriqada, xüsusilə 5-ci batalyon isə dediyimiz kimi, 22 kilometr irəliləmişdi. Digər tərəfdən, rabitə işləmirdi, havalar çox soyuq keçirdi, silah-sursat və ərzaq tükənirdi. Ən başlıcası isə o idi ki, arxadan əlavə qüvvə gəlmirdi. Düşmən tərəfi isə iki istiqamətdən - Ermənistan və Ağdam istiqamətindən cəbhə xəttinə əlavə qüvvələr gətirirdi. Başqa sözlə desək, bu iki istiqamətdən yolu bağlamadan böyük itkilər və gərgin əzab-əziyyət hesabına alınmış mövqelərdə möhkəmlənmək sadəcə olaraq mümkün deyildi. Ona görə də 1994-cü il yanvarın 5-də 701 saylı briqada, o cümlədən 5-ci batalyon döyüşə-döyüşə geri çəkilməyə məcbur oldu.
Doğma torpaqlarımız uğrunda gedən döyüşlərdə 5-ci batalyon 80 nəfər itki vermişdi. 100 nəfər isə yaralanmışdı.
Biz 5-ci batalyonun yaradılmasının 20 illiyinə həsr olunmuş görüşdə keçmiş komandirlərlə, döyüşçülərlə görüşüb söhbət etdik. Keçmiş günləri, ağır döyüş əməliyyatlarını xatırlamaq onlara həm qürur, həm də kədər verirdi. Qürur verirdi ona görə ki, düşmənin gözünün içinə dik baxan qəhrəman oğullarımız var. Kədər verirdi ona görə ki, müqəddəs ata-baba yurdumuz hələ də düşmən tapdağı altındadır. Ancaq bu, onların qələbə əzimini, sabaha olan inam və ümidlərini qətiyyən sındıra bilmədi. Görüşdüyümüz, söhbət etdiyimiz keçmiş döyüşçülərin hamısı eyni sözləri təkrar edirdilər:
- Yaşımızın keçməsinə, çoxumuzun zədəli olmağına baxmayaraq biz yenə də döyüşə atılmağa, düşmənə layiqli cavab verməyə hər an hazırıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diplomatik səylərini, sülh danışıqlarını yüksək qiymətləndiririk. Ancaq düşmən tərəfi, nəhayət, bundan lazımı nəticə çıxarmasa, haqq-ədalət yoluna qayıtmasa Azərbaycan Silahlı Qüvvələri öz sözünü deyəcəkdir. O zaman bizim döyüş bacarıq və təcrübəmiz çox köməyə gələcək.
Valeh Rəfiyev - 701 saylı briqadanın keçmiş komandiri, polkovnik-leytenant:
- O zaman bizim briqadada
6 batalyon döyüşürdü.
Onlardan biri də 5-ci Bərdə batalyonu idi. Əlbəttə, bir komandir kimi bütün döyüşçülər mənə doğma və əzizdir. Mən batalyonların heç birinə fərq qoymaq istəmirəm.
Ancaq ədalət naminə deməliyəm ki, 5-ci batalyonun keçdiyi döyüş yolu daha maraqlı və zəngin olmuşdur. Əsas cəhət odur
ki, bu batalyon
ən ağır döyüşlərdə iştirak
etmiş, döyüş
tapşırıqlarını vaxtında yerinə yetirmiş, düşmənə
ağır və sarsıdıcı zərbələr
vurmuşdur. Burada həmişə
möhkəm intizam və hərbi qayda-qanun olmuşdur.
Tez-tez ötən
günləri, müharibənin
od-alovunu, döyüş
əməliyyatlarını gözlərim önündə
canlandırıram. Axı, bunlar
bir komandir, bir insan kimi
mənim həyatımın,
ömrümün bir hissəsidir.
Keçmiş döyüş dostlarımı,
o cümlədən, 5-ci batalyonun
cəsur və qəhrəman oğulları
tez- tez xatırlayır və onlarla fəxr edirəm.
Gəray
Əsədov - 5-ci batalyonun
keçmiş komandiri,
baş leytenant:
- Mən əvvəllər batalyonun qərargah rəisi, 1993-cü ildən
isə komandiri olmuşam. Bu o zaman
idi ki, briqadamız,
o cümlədən bizim
batalyon Laçın və Kəlbəcər rayonları uğrunda gedən döyüşlərin
həlledici mövqelərində
yerləşirdi. Müqayisə
etmək istəmirəm,
ancaq bir mühüm faktı xatırlatmaq istəyirəm
ki, 5-ci batalyon döyüşlərdə ən
az itki
verən hərbi hissələrdən biridir.
Bu isə aydın
məsələdir ki,
düzgün seçilmiş
döyüş taktikasından,
qəfil və gözlənilməz əməliyyat
aparmaq səriştəsindən
çox asılıdır.
Mən döyüş
meydanlarında bir addım da olsun
geri çəkilməyən,
düşmənin başına
od ələyən
igid döyüşçü
dostlarımı bir an
belə unutmuram. Cavan ömrünü Vətən
və millət yolunda qurban verən qəhrəman döyüşçülərimizə Allah rəhmət eləsin.
Onlar heç nədən çəkinməyərək şəhid
oldular. Ancaq, onların ruhu
nigarandır, narahatdır.
Batalyonumuzun keçmiş döyüşçüləri
and içmişik ki,
torpaqlarımız yağı
düşməndən azad
olunan gün harda olmağımızdan
asılı olmayaraq hamımız bu Şəhidlər Xiyabanına
gələrək, qələbə
xəbərini birinci
biz verək. Bax o zaman
şəhidlərimizin narahat
ruhu təsəlli tapa bilər. O günə isə çox az
qalır.
Cəlal Namazov - batalyonun hərbi həkimi:
- Müharibənin qızğın vaxtlarında, ölümün gözlə qaş arasında olduğu zaman səngərlərdən, odun-alovun içindən yaralıları çıxartmaq, onlara ilk tibbi yardım göstərmək həm cəsarət, həm də təcrübə və bacarıq tələb edir. Hərbi həkim kimi fəaliyyətim bu batalyonla bağlıdır. Bu gün döyüşçü dostlarımın əksəriyyəti ilə görüşdüm. Gördüyünüz kimi onların içində əlil olanlar, müxtəlif zədə alanlar çoxdur. Onların hamısına ilk tibbi yardımı mən göstərmişəm. Çoxlarını səngərdən, döyüş mövqeyindən, atəş yağışı altından sürüyə-sürüyə çıxartmışam. İndi onları ayaq üstə, sağ-salamat görəndə çox sevinirəm. Deməli, çəkdiyimiz zəhmət, yuxusuz keçirdiyimiz günlər hədər getməyib. Xilas edə bilmədiklərimizə, şəhid olanlara isə Allahdan rəhmət diləyirəm.
Əlisahib Əzizov - 5-ci batalyonun kəşfiyyat tağımının keçmiş komandiri, leytenant:
- Döyüş əməliyyatlarında 2 dəfə ağır yaralanmışam. Birinci dəfə güllə başımdan girib ağzımdan çıxmışdı. İkinci dəfə də sağ ayağımı itirdim. İndi birinci qrup əliləm. Demək istəyirəm ki, bu gördüyünüz insanların çoxu təsadüfən sağ qalıb.
Müharibə həm də qismət, tale məsələsidir. Səmimiyyətimə inanın, müharibədə elə dostlarımı itirmişəm ki, sağ qalmağıma təəssüf edirəm. Bir də ona yanıram ki, belə mərd, cəsur oğlanların qanı bahasına alınmış mövqelərimiz yenidən düşmən əlinə keçdi. Bərdədən Murov dağları aydın görünür. Bayaqdan dayanıb baxıram. Gözümün önündə o dağlarda apardığımız ağır döyüşlər canlanır. O dağlarda, o meşələrdə, o aşırımlarda qəhrəman Azərbaycan oğullarının qanı tökülüb. Biz o qanı yerdə qoymamalı, düşmənə layiq olduğu cavabı verməli, müqəddəs ata-baba torpaqlarımızı azad etməliyik.
Keçmiş döyüşçülər bir-bir öz ürək sözlərini deyir, keçmiş günləri, səngər dostlarını xatırlayırlar. Zaur Alışov, Elbəyi Məmmədov, Camal Canbaxışov, Məmmədəli Məmmədov, Natiq Ənvərov, Rafil Hüseynov, Yusib İsmayılov... indi onların ünvanları müxtəlifdir, hərəsi respublikanın bir rayonunda yaşayır. Müharibənin davam etdiyi illərdə, döyüş əməliyyatlarında isə onların hamısı bir yerdə idi. Birlikdə vuruşurdular. Torpaqlarımızı azad etmək üçün qəhrəmancasına səngərlərə atılırdılar.
701 saylı briqadanın tərkibinə daxil olan 5-ci Bərdə batalyonunun yaranmasının 20 illiyinə həsr olunmuş görüş başa çatdı. Keçmiş döyüşçülər həyacanla, ümidlə, intizarla ayrıldılar. Hərəsi öz evinə, doğma ocağına qayıtdı. Ancaq mənə elə gəldi ki, onların ürəkləri yenə də burda, görüş yerində, Qarabağda qaldı.
Ziyəddin
SULTANOV,
Xalq qəzeti.- 2012.- 18
dekabr.- S. 4.