Demokratik dəyişiklikləri təşviq
etməli olan “Freedom House” yalan və qərəz
püskürməklə məşğuldur
Azərbaycanın
beynəlxalq aləmdə artan nüfuzu,
ölkəmizin sosial- iqtisadi inkişafı, rəsmi Bakının təkcə
regionda deyil, eləcə
də bütün dünyada
söz sahibinə çevrilməsi milyonlarla haqq-ədalət tərəfdarlarını
sevindirsə də, bir ovuc
qaragüruhçunu hədsiz dərəcədə
narahat edir. Çox təəssüf
ki, xaricdəki bədxahlarımızla
yanaşı, ölkə daxilində də gənc müstəqil
Azərbaycan dövlətinin hərtərəfli
inkişafını gözü
götürməyənlər tapılır.
Əgər belə olmasaydı, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Freedom House” adlı təşkilatın “hesabatı”nda Azərbaycan haqqında hərzə və hədyanlara yer verilməzdi. Təbii ki, həmin təşkilatın ekspertləri hazırladıqları “hesabatın” bizim ölkə ilə bağlı bəndlərini Bakıdakı “mənbələrin” onlara ünvanladığı məlumatlar əsasında tərtib edirlər. Ona görə də Azərbaycan xalqı “Freedom House” təşkilatının hesabatını subyektiv mülahizələr əsasında tərtib olunmuş raport kimi dəyərləndirirlər.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun fikrincə, adıçəkilən hesabatda respublikamız haqqında söylənilən iddiaların heç bir əsası yoxdur və onlar subyektivliyin, qərəzli münasibətin təzahürüdür: “Əgər “Freedom House” üçün azad ölkə meyarı bir qrup məsuliyyətsiz insanın şəhərin mərkəzində qanunsuz aksiya keçirməsinə, anarxiya, xaos yaratmaq cəhdlərinə asayiş keşikçilərinin seyrçi mövqedə qalmasıdırsa, bu cəhdlərin qarşısının alınması ölkənin azadlıq reytinqini aşağı endirirsə, o zaman buyursunlar, Avropanın mərkəzi ölkələrində hüquq-mühafizə qüvvələrinin o tipli aksiyaçılara tutduğu divana qiymət versinlər. Bizim üçün xaos və anarxiyanın, məsuliyyətini itirmiş insanların daxili sabitliyi pozmaq, başqa insanların fəaliyyətinə mane olmaq və bu kimi digər qeyri-qanuni aksiyaların qarşısının alınması qanunçuluğun tələbi və yerinə yetirilməsidir. O ki qaldı vətəndaşları təhqir edən, insanlara böhtan atan, qələm arxasında gizlənərək min bir oyundan çıxan, reketçilik, xalqına və dövlətinə xəyanət edən “jurnalistin” cəzasız qalmasına, bu da bu gün Azərbaycan cəmiyyətinin istəyinə uyğun gəlmir”.
Söhbət ondan gedir ki, “Freedom House”un ekspertləri bir ovuc məsuliyyətsiz və qaragüruhçu insanın Bakının mərkəzində - “Fəvvarələr meydanında” mitinq keçirmək istəyinə icazə verilməməsini kiminsə hüququnun pozulması və ya demokratiyanın boğulması kimi qələmə verməyə çalışırlar. Halbuki, şəhər rəhbərliyində həmin adamların aksiya keçirmək üçün müraciətlərinə diqqətlə baxılmış və onlara da hakim Yeni Azərbaycan Partiyasının tədbir keçirdiyi ünvanlarda aksiya keçirmək tövsiyə olunmuşdu. Ancaq məqsədi aksiya keçirməkdən daha çox ara qarışdırmaq, xaos və anarxiya yaratmaq olan həmin qüvvələr bilavasitə “Fəvvarələr meydanı”nı hədəf kimi seçirlər. İcazə verilməyəndə isə “Freedom House”a üz tuturlar ki, bizim hüquqlarımız pozuldu. Ermənistanda milyonlarla insanın ac-yalavac yaşamasına, elementar insan hüquq və azadlıqlarına əməl edilmədiyinə dəhşətli dərəcədə biganə qalan “Freedom House” isə, nədənsə, Azərbaycandakı bir ovuc fitnəkarın halına acıyır.
İkili standartlardan və müxtəlif ayrı-seçkiliklərdən əl çəkə bilməyən əcnəbi hüquq müdafiəçilərinə xatırlatmaq istəyirik ki, əgər onlar həqiqətən insan hüquqlarının müdafiəsinə qalxıblarsa, onda erməni vandallarının əli ilə öz yurd-yuvalarından didərgin düşmüş 1 milyon azərbaycanlının hüquqlarını da bərpa etməyə çalışsınlar. Yox, əgər buna hansısa prinsiplər mane olursa, onda heç olmazsa, dilə gətirilməsi belə çətin olan məhrumiyyətlər üzündən öz vətənini tərk edən on minlərlə erməninin hüquqlarını müdafiə etsinlər. Əgər buna da gücləri çatmırsa, onda rəzilcəsinə ikiüzlülük və qərəzçilik etməkdən utansınlar.
Fikrimizcə, həmin qərəzli adamların cavabını “hüquqi dövlətdə insan hüquqlarının balansı mövcuddur” tezisini əsas götürən Prezident Administrasiyasının rəsmisi Əli Həsənov daha yaxşı verib: “Bir insanın hüququ başqa birisinin hüququnun başlandığı yerdə bitir. Biz Azərbaycan dövlətiində hüquqların balansını belə anlayırıq. O ki, qaldı “Freedom House”un digər məsələlərlə bağlı hesabatında qeyd olunan məsələlərə - jurnalistlərin azadlığının məhdudlaşdırılması, internet azadlığının təhdid olunması, blogerlərin sıxışdırılması və həbsə alınması, həbsxanalardakı vəziyyətin dözülməz olması, məhbuslara işgəncələr verilməsi və s. ilə bağlı fikir və mülahizələrə, hesab edirik ki, onlar da subyektiv mülahizədən başqa bir şey deyil. Bu hesabatlar daha çox bəzi antiazərbaycan meyilli Qərb dairələrindən maliyyələşən, ölkə daxilində onlar üçün saxta raportlar hazırlayan bir neçə qeyri-hökumət təşkilatlarının məlumatı əsasında tərtib olunmuşdur və bunların Azərbaycanın real gerçəkliyi ilə heç bir əlaqəsi yoxdur”.
Əlavə şərhə ehtiyac
yoxdur. Bir qrup ermənipərəst
qüvvənin əlində oyuncağa çevrilmiş təşkilatlar Azərbaycan
haqqında ağına-bozuna baxmadan qərəzli
və böhtan xarakterli
materialları hesabat adı ilə
yayır, ölkə daxilindəki məqsədi hamıya məlum
olan insanlar isə həmin
“tezisləri” bayraq edirlər. Unudurlar ki, artıq bu qəbildən olan
bayatıların vaxtı çoxdan ötüb. Beynəlxalq ictimaiyyət də,
Azərbaycan xalqı da respublikamızda kimin kim olduğunu
çox yaxşı bilir.
Ona görə də “Freedom House” getsin insan hüquqlarını Ermənistanda qorusun.
Vəfa
ƏLİYEV,
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin dosenti
Xalq
qəzeti.- 2012.- 19 dekabr.- S. 5.