MÜASİR
VƏ MODERN AZƏRBAYCAN
Müstəqillik
dövrünün əsas hədəfi:
XX əsrin sonundan başlayaraq
müasir beynəlxalq siyasi sistemin, yeni dünya düzəninin
formalaşması yolunda qarşıya çıxan problemlər,
qloballaşma prosesinin dinamikası, onun siyasi və iqtisadi
aspektləri, sosiomədəni təsiri dünya ictimaiyyətini
ciddi narahat edir.
Qərb alimlərinin əsərlərində qloballaşma, haqlı olaraq, sosial fəallığın dünyəvi xarakter aldığı, zəmanəmizin tarixi fenomenini müəyyən edən, cəmiyyətin fəaliyyətinin və inkişaf istiqamətinin xarakterlərini, nəticələrini dəyişdirən qarşısıalınmaz proses kimi nəzərdən keçirilir. Eyni zamanda, etiraf edilir ki, qloballaşma getdikcə güclənən qarşılıqlı asılılıq, texnoloji imkanlar, hüquqi tənzimləmənin səviyyəsinin aşağı düşməsi və inteqrasiya prosesləri də daxil olmaqla, dünya iqtisadiyyatında baş verən dəyişikliklərlə stimullaşdırılır, bir sıra dövlətlərin və regionların müqavimət cəhdlərinə baxmayaraq, qeyri-bərabərliyi dərinləşdirir, yeni şəraitə uyğunlaşmanı çətinləşdirir, etnososial müxtəlifliyi azaldır. Bu prosesin gedişində dövlətin fəaliyyət dairəsi sıxışdırıldıqca transmilli korporasiyaların rolu güclənir, qloballaşan dünyanın qarşılıqlı asılılığı dərinləşir və nəticə etibarilə bəzən yoxsulluğun müəyyən regionlarda cəmləşməsi səbəbindən separatizm və etnik müqavimət ocaqları yaranır. Odur ki, dünya iqtisadi sistemi yeni modifikasiyaya, Qərb dövlətləri və transmilli korporasiyalar tərəfindən inkişaf etməkdə olan ölkələrə münasibətin dəyişməsinə zəruri ehtiyac duyur.
İqtisadi siyasət “sivilizasiyaların toqquşmasının təhdid etdiyi beynəlxalq münasibətlərə birbaşa təsir göstərir. Müasir dünyada supergücün zəifləməsi dünya hökmranlığı iddiasına düşən hibrid polisentrik sistemlərin yaranmasına səbəb ola bilər.
Siyasi ekspertlər dünya birinciliyi uğrunda mübarizə müstəvisində ABŞ-dan başqa bir neçə iddiaçının da mövcud imkanlarını dəyərləndirirlər:
-Avropa
İttifaqı;
-Asiya
(Çin, Hindistan, Pakistan);
-Rusiya;
-Ərəb dünyası.
Avropa İttifaqının daxilindəki siyasi fikir
ayrılıqları bu qurumu pərakəndə infrastruktur
halına gətirdiyindən onun ABŞ-ın siyasi və
iqtisadi alternativi perspektivinə zərbə vurur. Üzləşdiyi
iqtisadi problemlərə baxmayaraq, ABŞ hələ uzun
müddət bütün dünyada maliyyə proseslərinin və
siyasi transformasiyaların başında qala biləcək.
Avropanın “xristian istisnalığı” iddiaları, eləcə
də onun etnik və məhəlli münaqişələrin
həllində passivliyi supergüc və beynəlxalq arbitr
hüququnun ABŞ-a məxsusluğunu
dolayısı ilə təsdiq edir.
Asiya
dünyanın sürətlə inkişaf edən Çin və
Hindistan kimi böyük dövlətlərinin, müsəlman
Pakistan dövlətinin simasında böyük iqtisadi gücə
və əhali potensialına malik olsa da, bu ölkələrin
sosial-iqtisadi, mədəni inkişaf fərqləri,
aralarındakı çoxsaylı problemlər hələlik
onlara vahid geosiyasi güc kimi formalaşmağa imkan vermir. Sürətli transformasiya yoluna qədəm
qoyduğunu iddia edən Rusiya və güclü maliyyə
qaynaqlarına sahib olan ərəb dünyası da
ABŞ-ın hərbi-siyasi və iqtisadi
hökmranlığına, neoliberalizm modelinin
yayılmasına ciddi müqavimət imkanlarına malik
deyildir.
Dünyanın təkqütblülüyünün tərəfdarları
iqtisadi rifahın, xalqların siyasi və mənəvi dəyərlər
baxımından daha çox yaxınlaşmasının əsasını
qloballaşmada görürlər. Onların fikrincə,
qloballaşma təkcə bazarlar uğrunda mübarizə
deyil, həm də dəyərlər uğrunda
yarışdır, dünya kapital bazarı isə hər bir
ölkədə maliyyə şəffaflığına,
sahibkarlığın səmərəliliyinə, ölkələrin
yeni texnologiyalardan bəhrələnməsinə,
demokratiyanın bərqərar olmasına, vətəndaş cəmiyyətinin
formalaşmasına şərait yaradır.
Qloballaşmanın tələbləri inkişaf etməkdə
olan cəmiyyətləri həyat tərzinin, davranış
qaydalarının, hətta təfəkkür
formalarının, dünyagörüşünün qərbləşməsi
dilemması qarşısında qoymuşdur.
İslam
dünyası, xüsusilə də Türkiyə, Azərbaycan,
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Səudiyyə
Ərəbistanı, Qətər, Birləşmiş Ərəb
Əmirlikləri və başqaları özlərinin mədəni
identikliyini, milli xüsusiyyətlərini saxlamağa
çalışsalar da, Qərb dünyası ilə bərabər,
paralel tarixi inkişaf yoluna qədəm qoymaq üçün
ən müasir texnologiyalardan istifadə edirlər. İnsanların qəlbi və zəkası
uğrunda mübarizə yeni dünya düzəninin prioritetinə
çevrilməkdədir.
XX əsrin sonlarından başlayaraq planetimizdə hadisələrin
inkişafı vahid iqtisadi münasibətlərin
formalaşması, ümumdünya bazarının yaranması
istiqamətində gedir. Həm ümummilli lider Heydər
Əliyevin, həm də möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin hakimiyyəti dövründə bu obyektiv
tendensiyalar nəzərə alındığından, qlobal və
milli maraqlar arasında optimal balans yaradılır, onlar
bir-birini qarşılıqlı surətdə tamamlayır, zənginləşdirir.
Bu böyük tarixi şəxsiyyətlər mürəkkəb
dövrün çətinliklərini dəf edərək milli
birliyin gücünü və ölkənin bütün
potensialını dövlətçiliyin möhkəmləndirilməsinə,
quruculuq məsələlərinə, qlobal beynəlxalq layihələrin
reallaşdırılmasına yönəltməklə yeni Azərbaycanın
memarı, milli lider adına layiq
görülmüşlər. Milli dövlətin
yaranmasında, inkişafında, milli birliyin
formalaşmasında milli liderin rolu ölçüyəgəlməzdir.
Sosial-iqtisadi və siyasi həyatımızın təhlili
göstərir ki, çağdaş dövrdə biz
intellektual inkişaf müstəvisində rasionalizm, iqtisadi
inkişaf müstəvisində isə postindustrial cəmiyyət
fazasına qədəm qoyuruq. Qərb dövlətlərinin
tarixi inkişaf və təkamül təcrübəsi,
onların tənəzzül və böhran məqamlarının
səbəblərini açıqlayan çoxsaylı tədqiqatlar
bizi onların səhvlərini təkrarlamaq təhlükəsindən
xilas edir, uğur şanslarımızı daha da
artırır.
Azərbaycanın yerləşdiyi geosiyasi məkan, zəngin
təbii sərvətləri, Şərq və Qərb
arasında ortaq sivilizasiya dəyərlərinə malik
olması tarix boyu bu ölkəni qlobal güclərin savaş
meydanına çevirmişdir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə gəlişindən sonra Azərbaycanın
dövlət müstəqilliyi dönməz xarakter aldı,
ölkənin potensial imkanları, geosiyasi reallıqlar, qlobal
transformasiya meyilləri, milli maraqlar və digər vacib amillər
nəzərə alınmaqla yeni inkişaf strategiyası
işlənib hazırlandı. Uzaqgörənliklə
düşünülmüş və idarəetmə sisteminin
dəyişdirilməsini, yeni iqtisadi münasibətlər
sisteminə keçilməsini, struktur yeniləşməsi
aparılmasını, funksional iqtisadi mexanizmlərin tətbiqini,
əsaslı islahatlarla bağlı yeni qanunvericilik
bazasının yaradılmasını nəzərdə tutan
fundamental inkişaf konsepsiyası sonrakı dinamik
inkişafın, çoxsaylı uğurların möhkəm
bünövrəsinə çevrildi. Çoxkomponentli
konsepsiya əsasında formalaşdırılan yeni iqtisadi
model siyasi, iqtisadi, sosial bölmələrin
qarşılıqlı koordinasiyasına, makroiqtisadi
indikatorların operativ təhlilinə, innovativ iqtisadiyyatın
təməl prinsiplərinə xüsusi önəm verir.
Dünyada
öz proqressivliyi ilə diqqəti cəlb edən Amerika
modelindəki konyunkturanın və iqtisadi tarazlığın
təmin olunması prinsipini, Almaniya və İsveç
inkişaf modelinin fərqləndirici amili olan
sosialyönümlülüyü, Yaponiya modelindəki milli mənafelərin
üstünlüyü, rəqabətədavamlılıq və
innovativlik prinsiplərini özündə yetərincə
ehtiva edən Azərbaycan modeli iqtısadiyyatın qısa
zaman kəsiyində struktur və istehsal baxımından
modernləşdirilməsini nəzərdə tutur. Azərbaycan modeli modernləşmənin
sosiokonseptual və fundamental əsaslarını
bütünlüklə əhatə edir. Bu
modelin alt qatı sosialyönümlü liberal iqtisadiyyatla bağlı
olduğundan ictimai münasibətlərin sosial ədalət
prinsiplərinə uyğun formalaşdırılması,
insanlar arasında sosial bərabərliyin təmin edilməsi,
sosial rifahın yüksəldilməsi prioritet vəzifə
olaraq qəbul edilir.
Hər bir ölkə özünün inkişaf
konsepsiyasını müəyyənləşdirərkən
nəzərə almalıdır ki, dünya dövlətləri
qloballaşma şəraitində beynəlxalq iqtisadi
münasibətlər sisteminə bu və ya digər dərəcədə
cəlb olunmuşlar. Dünya iqtisadiyyatına inteqrasiyadan kənarda
qalan milli iqtisadiyyat yoxdur. Ölkələr,
sadəcə olaraq, iqtisadiyyatın açıqlıq dərəcəsinə
görə fərqlənirlər. Dünya
iqtisadiyyatına cəlb olunaraq beynəlxalq əmək
bölgüsünün üstünlüklərindən bəhrələnən
və beynəlxalq iqtisadi münasibətlərin müxtəlif
formalarından istifadə edən milli iqtisadiyyat açıq
iqtisadiyyat hesab olunur. Dünya
iqtisadiyyatına uğurla inteqrasiya etməkdə olan Azərbaycan
iqtisadiyyatın açıqlıq indeksinə görə beynəlxalq
təşkilatların hesabatında MDB ölkələri
arasında öncül yer tutur.
Qloballaşma prosesinin təzahürlərindən biri
transmilli korporasiyaların fəaliyyətidir. Bu
korporasiyaların iqtisadi əməliyyatlarının əsas
hissəsi qeydiyyata alındıqları ölkənin
hüdudlarından kənarda həyata keçirilir. Onlar dünya istehsalının texnoloji liderləri,
xarici ölkələrin təbii resurslarından istifadə
imkanları olan əsas rəqiblər və xarici bazarlar
uğrunda mübarizədə ən mobil beynəlxalq
strukturlardır. Dünya sənaye
istehsalının, təqribən, 50 faizinin transmilli
korporasiyalar tərəfindən istehsal olunduğunu nəzərə
alsaq, onda tam əminliklə demək olar ki, dünya təsərrüfatının
yalnız bir hissəsi milli bazar mexanizmi şəraitində
yaranır. Ona görə də belə vəziyyətdə
dünya birliyinin bütün ölkələr
üçün vahid, səmərəli iqtisadi siyasət
işləyib hazırlaması zəruridir.
Müstəqil Azərbaycanın inkişaf təcrübəsi
göstərir ki, dövlətimiz milli
iqtisadiyyatımızın dünya təsərrüfatına
inteqrasiyası prosesində ölkənin maraqlarının
qorunmasını ön plana qoyur. Unutmaq olmaz ki, çağdaş
dünyada yalnız o liderlər uğur qazanırlar ki, onlar
hakimiyyətin hətta ən antaqonist ziddiyyətləri aradan
qaldıran, cəmiyyətdə vəziyyəti sabitləşdirən
və daim tənzimləyən, ökənin milli və təbii
resurslarını səfərbər etməyə imkan verən,
elitanın və bütövlükdə cəmiyyətin
siyasi tarazlığını təmin edən optimal modelini
tapırlar.
Beynəlxalq bazarların genişlənməsi,
elmi-texniki nailiyyətlərin tətbiqi Azərbaycan
üçün istehsalın daha səmərəli təşkili
yolunda yeni imkanlar açmışdır. İqtisadi
inkişafın əsas amilləri kimi, elmi-texniki tərəqqinin,
informatikanın, maliyyə resurslarının rolu da kəskin
surətdə artmaqdadır.
Yeri gəlmişkən,
qeyd edək ki, bazar iqtisadiyyatına keçməyi qərara
almış sosialist ölkələrinin əksəriyyəti
öz səylərini üç əsas iqtisadi vəzifə
- makroiqtisadiyyatın sabitləşdirilməsi, qiymətlərin
sərbəstləşdirilməsi, dövlət müəssisələrinin
özəlləşdirilməsi
üzərində cəmləşdirsə də, bazar təsisatlarının
formalaşdırılmasının, rəqabət
üçün şərait yaradılmasının zəruriliyini
nəzərə almır, müasir qarışıq
iqtisadiyyatda dövlətin roluna bəzən lazımi diqqət
yetirmirdi. Başqa sözlə, postkommunizm
eyforiyası radikal dəyişikliklər xülyası
yaratdığından bəzi ölkələr Qərbə
sosial-iqtisadi və sosiomədəni transformasiyanın tezliklə
və ağrısız başa çatacağını
gözləyirdilər. Qərbləşmə
prosesi modernləşmə vasitəsilə baş verdiyindən
onun qapalı və açıq cəmiyyətlərdə
siyasi və sosial-iqtisadi həyatda təşəkkülü
xeyli dərəcədə fərqlənir. Qərb cəmiyyətinə xas olan strukturların,
texnoloji yeniliklərin, həyat tərzinin, dəyərlərin
digər məkanlara köçürülməsi,
şübhəsiz ki, ABŞ və Qərbi Avropa ictimai-siyasi
sisteminin üstünlüklərinin təbliği və buna
inam formalaşdırılması yolu ilə
mümkündür. Qərbləşmənin qatı tərəfdarlarının
iddialarına baxmayaraq, bu proses mexaniki surətdə gerçəkləşmir.
Təhsilin dünyəviləşməsi,
tolerantlığın həyati tələbata çevrilməsi,
kütləvi informasiya vasitələrinin və
kommunikasiyanın müasir inkişaf səviyyəsinə
qaldırılması, əhalinin geniş təbəqələrinin
dünya mədəniyyətinin yüksək dəyərləri
ruhunda maarifləndirilməsi modernləşmə və qərbləşmə
proseslərinə ciddi impulslar verə bilər. Lakin nəzərə almaq lazımdır ki, qərbləşmə
və müasirləşmə ilə bağlı ictimai fikirdə
dual sxem qaçılmazdır. Belə ki,
bir tərəfdə islahatçılar, inqilabçılar,
dəyişiklik tərəfdarları dururlarsa, digər tərəfdə
mühafizəkarlar, yeniləşməyə qarşı
müqavimət göstərən və ciddi təsir
imkanlarına malik olan qüvvələr dayanırlar.
Modernləşmə cəmiyyətin
inkişafının bütün mərhələlərində
imtina edilməsi mümkün olmayan imperativ kimi dəyərləndirildiyindən
islahatçılarla mühafizəkarlar arasındakı
qarşıdurmada gec-tez birincilər qalib gəlirlər.
Bir
ictimai-iqtisadi formasiyadan digərinə keçid cəmiyyətlərinə
xas olan maneələri uğurla aradan qaldırmış Azərbaycanda
istər iqtisadi, istərsə də siyasi-hüquqi
liberallaşdırılmaya yönəlmiş çoxşaxəli
islahatların dövlətçilik maraqları ilə
üst-üstə düşməsinə hər zaman
xüsusi diqqət yetirilmiş, ölkənin milli-iqtisadi
modeli özünəməxsus uzaqgörənliklə əsaslandırılmış,
eyni zamanda bu spesifik modelin demokratik prinsiplərə dönmədən
əməl edilən möhkəm ictimai-siyasi sabitlik şəraitində
davamlı nəticələr verəcəyi mühüm şərt
kimi dəyərləndirilmişdir.
Bazar iqtisadiyyatının fundamental prinsipləri nəzərə
alınmaqla ölkə iqtisadiyyatının strukturu mülkiyyət
formaları və təşkilati-hüquqi baxımdan
köklü surətdə dəyişdirilmiş, bir sıra mərkəzi
və dövlət idarəetmə orqanları ləğv
edilmiş, digərlərinin tənzimləmə
funksiyaları saxlanılmaqla təsərrüfat
funksiyaları dayandırılmışdır. İslahatlar
kursunun əsas qayəsini dövlətsizləşdirmə
prosesinin sürətləndirilməsi, güclü və
müstəqil iqtisadi strukturların yaradılması, cəmiyyətdə
təşəbbüskarlığın, özünüifadə
və özünütəsdiq imkanlarının
artırılması, demokratik dəyərlərin ictimai
şüurda möhkəmləndirilməsi kimi mühüm
istiqamətlər təşkil etmişdir.
Cəmiyyətdə baş verən mütərəqqi
yeniliklərlə vətəndaşların real həyat səviyyəsi
arasında üzvi vəhdət yaradılmasını prioritet
vəzifə kimi qarşıya qoyan Azərbaycan dövləti
demokratik və iqtisadi islahatların paralel
aparılmasını uğur qazanmağın vacib şərti
hesab edirdi.
Ulu öndər Heydər Əliyev milli gəliri yüksəltmədən,
ümumi daxili məhsul istehsalını artırmadan, cəmiyyətdə
insanların yüksək rifahına nail olmadan, təşəbbüskarlığa
və işgüzar fəallığa təkan verən əlverişli
mühit yaratmadan, milli sahibkarlığın
inkişafını təmin etmədən vətəndaş
cəmiyyəti və hüquqi dövlət ideyasının
gerçəkləşdirilməsinin
mümkünsüzlüyünü bildirirdi. O, cəmiyyətin
ümumi inkişaf səviyyəsinə və təkamül
prosesinə uyğun olaraq dövlətin, idarəetmə
sisteminin əsasını təşkil edən mühüm
qanunvericilik aktlarının təkmilləşdirilməsi
işini dövrün zəruri prosesi kimi ortaya qoyurdu.
Azərbaycan
Respublikasının 1-ci çağırış Milli Məclisinin
1995-ci il noyabrın 24-də keçirilmiş ilk iclasında
nitq söyləyən ümummilli lider Heydər Əliyev
demişdir: “Yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın
müstəqilliyini, ərazi bütövlüyünü təmin
edən Konstitusiyadır və əminəm ki, bu, daimi
olacaqdır, xalqımız bu Konstitusiyanın müddəalarından
istifadə edərək Azərbaycanın dövlət
müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi
dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin
yaranması üçün bütün əsasları
yaratmış, bütün təminatları vermişdir.
Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın
bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə
etmək və ölkəmizdə hüquqi, demokratik dövlət
yaratmaq, vətəndaşların, insanların hüquqlarının
qorunmasını təmin etməkdən ibarətdir”.
Əsas
Qanun ənənəvi hüquqi dövlət ideyalarını
özündə ehtiva etməklə yanaşı, bu
ideyaların inkişaf meyillərini də nəzərə
almış, onları özünəməxsus milli dəyərlər,
müasir norma və tələblər əsasında
zənginləşdirmişdir. Əsas Qanunda əksini
tapmış insan və vətəndaş hüquqları,
azadlıqları ölkəmizin son illərdə tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun tətbiq edilmişdir. Bu müddəa
respublikamızın dünya birliyinə dinamik
inteqrasiyasına hərtərəfli imkanlar açmaqla
yanaşı, beynəlxalq hüquq normalarının,
xüsusilə də insan hüquqlarına dair normaların Azərbaycanda
tətbiqinə əlverişli şərait
yaratmışdır.
Konstitusiya məzmun sabitliyi ilə fərqlənən əsas
normativ-hüquqi akt kimi səciyyələndirilsə də
zaman keçdikcə müəyyən əlavə və dəyişikliklər
edilməsinə zərurət yaranır. Bu mənada 2002-ci il avqustun 24-də keçirilən Konstitusiya
referendumunun da başlıca məqsədi insan hüquq və
azadlıqlarının genişləndirilməsi, ölkənin
siyasi və hüquqi sisteminin daha da təkmilləşdirilməsi
idi. Konstitusion dəyişikliklər 1995-ci ildən
sonra baş verən proseslərdən, hüquq və
qanunvericilik sahəsində ortaya çıxmış yeniliklərin
təsbit olunmasına yönəlmiş ictimai zərurətdən
irəli gəlirdi. Azərbaycanın
bütün sahələrdə dinamik inkişaf etməsi, dövlətin
iqtisadi siyasətində sosialyönümlü məsələlərin
prioritetə çevrilməsi, habelə insan hüquq və
azadlıqlarının müdafiəsinə xidmət edən
mükəmməl qanunvericilik bazasının
formalaşması Konstitusiyaya zamanın tələblərinin
diktə etdiyi bəzi əlavə və dəyişikliklərin
olunmasını labüdləşdirmişdi.
(ardı var)
HƏSƏN HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru
Xalq qəzeti.- 2012.- 19 dekabr.- S. 3.