Azərbaycanda insan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidir

 

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda dövlət və cəmiyyət üçün aktual məsələlər, əlamətdar hadisələr, tarixi günlərlə əlaqədar tədbirlərin — müxtəlif elmi-praktik konfransların, simpoziumların, “dəyirmi masa”ların keçirilməsi ənənə şəklini almışdır. İnstitutda bu qəbildən keçirilən növbəti tədbir  “Ümumdünya insan hüquqları Bəyannaməsi və Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda “dəyirmi masa” oldu.

 

Tədbiri giriş sözü ilə açan institut direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov bildirdi ki, aktual mövzuya həsr olunmuş bugünkü “dəyirmi masa”da institutun alimləri ilə yanaşı, respublikanın digər qurumlarını təmsil edən mütəxəssislər – hüquqşünaslar, filosoflar, sosioloqlar iştirak edirlər.

 

Müasir dövrün ən aktual və ən əhəmiyyətli problemlərindən biri və bəlkə də birincisi, insan hüquq və azadlıqlarının etibarlı mühafizəsi məsələsidir. Nəzəri baxımdan bu problemin tarixi qədim yunan demokratiyasına gedib çıxır. Daha dəqiq desək, “insan hüquqları”nın tarixi insanlığın tarixi qədər qədimdir. Bəşəriyyətin tarixi əslində insan hüquqları uğrunda mübarizə tarixidir. Dünyanın əşrəfi və ən ağıllı varlığı olan insan, ən qədim dövrlərdən başlayaraq, həmişə öz hüquqları və azadlıqları uğrunda fədakarlıqla mübarizə aparmışdır. Bu mübarizə ən qəddar rejimlərdə də, ən liberal cəmiyyətlərdə də həmişə aktual mahiyyət daşımışdır. Lakin insan hüquqlarının dünyada bu gün ən qabaqcıl bir təzahür kimi formalaşmasında və təşəkkülündə bəşəriyyət qədim şərq, yunan, Roma, ingilis və fransız mütəfəkkirlərinə həmişə minnətdar olmalıdır.

 

Milyonlarla insanın təlafatı ilə nəticələnən II Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1948-ci il dekabrın 10-da Ümumdünya insan hüquqları Bəyannaməsini qəbul etdi. Bundan sonra dünyanın bir çox ölkələrinin əsas qanunlarında bəyannamənin müxtəlif normaları öz əksini tapmağa başladı. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümumdünya insan hüquqları Bəyannaməsini ratifikasiya etmiş və ona qoşulmuşdur.

 

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında bu müddəaların əksəriyyəti nəzərə alınmışdır. Belə ki, Konstitusiyamızın üçüncü fəsli “Əsas insan və vətəndaş hüquqları və azadlıqları”na həsr olunmuşdur. Sonrakı dövrlərdə də insan hüquq və azadlıqlarının müxtəlif sahələrinin hüquqi tənzimlənməsi istiqamətində zəruri normativ hüquqi aktlar qəbul edilmiş, insan hüquqlarının etibarlı müdafiəsi və mühafizəsi ilə məşğul olan çoxsaylı dövlət orqanları yaradılmışdır.

 

10 fevral 1998-ci ildə ilk dəfə olaraq ölüm cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış, Avropa Şurası ilə genişmiqyaslı əməkdaşlıq başlamışdır. Ölkədə üçpilləli məhkəmə sisteminin, İnsan hüquqları üzrə müvəkkilliyin (Ombudsman), Konstitusiya Məhkəməsinin yaradılması təmin edilmiş, Avropa İnsan Hüquqları Məhkəməsi ilə əməkdaşlıq genişləndirilmişdir.

 

Onu da deyim ki, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda insan hüquq və azadlıqları və onun müdafiəsi ilə bağlı problemlər vaxtaşırı olaraq müxtəlif elmi istiqamətlərdə tədqiq edilib, öyrənilir. Elmi yanaşmalar təkmilləşdirilir və bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq genişləndirilir. Belə tədbirlərdən biri də bugünkü “dəyirmi masa” hesab oluna bilər. “Dəyirmi masa”da institutumuzun təcrübəli alimləri ilə yanaşı, Ədliyyə Nazirliyinin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Polis Akademiyasının və digər əlaqədar qurumların nüfuzlu mütəxəssisləri də iştirak edirlər. Belə tərkibdə keçirilən “dəyirmi masa”da, şübhəsiz, insan hüquqları sahəsində aparılan tədqiqat və araşdırmaların mövcud vəziyyəti, problemlər müzakirə olunacaq, insan hüquqlarına dair normaların daha da təkmilləşdirilməsinə və tətbiqinə dair faydalı təkliflər veriləcəkdir.

 

Çıxışımın sonunda onu da nəzərinizə çatdırmaq istəyirəm ki, institutumuzun direktoru, professor İlham Məmmədzadə üzrlü səbəbdən – digər bir mühüm tədbirə dəvət olunduğu üçün “dəyirmi masa”da iştirak etmir. İlham müəllim xahiş etdi ki, onun salamlarını və çox aktual mövzunun uğurlu müzakirəsi barədə arzularını sizə çatdırım.

 

Sədaqət Qəhrəmanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini:

 

— Son illər ölkəmizdə qadın hüquqlarına və gender bərabərliyinə olan diqqət həyatın bütün sahələrində qadınların fəallığının artmasına səbəb olmuşdur. Azərbaycanda baş verən sürətli sosial-iqtisadi inkişaf qadınlarımız üçün yeni imkanlar yaratmış, qadın hüquqlarının daha səmərəli formada həyata keçirilməsini təmin etmişdir.

 

Ölkəmiz 1995-ci ildə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyaya qoşulmuş və bu sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində bir sıra uğurlar əldə etmişdir.

 

2006-cı ildə qəbul edilmiş “Gender (qadın və kişi) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu həyatın siyasi, sosial və iqtisadi sahələrində  qadınların kişilərlə bərabər təmsil olunmalarına dövlət təminatlarını özündə ehtiva edir. Bu qanunun 6-cı maddəsində deyilir ki, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür.

 

2010-cu il də qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qadınların insan hüquqlarını pozan, onların inkişafına əngəl yaradan halların profilaktikası, zorakılıq qurbanlarının müdafiəsi üçün mühüm vasitədir.

 

Hər dörd ildən bir BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsində eyni adlı konvensiyanın ölkəmiz tərəfindən yerinə yetirilməsinə dair məruzə dinlənilir. 2009-cu ilin yayında keçirilən 44-cü sessiyada Azərbaycan Respublikasının növbəti dördüncü dövri hesabatına baxılmasına dair komitənin yekun rəyində  cinsi ayrı-seçkiliyin aradan qaldırılması sahəsində həyata keçirilən proqramlar və layihələr, sosial müdafiəyə ehtiyacı olan qadınların hüquqlarının təmin olunması istiqamətində görülən tədbirlər təqdirəlayiq hesab edilmişdir.

 

Eyni zamanda, onu da qeyd etməliyik ki, qadınlarımız siyasi və ictimai həyatda, xüsusilə də Milli Məclis, hökumət, diplomatik xidmətlər, rayon və yerli bələdiyyələr, Ali Məhkəmə hakimiyyəti kimi  qərar qəbul edən orqanlarda aşağı səviyyədə  təmsil olunurlar. Belə ki, Milli Məclisin 125 deputatından 19-u, Ombudsmanın 2, dövlət komitəsi sədrinin 2, dövlət komissiyası sədrinin 1 müavini, 3 nazir müavini, 85 rayondan 35-nin icra hakimiyyəti başçısının müavini və 27 şöbə müdiri, hakimlərin isə yalnız 14 faizi qadındır. Göründüyü kimi, bir çox hallarda qadınlar üçün bəyan edilən bərabər hüquqlar reallıqla uzlaşmır.

 

Qadın hüquqlarının qorunması bilavasitə uşaq hüquqlarının müdafiəsini əks etdirir. Qadının ailədəki sosial, psixoloji, mənəvi, iqtisadi durumu yaxşıdırsa, o, uşağı gözəl tərbiyə edir və cəmiyyətə yararlı şəkildə böyüdür.

 

Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, onların hərtərəfli inkişafı ilə bağlı mühüm qanunlar qəbul edilmiş, bu sahədə beynəlxalq konvensiyalar ratifikasiya olunmuş və mühüm dövlət proqramları icra edilir. Uşaq hüquqları sahəsində əsas qanunlar olaraq 1998-ci ildə “Uşaq hüquqları haqqında”, 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, 2003-cü ildə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, 2005-ci ildə “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikası haqqında” qanunlar qəbul edilmişdir.

 

Ölkəmiz, eyni zamanda, uşaq hüquq və maraqlarının təmin edilməsi baxımından beynəlxalq hüququn norma və prinsiplərini özündə əks etdirən bir çox beynəlxalq sənədləri ratifikasiya etmiş, uşaqlarla bağlı milli qanunvericiliyini beynəlxalq norma və standartlara uyğun olaraq təkmilləşdirmişdir. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları Haqqında” Konvensiyasını, 2002-ci ildə Konvensiyanın “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair” və “Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair” fakültativ protokollarını ratifikasiya etmişdir.

 

2007-ci ildən etibarən komitənin nəzdində respublikanın 11 rayonunda  beynəlxalq təcrübəyə əsaslanaraq, uşaq və ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir.

 

Dövlət Komitəsi tərəfindən BMT-nin Uşaq Fondu ilə birgə həyata keçirilən “Küçə uşaqlarının vəziyyətinin təhlili”, “Yeni doğulmuş uşaqların qeydiyyatının vəziyyəti”, “Erkən nikah problemi ilə bağlı sosial ünsiyyət və münasibətlərin dəyişilməsinə yönəlmiş davranış” layihələrində uşaq problemləri ölkə üzrə ətraflı olaraq araşdırılır və aparılmış təhlillər əsasında hökumətə müvafiq təkliflər verilir.

 

Uşaqlarla bağlı prioritet məsələlərdən biri də ana və uşaqların sağlamlığının qorunması istiqamətində tədbirlərin gücləndirilməsidir. Bu istiqamətdə 2006-2010-cu illəri əhatə edən “Ana və Uşaqların Sağlamlığının Qorunması üzrə Tədbirlər Planı” qəbul olunmuşdur. Plan çərçivəsində səhiyyə sahəsində islahatlar, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası həyata keçirilmişdir. Səhiyyə sahəsində aparılan islahatların nəticəsi olaraq son 10 ildə körpə və 5 yaşadək uşaq ölümü halları azalmışdır. Müvafiq dövrə nəzər salsaq uşağın doğumu zamanı ana ölümü hallarında da nisbətən azalma meyli müşahidə edilir.

 

Ölkədə qaçqın və məcburi köçkün uşaqlarının hüquqlarının müdafiəsi ilə bağlı təhsil, səhiyyə, eləcə də sosialyönümlü infrastruktur layihələri icra olunur. Xüsusi qabiliyyətə malik uşaqların potensialının inkişafı məqsədilə regionlarda istedadlı uşaqların aşkarlanması və həvəsləndirilməsi sahəsində işlər aparılır.

 

Uşaq sahəsində əhəmiyyətli sənədlərdən biri də Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə Dövlət Nəzarəti Qaydası” olmuşdur. Qaydalar uşaq sahəsində müvafiq dövlət orqanlarının birgə əməkdaşlığına yeni imkanlar yaradır ki, bu da qarşıda duran problemlərin effektiv həllinə töhfə verir.

 

İsaxan Vəliyev, institutun şöbə müdiri, hüquq elmləri doktoru, professor:

 

— Öncə Ümumdünya insan hüquqları Bəyannaməsinin qəbul edildiyi tarixi şəraiti nəzərinizə çatdırmaq istəyirəm. II Dünya müharibəsi başa çatdıqdan sonra siyasətçiləri və hüquqşünasları müharibə dövründə pozulmuş insan hüquq və azadlıqları, eləcə də müharibədən sonra bu hüquq və azadlıqların bərpası istiqamətində görülməsi zəruri olan fəaliyyət maraqlandırmaya bilməzdi. Əslində, müharibədən sonrakı dövrdə insan hüquq və azadlıqları ilə bağlı ümumdünya ədalət meyarının müəyyən edilməsi zərurəti yaranmışdı. Ümumdünya ədalət meyarlarının bəzi elementləri BMT-nin Nizamnaməsində (1945-ci il), Nürnberq tribunalının qərarlarında (1946-cı il) müəyyən edilsə də, bu normalar o dövrdəki mövcud olan ictimai münasibətlərin tənzimlənməsində yetərincə deyildi. İnsan hüquqlarının ümumbəşəri dəyərə çevrilməsi üçün onların dəqiq sistemləşdirilməsinə və rəsmi bəyan edilməsinə ehtiyac var idi. 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyasının 217-ci qətnaməsi ilə qəbul və bəyan edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsi məhz bu funksiyanı yerinə yetirən sənəd kimi çıxış etdi.

 

Preambuladan və 30 maddədən ibarət Bəyannamə xarakterinə görə deklorativ xarakter daşısa da, onun əsasında iki məcburi hüquqi qüvvəyə malik olan sənəd (Mülki və Siyasi Hüquqlar haqqında beynəlxalq Pakt - 16 dekabr 1966-cı il; İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Pakt - 16 dekabr 1966-cı il) qəbul edilmiş və onun maddələrinin məzmunu BMT üzvü olan dövlətlərin əksəriyyətinin, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiyasına daxil edilmişdir.

 

Bəyannamədə insan həyatının və dövlət fəaliyyətinin bütün sahələrinə aid olan təməl insan hüquqları təsbit edilmiş, insan hüquqlarının daha çox pozulması və məhdudlaşdırılması mümkün olan cinayət mühakimə icraatı sahəsində hüquqlara xüsusilə diqqət yetirilmişdir. Bəyannamənin 7-12-ci maddələri məhz cinayət ədliyyəsi zamanı təmin edilməli olan insan haqlarına həsr edilmişdir. Mən cinayət-prosessual qanunvericiliyinin bəzi normalarının Bəyannamənin ayrı-ayrı müddəaları ilə təşkil etdiyi ziddiyyətli məqamlara fikrinizi cəlb etmək istərdim: Bəyannamənin 7-ci maddəsinə əsasən, bütün insanlar qanun qarşısında bərabərdir və heç bir fərq qoyulmadan qanun tərəfindən bərabər müdafiə olunmaq hüququna malikdir. Cinayət mühakimə icraatına tətbiq edildikdə bu hüquq ittiham və müdafiə tərəflərinin iştirakçıları arasında hüquq bərabərliyi kimi də başa düşülməlidir. Lakin qüvvədə olan cinayət-prosessual qanunvericiliyin bir sıra müddəalarında bu balansın pozulduğunun şahidi oluruq. Məsələn, AR CPM-in 268.1.7-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs ekspert rəyinin müstəntiqə daxil olduğu vaxtdan ən geci 10 gün müddətində onunla tanış olmaq, əlavə və ya təkrar ekspertizanın aparılması haqqında vəsatət vermək hüququna malikdir. Lakin  qanunvericilikdə cinayətdən zərər çəkmiş şəxsin belə hüququ nəzərdə tutulmamışdır. Müqayisə üçün qeyd edək ki, dünyanın bir çox ölkəsində, o cümlədən də Rusiya Federasiyasında cinayət mühakimə icraatında ekspertizanın təyin edilməsi və aparılması zamanı şübhəli və ya təqsirləndirilən şəxslə yanaşı, zərərçəkmiş şəxs də, hətta barəsində ekspertiza təyin edildiyi hallarda şahidə də belə hüquq verilmişdir (RF CPM-in 198-ci maddəsi).

 

Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir insan, Konstitusiya və ya qanunla ona verilən əsas hüquqlarının pozulması hallarında səlahiyyətli məhkəmələr tərəfindən bu hüquqların səmərəli şəkildə bərpa edilməsi hüququna malikdir. Cinayət mühakimə icraatına münasibətdə bu müddəanın təminatlarından biri kimi məhkəmə nəzarəti institutu çıxış edir. AR CPM-in 449-cu maddəsində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi qaydası təsbit edilmişdir. Lakin 449.3-cü maddədə cinayət prosesini həyata keçirən orqanların barəsində şikayət verilməsi mümkün olan hərəkət və qərarlarının dairəsi qüsurlu müəyyən edilmişdir. Normanın qüsurluluğu ondadır ki, o nəinki bu siyahıda AR CPM-də nəzərdə tutulmuş hallarda və qaydada məhkəməyə barəsində şikayət verilməsi mümkün olan hərəkət və qərarların dairəsini tam müəyyən etməmişdir, həm də ümumiyyətlə, barəsində məhkəməyə şikayət verilə biləcək qərar və hərəkətlərin dairəsini qəti müəyyən etmiş və bununla da, əslində, cinayət prosesini həyata keçirən orqanların hərəkət və qərarlarından şikayət vermək hüququnu məhdudlaşdırmışdır. Qanunvericilikdə cinayət prosesinin iştirakçısı qismində tanınmanın rədd edilməsi (AR CPM mad. 119.3.1), habelə təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi hallarında (AR CPM mad. 123.4.) hüquqları pozulmuş şəxslərə məhkəməyə şikayət etmək hüququ nəzərdə tutulmuşdur, lakin 449.3-cü maddədə adıçəkilən hallar kənarda qalmışdır. Ümumiyyətlə, cinayət prosesini həyata keçirən orqanların hərəkət və qərarlarından məhkəməyə şikayət verilməsi institutu hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilə şərtlənir. Bu hüququ nəzərdə tutan beynəlxalq hüquqi prinsiplərində (Bəyannamənin 8-ci maddəsi), AR Konstitusiyasında (60-cı maddə), qanunda da (Azərbaycan Respublikasının “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” 11 iyun 1999-cu il tarixli Qanunun 1-ci maddəsi) barəsində şikayət verilə biləcək dövlət orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin  şikayət verilə biləcək hərəkət və ya hərəkətsizliklərinin dairəsini məhdudlaşdırılmamışdır. Faktiki olaraq, barəsində şikayət verilə bilən qərar və hərəkətlərin dairəsini qəti müəyyən edən AR CPM-in 449.3-cü maddəsi ilə Bəyannamənin 8-ci maddəsinin müddəaları ilə ziddiyyət təşkil edir.

 

Bəyannamənin 11-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham edilən hər bir insan, ona bütün müdafiə imkanları təmin edilməklə, açıq məhkəmə araşdırması yolu ilə onun günahkar olduğu qanuni qaydada müəyyən edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir. Göründüyü kimi, təqsirsizlik prezumpsiyasının Bəyannamədə formulə edildiyi məzmununa görə, şəxsin təqsirli hesab edilməsi üçün açıq məhkəmə araşdırılmasında onun təqsirinin sübuta yetirilməsi zəruri şərtdir. Lakin AR-in qüvvədə olan cinayət-prosessual qanunvericiliyində mövcud olan “məhkəməyədək icraatda qeyri-bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi” institutu faktiki olaraq şəxsin açıq məhkəmə araşdırmasında təqsirinin sübuta yetirilməsi şərtini istisna edir. Problemin mahiyyəti ondadır ki, müstəntiq cinayət işinə qeyri-bəraətverici əsaslarla xitam verdikdə, məhkəmənin deyil, ibtidai araşdırma orqanının yekun aktı ilə (cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar) barəsində işə xitam verilən şəxsin təqsirli olması faktı təsdiqlənmiş olur. Odur ki, cinayət mühakimə icraatında iştirak edən digər vəzifəli şəxslərin müvafiq faktı təsdiq edən prosessual sənəd qəbul etməsi təqsirsizlik prezumpsiyasının tələblərini pozmuş olur. Şəxs yalnız onda cinayət törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən (təhqiqatçı, müstəntiq, prokuror, xüsusi ittihamçı) qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış, məhkəmədə araşdırılmış və qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət təqibi üzrə icraatın istənilən başqa nəticə ilə (məsələn, bəraət hökmünün çıxarılması, AR CPM-in 39-cu maddəsində nəzərdə tutulmuş əsaslar üzrə cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılması) yekunlaşması şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz.

 

Düşünürəm ki, qanunvericilik hakimiyyəti tərəfindən qeyd edilən ziddiyyətlərin aradan qaldırılması insan hüquq və azadlıqlarının təminatı işində irəliyə doğru bir addım olardı.

 

Habil Qurbanov,   institutun şöbə müdiri, hüquq elmləri doktoru, professor:

 

— Sədaqət xanımın məruzəsi ilə mənim çıxışımın mövzusu uyğun gəlsə də, qadın hüquqlarının müdafiəsi o qədər aktual problemdir ki, onun haqqında danışmağa həmişə ehtiyac duyulur. Bununla belə, çalışacağam ki, diqqəti burada səslənməyən fikirlərə yönəldim. Etiraf edək ki, bəşər övladı yaranandan bəri hüquqları ən çox pozulan zümrə qadınlar olub. Hamıya məlum olan təkcə bir faktı xatırlatmaq istəyirəm ki, İslamdan öncə ərəb qəbilələrində ailədə doğulan ilk uşaq qız olardısa onu diri-diri dəfn edərdilər, qadının razılığı olmadan onu başqa birisinə ərə verərdilər və s.

 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı. Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir. Qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir.

 

1979-cu ilin dekabrın 18-də qadın və kişilərin hüquqlarının bərabərləşdirilməsi sahəsində ciddi addım atıldı. Məhz həmin gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qadınlara qarşı irqi ayrı-seçkiliyin bütün növlərinin ləğv olunması haqqında Konvensiya qəbul etmişdir. 30 maddədən ibarət olan Konvensiyada mütləq hüquqi müddəalar şəklində qadın və kişilərin bütün sahələrdə bərabərliyini təmin edən beynəlxalq prinsiplər öz əksini tapmışdır.  Konvensiyada qadınların ailə vəziyyətindən asılı olmayaraq, bütün sahələrdə - siyasi, iqtisadi, sosial, mədəni və mülki sahədə hüquq bərabərliyi elan olunmuşdur. Konvensiyada, həmçinin kişi və qadınların hüquq bərabərliyinin təmin olunmasını sürətləndirməyə yönəldilmiş xüsusi müvəqqəti tədbirlər, habelə ayrı-seçkiliyi təsbit edən sosial və mədəni modelləri dəyişdirmək məqsədi daşıyan tədbirlər tövsiyə olunur.

 

Digər tədbirlər qadınların siyasi və ictimai həyatda hüquq bərabərliyinin, kişilərlə eyni qaydada təhsil almasının və istənilən təhsil proqramını seçməsinin, məşğulluq və əmək haqqının ödənilməsi sahəsində sıxışdırılmamasının və ərə getdikdən sonra, yaxud analıq dövründə iş yerinin saxlanılmasının təmin olunmasına yönəldilmişdir. Konvensiyada kişi və qadınların ailə həyatında bərabər vəzifə daşıdıqları qeyd olunur.

 

1980-ci ilin martın 2-də imzalanan və 1981-ci il sentyabrın 2-də qüvvəyə minən “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya”ya Azərbaycan Respublikası 10 iyul 1995-ci il tarixdə  qoşulmuş, bu Konvensiyanın həyata keçirilməsi haqqında öhdəlikləri öz üzərinə götürərək bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq etmişdir.

 

Konvensiyanın əsas müddəaları ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının Ailə və Əmək Məcəllələrində, eləcə də bir sıra digər normativ hüquqi aktlarda təsbit edilib.

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı.

 

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 2-ci hissəsinə əsasən, kişi ilə qadının eyni hüquqları vardır. 25-ci maddənin 3-cü hissəsinə görə dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

 

Azərbaycan Respublikası 1995-ci iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüşdür.

 

Respublikada qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı və Nazirlər Kabinetinə ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə müvafiq təkliflər işləyib hazırlamaq tapşırıldı.

 

Cəmiyyətdə ailə münasibətlərinin daha da möhkəmləndirilməsi, qadın və kişi arasında ayrı-seçkiliyin ləğv edilməsi, ictimai, siyasi və iqtisadi həyatın bütün sahələrində iki aparıcı cinsin - qadın və kişilərin hüquq bərabərliyinin tam təmin edilməsi üçün 10 oktyabr 2006-cı ildə “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və Azərbaycan Respublikasının Prezidenti bu qanunun tətbiq edilməsi barədə 29 noyabr 2006-cı il tarixli fərman vermişdir. Qanun 2006-cı il dekabrın 1-dən qüvvədədir.

 

Vəfaddin İbayev, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi:

 

— Ümumdünya insan hüquqları Bəyannaməsi insan hüquqları sahəsində beynəlxalq standartları özündə cəmləşdirən ilk beynəlxalq sənəd kimi dəyərlidir. Dövlətlər üçün məcburi öhdəliklər yaratmasa da, onun müddəaları beynəlxalq adət hüququ normaları kimi yerinə yetirilməlidir. Hazırda həmin sənəddəki müddəalar milli qanunvericilikdə də öz əksini tapmışdır.

 

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci madddəsi insan hüquq və azadlıqlarının gözlənilməsi və qorunmasını qanunvericilik, icra  məhkəmə hakimiyyəti orqanlarının borcu kimi müəyyənləşdirir.

 

Konstitusiyanın III fəsli insan hüquq və azadlıqlarına həsr olunmaqla müasir dövrdə beynəlxalq standartlarla tam üst-üstə düşür. Konstitusiyada Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr onun tərkib hissəsi kimi tanınır, beynəlxalq hüquq normalarının Konstitusiya və referendumla qəbul olunmuş qanunlar istisna olmaqla, digər qanunlardan üstünlüyü ifadəsini tapır. Konstitusiya insan hüquqları sahəsindəki beynəlxalq müqavilələrə xüsusi status verərək bəyan edir ki, “bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir”.

 

İnsan hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin ardıcıl mövqeyi bir neçə istiqamətdə aparılan işlərlə səciyyələnir. Bu, bir tərəfdən insan hüquqları sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, digər tərəfdən də insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud mexanizmlərin təkmilləşdirilməsi və yeni mexanizmlərin yaradılması ilə müşahidə olunmuşdur.

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, İnsan Hüquqları üzrə Müvəkkil — Ombusman təsisatının, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun yaradılması, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatlarının dəstək verilməsi barədə dövlətin öz mövqeyini bəyan etməsi, penitensiar sistemdə aparılan islahatlar, penitensiar sistemdə ictimai nəzarət komitəsinin, dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət komissiyanın yaradılması və hazırda fəaliyyət göstərməsi insan hüquqlarının müdafiəsi sahəsində mexanizmlərin təkmilləşdirilməsinə dəlalət edir. Dövlət insan hüquqlarının müdafiəsində maraqlı olmasını həm də hüquqları pozulmuş şəxslərin beynəlxalq mexanizmlərə çıxışını təmin etmək üçün beynəlxalq konvensiyalara qoşulmaqla nümayiş etdirmişdir.

 

Hüquq və azadlıqların məhkəmə müdafiəsinin təmini ilə bağlı müddəalar milli qanunvericilikdə təsbit olunmaqla yanaşı, qanunvericiliyin  həyata keçirilməsi üçün mövcud mexanizmlər təkmilləşdirilmiş və yeni mexanizmlər yaradılmışdır. Dövlət tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsinə göstərilən qayğı, aparılan islahatlar insan hüquq və azadlıqlarının daha səmərəli təmini üçün zəmin yaradır.

 

Məhkəmələr insan hüququ və azadlıqlarının müdafiəsində önəmli rol oynayır. Azərbaycan Respubliksaı Ali Məhkəməsi kassasiya instansiya məhkəməsi kimi  məhkəmlər tərəfindən insan hüquq və azadlıqlarının təmini üçün ardıcıl tədbirlər həyata keçirir, Ali Məhkəmənin Plenumunda müvafiq qərarlar qəbul edilməklə bu sahədə qanunvericiliyin vahiq qaydada tətbiq olunmasına, hüquq və azadlıqların daha keyfiyyətli təmininə öz töhfəsini verir.

 

Məsələn, azadlıq hüququnun insan həyatında rolu, həmin hüququn məhkəmələr tərəfindən təmin edilməsinin vacibliyini nəzərə alaraq Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumu 30 mart 2006-cı il tarixli  “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edərkən Konvensiyanın müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsaslanmaqla həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı və həbs qətimkan tədbiri başqa qətimkan tədbirinin tətbiqinin qeyri-mümkün olduğu, son dərəcə zəruri hallarda tətbiq olunmalıdır. Təqsirləndirilən şəxsin uzunmüddətli həbsi üçün tutarlı əsaslar yoxdursa, iş üzrə ehtimal həmişə şəxsin azadlığa buraxılmasının xeyrinə olmalıdır. Azadlığa buraxılmanın əsasları məhkəməyəqədərki bütün müddət ərzində istənilən vaxt tətbiq edilə bilər.

 

Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin düzgün tətbiqinə nail olunmasının təmini məqsədilə Azərbaycan Respublikasının Ali  Məhkəməsinin Plenumu 3 noyabr 2009-cu il tarixdə “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərar qəbul etmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il  tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində  Milli Fəaliyyət Proqramı”nda hakimlərin və hakimliyə namizədlərin, hüquq-mühafizə orqanları əməkdaşlarının və vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tətbiqi ilə bağlı müddəaların nəzərdə tutulması bir daha onu təsdiq edir ki, hakimlər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, həmin müqavilələr əsasında yaranmış təcrübəni öyrənməli və fəaliyyətlərində beynəlxalq mexanizmlərin presedentlərinə istinad etməlidirlər.

 

Rauf Qarayev, institutun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru:

 

— Altmış dörd il bundan əvvəl qəbul olunmuş Ümumdünya insan hüquqları Bəyannaməsi insan hüquqları və əsas azadlıqlarının təməlini qoymuş və onun inkişafının əsas istiqamətlərini müəyyən etmişdir. Məhz bu sənədin əsasında “Vətəndaşlıq hüquqları və siyasi hüquqlar”, “İqtisadi, sosial və mədəni hüquqlar” haqqında Beynəlxalq paktlar, Amerika insan hüquqları Konvensiyası, İnsan və xalqların hüquqları haqqında Afrika Xartiyası, İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyası, İslamda insan hüquqları Bəyannaməsi kimi aktlar qəbul olunmuşdur. Burada belə bir fikir səsləndi ki, Ümumdünya insan hüquqları Bəyannaməsi deklarativ xarakter daşıyır və heç bir hüquqi qüvvəyə malik deyil. Fikrimcə, bu, belə deyil. Bəyannamədə öz əksini tapmış müddəalar artıq beynəlxalq hüquq normalarının bir növü olan beynəlxalq adət normaları şəklini almış və bu səbəbdən bütün beynəlxalq hüquq subyektləri üçün məcburi xarakter daşıyır.

 

Qeyd etmək istərdim ki, Azərbaycanda insan hüquqları və demokratiyanın inkişafına mane olan əsas səbəblərdən biri, bəlkə də ən əsası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə zamanı milyonlarla azərbaycanlının insan hüquqları kobud şəkildə pozulmuşdur. Bütövlükdə, Azərbaycanın 900-ə yaxın yaşayış məntəqəsi talan edilmiş və sonradan dağıdılıb məhv edilmişdir. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizindən çoxu, yəni 17 min kvadratkilometr torpaq sahəsi işğal altında qalmışdır. 20 mindən çox Azərbaycan əhalisi həlak olmuş, 50 mindən çox insan yaralanmış, əlil və ya şikəst olmuşdur. Bir neçə min insan itkin düşmüşdür. Ermənistanla həmsərhəd olan Azərbaycanın yaşayış məntəqələrinin bir çoxu tam dağıdılmış və dinc əhali öz doğma obalarını tərk etməyə məcbur olmuşdur. Bununla yanaşı, Ermənistanla həmsərhəd olan Azərbaycan rayonlarının iqtisadiyyatı da ciddi zərər görmüşdür. Bir milyondan çox insan qaçqın və ya didərgin olmuşdur. Azərbaycan əhalisinə, ərazisinə, iqtisadiyyatına və ekologiyasına, bitki və heyvanat aləminə böyük maddi və mənəvi ziyan vurulmuşdur.

 

İşğal olunmuş ərazilərdə 6 minə yaxın kənd təsərrüfatı və sənaye obyekti, 150 min yaşayış evi və mənzil (bunların ümumu səhəsi 9,1 milyon kvadratmetrdir), 4366 sosial-mədəni təyinatli obyekt, 7 min ictimai bina, 693 orta məktəb, 855 məktəbəqədər müəssisə, 695 xəstəxana və digər tibb müəssisələri, 4 sanatoriya – müalicəvi kompleks, 31 məscid, 9 tarixi saray, 160 körpü, 368 klub, 927 kitabxana, 85 musiqi məktəbi, 464 muzey və tarixi abidə, 6 dövlət teatrı dağıdılmış, 800 kilometr uzunluğunda dəmir yolu və avtomobil yolları, 15 min kilometr uzunluğunda elektrik və qaz xətləri, 2300 kilometr uzunluğunda regional əhəmiyyətli su kommunikasiya sistemləri sıradan çıxarılmış, 1 milyon hektar kənd təsərrüfatı sahəsi, 250 min hektar meşə sahəsi, 200 paleontoloji və geoloji abidə erməni işğalçıların əlinə keçmişdir. Bunların əksəriyyəti talanmış, məhv edilmiş, dağıdılmış və ya yararsız hala salınmışdır. Mənim hesablamalarıma əsasən bu günə kimi Ermənistanın təcavüzü nəticəsində Azərbaycana vurulmuş (maddi və mənəvi) zərərin ümumi dəyəri 450 milyard ABŞ dollarından artıqdır.

 

Bu faktlar beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərdə də öz əksini tapmışdır. Məsələn, BMT-nin Baş Məclisi hələ 23 mart 1994-cü ildə qəbul olunmuş Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında (48/114) qətnaməsində Azərbaycanda qaçqınların və yerlərini dəyişmiş şəxslərin sayının bir milyonu keçməsini narahatlıqla qeyd etmişdir.

 

Avropa Şurası Parlament Assambleyası Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1059 (1995) nömrəli qətnaməsində qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycanda ifadə edilə bilməyən insan əzabları, minlərlə həlak olanlar, on minlərlə yaralı və bir milyondan artıq qaçqın və məcburi köçkünlərlə nəticələndiyindən təəssüflənir.

 

Təbii ki, belə bir halda ölkədə insan hüquqlarının qorunması və inkişaf etdirilməsindən danışmaq çox çətindir. Fikrimcə, Azərbaycanda insan hüquqları və demokratiyanın inkişaf etdirilməsinin əsas istiqamətlərindən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması ilə bağlıdır. Bu fikri beynəlxalq aktlarda da öz əksini tapmış müddəalarla da əsaslandırmaq olar. Belə ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən qəbul olunmuş “Avropada demokratiyanın vəziyyəti. Avropada demokratik institutların fəaliyyəti və Assambleyanın monitorinq prosedurunun aparılması” adlı qətnamədə qeyd olunur ki, Azərbaycanda, Gürcüstanda və Moldovada, bu dövlətlərin ərazi bütövlüyü bərpa olunmayana qədər, demokratik dəyişiklikləri möhkəmləndirmək mümkün olmayacaq. AŞPA tərəfindən qəbul olunmuş digər bir sənəddə — “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı 1614 nömrəli (2008) qətnamədə deyilir: “Assambleya hesab edir ki, ölkənin ərazi bütövlüyü bərpa olunana qədər Azərbaycanda sabit, demokratik inkişaf çox çətin olacaqdır”.

 

Yəni Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ölkənin demokratik inkişaf etməsinə də maneçilik yaradır. Bu səbəbdən Azərbaycan hüquq elminin əsas vəzifələrindən biri Ermənistanın Azərbaycana qarşı təcavüzünün müasir beynəlxalq hüququn norma və prinsiplərini kobud surətdə pozulması məsələlərinin, bu işğalın nəticələrinin aradan götürülməsi yollarının araşdırılması və göstərilməsindən ibarət olmalıdır.

 

Rəna Mirzəzadə, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru:

 

— Mənim məruzəm “Bərabərlik hüququ” haqqındadır. Hesab edirəm ki, bərabərlik və genderdən bəhs edərkən öncə gender fəlsəfəsi, sonra gender siyasəti aspektində gender bərabərliyi məsələsinə toxunmalıyıq.

 

Gender bərabərliyi demokratik cəmiyyətin ümumi bərabərlik prinsiplərinin tərkib  hissəsidir. O, hər şeyi əhatə edən, insanın mənşəyindən, dinindən, sosial statusundan, cinsindən və s. asılı olmayaraq  hər hansı  bir ayrı - seçkiliyi rədd edir. Bərabərliyin yaranma və təşəkkül tarixinin çoxəsrlik kökləri vardır. Bu mənada Azərbaycanda hələ 1918-ci ildə cinslərə bərabərlilik hüququnun təsbit olunması bir faktdır.     Məhz cinsi əlamətə görə bərabərlik az qala bir əsrdir ki, vətəndaşların ümumi bərabərlik prinsipi kataloquna daxil olmuşdur. Bu, cəmiyyətin inkişaf prosesindən ayrıla bilməz və indi hamı qəbul edir ki, cins anlayışı həm siyasi, həm də konstitusiya kontekstində, bərabərlik prinsipinin pozulmasıdır. Kişiyə və ya qadına qarşı edilməsindən asılı olmayaraq, konstitusiya hüquqlarının pozulması,  əslində, ayrı-seçkilikdir, diskriminasiyadır. “Qadınlar haqqında hər hansı formada ayrı-seçkiliyin ləğvi barədə” BMT Konvensiyası ayrı-seçkilik (hüquq bərabərliyini pozma, diskriminasiya) anlayışını belə təyin edir: “Qadınlar  haqqında ayrı-seçkilik onların cinsi mənsubiyyətinə görə və ailə vəziyyətindən asılı olmayaraq,  kişi və qadın bərabərliyi əsasında siyasi, iqtisadi, sosial, mədəni, vətəndaşlıq və digər sahələrdə insan hüquqlarının və əsas azadlıqlarının tanınmasını, istifadəsini və həyata keşirilməsini zəiflətməyə və ya heçə endirməyə yönəlmiş hər hansı fərq, istisna, yaxud məhdudiyyətdir”. Bu Konvensiyanı Azərbaycan Respublikası da 1995-ci ildə parlamentdə ratifikasiya etmişdir.

 

Təəssüf ki, Konvensiyada sadalanan ayrı-seçkilik növləri ilə bu gün daha tez-tez rastlaşırıq. Bazar münasibətləri sistemində, məsələn, yaş həddi kimi bir ayrı-seçkilik növü yarandı, özü də bu növün cinsi yoxdur. Müəyyən yaş həddinə çatdıqda işə götürməmək adi hala çevrilmişdir. Özü də əgər bu hədd əvvəllər 40 yaş idisə, indi 35 yaşa endirilibdir.   Digər paradoksal bir hal: xarici görünüşünə görə ayrı-seçkilik. Boy haqqında elanlara tez-tez rast gəlmək olar. Bir də görürsən ki, elanda deyilir: “170 santimetrdən aşağı boyu olan qızlar müraciət etməsinlər!” Belə ki, söhbət manekendən, modadan gedirsə, bunu başa düşmək olar, lakin digər sahələrdə isə bu, anlaşılmazdır.

 

Bir məsələyə də toxunmaq istərdim. Dünya patriarxal, o cümlədən Azərbaycan cəmiyyəti də tam ənənəvi patriarxal bir sosiumdur. Bu sosiumda şüurun, düşüncənin yeniləşməsinə, gender mədəniyyəti, gender bərabərliyi çevrəsində uyğunlaşmaya çox böyük ehtiyac vardır. Bu gün nəinki uzaq dağ kəndində, eləcə də paytaxtda sıravi vətəndaşından nazirinədək, fəhləsindən professorunadək çox adam “qadın hüququ” ifadəsindən sanki “qıcıqlanır”. Niyə? Bu, bütün dünyada belədir. Lakin unutmayaq ki, insan hüquqlarından bəhs ediriksə, İnsan hüquqları haqqında Bəyannamənin meydana çıxmasında xanım Ruzveltin böyük xidmətləri olmuşdur. Bu gün yaşadığımız müstəqil Azərbaycanın Müstəqillik haqqında Aktına xanım Elmira Qafarova imza atmışdır. Bu gün qloballaşan dünyada ölkənin birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın mənəvi, mədəni sahədə apardığı genişmiqyaslı fəaliyyətini, sivilizasiyaların dialoqu çərçivəsində gördüyü misilsiz işləri - Dostluq, Əməkdaşlıq, Bərabərlik və İnsan Hüquqlarının mədəni sahədə mühafizəsinin konkret təcəssümüdür.       Hesab edirəm ki, modernləşən, iqtisadi cəhətdən yeniləşən ölkəmizdə gender şüuru, gender düşüncəsi, gender mədəniyyəti sahəsində hələ çox iş görülməlidir. Etiraf edək ki, milli qanunvericilik bu sahədə təkmildir. İstər ulu öndər Heydər Əliyev, istərsə də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bərabərlik hüququ ilə bağlı vacib qanunlar imzalanmış, beynəlxalq qanunvericilik təsbit olunmuşdur. Bununla belə, yenə də maarifləndirmə işinə ehtiyac var. Bu isə məhz AMEA-nın alimlərinin maarifləndirmə və təbliğat işinə cəlb olunmasını vacib edir. Elmi düşüncə kağızdan həyata, qanundan sosiuma transfer edilməlidir. XXI əsr yeniləşən Azərbaycanda gender mədəniyyəti yolunda maariflənmə işinə doğru sivil düşüncə ilə tənzimlənmə qanunumuzun aktuallığıdır.

 

İlham Abbasov, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru, hüquq üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri:

 

— Ümumdünya insan hüquqları Bəyannaməsi bəşər övladının, cəmiyyətin bütün üzvlərinin hüquqlarının toxunulmazlığını və ayrılmazlığını təntənəli surətdə elan edən əsas beynəlxalq sənəddir. Həmçinin, Bəyannamə insan hüquq və azadlıqlarını özündə əks etdirən digər beynəlxalq hüquqi sənədlərin qəbul edilməsi üçün baza rolu oynamışdır.

 

Bu beynəlxalq sənəddə vətəndaşların şəxsiyyət, vətəndaşlıq və siyasi hüquqları, habelə sosial-iqtisadi hüquqları da hamının əməl etməli olduğu insan hüquqları sırasına aid edilir.  Azərbaycan Respublikası öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində köklü dəyişikliklər aparılmış, o cümlədən məhkəmə-hüquq islahatları həyata keçirilmişdir. Hazırda həmin islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 200-dən artıq beynəlxalq konvensiyaya, o cümlədən insan hüquqlarının müdafiəsi ilə bağlı 70-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.

 

Müstəqil dövlətimizin ilk  Konstitusiyanın III fəsli bütövlükdə, başqa sözlə, 158 maddədən 48-i, yəni üçdə biri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir. Demək olar ki, Ümumi Bəyannamə və insan hüquqlarına dair digər beynəlxalq aktlarla müəyyən edilən əksər hüquq və azadlıqlar bu Konstitusiyada təsbitini tapmışdır.

 

1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə, ilk dəfə olaraq, müstəsna cəza tədbiri-ölüm cəzası cinayət cəzalarının sistemindən çıxarılmış, bununla da ümummilli liderin humanistliyi bütün dünyada bir daha təsdiqlənmişdir.

 

Ölkəmizdə insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” mühüm rol oynamışdır.

 

Respublikamız dövlət müstəqiliyini bərpa etdikdən sonra  xarici ölkələrlə əlaqələri genişlənmiş və dərinləşmişdir. 2001-ci ilin yanvar ayında Azərbaycan Respublikası, Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmiş, Fransanın Strasburq şəhərində Avropa Şurasının iqamətgahı önündə müstəqil dövlətimizin üçrəngli bayrağının ucaldılması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən, məqsədyönlü, çevik və müdrik daxili və xarici siyasətinin məntiqi nəticəsi hesab edilməlidir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Həmin sərəncamda qeyd edilir ki, Azərbaycan müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

 

Həmçinin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər ilin 18 iyunu Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir.

 

Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

 

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilmişdir.

 

Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli kollegiya iclasında Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Proqramının icrası ilə əlaqədar qarşıda duran vəzifələr geniş və hərtərəfli müzakirə edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə Ədliyyə Akademiyasının Nizamnaməsi təsdiq edilmişdir. İnsan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı qorunması haqqında qanunvericiliyin, o cümlədən, bu sahədəki beynəlxalq hüquq normalarının öyrənilməsi, əhali arasında, xüsusilə, gənclər arasında izahı akademiyanın professor-müəllim heyəti qarşısında duran mühüm vəzifələrdən biridir.

 

Zaur Məmmədov, institutun böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent:

 

— Məlum olduğu kimi, insan cəmiyyətində mövcud olan ən müxtəlif ictimai-siyasi münasibətlərin nizamasalma və tənzimləmə mexanizmlərinin ən mühümü hüquq normalarıdır. Heç bir dövləti hüquq normaları olmadan təsəvvür etmək mümkün deyil. İctimai-siyasi münasibətlərin içərisində mülki hüquqla tənzimlənən münasibətlərin dairəsi geniş olmaqla çox əhatəlidir. Həyatın elə bir sahəsi yoxdur ki, maddi mülki hüquq normaları ilə bu və ya digər dərəcədə, az  ya çox nizamlanmasın.

 

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi göstərilmişdir. Konstitusiyanın 71-ci maddəsi insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumağı qanuvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi təsbit etmişdir.

 

Notarial forma çərçivəsində səlahiyyətli şəxslər - notariuslar tərəfindən hüququ tətbiqetmə fəaliyyətinin hüquq və qanuni maraqların müdafiəsi və mühafizəsinə yönələn xüsusi növü həyata keçirilir. Hüquqların notariat qaydasında təsdiq edilməsinin üstünlüyü ondadır ki, notariat qaydasında tərtib edilmiş sənəd hüququ dövlətin adını qoruyur, notariat aktı rəsmi qaydada etibarlı sayılır və üstün hüquqi qüvvəyə malikdir. Belə aktlarda təsbit edilən faktları, onun hüquqi təmizliyini və qüvvəsini təkzib etmək çox çətindir. Notarial hərəkətlər həyata keçirilənə qədər notarius tərəflərin hüquq və vəzifələrini ətraflı şərh edir, onları əqdlərin hüquqi nəticələri barədə məlumatlandırır və bu səbəbdən də notariusa müraciət edən şəxsin hüquqi savadsızlığı ona ziyan vurmamaqla hüquqlarını məhdudlaşdırmır və nəhayət notarial aktlarla vətəndaşın hüquqlarna xələl dəymir. Belə ki, notariusun fəaliyyəti ilk növbədə notariat hərəkətlərinin aid olduğu bütün şəxslərin hüquq və vəzifələrinin qorunmasına yönəlir.

 

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq notariuslar müxtəlif notariat hərəkətlərini həyata keçirirlər: əqdləri (müqavilələri, etibarnamələri, vəsiyyətnamələri) təsdiq edirlər, veksellərə protestlər tərtib edirlər, çekləri ödənilmək üçün təqdim edirlər və çeklərin ödənilmədiyini təsdiq edirlər, vərəsəlik işi aparırlar, digər mübahisəsiz hüquqi faktları və hüquqları təsdiq edir, fiziki və hüquqi şəxslərə AR Konstitusiyası ilə təminat verilən hüquqlarını və qanuni maraqlarını reallaşdırmaq imkanı verən hərəkətləri yerinə yetirirlər.

 

2011-ci ildə Azərbaycan Respublikasında 2 milyondan çox notariat hərəkəti rəsmiləşdirilmişdir. Bundan başqa, vətəndaşlara 500 mindən çox şifahi məsləhətlər verilmişdir. Rəsmiləşdirilən notariat hərəkətlərinin əksəriyyətini surət və imza təsdiqi təşkil edir. Sovet dövründən qalmış əmanətlərə verilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin sayı ən azı 10 dəfə artmışdır.

 

Notariat fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməsi olduqca vacibdir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, notariat sistemində mövcud olan problemlərin həlli edilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi böyük rol oynayır. İnformasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməsi fiziki və hüquqi şəxslərin hüquqlarının təmin edilməsinə, bu sahədə təcrübədə mövcud olan çətinliklərin aradan qaldırılmasına, göstərilən hüquqi xidmətin keyfiyyətinin artırılmasına və sərf olunan vaxtın azaldılmasına imkan verir.

 

Məhz bu məqsədlə, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. “ASAN” xidmət mərkəzlərində dövlət orqanları tərəfindən bir sıra xidmətlər, o cümlədən notariat fəaliyyəti həyata keçiriləcəkdir.

 

***

 

Tədbirdə həmçinin Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Rüstəm Məmmədov “Qloballaşan dünyada insan hüquqlarının müdafiəsi: nəzəriyyə və təcrübə”, İnsan Hüquqları üzrə Müvəkkilliyin (Ombudsman) şöbə müdiri Mahir Məmmədovun “İnsan hüquqlarının müdafiəsində Ombudsmanın rolu” mövzularında çıxışları, habelə BDU-nun kafedra müdiri, hüquq elmləri doktoru, professor Alış Qasımov, hüquq elmləri doktoru, professor Midhət Cəfərov, hüquq elmləri üzrə fəlsəfə doktoru Oruc Məmmədovun və başqalarının rəy və təklifləri dinlənildi.

 

Professor Bəhram Zahidov “dəyirmi masa”ya yekun vuraraq, maraqlı müzakirəyə görə tədbir iştirakçılarına təşəkkür etdi.

 

Qələmə aldı:

 

Qüdrət PİRİYEV,

 

 Xalq qəzeti.- 2012.- 21 dekabr.- S. 4;5.