Masallı – folklor paytaxtı
Azərbaycan Respublikasının Mədəniyət
Naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37
saylı əmrinə əsasən Masallı şəhəri
Azərbaycanın Folklor Paytaxtı elan edilmişdir. Bu,
Masallının zəngin ağız ədəbiyyatı
nümunələri - nağıl, dastan,
bayatı, nəğmə, tapmaca,
yanıltmac, atalar sözü,
zərb-məsəllər və bölgələrinin digər
folklor incilərinə, tarixi
abidələrinə, xalq sənətinə
verilən qiymətdir.
İnsanın qəlbində sözü olanda, onlar çıraq kimi yananda, ocaq kimi alışanda, quş kimi qanadlananda, bahar kimi çiçəklənəndə o ovqatını ifadə edir. Sözü sözə tutanda, sözü sözlə ahəngləşdirəndə şirin nəğməyə dönür. Bir ürəkdə çağlayan mahnılar digər ürəkləri də ehtizaza gətirir.
Masallının uzaq əsrlərdən bu günə düzənlənən söz inciləri: zərb məsəllər, bayatılar, əmək nəğmələri, halaylar, holavarlar, mərasim mahnıları, rəqslər karvan-karvan yol yorub, qərinələr, əsrlər keçib zamanımıza gəlib çıxıb. Bu zəngin karvanın, əvəzsiz mənəvi dəyərlərin sarvanı insanlardır, bu zəngin xəzinəni xalqın faydasına çevirmiş, onun ovqat görüntüsünə döndərə bilənlərdir. Əlbəttə, bu proses “Sim-sim” qapını aç qədər əl altında, asan başa gələn olmamışdır. Nəsil-nəsil atadan, anadan övlada miras qalan bu zəngin xəzinə insanların yaddaşında ötürülə-ötürülə gəlib bu günümüzə çıxmışdır.
Qədim mədəniyyətə, qatı açılmamış xalq yaradıcılığına çoxsaylı abidələrə malik olan, son otuz ildə folklor inciləri ilə dünyanın 30-dan artıq ölkəsinin dinləyicilərini ram edən Masallının respublikanın rayonları arasında seçilib sananması reallıq idi.
Burada hər qaya, hər daş tarix yaradır. Bir ovuc torpaq peşəkarlar əlində ecazkar sənət əsərinə dönür. Kəndlərin hamısında xalq sənəti maddi-mədəniyyətimizin ən qiymətli inciləri kimi qorunur. Məhz bu xüsusiyyətinə görə ilin əvvəlində seçim zamanı münsiflər Masallının namizədliyinə hamılıqla səs verdilər.
Masallı bu adı əsil mənada doğrultdu. Ağsaqqalların, ağbirçəklərin bayatı boxçası açıldı, nə açıldı. Folklor ansambllarının yarışları başladı. Bir kəndin, bir məhəllənin halayına, qonşu yaşayış yerlərindən səs verdilər. Sən demə, hər kənd yox, hər məhəllə xalq incilərinə bir cür rövnəq verirmiş. Bir bayatının, atalar sözünün, laylanın, mahnının, əmək nəğməsinin müxtəlif çalarları aşkar edilib toplandı. Ancaq hamısı bir ruhun diktəsi, bir ürəyin döyüntüsü kimi ipə-sapa düzüldü. Folklorşünaslar Masallıda oldular. Kəndbəkənd, məhəllə-məhəllə gəzib bu zəngin xəzinəni sinədəftərlərin dediyi kimi kağıza köçürdülər.
Bu işlər Masallıda keçirilən “Azərbaycan Folkloru mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfransda müəyyən qədər yekunlaşdı. Masallı folklor nümunələri kitablarda çap edildi. Filmlərdə, xüsusilə “Halay” haqqında çəkilən sənədli ekran əsərlərində bunlardan daha çox istifadə olundu.
Folklor ili çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri Folklor paytaxtının kubokunun və loqosunun təqdimetmə mərasimi idi. Mərasim vaxtı kubok və loqos rayon icra hakimiyyəti başçısının müavini, Təşkilat Komitəsinin sədri Nəsir Muxtarlı və Mədəniyyət və Turizm şöbəsinin müdiri, Respublikanın əməkdar mədəniyyət işçisi Lətifə Mövsümovaya təqdim edildi.
Təqdimat mərasimində iştirak edən millət vəkili Elmira Axundova dövlətimizin mədəniyyət sahəsinə qayğısını YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın muğam sənətinin inkişafı sahəsində həyata keçirdiyi qlobal layihələrlə səciyyələndirdi. Bu tanınmanın ikinci mərhələsi olaraq regionların foklorunun, ayrı-ayrı ansambl və kollektivlərin dünya miqyasında tanındığını qeyd etdi.
Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, əslən Masallıdan olan xalq artisti İlham Əsgərov ümid ifadə etdilər ki, Masallı Azərbaycanın layiqli folklor paytaxtı olacaq. Həmin tədbir dağ çaylarına qüvvət verən yazın gəlişinə bənzəyirdi. Bundan sonra şəhər mərkəzində, qəsəbə və kəndlərdə bir-birindən maraqlı tədbirlər keçirilməyə başladı. Proqramın məramına uyğun olaraq keçirilən bu tədbirlər sübut etdi ki, insanların ovqatını yüksəltməkdə, xüsusilə gənc nəslin hərtərəfli inkişafında xalq yaradıcılığı qaynaqlarından istifadə etməyin böyük faydası var.
Masallıda respublika muğam festivalı təntənəli
keçdi. “Masallı” rəqs, incəsənət
məktəbinin “Sara”, yaşlılardan
və gənclərdən
ibarət “Halay” ansamblları, Şərəfənin
“Həcər”, Xırmandalının,
Öncəqalanın, Sərçuvarın,
Gəyəçölün, Qodmanın xalq kollektivləri rəngarəng
tədbirlərdə uğurla
çıxış etdilər.
Tədbirlər get-gedə daha
da kütləviləşirdi.
Ulu öndərin anadan olmasının 89-cu ildönümü və
qurtuluş günü
münasibəti ilə keçirilən
tədbirlərdə rayonun bütün musiqi kollektivləri iştirak etdi.
Sonra yaz festivalı, turizm mövsümünün açılışı,
xalq sənəti, el təranələri, xalq yaradıcılıq bayramları
təmtəraqla keçirildi. Bir sözlə, rayonun 118 bədii özfəaliyyət
kollektivi, onların 2800 üzvü tədbirlərdə
iştirak etdi. Folklor ili çərçivəsində ən böyük tədbir isə Masallıda keçirilən Beynəlxalq
Folklor festivalı idi.
Sentyabrın 7-si Masallı xüsusi
ilə təmtəraqlı görünürdü.
Küçə və
meydanlar şəhərdən, rayonun
ayrı-ayrı kənd
və qəsəbələrindən gələnlərlə
dolu idi. Masallı Beynəlxalq folklor festivalına
gələnləri isti-hərarətli
salamlayırdı. Festival başlamazdan
əvvəl Masallı
Rayon İcra Hakimiyyətinin
başçısı Rafil
Hüseynov, Milli Məclisin
üzvləri, Dövlət
rəsmiləri
ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək
dəstələri qoydular.
Bayraq Meydanından başlayan görüş
arasıkəsilməyən dəstələrlə Heydər Əliyev parkının önündən keçib
getməsi ilə start
götürdü.
Folklor kollektivləri təmsil
etdikləri ölkələrin
bayraqlarını dalğalandırdılar...
İlk olaraq meydanda Azərbaycan bayrağı dalğalanır. Yaşlılardan
və gənclərdən
ibarət “Halay” folklor kollektivi, “Masallı” rəqs qrupu, Naxçıvanın rəqs
ansamblı, Rusiya Federasiyasının Dağıstan
respublikasının Kabarda-Balkar,
Türkiyənin, İranın,
Latviyanın folklor kollektivləri üç
gün rayonda, Boradigah qəsəbəsi
və Şərəfə
kəndində, istirahət
obyektlərində zəngin
proqramlarla çıxış
etdilər.
Konsertlər zamanı Masallının tələbkar tamaşaçıları
da mahnılara nəqarət tutur, rəqslərə ahəng
verirdilər.
Rayon mərkəzində keçirilən yekun konsertində Masallı
Rayon İcra Hakimiyyəti
başçısı Rafil
Hüseynov zəngin folklorumuzun dünyaya tanıtdırılmasını dövlət siyasətinin
tərkib hissəsi kimi dəyərləndirdi.
Respublika Mədəniyyət və
Turizm nazirinin müavini Sevda Məmmədli iştirakçılara
uğurlar arzuladı. Festival müddətində hər
yerdə Masallının
bacarıqlı əl
ustalarının əsərləri
nümayiş etdirildi.
Masallı Olimpiya İdman
Kompleksində keçirilən
yekun konsertində də “Halay” və digər kollektivlər, Naxçıvanın
“Şərur” ansamblı,
Türkiyə, İran,
Latviya, Dağıstan
və Kabarda-Balkar folklor qruplarının ifaları xoş təsir bağışladı.
Ansabl üzvləri Masallı qonaqpərvərliyini yüksək
qiymətləndirib, festival günlərini unutmayacaqlarını
bildirdilər. Burada bu
fikir dəfələrlə
təkrarlandı ki, Masallı beynəlxalq tədbirlərə inamla sahiblik edə bilər.
Festivalda Masallıda nəfis şəkildə hazırlanan
saxsı qablar, müxtəlif suvenirlər,
köynəklər, qələmlər,
döş nişanları
iştirakçılar üçün
maraqlı idi və hamısı öz ölkələrinə
bu qiymətli hədiyyələri məmnuniyyətlə
apardılar.
Festival müddətində hazırlanan
fotoalbomlar, disklər və s. maraqla qarşılandı.
...Dekabrın 15-i Masallı yenidən izdihamlı idi. Rayonumuza dövlət rəsmləri,
mədəniyyət nazirliyinin
nümayəndələri, jurnalistlər gəlmişdilər.
Bu, bir növ
folklor paytaxtının
keçirdiyi çoxsaylı
tədbirlərə qiymət
vermək məqsədi
daşıyırdı.
Rayon Gənclər Mərkəzində
keçirilən tədbiri
giriş sözü ilə rayon icra hakimiyyəti başçısının
müavini, Təşkilat
Komitəsinin sədri
Nəsir Muxtarlı açdı. O, Folklor ilində keçirilən
tədbirlərdən geniş
danışıb bildirdi
ki, bu sahədə
görülən işlər
bütün rayonu əhatə edib. Xalq folklorunu öyrənməyə,
bu qiymətli incilərin araşdırılıb
tapılmasında bütün
masallılar tədqiqatçı
olublar. Ayrı-ayrı kənd və
qəsəbələrdə keçirilən folklor tədbirlərində minlərlə
insan iştirak etmiş, yeni kollektiv və ifaçılar meydana çıxmışdır.
Mədəniyyət və Turizm nazirliyinin mədəniyyət və
siyasət şöbəsinin
müdiri Fikrət Babayev folklor ilində Masallıda bir-birindən zəngin, maraqlı, çoxsaylı
tədbirlərin keçirildiyi
barədə danışmış,
qeyd etmişdir ki, Masallıda keçirilən Beynəlxalq
Folklor Festivalında iştirakçıların
yüksək qonaqpərvərliklə
qarşılanması barədə nazirliyə və rayona təşəkkür məktubları
gəlməkdədir. Masallı
rayon rəhbərliyinin festivalla,
eləcə də folklor ili çərçivəsində
gördüyü tədbirləri
təqdir edən natiq bu fikirdə
olduğunu bildirdi: Masallı hər cür beynəlxalq tədbirlərə ev
sahibliyi edə bilər.
Respublika Folklor İnstitutunun direktoru Muxtar İmanov rayonun zəngin folkloru olduğunu qeyd etdi. O, bu folklorun toplanılıb çap etdirilməsi barədə
iş görüldüyünü
bildirdi.
Millət vəkili Fəzail İbrahimli folkloru xalqın mənəvi dəyərinin zənginliyi
adlandırıb, Masallı
sakinlərinin bu sahədə qazandıqları
uğurları gündəmə
gətirdi. Tədbirdə folklor ilində
fərqlənənlərə Diplomlar, Fəxri fərmanlar və mükafatlar təqdim edildi. Mükafatları Masallı Rayon İcra
Hakimiyyətinin başçısı
Rafil Hüseynov təqdim etdi.
Yenə səhnə incəsənət
ustalarına verildi. Folklor ansamblları,
ayrı-ayrı ifaçılar,
rəqs kollektivlərinin
çıxışları bir-birini əvəz etdi.
...Bu ardıcıllıq onu sübut etdi ki, folklor ili başa çatmayıb, bir folklor ilinin sərhədində digərinin
başlanğıcı dayanır.
Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı
respublikanın aparıcı
mətbuat orqanlarının
və televiziya kanallarının jurnalistləri
ilə birgə mətbuat konfransı keçirdi.
Əli
NƏCƏFXANLI,
Xalq qəzeti.- 2012.- 22
dekabr.- S. 10.