“Müəllim kadrı yetişdiririksə, gəlin layiqlisini yetişdirək”

 

 

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında son vaxtlar aparılan işlər bu məqsədə xidmət edir

 

Bəri başdan qeyd edək ki, son illər ölkədə ixtisaslı kadrların, o cümlədən müəllim kadrlarının hazırlanmasına münasibət tamamilə dəyişib. Bu sahədə Azərbaycan Müəllimlər İnstitutununonun rektoru, millət vəkili Aqiyə xanım Naxçıvanlının zəhmətini qeyd etməmək mümkün deyil. Əvvəla, institutunonun filiallarının maddi-texniki bazası xeyli möhkəmləndirilib, məsuliyyət hissi, tələbkarlıq, nizam - intizam, tədrisin vəziyyəti, davamiyyət və bir sıra bu kimi amillər əvvəlki dövlərlə müqayisədə, deyərdim ki, kökündən dəyişib. Təbii ki, problemlər, nöqsanlar hələ də var. Lakin  Müəllimlər İnstitutunun rəhbərliyi bunları yaxşı bilirbütün qüvvəsini məhz həmin istiqamətə yönəldib.

 

Bu günlərdə Qazaxda olarkən institutun oradakı filialına baş çəkdik və açığını deyək, son bir ilə yaxın müddətdə görülən işlər bizi heyran etdi. Bir-birindən işıqlı, səliqəli sinif otaqları, müxtəlif tədris-fənn kabinetləri, foyelər, guşələr çox yüksək zövqlə tərtib olunub. Doğrudur, təmir işləri tam başa çatmasa da, hiss olunur ki, tezliklə Azərbaycanın Qərb bölgəsində daha bir nümunəvi tədris ocağı istifadəyə veriləcəkdir.

 

Həyət-bacaya baş çəkdik, tamamilə dəyişib. Hər yerdə ağac, gül kolları əkilib. Əvvəlki baxımsızlıqdan əsər- əlamət belə yoxdur. Filialın tədris işləri üzrə direktor müavini Məmməd  Hüseynov məlumat verdi ki, işıq, su, istilik, kanalizasiya kimi ən mühüm işlər artıq həll olunub. Filialın həyətində xüsusi görkəmi ilə diqqəti cəlb edən işıq dirəkləri, ornamentlə hörülmüş hasar hələ uzaqdan diqqəti cəlb edir.  Şam, cökə və digər ağaclarla yanaşı, çoxlu meyvə ağacları da əkilir və bu işlər şaxtalar düşənə kimi davam edəcək.

 

Uzun illərdən bəri kollektivin həsrətində olduğu istilik problemi də həll edilib. Biz orada olarkən məlumat verdilər ki, filialın direktoru Afaq Qasımova bununla bağlı Gəncə şəhərinə gedibmagistral qaz kəmərindən filialın qazanxanasına kimi nəzərdə tutulan boruları artıq alıb göndərib. Müasir qazanxananı “üç - dörd günə işə  salacağıq” deyən mütəxəssislərlə də görüşdük. Dedilər bütün problemlər həll olunub, tezliklə bütün otaqlar istiliklə təmin olunacaq.

 

Filialın tələbə şöbəsinin müdiri Şəlalə Poladova qeyd etdi ki, maddi-texniki bazanın yaxşılaşdırılması, tələbələr üçün lazımi şəraitin yaradılması onların məsuliyyətini də artırıb, nizam- intizama çox müsbət təsir edib. Davamiyyəti hər gün yoxlayırıq və əvvəlki illərlə müqayisə etdikdə fərq tamamilə başqadır. Bundan başqa, geridə qalan, mənimsəməsi zəif olan tələbələrin məşiət şəraiti, ailə problemləri ilə maraqlanırıq, yaşayış yerlərinə baş çəkirik, lazımi köməklik göstəririk.

 

Bir fakt da maraq doğurur ki, filialda ən müasir texnologiyanın tətbiqinə xüsusi diqqət yetirilir. Kompüterdən hərtərəfli, özü də tədrisin keyfiyyətinə müsbət təsiri istiqamətində aparılan işlər artıq öz səmərəsini verir. Filialda iki kompüter sinfi yaradılıb, internetdən maksimum istifadə olunur.

 

Maraqlıdır ki, artıq tələbə - gənclər özlərinin saytını da yaradıblar. Filialın tələbələri burada həyata keçirilən tədbirlərdən, ölkədə və dünyada baş verən yeniliklərdən xəbər tutmaqla yanaşı, fikir mübadiləsi edir, ən müxtəlif fənləri öyrənir, bir-birlərinə köməklik göstərirlər. Saytı yaradan gənclərdən biri, üçüncü kurs tələbəsi Pərviz Bayramovla görüşüb söhbət etdik. Öz planlarından, arzularından danışdı.  Əslində, onun timsalında filial tələbələri, onların savadı, dünyagörüşü haqqında bizdə müsbət təsəvvür yarandı.

 

Ümumiyyətlə, tələbələrin intellektual səviyyəsinin artırılmasına yönəldilən tədbirlərə geniş yer verilməsi təqdirəlayiqdir. Təsadüfi deyildir ki, bu yaxınlarda 12 rayon arasında keçirilən intellektual bilik yarışında filialın komandası ikinci yeri tutmuşdur.

 

Tələbə Kübra Əliyevanın isə dünya çempionu olması bütün kollektivin iftixarına, fəxrinə      çevirilib. Yeri gəlmişkən, qeyd edək ki, filialda idmanın da inkişafına, onun maddi - texniki bazasının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. İndiyədək idman dərslərini ümumi rayon stadionunda icarə əsasında keçən tələbələrin tezliklə öz idman zalları olacaq. Hazırda orada son tamamlama işləri görülür. Qəribədir ki, bu vaxta qədər 450 nəfərə yaxın tələbəsi olan filialın heç bufeti də olmayıb. Amma indi tələbələrə hər cür şəraiti, ayrıca zalı, müxtəlif kabinetləri olan müasir iaşə ocağı xidmət göstərir.

 

Direktor müavini M.Yusifov dedi ki, hələ görüləsi işlərin çoxu qabaqdadır. Elə edəcəyik ki, filialımızı bitirən hər bir məzunun xoş sorağını eşidək. Filialımızın direktoru Afaq Qasımovanın işə başladığı gün dediyi “müəllim kadrları yetişdiririksə, gəlin layiqlisini yetişdirək” sözləri ilə hamımız razıyıq. Bunu bizdən, müəllim kadrları yetişdirən müəssisələrdən Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi tələb edir. Və ən başlıcası, auditoriyalara daxil olanda ölkə başçımız cənab İlham Əliyevin təhsilə, müəllim əməyinə göstərdiyi diqqət və qayğı yada düşür. Gərək bunları unutmayaq.

 

Hamlet QASIMOV,

 

Xalq qəzeti.- 2012.- 22 dekabr.- S. 10.