“Azərbaycan sikkələri”
kitabı dəyərli tarixi mənbə kimi maraq doğurur
Xalq Bankın “Xalq
Əmanəti” layihəsi tərəfindən
son “Azərbaycan sikkələri” adlı kitab da daxil
olmaqla 2010-cu ildən indiyə kimi yeddinci nəşri
işıq üzü görmüşdür.
Bundan əvvəlki
nəşrlərə Böyükağa
Mirzəzadənin “Rəngkarlıq və qrafika”,
Məmməd Arazın “Seçilmiş əsərləri”,
Maral Rəhmanzadənin “Rəgkarlıq və
qrafika”, Hüseyn Arifin “Seçilmiş əsərləri”, Xalidə Səfərova və Mahmud Tağıyevin “Rəngkarlıq və qrafika”, Səttar Bəhlulzadənin “Rəngkarlıq
və qrafika” əsərləri daxil idi.
Bu əsərlərin nəfis tərtibatda və yüksək dizaynla nəşr edilməsində müəlliflər, tərtibatçılar, elmi redaktorlarla yanaşı, Xalq Bankın və onun kollektivinin də böyük əməyi olmuşdur.
Layihə rəhbəri R.Həşimovdur. Nəşrin koordinatoru M. Mərcanlı, tərtibatçısı isə A.Əmirovadır. Elmi redaktorları tarix elmləri doktoru, professor R.Hüseynov və sənətşünaslıq üzrə fəlsəfə doktoru T.Əfəndiyev olan “Azərbaycan sikkələri” kitabı tarixi, mədəni baxımdan çox nəfis tərtib edilmişdir. Kitaba ön sözü əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov yazmışdır. Alim yazır: “Azərbaycan sikkələri” kitabının ən uğurlu cəhətlərindən biri ondan ibarətdir ki, burada qədim Azərbaycan Albaniya dövlətinin sikkələrindən başlayaraq müasir dövrə qədər – təqribən 2500 il ərzində zərb olunmuş və kəsilmiş bütün Azərbaycan pullarının qiymətli nümunələri öz əksini tapmışdır.
Ümumiyyətlə, “Azərbaycan sikkələri” kitabı son illərdə ölkəmizdə numizimatika elminə verilən ən böyük töhvələrdən biri sayılmalıdır. Kitabın ərsəyə gəlməsinə böyük əmək sərf etmiş Azərbaycan alimi Əli Rəcəbli bu alboma qədər “Azərbaycanın qədim və orta əsr sikkələri” albomunu, “Azərbaycan numizimatikası” monoqrafiyasını çap etmişdir. Bu tədqiqatda alim öz əsas vəzifəsini Azərbaycan dövlət sikkəsini əsl tarixi mənbə, çoxəsrlik Azərbaycan dövlətçiliyinin ən mühüm atributlarından biri kimi onun rolunu və əhəmiyyətini ön plana çəkməkdə görmüşdür. Bundan əlavə, son illər Numizimatika fonduna daxil olmuş yeni, nadir, unikal sikkələr hesabına kitab daha da zəngin olmuşdur.
Əsər Azərbaycanın sikkə işində əksini tapan uzaq və yaxın keçmişin tarixi reallıqları ilə əlaqədar, ölkə tarixinə maraq göstərən oxucular üçün də çox gözəl əyani vasitədir. Kitabı vərəqlədikcə antik dövrdən bu günə kimi Azərbaycanın sikkə işi və pul tədavülünün tarixini öyrənmək üçün daha geniş imkanların burada əksini tapmasının şahidi oluruq.
Oxucuların nəzərinə çatdıraq ki, “Azərbaycan sikkələri” əsərində əksini tapmış maraqlı faktlardan biri də Makedoniyalı İsgəndərin adı ilə bağlıdır. Ümumən ölkə ərazisində numizimatik tapıntıların sistemli şəkildə qeydiyyata alınması yalnız ötən əsrdən başlamışdır. Bu tapıntılara görə, Azərbaycanda ilk xarici ölkə sikkələri Makedoniyalı İsgəndərin (e.ə 336-323) sikkələridir. Bu sikkələr böyük fatehin yeni yaranmış dünya imperiyasının müxtəlif şəhərlərində zərb edilmiş gümüş draxmalar və tetradraxmalardır.
Kitabda XVIII əsrin II yarısında Şimali Azərbaycan xanlıqlarında sikkə işi ilə bağlı aparılan işlər barədə geniş məlumat da öz əksini tapıb. Burada Qarabağ, Gəncə, Şirvan, Şəki, Quba, Dərbənd, Bakı, İrəvan, Naxçıvan xanlıqları ərazisində kəsilmiş sikkələr barədə də ətraflı məlumat verilir.
Kitabda əks olunmuş numizimatika nümunələri olan sikkələr həmdə ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir. Bunun əyani sübutu kimi sikkənin dövlətin atributu sayılmasını misal göstərə bilərik. Bu kitab qədim Azərbaycan tarixinin öyrənilməsi və təbliği baxımından da böyük əhəmiyyət kəsb edir. Zənnimizcə, yüksək səviyyədə hazırlanmış “Azərbaycan sikkələri” kitabı mütəxəssislərin və geniş oxucu kütləsinin böyük marağına səbəb olacaq.
Elçin ABBASOV,
Xalq qəzeti.- 2012.- 23
dekabr.- S. 8.