“Mirzə Fətəli
Axundzadə ili” Türkiyədə başa çatdırıldı
2012-ci il böyük mütəfəkkir,
Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli
ictimai xadim və maarifçi M.F.Axundzadənin anadan
olmasının 200 illiyi ilə əlaqədar TÜRKSOY təşkilatı
tərəfindən “Mirzə Fətəli Axundzadə ili” elan
edilmişdi. Bununla bağlı Azərbaycanda
və bir neçə xarici
ölkədə tədbirlər keçirilmişdi.
TÜRKSOY çərçivəsində “Mirzə Fətəli Axundzadə ili” ilə bağlı hazırlanan tədbirlər planına əsasən cari ilin 17 dekabr tarixində Türkiyənin Ankara şəhərindəki Milli Kitabxanada, dekabrın 18-də isə İstanbulda Aydın Universitetində M.F.Axundzadəyə həsr olunmuş simpozium və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yeni istehsal etdiyi, M.F.Axundzadəyə həsr olunmuş “Sübhün səfiri” 2 seriyalı bədii filmin nümayişi olmuşdur. Bununla da “Mirzə Fətəli Axundzadə ili” sona yetdi. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı (mct.gov.az) məlumat yaymışdır.
Məlumatda deyilir ki, tədbirlərdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov təmsil etmişlər.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.- 2012.- 23
dekabr.- S. 7.