Şair-dramaturq Ramiq Muxtarın 70 illik yubiley gecəsi

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Prezident təqaüdçüsü, Gürcüstan Respublikasının Ali “Şərəfordenli, Rəsul Rza adına Beynəlxalq Mükafat laureatı, şair-dramaturq Ramiq Muxtarın anadan olmasının 70, yaradıcılıq fəaliyyətinin 50 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.

 

Gecənin aparıcısı, xalq şairi Nəriman Həsənzadə yubilyarın həyat və yaradıcılığı haqqında söz açaraq bildirmişdir ki, Ramiq Muxtar 1942-ci il sentyabrın 5-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 11 yaşından bədii yaradıcılıqla məşğul olub, orta məktəbdə oxuyandan şeirləri müxtəlif qəzetlərdə çap olunub. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra Naxçıvan MR-nin mədəniyyət, mətbuat orqanlarında, Azərbaycan Yazıçılar İttifaqında çalışıb. Şeir kitabları nəşr olunub. “Üfüqlər qızaranda”, “Əlvida, köhnə dünya”, “Doğma səmanın ulduzları”, “Əgər sevirsənsə”, “Şəhərli kürəkən” və digər pyesləri Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub.

 

Şair-dramaturq Ramiq Muxtar 1992-ci ilin sonlarından Yeni Azərbaycan Partiyasının ilk yaradıcılarından biri olub. Nəğməkar şairin sözlərinə 120-dən artıq mahnı bəstələnib. Son 15 il ərzində respublikada keçirilən hərbi vətənpərvərlik mövzusunda müsabiqələrdə onun sözlərinə bəstələnən mahnılar 8 dəfə birinci mükafata layiq görülüb. “Seçilmiş əsərləri” nəşr olunub.

 

Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Teatr Xadimləri İttifaqı, mədəniyyət, təhsil işçiləri və digər yaradıcı təşkilatlar adından yubiliyara ünvanlanmış təbrik məktubları oxunmuşdur.

 

 Xalq artisti, bəstəkar Nəriman Məmmədov, xalq artisti Tariel Qasımov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının sədri Telman Quliyev və başqaları Ramiq Muxtarı yubileyi münasibətilə təbrik etmiş, yaradıcılıq fəaliyyətində uğurlar arzulamışlar.

 

Əməkdar artistlər Lalə Məmmədova, Təranə Vəlizadə, İlqar Muradov, aktyorlar Ağalar Bayramov, Azad Şükürov və başqaları çağdaş poeziyamızda tanınan və sevilən R.Muxtarın şeirlərinə yazılmış mahnıları oxumuşonun şeirlərini bədii qiraət etmişlər.

 

Sonda R.Muxtar gecənin təşkilatçılarına və iştirakçılarına ailələri adından dərin təşəkkürünü bildirmişdir.

 

Afət SADIQOĞLU,

 

Xalq qəzeti.- 2012.- 23 dekabr.- S. 7.