Bu gününə sevinən,
sabahına güvənən Şəmkir!
Son vaxtlar kimin yolu Şəmkirə düşürsə, qəribə
bir təzadla qarşılaşır: bir tərəfdə abad,
yaraşıqlı tikintilər, park və
xiyabanlar, orijinallığı ilə
seçilən abidələr, səliqəli məhəllələr,
digər tərəfdə torpağı qazılmış, sonradan üstü müvvəqqəti
örtülmüş küçə və prospektlər.
Kələ-kötür yollardan keçmək
də çətinləşib. Amma bu mənzərədən heç
kim narahat olmur, gileylənmir, alternativ
küçələrdən istifadə edir.
Xüsusilə rayon sakinləri Şəmkirdə nə baş verdiyini bilir və əksinə, bütün bu işləri “müvvəqqəti çətinlik” adlandırır, hətta yeri gəldikdə həyət - bacanın qarşısında çalışan inşaatçı və quraşdırıcılara öz kömək əllərini uzadırlar. Bir sözlə, hamı nikbindir. Çünki Şəmkirə yeni su və kanalizasiya xətti çəkilir! Bunun isə nə demək olduğunu dərk etmək üçün mütəxəssis olmaq lazım deyil. Adi məktəbli də bilir ki, Şəmkirdə tezliklə böyük bir problem həll olunacaq.
Həmişə nikbinliyi ilə seçilən, ən çətin anlarda belə adamları səfərbərliyə almağı bacaran, hamını ruhlandıran Nazim Vəliyev bu dəfə də bizi gülərüzlə qarşıladı:
– İndicə müşavirəmiz başa çatdı, - deyə rayon icra hakimiyyətinin başçısı artıq ənənə şəklini alan həftəlik toplantını nəzərdə tutur, - bilirsiniz, hamı başa düşür ki, tezliklə Şəmkir ən müasir, gözəl, abad, hər bir kommunal şəraiti olan rayona çevriləcək. Elə bir müşavirəmiz, toplantımız yoxdur ki, orada ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq hissləri ifadə olunmasın. Amma maraq üçün heç bizim iştirakımız olmadan küçədə, istədiyiniz adamı danışdırın, aparılan işlərə münasibətini soruşun, görün nə deyəcəklər. Uşaq da, ağsaqqal da bilir ki, Şəmkirin həyatında müsbət nə baş verirsə, onun müəllifi və himayədarı cənab İlham Əliyevdir.
Rayon rəhbərliyinin sözünə qüvvət, Şəmkirdə son illər görülən işlər birbaşa Azərbaycan Prezidentinin diqqəti, qayğısı və köməyi sayəsində baş verir. Elə yuxarıda qeyd etdiyimiz içməli su və kanalizasiya xəttinin çəkilməsini götürək. Xeyli vəsait sərf edən bir işdir. Amma artıq bu iş reallaşıb və tezliklə başa çatdırılacaq. Hazırda “Akkord” şirkəti qızğın iş aparır. Sərxan massivində ümumi su tutumu 9 min kubmetr olan 4 su anbarının tikintisi başa çatdırılıb. Bundan başqa, Şəmkirçay dəryaçasından gələn suyu qəbul etmək üçün Şəmkir şəhərində su tutumu 3 min kubmetr olan anbarın tikintisi nəzərdə tutulmuşdur.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biri məhz Şəmkirçay dəryaçası ilə bağlıdır. Ümumi su tutumu 175 milyon kubmetr, bəndinin hündürlüyü 190 metr olacaq bu dəryaçanın tikintisi başa çatdıqdan sonra Şəmkir, Goranboy, Samux və Göy-göl rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq. Dəryaçanın tikintisi zamanı qurulacaq 6 ədəd hidroturbin vasitəsilə 49 meqovat elektrik enerjisi istehsal olunacaqdır. Hazırda Şəmkir dəryaçasından sağ və sol sahil kanallarının çəkilişi davam edir. Hər bir kanalın qarşısında 5 meqovat gücündə hidroturbin quraşdırılacaqdır.
Yollar da qaydaya salınır. Kür qəsəbəsinə gedən yol bərbad vəziyyətdə idi. İndi adamın ürəyi açılır, gediş-gəliş rahatdır. Bu ilin fevralında ölkə başçısının sərəncamına uyğun olaraq magistral yoldan qəsəbəyə gedən yolun 12 kilometrlik hissəsinin yenidən qurulması üçün 3 milyon manat vəsaitin ayrılması nəticəsində gözəl bir yol salınmışdır.
Qaracəmirli-Təzəkənd kəndi arasındakı 8 kilometrlik yol da yenidən tikilmişdir.
...Şəmkirə hər gəlişimizdə bir yeniliklə qarşılaşırıq. Aşağıda sadaladığımız obyektlərin hamısı yenidir və son aylarda şəmkirlilərin zəhməti hesabına tikilib: Heydər Əliyev Mərkəzinin yeni binası, Gənclər Evi, Bayraq meydanı, beşmərtəbəli mehmanxana binası, Bakı Oksford məktəbinin uşaq bağçası, abidələr parkı... Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli binanın, 100-dən çox yaşı olan Alman kilsəsinin tikintisi və təmiri yüksək səviyyədə aparılır. Bundan başqa, şəhərin mərkəzində yaşayış evlərinin divarlarının müasir üslubda təmiri davam etdirilir. Küçələrdən keçən qaz xətlərinin yerin altına salınması kimi çox vacib bir işə başlanılıb.
Abadlıq, quruculuq işləri çoxdur. Şəmkirə nə vaxt, günün hansı vaxtında getsən, qarşında dayanmayan texnika, maşın -mexanizm görəcəksən. Səhərin necə deyərlər, “gözü açılmamış” xüsusi forma geyinmiş qadınları şəhəri təmizləyən görəcəksən. Öz həyət-bacasının qarşısında səliqə-sahman yaradan sakinlər də nə qədər desən. Şəhər icra hakimiyyəti, şəxsən Nazim Veysovun təşəbbüsü ilə həyata keçirilən bu işlər elə bir ənənə şəklini alıb ki, artıq dayandırmaq da mümkün deyil. Hamı bir-biri ilə yarışır, “ən yaxşı ev”, “ən yaxşı küçə”, “ən yaxşı bina” və sair kimi yarışlara vaxtaşırı yekun vurulur, qaliblər müəyyənləşdirilir. Bir dəfə rayon icr hakimiyyətinin məsul işçisindən soruşdum ki, necə olur, adamlar bu qədər həvəslə həmin təşəbbüsə qoşulub, yarışırlar. Dedi ki, Nazim müəllimin əlini həmin adamın çiyninə qoyub “sağ ol” deməsi kifayətdir ki, o, əlindən gələni etsin. Adamları gərək səfərbər etməyi bacarasan, yaxşını pisdən seçəsən.
Şəmkirdə yenilik, təşəbbüskarlıq, doğma torpağa bağlılıq hissi getdikcə daha çox müşahidə olunur. Bir vaxtlar bu yerləri tərk edib gedənlər indi geri qayıdır, ev-eşik qurur, istədikləri işin həyata keçirilməsinə nail olurlar. Hara baxırsan, isti şitilliklər çıxır qarşına. Şəmkirlilərin yetişdirdikləri xiyar və pomidor məhsulları Moskvanın, Sankt Peterburqun, Rusiyanın digər şəhərlərinin bazarlarına çıxarılır. Onlar bu işi bacarırlar. Həm də rayonda iş adamlarına hərtərəfli şərait yaradılıb. Heç kim incidilmir, əlavə sorğu-suala tutulmur, əksinə, daim köməklik göstərilir.
Yeni, yaraşıqlı, hər bir şəraiti olan uca binaların sayı hər gün artır. Təkcə bu ilin ötən 9 ayı ərzində Şəmkirdə 392 fərdi yaşayış evi tikilib. Heç bilirsiniz, bu, nə deməkdir? Yəni orta hesabla hər ay rayonda 45 yeni şəxsi bina tikilib istifadəyə verilib. Məgər bu, yüksək yaşayış səviyyəsindən xəbər vermirmi?
İndi Şəmkir əhalisinin 95 faizi təbii qaz alır. Tezliklə Bayramlı, Muxtariyyat, Qılıncbəyli və Qaralar kəndlərinə qaz verilməklə bu problem birdəfəlik həll olunacaqdır. Hazırda həmin kəndlərə qazın verilməsi ilə bağlı quraşdırma işləri aparılır.
Təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafına xüsusi diqqət yetirilir ki, bu da öz müsbət səmərəsini verir. Bu il orta məktəbi qurtaran məzunlardan 863 nəfəri ali məktəblərə sənəd vermiş və onlardan yarıdan çoxu, yəni 463 nəfəri tələbə adını qazanmışdır. Əslində, çox yaxşı göstəricidir. Qəbul olunanların 14 nəfəri 600-dən, 40 nəfəri 500-dən çox bal toplamışdır. Təkcə bu il rayonda bir-birindən yaraşıqlı, müasir, hər cür avadanlıqla təchiz olunmuş bir neçə yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Abbaslı kəndində 480 şagird yerlik, Şeyidlər kəndində 180 şagird yerlik, Düyərli kəndində 2 nömrəli otra məktəbin əsaslı təmiri və 480 şagird yerlik yeni korpus, Günəşli kənd tam otra məktəbin əsaslı təmiri başa çatdırılmış və yeni dərs ilinə şagirdlər bu məktəblərdə başlamışlar. Sabirkənd kəndində 950 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir. Bu hələ harasıdır. Zərəm qəsəbəsində 480 yerlik, Qasım İsmayılov kəndində 360 yerlik, Seyfəlidə 180 yerlik, Ceyrançöldə 80 yerlik məktəb binaları çox keçməyəcək ki, öz qapılarını şagirdlərin üzünə açacaqdır.
Səhiyyə, mədəniyyət, idman inkişaf edir. Artıq ətraf rayonların da bir çox sakini Şəmkirə müalicə olunmağa gəlir. Çünki şərait var, ixtisaslı həkimlər var. Şəmkir Olimpiya İdman Kompleksinin qapıları gecə-gündüz açıqdır. Nə vaxt baxırsan, burada müxtəlif yaşda idmançı görürsən. İdmana maraq nəzərəçarpacaq dərəcədə artıb. Təkcə güləş məktəbində hər gün 270 nəfərə kimi uşaq məşğul olur. Təsadüfi deyil ki, bu yaxınlarda məhz həmin məktəbin yetirməsi Coşqun Məmmədov sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilmiş yarışlarda öz çəki dərəcəsinə görə dünya çempionu olmuşdur. Bax budur idmana diqqət, qayğı!
Bəs artıq havaların getdikcə soyuduğu bir vaxtda Şəmkirdə vəziyyət necədir? Apardığımız müşahidələr göstərir ki, rayon qışa da yaxşı hazırlaşıb. Oktyabr ayının sonlarında icra kakimiyyəti başçısı yanında şuranın iclası olub, ayrı -ayrı məsul şəxslərin hesabatları dinlənilib, konkret tapşırıqlar verilib, bunun əsasında tədbirlər planı hazırlanıb, vəzifələr müəyyənləşdirilib, icraçıların işi nəzarətə alınıb.
Qaz, elektrik enerjisi sahələrinə məsul təşkilatlar bu günlər xüsusi rejimə keçib. Rayon qaz istismar idarəsində nəzərdə tutulan texniki işlərin demək olar ki, hamısı həyata keçirilmişdir. Çinarlı qəsəbəsinə gedən orta təzyiqli daşıyıcı qaz xətlərindən ayrılan xətlər üzərində yeni siyirtmələr quraşdırılmışdır. Şiştəpə və Sabirkənd kəndlərində qaz xətlərinin müəyyən hissələri dəyişdirilmişdir. Seyfəli, Sərxan yaşayış massivlərində də xeyli iş görülmüşdür. Şəhərin ümumi yaşayış binalarında bərpa işləri aparılmış, yeni qaz sayğacları quraşdırılmışdır.
Elektrik enerjisinin fasiləsiz verilməsi məqsədi ilə bir sıra işlər görülmüş, transformatorların çoxu dəyişdirilmiş, xətlərdə cari təmir işləri aparılmışdır. “Smartkart” tipli sayğacların quraşdırılması davam edir. Təkcə bu ilin ilk 9 ayında 600-dən çox belə sayğac quraşdırılmışdır.
Rayon ərazisində maye - qaz doldurma məntəqələri də fəaliyyət göstərir. Dağ kəndlərində və hələlik təbii qaz olmayan kəndlərdə əhalinin tələbatının ödənilməsi üçün sahibkarlar səyyar satışlar təşkil edirlər.
Rayon məktəblərinin 38-də istilik sistemi mövcudur və onların 29-u müasir tələblərə tam cavab verir. Digər məktəblər soba və odun yanacağı ilə qızdırılır ki, bunun üçün də hər cür hazırlıq görülüb. Səhiyyə ocaqları, idman qurğuları, mədəni-maarif müəssisələri qışa tam hazırdır və qarşıda heç bir problem yoxdur.
Yolların təmizlənməsi üçün müvafiq tədbirlər görülüb. Ayrı-ayrı yollarda cari təmir işləri aparılmış, qum, çınqıl döşənmişdir.
...Şəmkirin bu günü hamını sevindirir. Hiss olunur ki, onun sabahı daha işıqlı, nurludur. Bu gün əhalisinin sayı 200 min nəfəri keçən bir rayonda aparılan nəhəng işlər təqdirəlayiqdir. Uğur olsun, şəmkirlilər.
Hamlet QASIMOV,
Xalq qəzeti.- 2012.- 23
dekabr.- S. 5.