Azərbaycanın
bugünkü uğurları Prezident İlham Əliyevin
müdrik siyasətinin məntiqi nəticəsidir
Azərbaycan
Prezidenti cənab İlham Əliyev
ölkəmizin bugünkü tərəqqisini təmin
etmək, xoşbəxt gələcəyini
qurmaq yolunda göstərdiyi misilsiz
xidmətlərinə görə
xalqımızın dərin rəğbət
və məhəbbətini qazanmışdır. Son doqquz ildə möhtərəm
dövlət başçımız ulu öndər Heydər
Əliyevin uzaqgörən siyasətini yeni
çağırışlar şəraitində
yaradıcı şəkildə məharətlə inkişaf
və davam etdirmişdir. Cənab
İlham Əliyevin reallaşdırdığı sosial-iqtisadi strategiya Azərbaycanı
dünyanın ən dinamik inkişaf edən dövlətləri
sırasına çıxarmışdır.
Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkürə malik olan, dünyada gedən siyasi - iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son doqquz ildə Azərbaycanda əldə edilən sosial-iqtisadi uğurların əsasında dahi Heydər Əliyevin mükəmməl siyasi kursu dayanır. Dövlət başçımız ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim Heydər Əliyev siyasi kursuna sədaqətini nümayiş etdirmiş, xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmuşdur. Xalqımız üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır.
Xatırlatmaq yerinə düşər ki, möhtərəm İlham Əliyev hakimiyyət sükanı arxasına keçərkən bu siyasəti dönmədən davam etdirəcəyini də bəyan etmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.
Ulu öndər Heydər Əliyevin yaratdığı təməl və qoyduğu prinsiplər əsasında Prezident İlham Əliyev ötən müddət ərzində Azərbaycanı sürətli və davamlı inkişaf yoluna çıxarmış, dahi öndərimizin siyasi kursunun ən layiqli davamçısı olduğunu bütün dünyaya nümayiş etdirmişdir.
Son doqquz ildə həyata keçirilən tədbirlərə nəzər salanda, görülən işləri müqayisəli şəkildə təhlil edəndə yuxarıda qeyd edilən fikirlər bir daha öz təsdiqini tapır. Sözügedən dövrdə neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı, ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş vermişdir. Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlamışdır. Hazırda iqtisadi inkişaf tempinə görə, dünyanın 10 aparıcı ölkəsi sırasındayıq. Azərbaycan artıq keçid dövrünü tamamilə başa vurmuş, orta gəlirli ölkələr siyahısında öz mövqeyini daha da möhkəmləndirmişdir. Respublikamızda yoxsulluğun səviyyəsi 49 faizdən 5,1 faizə qədər enmişdir.
Bu dövr ərzində Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş və regionda ümumi gəlirin 75 faizi respublikamızın payına düşür. Bütün bunlar əsasən ölkədə aparılan düşünülmüş siyasətlə bağlıdır. Əsası ümummilli liderimiz tərəfindən qoyulan və hazırda uğurla davam etdirilən bu siyasət Azərbaycanı xoş gələcəyə doğru aparır.
Cənab İlham Əliyevin rəhbərliyi
ilə ötən müddət ərzində regionlarda
infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə
və təhsil müəssisələrinin tikintisi, əhalinin
sosial vəziyyətinin daha da
yaxşılaşdırılması istiqamətində
mühüm tədbirlər həyata keçirilmişdir.
Bu, Azərbaycanın öz iqtisadiyyatını
sadəcə neft amili üzərində
qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə
qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir.
İqtisadiyyatın şaxələndirilməsi,
sahibkarlığın inkişafı, investisiya mühitinin
daha da yaxşılaşdırılması nəticəsində
ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam
etmişdir. Prezident İlham Əliyev bununla bağlı
bildirmişdir: “Bu gün Azərbaycan iqtisadiyyatı artıq
çoxşaxəlidir. Məhz buna görə iki-üç
il bundan əvvəl dünyada neftin qiymətləri kəskin
şəkildə aşağı düşəndə biz
böyük çətinliklərlə üzləşməmişdik.
Hətta o illərdə ki dünyada neftin qiyməti 4-5 dəfə
aşağı düşmüşdü, Azərbaycan
iqtisadiyyatı 8-9 dəfə artmışdı. Nəyin
hesabına, - məhz qeyri-neft sektorunun inkişafı
hesabına. Bu, bizim siyasətimizdir və gələcək illərdə
çalışacağıq ki, qeyri-neft sektorunun
inkişafına daha da güclü təkan verək. Deyə
bilərəm ki, bunu etmək üçün dövlət
proqramları həlledici rol oynayır. 2004-cü ildən
bugünə qədər artıq ikinci dövlət
proqramı icra edilir. Eyni zamanda, xarici investorların Azərbaycana olan
marağı və qoyulan investisiyalar da az rol oynamır”.
Qeyri-neft sektorunun sürətli yüksəlişi həm
də daxili investisiyaların həcminin artımında da
özünü göstərir. Bir sıra dövlətlərin
təcrübəsində özünü doğrultmuş bu
iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin
qeyri-neft sektoruna yönəldilməsini, özəl sektorun
ümumi daxili məhsulda xüsusi çəkisinin
artırılmasını nəzərdə tutur. Bu, həm də
makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin
təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Dövlət
başçımızın regionların sosial-iqtisadi
inkişafına dair birinci və ikinci Dövlət Proqramları
regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün
geniş imkanlar açmışdır. Həmin
proqramların icrasına başlanandan, yəni 2004-cü ilin
fevralından indiyə qədər ölkəmizdə bir
milyondan çox iş yeri açılmışdır. Yeni
iş yerlərinin yaradılması, müasir standartlara cavab
verən müəssisələrin işə salınması
istehsal olunan malların sayını artırmış, ixracdan
asılılığı azaltmışdır.
Son doqquz ildə aqrar sektorda da mühüm uğurlar əldə
edilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nda aqrar sektorda ənənəvi sahələr
olan taxılçılığın,
üzümçülüyün, meyvəçiliyin,
pambıqçılığın,
tütünçülüyün,
çayçılığın, ipəkçiliyin və
digər sahələrin inkişafı prioritet vəzifə
kimi qarşıya qoyulmuşdur.
Aqrar bölmənin inkişafı istiqamətləri
sırasında aqrar bölmənin normativ hüquqi
bazasının, elmi-metodik təminatının və kadr
hazırlığı sisteminin təkmilləşdirilməsinə,
aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin
əlaqəli inkişafına, rəqabətqabiliyyətli məhsul
istehsalının artırılmasının
stimullaşdırılmasına, aqrar bölməyə maliyyə
dəstəyinin artırılmasına, bu bölmənin
maddi-texniki bazasının möhkəmləndirilməsinə
mühüm önəm verilmişdir.
Ötən dövrdə əldə olunan makroiqtisadi nəticələr
milli iqtisadiyyatın davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. Bununla əlaqədar cari ilin mayın 10-da Bakıda Heydər
Əliyev Mərkəzinin
açılışı zamanı Prezident İlham
Əliyev demişdir: “Son doqquz il ərzində Azərbaycan
iqtisadi sahədə misli görünməmiş inkişaf
dövrünü yaşayır. Doqquz ildə
iqtisadiyyat üç dəfə artmışdır. Sənaye istehsalı da üç dəfə
artmışdır. Yoxsulluq şəraitində
yaşayanların sayı təxminən 50 faizdən 7,6 faizə düşmüşdür. İşsizlik kəskin şəkildə
azalmışdır. Bir milyondan artıq yeni iş yeri
açılmışdır. Hazırda işsizlik Azərbaycanda
5,3 faizdir. Büdcə kəsiri
demək olar ki, yoxdur. Bəlkə bir faiz təşkil
edir. Amma kəsirsiz büdcə bizim
üçün problem deyildir. Xarici
dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil
edir. Bu, hesab edirəm ki, dünya
miqyasında ən uğurlu nəticələrdən biridir.
Bizim iqtisadi sahədə uğurlarımız
beynəlxalq maliyyə qurumları tərəfindən də
qiymətləndirilir və qeyd edilir. Dünya
üçün, qitə üçün ən çətin
böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf
edir. Üç əsas beynəlxalq reytinq agentlikləri ”Moody’s", “Fitch”, “Standard &
Poors” Azərbaycanın kredit reytinqini artırırlar".
Azərbaycanın yeni inkişaf mərhələsinə
uyğun olaraq sənayenin təşkilinin ən müasir
formalarının tətbiqinin genişləndirilməsi də
sənayeləşmə siyasətinin prioritetlərindəndir. Bu baxımdan Prezident
İlham Əliyevin tapşırığına əsasən,
müasir sənaye komplekslərinin və texnoparkların, o
cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye
parklarının
yaradılması qeyri-neft sektorunun və xüsusilə də
qeyri-neft sənayesinin inkişafını sürətləndirəcək, yerli və xarici investisiyaları
stimullaşdıracaq, müasir texnoloji sahələrin
inkişafına, yeni rəqabətqabiliyyətli məhsul
istehsalına təkan verəcək və iqtisadiyyatın
modernləşməsinə və innovativ iqtisadiyyatın
formalaşmasına, qeyri-neft ixracının artırılmasına
öz müsbət töhfəsini verəcəkdir.
Ulu öndər Heydər Əliyevin müəyyən
etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən
biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Ölkədə nəqliyyat
infrastrukturunun beynəlxalq standartlara
uyğunlaşdırılaraq müasirləşdirilməsi,
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri
tərkibində avtomobil magistrallarının tikintisi və
genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin
bərpası və yenilənməsi, sərhəd-keçid
məntəqələrinin yenidən qurulması,
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının, müasir gəmiqayırma
müəssisəsinin tikintisi, Heydər Əliyev adına
Bakı Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin
inşası, habelə regionlarda hava limanlarının,
uçuş-enmə zolağının yenidənqurulması
və genişləndirilməsi kimi layihələrin icra
olunması ölkəmizin nəqliyyat potensialının
reallaşdırılması üçün geniş imkanlar
yaradır.
Yuxarıda
deyilənlərlə əlaqədar bəzi faktlara diqqət
yetirək:sözügedən dövrdə Azərbaycanda 2,5
min kilometrdən artıq
respublika əhəmiyyətli, 4 min kilometrdən
çox yerli əhəmiyyətli
avtomobil yolları, eyni zamanda 170-dən artıq körpü,
tunel və yol bağlantıları istifadəyə
verilmişdir. Son 10 il ərzində Azərbaycanda yük
daşımalarının orta illik artımı 3,8, tranzit daşımaların orta illik
artımı 6,6, sərnişin daşımalarının orta
illik artımı isə 6,1 faiz təşkil etmişdir.
Hazırda nəqliyyat sektorunun ÜDM-də payı 5,6 faizə çatmışdır.
Xarici
iqtisadi əməkdaşlıq və ölkə
iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası
baxımından da ciddi uğurlar əldə olunmuşdur. Beynəlxalq
səviyyədə ikitərəfli, çoxtərəfli və
regional əməkdaşlıq dərinləşdirilmiş,
Azərbaycanın regionda liderlik mövqeyi daha da güclənmişdir.
Sürətli iqtisadi inkişaf, maliyyə
imkanlarının artması Azərbaycanı investisiya ixracatçısına
çevirmiş və artıq xarici ölkələrə 6
milyard dollardan çox sərmayə
yatırılmışdır. “Qlobal
innovasiya indeksi-2011" hesabatına əsasən, idxalda
yüksək texnologiyalı məhsulların xüsusi çəkisinə
görə Azərbaycan dünya ölkələri arasında
30-cu, MDB-də isə birinci yerdədir.
BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini
əks etdirən İnsan İnkişafı Hesabatına əsasən,
Azərbaycan artıq yüksək inkişaf etmiş ölkələr
sırasına daxil olmuşdur. Əhalinin sosial müdafiəsinin
daha da gücləndirilməsi məqsədi ilə minimum
aylıq əməkhaqqının məbləği 2011-ci il
dekabrın 1-dən 10 faiz artırılaraq 93,5
manat müəyyən edilmişdir. Bu isə
2003-cü illə müqayisədə 10 dəfə
çoxdur. Əvvəlki illərdəki artımlarla
yanaşı, 2011-ci ildə dövlət büdcəsindən
maliyyələşən təhsil, səhiyyə, mədəniyyət,
gənclər və idman, elm və bir sıra digər sahələrdə
əməkhaqqı orta hesabla 10 faiz, 900 min
pensiyaçının əmək pensiyası isə orta
hesabla 40 faizədək
artırılmışdır.
Dövlət başçısının daim diqqətində
olan qaçqın və məcburi köçkünlərin
həyat şəraitinin
yaxşılaşdırılması, müasir standartlara cavab
verən yeni yaşayış qəsəbələrinin
salınması, çoxmərtəbəli binaların
tikintisi həyata keçirilmişdir. Görülən işlər nəticəsində
məcburi köçkünlərin yoxsulluq səviyyəsi 4,1 dəfə azalmışdır. Ümumilikdə
qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həlli məqsədilə 4,6 milyard dollar, o
cümlədən Dövlət Neft Fondundan 1 milyard dollar xərclənmişdir.
Əhalinin sosial rifahının yüksəldilməsi
istiqamətində atılan addımların mühüm tərkib
hissəsi səhiyyə sisteminin inkişaf etdirilməsindən
və əhalinin sağlamlığının qorunmasından
ibarətdir. Son illər 400-dən artıq yeni tibb müəssisəsi
tikilib istifadəyə verilmiş və onların müasir
tibbi texnika və avadanlıqlarla təchiz olunması təmin
edilmişdir.
Kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi
çərçivəsində ölkədə əhalinin
elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatının
daha da yaxşılaşdırılması sahəsində
genişmiqyaslı tədbirlər reallaşdırılır. Bakı şəhəri
əhalisinin yüksək keyfiyyətli içməli su təminatının
yaxşılaşdırılması məqsədilə
Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə
verilmişdir.
Bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən sosial-iqtisadi inkişaf
strategiyasının prioritetlərindən olan
sahibkarlığın inkişafı əhəmiyyətli rol
oynayır.
Dövlət başçımızın həyata
keçirdiyi iqtisadi siyasət sahibkarlığın tərəqqisinin
təminində, yerli istehsal və sosial infrastrukturun
yaradılmasında, güzəştli kreditlərin
ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli
istifadə yolu ilə mövcud potensialın
reallaşdırılmasında, yerli və xarici
investorların ölkəyə, xüsusilə regionlara cəlb
olunmasında yeni bir səhifə açmışdır.
Ölkədə sahibkarlığın inkişafı məqsədilə
biznes mühitinin daim yaxşılaşdırılması, bu
sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi,
müasir texnologiyaların, idarəetmə təcrübəsinin
cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli
məhsulların istehsalı Azərbaycan Prezidentinin müəyyən
etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Hazırda
Azərbaycanda ümumi daxili məhsul istehsalında artıq
özəl sektorun xüsusi çəkisi aydın hiss olunur,
iqtisadi artımın təminatında sahibkarlar sinfinin rol və
mövqeyi davamlı şəkildə güclənir. Həyata keçirilmiş məqsədyönlü
tədbirlər nəticəsində ölkə
iqtisadiyyatında və onun əsasını təşkil edən
sahibkarlığın inkişafı sahəsində
müşahidə edilən pozitiv meyillər özünü
göstərməkdə davam edir. Dövlət tərəfindən
sahibkarlığın inkişafına yaradılan şərait
və müxtəlif formalarda verilən dəstək, eyni zamanda
sözügedən institutun daha sürətli tərəqqisi
məqsədilə sistem halında ardıcıllıq prinsipi
ilə həyata keçirilən, bir-birini tamamlayan iqtisadi
islahatlar bundan sonra da sahibkarlıq təsərrüfatlarının
ölkə iqtisadiyyatının yüksəlişində
mühüm rol oynayan subyektlərdən biri olaraq
çıxış etməsinə möhkəm bazis
yaradıb.
Sahibkarlığın inkişafı sahəsində
nailiyyətlərin əldə olunmasında ümummilli lider
Heydər Əliyevin müvafiq fərmanları ilə təsdiq
edilmiş qanunlar və dövlət proqramları xüsusi əhəmiyyətə
malikdir. Qəbul olunmuş dövlət proqramları,
qanunvericilik aktları və digər mühüm tədbirlər
bu sahənin tərəqqisinə müsbət təsir
göstərir. Sahibkarlığın
inkişafı üzrə dövlət tədbirləri Azərbaycanın
iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilmişdir.
Xüsusilə dövlət proqramları çərçivəsində
iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi
sahəsində mühüm tədbirlər
reallaşdırılmış, sahibkarlara dövlət maliyyə
köməyi sistemi formalaşdırılmışdır. Dövlət proqramları eyni zamanda
sahibkarlığın inkişafı istiqamətində həyata
keçirilən tədbirlərin sistemliliyini təmin
etmiş, bu tədbirlər vahid strategiyanın həyata
keçirilməsinə yönəldilmişdir. Ölkəmizdə
dövlət-sahibkar münasibətlərini tənzimləyən
əsas prinsiplər müəyyənləşdirilmiş, bu
münasibətlərin institusionallaşdırılması reallaşmışdır.
Ümumiyyətlə, sahibkarlığın inkişafı sahəsində
qəbul edilmiş normativ-hüquqi sənədlər,
sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi
iş adamlarında özünəinam hissini
artırmış, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə,
xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin
fəaliyyətə başlamasına təkan vermişdir.
Prezident İlham Əliyevin davamlı və dinamik
inkişafa, sərbəst bazar münasibətlərinə əsaslanan,
sosialyönümlü iqtisadi siyasəti nəticəsində
milli iqtisadiyyatımızın uğurları daha da möhkəmləndirilmiş,
sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş,
əhalinin sosial rifahı davamlı olaraq
yaxşılaşmışdır. Dövlət
başçısı ötən doqquz ildə
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə
və genişləndirilməsinə xüsusi önəm
vermişdir. Məhz elə buna görədir
ki, son illərdə fondun işini tənzimləyən
normativ-hüquqi aktlara edilən dəyişikliklər nəticəsində
onun təkmil fəaliyyət mexanizmi
formalaşdırılmış və dövlət büdcəsindən
güzəştli kreditlərin verilməsinə ayrılan vəsaitlərin
həcmi artırılmışdır. Yeri gəlmişkən,
cari ilin ötən
dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına respublika üzrə sahibkarlıq subyektlərinin
2327 investisiya layihəsinin maliyyələşdirilməsinə
209 milyon manatdan çox güzəştli kredit verilmişdir.
Güzəştli kreditlər hesabına maliyyələşdirilən
layihələrin reallaşdırılması 8800-dək yeni
iş yerinin yaradılmasına imkan verir.
Dövlət başçımızın uğurla
reallaşdırdığı inkişaf strategiyası
artıq özünün növbəti -
üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə
edəcək bu mərhələdə Azərbaycanın
inkişaf etmiş ölkələr sırasına
çıxarılması və əhalimizin yüksək gəlirli
topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin,
sahibkarlığın hərtərəfli
inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə
artırılması, dövlət və özəl
qurumların birgə fəaliyyəti üzrə yeni
strategiyanın hazırlanması, ən müasir
texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi,
elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu,
hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq
və azadlıqlarının tam bərqərar edilməsi Prezident İlham Əliyevin
qarşıya qoyduğu başlıca hədəflərdir.
Ölkəmizdə rəqabətə davamlı
iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi
qurumlar və reytinq agentlikləri, o cümlədən beynəlxalq
birlik tərəfindən ciddi təhlil olunur və yüksək
qiymətləndirilir. BMT-nin İnsan İnkişafı Hesabatında son 5 ilin
göstəricilərinə görə, Azərbaycan 169
ölkə arasında 101-ci mövqedən 68-ci yerə qalxaraq
“Yüksək insan inkişafı” ölkələri
kateqoriyasına daxil olmuşdur. Hazırda Azərbaycan
iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB
məkanında 1-ci, dünya miqyasında isə 51-ci yerdədir.
Bütün bunlar Heydər Əliyev siyasi
kursunun təntənəsi və Azərbaycanda həyata
keçirilən müasir inkişaf strategiyasının təkzibolunmaz
faktlarıdır. Bu nailiyyətlərin təməlində
Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
“düşünülmüş siyasət, ölkəmizdə
mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi
islahatlar dayanır”.
Yuxarıda sadalananlarla yanaşı, diqqəti bir məqama
da yönəltmək istərdim. Cənab İlham Əliyev ulu öndərin
böyük uzaqgörənliklə irəli sürdüyü
xarici siyasət kursunu da yeni dövrün tələblərinə
uyğun zənginləşdirmişdir. Bununla möhtərəm dövlət
başçımız Azərbaycanın
beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə,
müstəqil siyasət yeritməklə milli
maraqlarının maksimum səviyyədə qorunmasına nail
olmuşdur. Xatırladaq ki, böyük dövlətlərlə
qarşılıqlı əməkdaşlığı
genişləndirmək, beynəlxalq ictimaiyyətdə
respublikamızda həyata keçirilən mütərəqqi
iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür
yaratmaq, xaricdə güclü diaspor və lobbi
formalaşdırmaq ölkə Prezidenti İlham Əliyevin
xarici siyasətinin əsas istiqamətləridir.
Azərbaycanın
dünyada əsas söz sahibi olan bütün ölkələrlə
əlaqələrini son illərdə daha da inkişaf etdirməyə
nail olması, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq
təşəbbüslərini fəal şəkildə dəstəkləməsi
fonunda BMT-dəki tarixi qələbəmiz də son doqquz ilin
unudulmaz tarixi hadisələrindən biridir. Erməni
lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana
qarşı apardığı məkrli informasiya siyasəti
şəraitində BMT-nin 193 üzvündən 155-nin
birbaşa dəstəyinə nail olmaq respublikamızın
xarici siyasətinin ümumi mahiyyəti barədə tamamilə
dolğun təəssürat yaradır. Sivil
dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində
mühüm rolu olan
BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilməyimiz bütövlükdə
müasir tariximizin ən əlamətdar, qürur doğuran
hadisələrindən biri kimi yadda qalacaqdır.
Ulu
öndər Heydər Əliyevin həmişəyaşar
ideyalarına sadiqlik nümayiş etdirən
sahibkarlarımız bundan sonra da doğma Azərbaycanın
çiçəklənməsi naminə bütün səy və biliklərini əsirgəməyəcək,
ölkəmizin daha da qüdrətlənməsi üçün cənab
İlham Əliyevin ətrafında
sıx birləşəcəklər.
Elşad ABBASOV,
“Embawood” şirkətinin
prezidenti
Xalq qəzeti.- 2012.- 23 dekabr.- S. 4.