Görkəmli pedaqoqun 70 illik yubileyi
Bu günlərdə Rəşid
Behbudov adına Mahnı teatrında Pedaqoji və Sosial Elmlər
Akademiyasının həqiqi üzvü Vidadi Xəlilovun 70
illik yubileyi qeyd edilidi.
Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri, şair Əkbər Qoşalı Vidadi Xəlilovun yaradıcılığı barədə ətraflı danışdı.
Gecənin təşəbbüsçüsü və təşkilatçısı “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva yubilyarı təbrik edərək, Azərbaycan elminə verdiyi töhfələrdən söhbət açdı.
“Tanrı ona bir ziyalının sahib ola biləcəyi ən dəyərli mənəvi keyfiyyətləri, xarakteri və istedadı bəxş edib. Bu mənada Vidadi müəllim həqiqətən xoşbəxt ziyalılardandır. Ancaq hesab edirəm ki, onun ən böyük nisgili hələ də düşmən tapdağı altında olan doğma obası Cəbrayıl həsrətidir. İnanıram ki, tezliklə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik və Vidadi müəllimin də növbəti ad günləri, yubileyləri Dağlıq Qarabağımızda, eləcə də Cəbrayılda böyük təntənə ilə qeyd ediləcək”.
Millət vəkili Novruz Aslanov da yubilyarı təbrik etdi. Vidadi müəllimin həyat yoldaşı Əminə xanıma həsr etdiyi “Gecələr oyaq qalan əzizim” adlı şeirə musiqi bəstələdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Sözləri atasına, musiqisi Novruz Aslanova məxsus “Gecələr oyaq qalan əzizim” mahnısı yubilyarın qızı Mələk Nigar Cəlilin ifasında gecəyə əlavə rəng qatdı.
Professor Qəzənfər Paşayev bildirdi ki, Vidadi Xəlilovun elmimizə verdiyi töhfələr, eləcə də yazdığı kitablar sonrakı nəsillər üçün zəngin irsdir. Natiq yubilyara həyat və yaradıcılığında yeni-yeni uğurlar arzuladı.
Yubilyarın qızı, istedadlı dizayner, modelyer Gülnarə Xəlilova bildirdi ki, Vidadi Xəlilov daim yazıb-yaradan, öz peşəsinə bağlı bir insan, ziyalı, ən əsası, gözəl ailə başçısı və qayğıkeş atadır.
Xalq artistləri Səkinə İsmayılova, Simarə İmanova, əməkdar artıstlər Tünzalə Ağayeva, Gülüstan Əliyeva, Aybəniz Haşımova və başqaları öz musiqi töhfələrini yubiliyara hədiyyə etdilər.
Sonda yubilyar,
akademik Vidadi Xəlilov
tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Ülviyyə
Vahidqızı
Xalq
qəzeti.- 2012.- 25 dekabr.- S. 7.