Zamanın
fövqündə
Əvvəllər oxumuş, vaqif,
ziyalı adamlara “mirzə” deyə müraciət edərdilər.
Bu insanlar cəmiyyətə maarif-irfan
işığı daşıyırdılar. Sonralar müəllim
kəlməsi girdi dövriyyəyə və bu ad sırf
peşə təyinatı ilə bağlı idi. Cəmiyyətdə
ən nüfuzlu, hörmətli adamlara bu adla müraciət
etməyə başladıq. Ancaq müəllim kəlməsinin
ehtiva dairəsi daha genişdir - bu peşə adamı bizə
təkcə konkret predmeti, elmi öyrətmir, həyatı,
yaşamağı, mübarizə aparmağı, qəhrəmanlığı...
da öyrədir.
Ancaq
həyatda elə adamlar da var ki, onların ömür yolu, fəaliyyəti,
adicə oturuşu-duruşu, davranışı yüzlərlə-minlərlə
insana, xalqlara, millətlərə nümunə ola bilir. Bu
cür örnək insanlardan, öndər insanlardan idi Heydər
Əliyev.
Bir sinfin, auditoriyanın müəllimi olmağa nə var ki?!
Heydər Əliyev bütöv bir xalqın, millətin müəllimi olmağı bacardı. Çox şey öyrətdi bizə - müstəqillik uğrunda mübarizə aparmağı və mübarizliyi, qalib gəlməyi və qalibiyyəti. Qüdrətli bir dövlət qurmağı və dövlətçiliyi, onu qorumağı və uğrunda şəhidlik zirvəsinə ucala bilməyi...
Böyük yolun başlanğıcı
Deyirlər ki, hər bir insanın tale yolunda, inkişafında onun gen başlanğıcı mühüm rol oynayır. Bəlkə elə buna görədir ki, Heydər Əliyevin ucaldığı zirvənin ətəyində duranlar bu yüksəlişin işartılarını onun yeniyetməlik və gənclik dövründə, məktəb və universitet illərində axtarırlar və tapırlar: davranışında, tərbiyəsində, təhsilində, zehnində, intellektual səviyyəsində, ünsiyyət mədəniyyətində, mərdliyində, cəsarətində, sevgisində, vəfasında, insanpərvərliyində, vətənpərvərliyində... Başqa cür mümkün də deyil. Allah-təalanın sevib-seçdiyi, ucaltdığı insanlar elə bu cür də olmalıdırlar.
Bu gün biz ulu öndərin uşaqlıq və gənclik illəri ilə bağlı həmin dövrün canlı şahidi olmuş adamların - müəllimlərinin, sinif yoldaşlarının, dostlarının xatirələrini, Yer üzünün böyük insanları barədə qələmə alınmış şirin və maraqlı bestseller kimi mütaliə edirik. Qeyri-adi başlanğıc, qeyri-adi həyat yolu, qeyri-adi insan zəhməti, qeyri-adi qətiyyət və mübarizlik və bütün bunların sayəsində hasil olmuş nəticə - kül içindən gül kimi dikəlmiş unikal Azərbaycan.
Naxçıvandan başlanan yol Heydər Əliyevi İkinci dünya müharibəsinin ağrı və ağırlıqlarından qəddini təzəcə düzəltməyə başlamış, təhlükə və problem sarıdan “yarımış” respublikanın çox önəmli kürsülərinə gətirib çıxardı. Dövlət təhlükəsizliyi orqanlarında İttifaq tarixində və coğrafiyasında heç bir müsəlmanın çata bilmədiyi bir mənsəbi fəth etdi general Heydər Əliyev.
* * *
1969-cu il. Zəngin təbii ehtiyatları, insan resursları olan Azərbaycan xalq təsərrüfatı və sənayenin bütün sahələri üzrə geridə qalaraq ölkənin ucqar və aqrar məntəqəsinə çevrilmişdi. Daha yaxşı yaşamağa haqqı çatan xalqın yeni liderə ehtiyacı vardı. Moskva çox ciddi götür-qoy edir, ortalıqdakı namizədlərin “delo”sunu az qala zərrəbinlə araşdırırdı.
Gözlənilən gün gəlib yetişdi. İyul ayının 14-də — Azərbaycan KP MK-nın XVI plenumunda Kremlin Heydər Əliyevin namizədliyi üzərində dayandığını nəzərə çatdıran Sov.İKP MK katibi İ.V.Kapitonov onun yaxşı təşkilatçı olduğunu, insanlarla dil tapmağı, işləməyi bacardığını, özünə və tabeliyindəkilərə qarşı tələbkar olduğunu, eləcə də digər müsbət keyfiyyətlərini diqqətə çatdırdı. Beləliklə, Heydər Əliyev respublika kommunistlərinin lideri respublikanın başçısı seçildi.
Təbii ki, bundan əvvəl işlədiyi Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində respublikadakı vəziyyət, problemlər barədə ən səhih və müfəssəl məlumatlara malik idi yeni birinci katib. Vəziyyət isə dözülməz idi demək, bəlkə də, heç nə deməməyə bərabərdi. İstisnasız olaraq bütün sahələr üzrə köklü, bəzi hallarda isə radikal islahatlara ehtiyac vardı.
Uzun illərdən bəri Azərbaycanın “yaxasından yapışıb” geriyə çəkən, irəliləməyə, inkişaf etməyə qoymayan, həll olunmadıqca bərkiyib qabara çevrilən səbəblər, onların doğurduğu neqativ nəticələr, cəmiyyət həyatında kök salmış ictimai bəlalar haqqında tarixi 5 avqust plenumunda söhbət getdi.
Ulu öndər haqqında “Şəxsiyyət və zaman” adlı unikal — bu təyini işlətməkdən çəkinmirik — epoxal avtobioqrafik-tarixi əsər yaratmış tanınmış publisist Elmira Axundova öz kitabında avqust plenumunun respublikanın və yeni birinci katibin karyerasında tarixi əhəmiyyət daşıdığını qeyd edir.
Qoy ədalət zəfər çalsın!
Doğrudan da, birinci katibin məruzəsi konyuktur, qəlibləşmiş sovet-kommunist təfəkkürünün, ideologiyasının çərçivələrini dağıdaraq ortaya problemlərin üzünə şax baxmaq, vəziyyətə məsul adamların ad və ünvanını açıq söyləmək nümunəsi, aşkarlıq örnəyi qoydu. Natiq respublikanın qarşısında duran məsələlərə qeyri-standart yanaşma sərgiləyir, mövcud situasiyanı dərin təhlil süzgəcindən keçirir, perspektivə hesablanmış cəsarətli planlarından söhbət açırdı. Həmin gün plenumun keçirildiyi Siyasi Maarif Evinin salonunda Azərbaycanın bundan sonrakı inkişafının kursu müəyyənləşir, yeni dəyərlər sistemi yaranırdı.
Heydər Əliyev başqalarının nəinki adını çəkməyə, ağlından keçirməyə belə ehtiyat etdiyi korrupsiyadan danışırdı... özü də SSRİ-də bir kimsənin bu barədə cınqırını belə çıxarmağa risk etmədiyi bir vaxtda. Xalqın sosial rifahına, güzəranına mənfi təsir göstərən digər neqativ hallardan bəhs edirdi.
Respublika kommunistlərinin başçısı xalq malına xor baxanlara, vəzifə səlahiyyətlərindən sui-istifadə edib hədsiz sərvət toplayanlara, rüşvətxorlara, xəlvəti iqtisadiyyatın himayədarlarına qarşı son dərəcə kəskin, prinsipial və birmənalı mövqe tutmuşdu: Günahkar cəzasını almalıdır!
1999-cu ilin noyabrında ölkə ziyalılarının nümayəndələri ilə görüş zamanı müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev həmin dövrü xatırlayaraq bunu belə izah edirdi ki, dövlət məmuru, vəzifəli şəxs dəbdəbəli bağ evi tikdirmək, avtomobil sahibi olmaq üçün mütləq vəzifəsindən sui-istifadə etməli idi: “Mənim bu ciddi tədbirlərim nəyə yönəlmişdi? Azərbaycanda qayda-qanun yaratmağa, rüşvətxorluq, vəzifədən sui-istifadə və korrupsiya ilə mübarizəyə. Bunu Sovet İttifaqında qaldıran mənəm”.
Heydər Əliyev respublikanın həm ideoloji, həm də iqtisadi həyatına yeni nəfəs, yeni impuls, yeni psixoloji ovqat gətirdi. İş çox, zaman dar idi. Hər şey həftəyə-aya deyil, saata-günə hesablanmışdı.Və ən əsası da o idi ki, yeni birinci katibin dedikləri və sonradan elədikləri ölkə vətəndaşlarının qəlbinə ümid toxumu səpirdi. İnsanlar inanmağa başlamışdılar ki, tezliklə hər şey yaxşılığa doğru dəyişəcək. Və dəyişdi də.
O, işləyən, çalışqan adamları xoşlayırdı; ələlxüsus, başını aşağı salıb kortəbii şəkildə vəzifəsini icra edənləri deyil, işinə yaradıcı münasibət bəsləyənləri, improvizə etməyi bacaranları, təşəbbüskarları. Beləcə, komanda yarandı, Azərbaycanı İttifaq miqyasında irəli çıxaran işlərin hesabı açıldı.
“Xəsis” bir statistika yerinə düşərdi: 1970-1982-ci illərdə respublikada 250 yeni müəssisə, istehsalat və sex tikilmiş, neftayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuş, iri elektron, elektrotexnika, radio-texnika, cihazqayırma sənayesi zavodları tikilmiş və nəticədə maşınqayırma məhsulları istehsalı üç beşillikdə 5 dəfədən də çox artmışdı.
1970-ci ildən başlayaraq Azərbaycanın sənaye və kənd təsərrüfatı orta İttifaq göstəricilərini qabaqlayan sürətlə inkişaf etmişdi. İqtisadi inkişafın əsas ümumi göstəricisi - milli gəlir də eyni sürətlə artmış, 1970-1985-ci illərdə 2,6 dəfə çoxalmış, adambaşına milli gəlir isə 2 dəfədən də çox artmışdı.
13 ildə 18,5 milyon kvadratmetr yaşayış sahəsi istifadəyə verildi ki, bu da Bakı boyda yeni bir şəhərin mənzil fondu demək idi. Mənzil şəraitini 2 milyon 200 min adam, başqa sözlə desək, respublikanın hər üçüncü sakini yaxşılaşdırdı.
Həmin illər barədə ətraflı bəhs etməyə bəlkə də ehtiyac yoxdur. Elə bircə müqayisə yetərlidir ki, əgər Heydər Əliyevin birinci katıb olduğu dövrdə respublikada tikilənlər sökülsə idi, çox mənhus bir mənzərə yaranardı.
1982-ci ilin dekabrında ulu öndər Moskvaya təyinat
aldı. Obrazlı ifadə etsək, Heydər Əliyev Kremlin
“səmasında parlayan” ilk müsəlman lider idi. İşgüzar keyfiyyətləri və şəxsi
məziyyətləri sayəsində o, qısa bir vaxt ərzində
nəinki SSRİ miqyasında, eləcə də beynəlxalq
siyasi dairələrdə hamının nüfuzu və
sözü ilə hesablaşdığı ciddi siyasi fiqura
çevrildi.
Lakin zamanın dəyirmanı da öz işində idi,
fırlandıqca, arxa yeni su gəlirdi. Yəqin fikir
vermisiniz, tarix irəlilədikcə cəmiyyətləri,
maddi aləmi dəyişdirə bildiyi halda, adi insan
paxıllığı, qısqanclığı,
riyakarlığı qarşısında həmişə
acizdir. O vaxtkı sadə həqiqət isə bundan ibarət
idi ki, İttifaqın yeni rəhbərliyi Heydər Əliyevin
nüfuz və qüdrətini həzm edə bilmirdi. Ona qarşı ən müxtəlif forma və səviyyələrdə
psixoloji savaş açılmışdı. Lakin barəsindəki bütün
haqsızlıqlara, riyakarlığa, heysiyyətsiz oyunlara rəğmən
bu məkrli davadan alnıaçıq, qalibiyyətlə
çıxmağı bacardı Sov. İKP
MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Heydər Əliyev.
Sov.İKP MK-nın sonuncu plenumunda
(1989-cu il aprel) Heydər Əliyev SSRİ
prezidenti M.Qorbaçovun üzünə deyirdi: “Heydər
Əliyevə nöqtə qoymağa tələsməyin. Mən hələ son sözümü deməmişəm.
Siz hələ mənim barəmdə eşidəcəkciniz”.
Plenum iclasının keçirildiyi zalda üzləşdiyi
ədalətsizliyə etiraz əlaməti olaraq qapıları
çırpan Heydər Əliyev böyük bir sistemi də
yerindən laxlatdı. Çünki o, bu
sistemi çökməyə qoymayanlardan, çiyinlərini
sütun kimi onun ağırlığına sipər edənlərdən,
onun bütün mexanizmini əzbər bilənlərdən
biri idi. Heydər Əliyev onunla bunca
etinasız, sayğısız davranmağa cürət
etmiş sistemi də cəzalandırmağı bacardı.
Az keçmədi ki, tarix bu əsəb,
ağıl, intellekt və xarakter savaşında ehtirassız
münsif kimi öz sözünü dedi: Qorbaçovun rus
xalqına gərəksizliyini, Heydər Əliyevinsə Azərbaycan
üçün zərurət olduğunu ortaya qoydu.
O vaxtlar Mərkəzin
iradəsi ilə hərəkətə gətirilmiş
ideoloci təxribat və terror maşınının
aramsız hücumlarında yeganə məqsəd Heydər
Əliyevi neytrallaşdırmaqla iki onillik ərzində
böyük inkişaf yolu keçərək,
saysız-hesabsız müvəffəqiyyətlər əldə
etmiş Azərbaycanı diz üstə çökdürmək,
qazandıqlarını burnundan gətirtmək idi. Qarşıda hələ bir Qarabağ planı da
vardı. Rəsmi Ermənistanın Moskva və
xaricdəki havadarlarının köməyi ilə
körüklədiyi Dağlıq Qarabağ problemi həmin
illərdə Azərbaycan rəhbərliyinin iradəsizliyi və
maymaqlığı üzündən kiçik bir
qığılcımdan torpaqlarımızı qarsıb yaxan
tonqala çevrildi. Sonradan əjdaha kimi
ağzını açıb torpaqlarımızı, igid
oğullarımızı udan müharibənin durdurulması
da məhz xalqın yekdil iradəsi ilə prezident
seçilmiş Heydər Əliyevin misilsiz zəhməti sayəsində
mümkün olacaqdı.
Qurtuluş
İyun ayı adi bir təqvim ayıdır. Ancaq adi bir
günü, ayı bütöv bir xalqın, dövlətin
tarixində taleyüklü məqama çevirə bilmək
Tanrı tərəfindən seçilənlərin qismətidir.
1993-cü ilin iyunu. Vətəndaş
müharibəsinin bircə addımlığında duran,
separatizm meyillərinin girdabında boğulan, hakimiyyət
orqanlarının iflic olduğu Azərbaycana havasından
barıt qoxuyan belə bir mürəkkəb, dar macalda kömək
etmək, bəlkə də, bir insanın öhdəsindən
gələ bilməyəcəyi məsələ idi. Ancaq xalq xilasının, nicatının kimin əlində
olduğunu yaxşı bilirdi. Gözlər
Naxçıvana dikilmişdi...
Heydər Əliyevin həmin o təlatümlü, kortəbii
ehtirasların tüğyan etdiyi məhşərli günlərdə
Naxçıvandan Bakıya qayıdışı, əsl
mahiyyətini onilliklər sonra qavraya və qiymətləndirə
biləcəyimiz tarixi missiya idi. Gəncəyə təhlükəli
olmaqla yanaşı, həm də cəsarətli bir səfərdən,
siyasi qüvvələrlə deyil, xalqla müəyyən məşvərətlərdən
sonra iyunun 15-də parlament sədri seçilən Heydər Əliyevin
bütün Azərbaycan xalqını vətəndaş həmrəyliyinə
səslədi: “Mən rica edirəm, kiçik hissiyyatı kənara
qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq
lazımdır, bunların vaxtı deyil... Əgər
kimsə, nə vaxtsa mənə qarşı düzgün
münasibət bəsləməyibsə, nəsə edibsə,
inanın ki, mən onların hamısını çoxdan
bağışlamışam”.
Həmin gün Azərbaycanın tarixinə QURTULUŞ
müjdəsi kimi daxil oldu. Heydər Əliyev
üçcə ayın içində dərinləşməkdə
olan ictimai-siyasi böhranın qarşısını aldı.
Qeyri-adi idarəçilik bacarığı ilə
müstəsna dövlətçilik təfəkkürünün,
illərin ciddi və heç bir qayda-qanun tanımayan siyasi
mübarizə təcrübəsi ilə yenilməz vətəndaş
qeyrətinin xəlitəsi kimi xarakterizə edilə biləcək
həmin fəaliyyət hər cür təqdirə layiqdir. Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev “Əsl vətəndaş, böyük
şəxsiyyət və qüdrətli lider haqqında bəzi
düşüncələr” əsərində həmin
fövqəladə hadisəni belə səciyyələndirir:
“Bu, həqiqətən möcüzə idi. Tabeçiliyində
heç bir strukturun olmadığı, yalnız öz
sözünə və bacarığına güvənən
siyasi xadim məhz özünün zəngin rəhbərlik təcrübəsinə
əsaslanaraq dövlətin dağılmasının
qarşısını aldı”.
Ancaq xain beyinlər susmamışdı. Müstəqil
Azərbaycan dövlətçiliyinə qarşı fitnəkar
planlara son qoyulmamışdı. 1994-cü
ilin oktyabrında Surətçilərin hakimiyyəti silah
gücünə devirmək istəyi uğursuzluğa
düçar oldu. Ölkə Prezidentinin
çağırışına səs verən xalq ayağa
qalxdı, onun yekdilliyi, həmrəyliyi, mütəşəkkilliyi,
öz rəhbərinə sədaqəti, etibarlı kövrək
addımlarını atmaqda olan Azərbaycan dövlətçiliyinin,
müstəqilliklə bağlı ideallarımızın
qarantına çevrildi. 1995-ci ilin mart ayında xarici kəşfiyyatların
emissarları ilə birləşmiş revanşist-mafioz
qrupların hakimiyyəti zor tətbiq etməklə ələ
keçirmək cəhdinin qarşısı dövlət
başçısı Heydər Əliyevin yenilməz iradəsi
və silahlı qüvvələrimizin rəşadəti sayəsində
alındı. Üzünü Azərbaycan dövlətçiliyini
dağıtmaq istəyənlərə tutan Heydər
Əliyev deyirdi: “Mən Azərbaycanın müstəqilliyini
Azərbaycan xalqı üçün böyük nailiyyət
hesab etmişəm və bu müstəqilliyin əldə
olunmasına xidmət etmişəm. Bundan sonra
ömrümün qalan hissəsini də Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsinə,
inkişaf etməsinə sərf edəcəyəm”.
“Taleyin
ilahi vergisi”
Haqqında
istər-istəməz həyatın dərin fəlsəfəsi
ilə bağlı düşüncələrə dalmağa
sövq edən bu ifadəni akademik Ramiz Mehdiyevin az öncə adını çəkdiyimiz
“Əsl vətəndaş, böyük şəxsiyyət və
qüdrətli lider haqqında bəzi düşüncələr”
adlı əsərindən iqtibas etmişik. Ümumiyyətlə,
həmin əsər tarixin bütöv bir epoxasına və
epoxal şəxsiyyətə, unikal fəaliyyət
bioqrafiyası ilə sağ ikən əfsanələşmiş
hakimiyyət ustasına, xalqını, Vətənini,
dünyanın bütün insanlarını təmənnasız
bir sevgi ilə sevən qədirbilən insana həsr
olunmuş son dərəcə sanballı, fundamental elmi əsərdir.
Bu düşüncələr Heydər Əliyev məktəbinin
məzunu və ulu öndərin sadiq silahdaşı, əqidə
yoldaşı tərəfindən qələmə
alındığına görə verdiyi ümumiləşdirmələrə,
gəldiyi qənaətə, toxunduğu mətləblərin
həqiqiliyinə oxucuda inam yarada bilir, oxucusunu fakt və
kateqoriyalar barədə filosof kimi düşünməyə
sövq edir, mənalı bir ömrün müəyyən
akkordları ətrafında fəlsəfi kateqoriyalarla
düşünməyə çağırır.
Müəllif
“...üç onillikdən bəri təkcə hakimiyyətin
zirvəsində qalmağı deyil, eləcə də milyonlarla
insanın sevimlisinə və idealına çevrilməyi...”
bacarmış Heydər Əliyev şəxsiyyəti
haqqında söz demək üçün ən müxtəlif
tədqiqat üsullarının mövcud olduğunu etiraf edir:
“Belə bir nəhəng tarixi simanın tədqiqinə
müxtəlif yöndən - onun şəxsiyyət və dövlət
xadimi kimi öyrənilməsi, yaxud onun formalaşıb siyasi
lider kimi təşəkkül tapdığı mühitin
müfəssəl təhlili yönündən yanaşmaq
mümkündür. Onun dövlətçilik fəaliyyətinin
müxtəlif mərhələlərinin təsviri kimi
geniş yayılmış yanaşma da məqbul sayıla bilər”.
Hakimiyyət
dərsləri
Bugünkü
məmur nəsli ona görə xoşbəxtdir ki, onlara
müsbət, yaddaqalan iş görmək üçün
velosiped icad etmək lazım gəlmir. Eləcə,
ulu öndər Heydər Əliyevin öyüd və
tövsiyələrini doğru-dürüst yerinə yetirsələr,
kifayətdir. Bir çoxlarında çatışmayan
işgüzarlığın formulu isə çox sadədir:
zəhmətsevərlik, Vətənə məhəbbət və
xalqa təmənnasız xidmət yanğısı. Bu qədəri yetər.
Heydər
Əliyevin bu gün ən adi təfərrüatlarına qədər
xatırlamağa çalışdığımız hər
görüşü, nitqi, söhbəti milyonların müdavimi
olmağa can atdığı böyük məktəbdir, ali həqiqətlərlə, mürəkkəb
olduğu qədər də sadə hikmətlərlə zəngin
dərsdir. Bu məktəbin dərsliyi siyasət
patriarxı, idarəetmə ustası, müqtədir dövlətçi,
azərbaycançılıq ideologiyasının
çağdaş milli-estetik və elmi-konseptual əsaslarının
müəllifi, güclü xarizmatik şəxsiyyət Heydər
Əliyevin mənalı həyat yolu, şəxsi nümunəsi
və çoxcəhətli fəaliyyətidir. Belə bir ümummilli mirasdan faydalana bilməyənlər
isə yalnız nadanlar və əfəllərdir.
Ulu
öndər fəaliyyəti boyu mənəvi ucalığa
xüsusi dəyər verib, bütün nailiyyətlərin
zirvəsində tutub, özü yüksək mənəviyyat
sahibi olduğuna görə komandasından da eyni keyfiyyətləri
tələb edib: “Yaxşı işləyin, iş görün. Amma təmiz
iş görün, mənəvi saflığı təmin
edin. Bu işlərin yaxşı getməməsinin
səbəblərindən biri, bəzən çox
böyük səbəblərdən biri də mənəviyyatın
pozulmasıdır.
...Vəzifəli
şəxs gərək hamı üçün nümunə
olsun; saflıq nümunəsi, mənəvi təmizlik,
işgüzarlıq nümunəsi olsun. Əgər
bu yoxdursa, əksinə, vəzifəli şəxslər
rüşvət alırlarsa, yaxud insanların
hüquqlarını tapdalayırlarsa, digər əyri yollarla
gedirlərsə, onda başqalarından nə gözləmək
olar?!"
Bir ölkənin rəhbəri
cəmiyyətin mənəvi əsaslarını xərçəng
kimi gəmirən ictimai bəlalar - rüşvətxorluq,
müftəxorluq, əliəyrilik, vəzifədən
sui-istifadə kimi neqativ hallar barədə bundan daha kəskin
nə deməli idi ki?!
Bu
dünyanın elə özü kimi də qosqoca, müdrik dəyərləri,
meyarları var. Hər şey maddiyyatla, dünya malı ilə ölçülmür, yəni
insan tək çörəklə yaşamır. Ləyaqət, kişilik, mərdanəlik, cəsarət,
əqidə kimi məziyyətləri də qılınc kimi
qəbzəsindən yapışıb qınından
çıxarmağın lazım gəldiyi məqamlar
yaranır.
Heydər
Əliyev belə siyasi lider, ölkə
başçısı, dövlət xadimi, şəxsiyyət
və belə bir kişi idi. Ulu öndər bütün nəsillər
üçün zəhmət mücahidi, quruculuq mücəssəməsidir.
O həmişə işləyib, qurub, yaradıb. Əgər
biz özümüz, ailəmiz üçün işləmişiksə,
o, Azərbaycan, azərbaycançılıq ideologiyası ətrafında
birləşdirməyə çalışdığı 50
milyonluq “Mən azərbaycanlıyam”! fəxarətini
bölüşənlər üçün
çalışıb. Və həmişə
də namusla işləyənin qədir-qiymətini bilib, zəhmətini
dəyərləndirməyi bacarıb. Əski
sovet dönəmində də belə olub, hakimiyyətinin
müstəqillik illərinə təsadüf edən
dövründə də. Fəhlənin, bənnanın
da, neftçinin, pambıqçının da, alimin, ədibin
də, bəstəkarın, müğənninin də layiq
olduğu qiymətini verib. Hamını həvəsləndirməyi,
sevindirməyi bacarıb. Çünki bircə amalı
olub: xalqına təmənnasız xidmət. İnsanlarda
düzlük, saflıq, əqidə bütövlüyü,
prinsipial mövqe ilə yanaşı, bir özgün məziyyəti
də fərqləndirib: işgüzarlıq, zəhmətsevərlik.
Vətənə, torpağa bağlılıq məhz bu ali məziyyətlərin məhvərindən
keçir. İnsanpərvərliyin, qədirşünaslığın
bu yüksəkliyinə heç kəs Heydər Əliyev qədər
yüksələ bilməyib.
Həqiqi
müstəqilliyimizin memarı
Azərbaycan tarixinin Heydər Əliyev dövrü
öz siqlətinə, tutumuna, kütləsinə görə
bütöv bir mərhələ, epoxadır. Bütün
subyektiv çalarları, istisnaları, ziddiyyətləri,
taleyüklü məqamları, dövlətçilik
uğrunda barışmaz mübarizəsi, ümummilli qayə
və mündəricəsi ilə.
Zaman etibarilə bizə çox yaxın olduğu
üçün bu gün həmin dövrün tarixi qiymətini,
dəyərini düzgün ifadə etmək bir qədər
çətindir. Ancaq, heç şübhəsiz, dövlətçilik,
idarəetmə, reğional geosiyasət, siyasətşünaslıq
haqqında yazılacaq nüfuzlu kitabların müntəxabatı
məhz Heydər Əliyev irsindən qaynaqlanacaqdır.
Bu gün
biz yeni Azərbaycanın həqiqi müstəqilliyini onun
üçün fəth etmiş Heydər Əliyev
haqqında danışarkən ən müxtəlif aspektlərdən
yanaşmalı oluruq: bir hakimiyyət ustadı kimi, dövlətcil
məmur, qətiyyətli dövlət başçısı
kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş
kimi, cəsur və tədbirli sərkərdə, Vətənini
və millətini qənirsiz məhəbbətlə sevən
insan kimi... Və maraqlıdır ki, Heydər Əliyevlə
bağlı hər hansı bir ampluada bəhs etsən belə,
analogiya gətirə bilmirsən: O, müqayisəyə əl
yeri qoymayan, şans buraxmayan şəriksiz və alternativsiz
şəxsiyyətdir.
Heydər
Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin
ən sanballı göstəricisi də məhz Azərbaycançılıq
məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi,
milli özünüdərkin inkişafı, xalqın tarixi
yaddaşının özünə qaytarılması kimi
fundamental prinsiplər əsasında milli dövlətçilik
arzularının və hisslərinin güclənməsi, real
siyasi amilə çevrilməsidir. Təsadüfi deyildir ki,
çağdaş tariximizin və cəmiyyətin nəzəri-fəlsəfi
görüşlərinin tədqiqatçıları Heydər
Əliyevi müasir, inkişaf etmiş və demokratik Azərbaycanın
qurucusu və memarı adlandırırlar.
Bu gün
Prezident İlham Əliyevin real və konkret iş görməyə
hesablanmış müdrik və pozitiv siyasəti sayəsində
bir çox parametrlərinə görə inkişaf etmiş
dünya ölkələri ilə bir sırada dayanan Azərbaycan
həmin inkişafa görə ulu öndərin uzaqgörən
siyasətinə borcludur.
Bu gün Azərbaycanda inşa olunan hər bir tikili, salınan yol, qurulan körpü, istifadəyə verilən müəssisə, elmi-mədəni nailiyyətlərimiz firavan, rifahlı həyatın təsdiqidir.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri də fikir, söz və mətbuat azadlığının təmin edilməsi, onların cəmiyyət həyatının demokratik norması və aparıcı dəyərləri qismində səciyyələndirilməsi olmuşdur. Bu gün mətbuata təzyiqlərdən ağzı köpüklənə-köpüklənə danışan sabiq hakimiyyət nümayəndələri “riyakarcasına” unudurlar ki, senzuranı onların iqtidarı tətbiq etmişdi, jurnalistlərə qarşı fiziki və mənəvi zor, təzyiq məhz onların vaxtında mətbuatla davranışın adi normasına çevrilmişdi. İctimai fikri, sözü həmin xaos, terror və təxribatlardan məhz Heydər Əliyev xilas etdi. Çağdaş kütləvi informasiya təsərrüfatının durumu, burada cərəyan edən hadisələr dövlət başçısının mətbuata necə loyal, tolerant və demokratik münasibət bəslədiyini bir daha təsdiqləyir. Heydər Əliyev siyasi plüralizmin, söz və mətbuat azadlığının, insan hüquqlarının təminatçısı olduğunu bəyan etməklə bu məsələlərə dövlət siyasəti statusu qazandırdı.
* * *
Ulu öndər Heydər Əliyev dünyanın mövcud hikmətlərinin əxzini mümkünləşdirən universal bir məktəb, ən saf və ülvi mənəvi-əxlaqi dəyərləri özündə təcəlli etdirmiş bəşəri məbəd, xarizması və kişiliyi ilə dostu da, düşməni də tərksilah etməyi bacaran bənzərsiz bir şəxsiyyət idi. Bu gün haçansa onunla təmasda olmuş, işləmiş, səfər yolçuluğunu bölüşmüş, hətta kənardan müşahidə etmiş insanlar belə Yer üzünü özünün mövcudluğu ilə şərəfləndirmiş, real olduğu qədər də əfsanəvi bir şəxsiyyəti tanımağın bəxtiyarlığını yaşamaqdadırlar.
Xalid NİYAZOV,
əməkdar
jurnalist
Xalq qəzeti.- 2012.- 25 dekabr.- S. 4.