Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqı
yaranmasının üç illiyini bayram tədbiri ilə
qeyd etmişdir
Dekabrın 25-də Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqı (ATGTİ)
Beynəlxalq Ticarət Mərkəzində yaranmasının
üçüncü ildönümünü, Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
bayram tədbiri keçirmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə ATGTİ-nin sədri Şahin İsmayılov qurumun 3 illik fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, 3 il ərzində ATGTİ 400-dən çox layihə həyata keçirmiş və bu tədbirlərdə 100 mindən çox tələbə iştirak etmişdir. Bu gün artıq ATGTİ ölkənin 82 ali və orta ixtisas təhsili müəssisəsinin 30 min tələbəsini öz ətrafında birləşdirir.
Diqqətə çatdırılmışdır ki, artıq ATGTİ qitə miqyaslı bir təşkilatın - Avropa Tələbələr Birliyinin tamhüquqlu üzvüdür və ölkəmizi bu qurumda uğurla təmsil edir. İttifaq yüzlərlə tələbə üçün liderlik, ictimai fəallıq və idarəetmə bacarıqları məktəbidir.
Qeyd olunmuşdur ki, təşkilat dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirmiş, ittifaqın üzvləri beynəlxalq tələbə konfranslarında ölkəmizi layiqincə təmsil etmişlər.
Sonra ATGTİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tarixin yaddaşına yazan ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən söhbət açmış, bu əlamətdar günün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli birliyinin və həmrəyliyinin gücləndirilməsində əhəmiyyətini vurğulamışdır.
Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, dövlət tərəfindən həyata keçirilən hər bir təşəbbüs, hər bir layihə tələbə gənclər təşkilatlarının güclənməsinə, onların daha da səmərəli fəaliyyət göstərməsinə zəmin yaratmışdır. O demişdir ki, ATGTİ ölkənin gənclər hərəkatında özünə layiqli yer tuta bilmişdir.
Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndra Hacıyeva, Milli Məclisin deputatları Sevinc Hüseynova və Məlahət İbrahimqızı, Azərbaycan Gənclər Fondunun sədri Fərhad Hacıyev ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışmış, bu sahədə qazanılan nailiyyətlərdə ATGTİ-nin fəaliyyətini yüksək qiymətləndirmişlər. Natiqlər qarşıdan gələn bayramlar münasibətilə gəncləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Sonra 3 il ərzində ATGTİ ilə yaxından əməkdaşlıq etmiş dövlət qurumları, özəl şirkətlər və kütləvi informasiya vasitələri mükafatlandırılmışlar.
Azərbaycan gəncliyinin inkişafı istiqamətindəki xidmətlərinə və ATGTİ-nin 3 illik fəaliyyəti dövründə onun layihə və tədbirlərinə davamlı informasiya dəstəyi göstərdiyinə görə Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) də mükafat təqdim olunmuşdur.
Tədbir konsert proqramı ilə başa
çatmışdır.
Xalq qəzeti.- 2012.- 26 dekabr.- S. 5.