“Rənglərdən ilham alırıq”

 

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Nərimanov rayonunun 200 nömrəli məktəbində “Rənglərdən ilham alırıq” mövzusunda uşaqların rəsmlərindən ibarət sərgi  təşkil  edilmişdir.

 

Sərginin açılışında çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov demişdir ki, balaca rəssamların sərgilərinin təşkil edilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara mənəvi dəstək verilməsi dövlətimizin prioritet vəzifələrindən biridir.

 

Sərgidə ibtidai sinif şagirdləri  öz rəssamlıq məharətlərini, duyğularını, arzu  istəklərini  rəngli boyalarla ifadə etmişlər.  Balaca  fırça ustalarının çəkdikləri “Vətən eşqi”, “Qar adam,” “Mən yayı sevirəm”, “Xəzərin qoynunda”, “Dovşan”, “Bayram tortu”, “Mən klounam”, “Dostluqkimi rəsmlər  uşaqların  dünyasından xəbər verir və sərgiyə  gələnləri sözün əsil mənasında heyrətləndirir.

 

Söhbət zamanı  məlum oldu ki, bu istedadlı şagirdlər  məktəbdəki rəsm dərnəyinin üzvləridir. Dərnəyin rəhbəri Nurlana Hacıyeva öz yetirmələrindən böyük fəxr hissi ilə  söz  açaraq bildirdi ki,  bu sərgini möhtərəm Prezidentimiz  İlham Əliyevin ad gününə töhfə etməyi qərara aldıq. Dərnəkdə çalışan uşaqların  hamısı istedadlıdır, qısa müddət ərzində balaca rəssamlar xeyli  irəliləyiş əldə edərək, maraqlı mövzularda rəsmlər çəkib sərgiyə təqdim etmişlər. Boyalarla işləməyə  yenicə alışmış  balaca istedadlar bir çox mövzularda rəsmlər çəkərək  öz bacarıqlarını  nümayiş  etdirə bilmişlər. Rəssamlıq sənətinə böyük həvəs göstərən Nurlana xanım  hələ uşaqlıqdan boyalarla işləməyi sevərək  təcrübəli sənətkarlardan dərs almışdır. Respublika miqyaslı yaradıcılıq müsabiqələrinin qalibi olmuşdur. Gələcək layihələrindən danışan dərnək rəhbəri istedadlı uşaqlarla bağlı belə sərgilərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulamışdır.

 

Uşaqlara gəldikdə isə demək lazımdır ki, onlar həqiqətən də rəsm sahəsində öz bacarıqlarını göstərə bildilər. Əminliklə demək olar ki, sərgidə tablolarını nümayiş etdirən 6-9 yaşlı uşaqlar arasında gələcəyin rəssamları, bəstəkarları, xanəndələri, alimləri, olimpiya çempionları var. Onların bəziləri ilə daha yaxından tanış olmaq imkanımız da oldu. Kamran, Nurel, Murad və digərlərinin çəkdikləri rəsm əsərləri insanı valeh edir. Yaşının az olmasına baxmayaraq, kiçik yaşlarında rəsmə bu qədər maraq göstərmələri adamı heyrətləndirir. Yüksək zövqlə çəkdikləri şəkilləri gözlərinlə görməsən, bu gözəlliyi sözlə ifadə etmək mümkün deyil. Kamran dedi ki, şəkil çəkməyi çox sevir, ona şəkil çəkməyi anası öyrədib. İlk əsəri isə traktor olub. Balaca Nurel isə bildirdi ki, təbiəti xoşlayır və “yolka” çəkməyi sevir. Lakin daha çox atasının şəklini çəkir və o, işdən qayıdanda ona hədiyyə edir.

 

Yaxşı deyiblər ki, uşaq dünyası sirli-sehrli bir aləmdir. Bu aləmdə hər bir arzunu reallaşdırmaq mümkündür. Biz böyüklər də uşaqların köməyi ilə bir anlıq nağıllar aləminə səyahət etdik.

 

Sonda balaca rəssamlara Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov rayonun bağça -məktəb liseyi kompleksinin diplomları təqdim olunmuşdur.

 

A.Sadıqoğlu

 

 Xalq qəzeti.- 2012.- 27 dekabr.- S. 6.