Qaracoğlanın yaradıcılığında ayrılıq mövzusu

 

Bu xəbəri paylaş  «Şairin milli kimliyi onun yaradıcılığında görünməlidir»  Ankarada Hüseyn Cavidə həsr olunmuş tədbir  Oğuz eposunda Təpəgöz obrazı  İki gündür susuram… Ayrılıq mövzusu həmişə bir çox xalqların ədəbiyyatında aparıcı mövzu olub. Azərbaycan ədəbiyyatında

ayrılıq mövzusuna müraciət edən qələm adamlarımız kifayət qədərdir. Ümumən türk xalqlarının ədəbiyyatında da bu mövzuda yazıb-yaradan məşhur imzalar var. Tanınmış araşdırmaçı Siracəddin Hacının Qaracaoğlanın şeirlərində ayrılıq motivi ilə bağlı araşdırması bu mənada diqqəti çəkir. O, bildirir ki, Qaracaoğlan türk xalq ədəbiyyatının ən tanınmış təmsilçilərindən biridir: «Onun dünyagörüşü, bədii-estetik anlayışı xalq və aşıq şeirinin, divan ədəbiyyatının, dini-təsəvvüfü dəyərlərin təsiri ilə formalaşıb. Qaracaoğlanın başlıca hədəfi millidini dəyərlərə inanan, fiziki və mənəvi gücünü insanların xoşbəxtliyinə yönəldən kamil şəxsiyyətlər yetişdirmək, sağlam cəmiyyət tərbiyə etməkdir. Qaracaoğlanın şeirlərində insan, həyat, ölüm, sevgi, aşiqlik, dostluq, igidlik, iman, təbiət kimi mövzular önəmli yer tutur. Şairin düşüncəsinə görə, insanın, kainatın yaradılışı sevgiyə bağlıdır, hər şey sevgiyə möhtacdır, bütün dərdlərin dərmanı da sevgidir. Qaracaoğlan şeirlərində ayrılıq anlayışının mahiyyətini, onun aşiqlik, sevgi, vəfa, sədaqət kimi dəyərlərlə bağlılığını gözəl bədii dillə təqdim edib. Onun düşüncəsinə görə, ayrılıq aşiq üçün bir sınaqdır, sevgilisinə qovuşacağına inanaraq bütün əzablara, çətinliklərə dözməkdir, iradə və səbirdir. Ayrılıq atəşində yanmayan aşiq gerçək aşiq ola bilməz. Qaracaoğlan şeirlərində ayrılıq anlayışını bu motivlərlə təqdim edir: göz yaşları, durna, qərib bülbül, badi-səba, ölüm, qürbət, qərib, dağ, qəmli güllər, könül quşu, müraciət üslubu, yalvarış, dua, qərib yollar, Əzrail, yuxu, kədər, yol… Təbii ki, bu motivlərin sayı arta da bilər. Qaracaoğlanın şeirləri türk bədii dilini zənginləşdirib. O, şeirlərində qoşma, gəraylı, varsağı, səmai kimi şeir şəkillərindən istifadə edib. Onun şeirlərində xalq deyimlərinin özəl yeri var. Bu şeirlərdə divan ədəbiyyatının təsiri də hiss olunur».

S.Hacının fikrincə, Qaracaoğlanın şeirlərində ayrılıq motivinin ifadə biçimləri bütün yönləri ilə araşdırılmayıb: «Bu mövzunun tədqiq edilməsi həm Qaracaoğlanın şeirlərinin sənətkarlıq xüsusiyyətlərinin, həm də onun düşüncəsinin qaynaqlarının öyrənilməsinə imkan verir. Qaracaoğlan aşıq şeirinindivan ədəbiyyatının qovşağında formalaşmış bir sənətkar olduğundan hər iki istiqamətin özəlliklərini şeirlərində əks etdirir. Qaracaoğlan həyatı ilə bağlı əldə dəqiq bilgilər yoxdur. Bu gün onun bütün şeirlərinin toplandığını, sistemləşdirildiyini, çap edildiyini söyləmək çətindir. Onun həyatı bir əfsanə mövzusuna çevrilib. Qaracaoğlanla bağlı yazılmış araşdırmalarda onun dövrü, doğulduğuöldüyü yerlə əlaqəli çeşidli iddialar irəli sürülüb. Alimlərin ortaq görüşünə görə, XV, XVI, XVII yüzillərdə yaşadığı iddia edilsə də, son araşdırmalarda əsərlərinin dil, üslub xüsusiyyətləri, əsərlərindəki tarixi faktlar əsas götürülərək onun XVI əsrdə yaşadığı fikri daha çox tərəfdar toplayır. Qaracaoğlanın soyu, ailəsi ilə bağlı da dəqiq bilgi yoxdur, öldüyü tarix və yerlə bağlı çoxsaylı fikirlər var. Qaracaoğlan türk ədəbiyyatına təsir göstərmiş sənətkarlardan biridir. O, gözəllik, sevgi, təbiət aşiqidir. Onun şeirləri etnoqrafik cizgilərlə zəngindir, yurdun gözəl təbiəti naxış-naxış, çiçək-çiçək, rəng-rəng onun şeirlərində əks olunub. Qaracaoğlanın şeirlərində divan ədəbiyyatının, dini-təsəvvüfi motivlərin də yeri var. Şeirlərinin dili çox sadədir, o, dərin hikmətli fikirləri aydın bir dillə təqdim edib. O, şeirlərində gözəllik, aşiqlik, igidlik, əxlaq, dünyanın mahiyyəti, həyat və ölüm kimi anlayışlarla bağlı ölçülər verib, həyatı insanlara doğru tanıtmaq istəyib». Qaracaoğlanın şeirlərində önəmli yer tutan ayrılıq motivi haqqında danışan araşdırmaçı bildirir ki, onun elə şeirləri var, ayrılıq anlayışının mahiyyəti, çeşidləri, onun sevgi və aşiqliklə bağlılığı, səbir, iradə, fədakarlıqla əlaqəsi önə çəkilib: «Bu şeirlər şairin «ayrılıq proqramıdır». Bu proqrama görə, ayrılıq — qürbət eldir, bağırın odlanmasıdır, dilin yanmasıdır, ölümdən daha çətin və acıdır, ayrılıq eşq atəşinin alovlanmasıdır, o, sönməyən atəşdir, ahdır, dosta, sevgiliyə qovuşmaq həsrətidir.

Qaracaoğlana görə, ayrılıq həsrəti ilə yanan aşiq tənhadır, eşq xəstəsidir, dağlar belə onun halını bilməz. O, Məcnun olub, yaraları qan verir, ayrılıq çəkən aşiqə görə, o, sevdiyinə qovuşanadək olan ömür onun üçün qış fəslidir, onun gördüyü dağlar «dumanlı, dumanlı»dır. Şairə görə, ayrılıq gerçək aşiqin qəlbini təmizləyər, ayrılıq odu onun ürəyinin nəfs pasını yandırar, ona sevgilisindən başqasına yer olmayan könül bəxş edər. Bu sevgi odu ilə yanan aşıq yarına qovuşmaq istəyir.

Araşdırmaçı bildirir ki, türk ədəbiyyatında ayrılıq motivinin ən çox istifadə olunan ifadə biçimlərindən biri durnadır: «Durna ayrılıq həsrəti ilə yanan aşiqin üz tutduğu ünvandır. Qaracaoğlan da durna obrazını bir neçə yöndən dəyərləndirir. O, durna ilə dərdləşir, halını ona bildirir, «ağarmış saçlarını» ona göstərir, özünü qanadına ox vurulmuş, uçmaq imkanını itirmiş durnaya bənzədir, dərdini ona açır, ona deyir ki, qürbət eldəyəm, geri dönmək imkanım yoxdur, dost elində kimin ölüb, kimin yaşadığından xəbərim yoxdur, bu qürbət eldə ölsəm, gözüm yumulmaz, məni ağlayan olmaz, anasız, atasız yetiməm. O, durnaya inanır, onu dərd ortağı sayır, sirrini onunla paylaşır. Durna ayrılıq çəkən aşiqin xəbər qaynağıdır, aşiq durnadan xəbər alır…

Qaracaoğlanın «qərib bülbül» obrazı ayrılığın bədii ifadəsində önəmli yer tutur. Bülbülün gözəlliyi, səsi, bülbülün gülə sevgisi, onun gül həsrəti ilə oxuması, onun gülündən ayrılaraq qəfəsə salınması, aşiqliyi təmsil etmək imkanları şairə ayrılıq anlayışını təqdim üçün geniş yollar açır. O, özünü fəğan edən bülbülə bənzədir, bülbülün qəmli oxumasının səbəbi onun qəribliyidir, onun yanğılı səsi aşiqin qəlbini yandırır, ciyərini dağlayır, göz yaşlarını ümmana çevirir, ona elə gəlir ki, bülbül onun halını oxuyur, ona «ağlayır», onunla danışır: «Ötmə qərib bülbül, mən də qəribəm», — deyir, halını onun halı ilə eyniləşdirir, «Bülbül kimi budaqda ötməz oldum» deyərək dərdini bölüşür. Bu ayrılıq həsrətini oxuyan bülbülün səsi dünyanı aşiqə zindan edir, o deyir ki, karvan onun dərdini çəkə bilməz. Qərib bülbülün fəryadı dağı yandırdığı kimi, qəlbinə od düşmüş aşiqin ahı da dəryanı yandırar. Axı onun yarı çox gözəldir, sevgilinin nurlu üzünün şöləsi bağı yandırır, o, elə gözəldir ki, öləni də, sağı da yandırır. O, sevgilisindən ayrı düşdüyünə görə, budağa qonaraq oxuyan bülbül kimi ağlamaqdan başqa bir şeyə gücü çatmır. Qaracaoğlan deyir ki, sevən aşiqin, həsrətlə göz yaşı tökən aşiqin ən çox bənzədiyi varlıq qərib bülbüldür. Burada bülbül aşiqdir, gül də gözəl sevgilidir. Qoşmadakı bütün detallar ayrılığı yada salır: «köçən ellər» ayrılan aşiqin halını anlamağa yol açır, dil ayrılıqdan deyir, gözlər ağlayır, görünən dağın başı qarlıdır, bu qar ayrılıq çəkən aşiqi üşüdür, onun yara gedən yolunu bağlayır, dağların əriyən qarının seli ağlayan aşiqin göz yaşları kimi axır, xəzəl olan yarpaqlar, solan çiçəklər, bitən ömür, tükənən zaman, yaşın-yaşın ağlayan göz aşiqin ayrılıq həsrətini, onun qərib bülbül kimi tənhalığını bizə ilmə-ilmə çatdırır».

 

Uğur

Xalq Cəbhəsi.- 2012.- 27 dekabr.- S.14.