«Şairin milli kimliyi onun
yaradıcılığında görünməlidir»
Müsahibimiz Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin sədri, şair-publisist Namiq Hacıheydərlidir.
- 2012-ci ildə şeirlər kitabınız çap olundu: «Ey Türk doğulan…». Kimə üz tutur və nəyi demək istəyirdiniz?
- Adından göründüyü kimi daha çox özünü, milli kimliyini türk olaraq dərk edənlərə. Ancaq, təbii ki, şair üçün dəyərli və anlaqlı oxucu var. Milli kimliyindən aslı olmayaraq qələm adamı hər kəs üçün yazır. Eləcə də mənim yazdıqlarım hər kəs üçün, oxuyan, anlayan, dəyər verən bütün oxucular üçündür. Az-çox yazdıqlarımda amacım sələflərimin başladığı qutsal davanı sürdürməkdir.
- Nədir o qutsal davalar?
- Milli kimliyin heç bir halda, heç bir məqamda gözardı edilməməsi. Milli şüurun oyanışı, millətin özünə dönüşü və əski özümlüyünə dayanaraq sabahlara yürüməsi və s.
- Dünyada qloballaşma — kürəsəlləşmə prosesinin getiyi bir zamanda milliyyətçilikdən, milli kimlikdən, milli məfkurədən danışmaq nə dərəcədə doğrudur?
- Elə dava da bu kürəsəlləşmə dönəmində yabançı mədəniyyətlərin içində əriməməyə, milli kimliyini qoruyub saxlamağa xidmət edir. Düşünürəm ki, sizin dediyiniz kimi dünyada qloballaşma — kürəsəlləşmə sürəcinin getiyi bir zamanda bu dava daha gərəklidir, genəl deyimlə desək daha aktualdır. Ulutürk deyirdi ki, «bu dünyada otun, suyun, torpağın da yaddaşı var, sındırılmış bir budağın, söndürülmüş ocağın da yaddaşı var». Əlavə edərdim ki, eləcə də iyi, dadı, ətri var. Düşünürəm, otun, çiçəyin, meyvənin öz iyi, öz dadı və ətri olduğu kimi hər bir millətin də öz iyi, öz rəngi, öz ətri var. Bu iy, rəng, ətir millətin yaradıcılığında — fəlsəfəsində, ədəbiyyatında, mədəniyyətində, incəsənətində ifadə olunur. Bir milləti digər millətdən fərqləndirən də bu özəllikləridi zatən. Gülüstanda bütün çiçəklər eyni ətri verərsə, daha min bir çiçəyə nə ehtiyac?! Bir çiçək bəs edərdi o zaman… Milliyyətçilik davası da çoxmillətli dünyada əriməmək, milli varlığını qoruyub saxlamaq, imzasını «imzalar içində» əbədi var etmək üçündür…
- Niyə türklük davası yetərincə uğurlu sonuca vara bilmir? Gerçək türk birliyi nə zaman yaranacaq, Turan nə zaman qurulacaq?
- Türklük, milliyətçilik davasının, Turan məfkurəsinin uğurlu sonuca vara bilməməsinin ən başlıca nədəni istər bizdə, istərsə də bildiyim qədəri ilə digər türk respublikalarında bu qutsal anlayışlardan danışanların məhz bu iş üçün görəvləndirilməsidir. Daha aydın ifadə etsəm Türk birliyindən danışanların çoxu elə türk birliyindən danışmaqla görəvlidirlər. Bu yönümdə fəaliyyət göstərən qurumlara — qeyri-hökumət təşkilatlarına da bir çox hallarda belələri rəhbərlik edir. Məfkurə davası şəxsin uzun illik özünü öyrənməsi və illərlə düşünməsi sonucunda verdiyi qəti qərara bağlı olmalıdır. Bəzi dinçilər cənnət eşqi ilə ibadət etdikləri kimi, milliyyətçilik qrant, kürsü, vəzifə ehtirası ilə olmamalıdır.
- Türkün birliyində maraqlı olmayan qüvvələr birilərini türk birliyindən danışmaq üçün niyə görəvləndirsinlər ki?!
- Elə türk birliyini istəmədikləri üçün. Şəxsi maraqlarını təmin etmək uğruna göstərdikləri çaba ilə bu qutsal davanı ləkələmək, nəzərdən salmaq üçün. Bu mövzunu dəyərdən salmaq, millətimizdə «türk birliyi, turan məfkurəsi boş xəyaldır» — qənaətini yaratmaq üçün. Artıq düşüncələrdə bu qənaəti az-çox yaradıblar.
- Sizcə bu gün millət olaraq bizim üçün ən ağrılı məqam nədir və ya haradır?
- Ağrılı məqamlarımız çoxdur. Nağıllarımızda, bəzi klassiklərimizin yaradıcılığında milli kimliyin görünməməsi, yazar çağdaşlarımızın bir qisminin kosmopolitləşməsi, dünyaya gələn körpələrimizə öz türkcəmizdə deyil, ərəb-fars, rus, yəhudi, italyan, latın… mənşəli adların qoyulması, rusca doğulub, ingiliscə yaşayıb, ərəbcə ölməyimizə qədər o qədər ağrılı məqamlarımız var ki…
Rusun nağılını oxuyan yapon ivan və ya ayı obrazını görən kimi nağılın rus nağılı olduğunu bilir. Bizim nağılların qəhrəmanı Elxan, Ayxan, Bilgə, Oğuz… və sair olmalı idi. Məlikməmməd, yetim İbrahim yox. Yaxud 10-cu əsrdə farsın şairi Firdovsi milli kimliyini az qala hayqırdığı halda, bizim 12-ci əsrdə yaşamış Nizamimizdə milliyyət görünmür. Ona görə bu gün hər kəs onu öz marağına uyğun olaraq farslaşdırır. Nizami «Yüz il sonra sorsan şair hardadır, hər beyti səslənər burda, burdadır» — deyirdi. Hər beyti onun milli kimliyini kəsinliklə bəlli etsəydi daha gözəl olardı. Şairin, yazarın milli kimliyi onun yaradıcılığında boy verib görünməlidir. Yaxud, siz qızının adı Aysel, Günel, Aytəkin oğlunun adı Ayxan, Elxan, Anar, Oğuz olan ərəb, fars, rus və ya avropalı gördünüzmü?! Əlbəttə yox! O zaman nədən bizim çocuqların adı, Sədrəddin, Bədrəddin, Rafael, Aksana… olsun? Yad adlar qoymaqla övladlarımızın beşikdəcə yadlaşma sürəcini başlatmış oluruq. Artıq bu yadlaşmaya dur-demə zamanı gəlmədimi?! Bütün bunlar ağrılı məqamlarımızdır. Ancaq sualda ifadə etdiyiniz kimi ən ağrılı məqamımız isə hələ də layiqli qiymətini vermədiyimiz Azərbaycan Demokratik Cümhuriyyətinin Rusiya tərəfirndən işğalı və 37-ci il repressiyasıdır. Diktator Stalinin hakimiyyəti dönəmində, özəlliklə 37-ci ildə Azərbaycanda bir Türk-İslam sivilizasiyası yer üzündən silindi. Mədəni-mənəvi sferada yaratdıqlarımız məhv olmuş bu sivilizasiyanın xarabalıqları üzərində qurulanlardır. Daha aydın olsun deyə gəlin bir müqayisə aparaq. Tam yüz il əvvələ xəyali səyahət edək; Azərbaycanda kimlər vardı?! Musiqimizdə Üzeyir Hacıbəyli, milli ideologiyada Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, publisistikada Ömər Faiq, hərbdə Səməd bəy Mehmandarov, Əliğa Şıxlınski, siyasətdə Fətəli xan Xoyski, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, ədəbiyyatımızda Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və başqaları. Bu gün eyni sahədə kimlər var, müqayisə edin fərqi görəcəksiz. XX əsrin əvvəllərində Azərbaycanda düşüncə inqilabı, bir intellektual hərəkat başlamışdı. Bu hərəkat hələ də orta əsrlərin havasından ayrıla bilməyən şərq mühitində ilk Demokratik Respublikanın yaranmasına və o dönəm üçün az qala möcüzə olan sivil qərarların verilməsinə vəsilə oldu. Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması ilə bu proses yeni qurulmuş milli hökumətin timsalında özünə ali dayaq qazanmış oldu. Rusiyanın işğalı bu dayağı dağıtdı, hərakatı isə ciddi şəkildə zəiflətdi. 37-ci ildə isə dediyim kimi rus işğalı nəticəsində bir sivilizasiya yer üzündən silindi…
Adının qarşısında ürəklə Böyük epitetini işlədə biləcəyimiz kim vardısa, hamısı öldürüldü, sürgün olundu, respublikadan didərgin salındı. Burda sağ qalanlar isə ya sındırıldı ya da susmağa məcbur edildi.
- Amma
radio, televiziya rus işğalından sonra meydana gəldi…
- Bu,
dünyada, beynəlxalq aləmdə gedən proses idi. Rus
işğalı olmasaydı televiziya Azərbaycana 56-cı ildə
yox, lap 46-cı ildə də gələ bilərdi. Ayrıca,
Azərbaycan işğala məruz qalmasaydı II Dünya
savaşında neytral mövqe seçməklə 300 min insan
itkisinin qarşısını ala bilərdi. Bəzən
qabardırlar ki, bizdə kütləvi savadlanma sovetlər
dönəmində getdi. Əcəba, yaranandan bir il sonra
universitet açan müstəqil respublikamız savadlanmanı
özü təmin edə bilməyəcəkdimi? Əlbəttə,
edəcəkdi. Həm də daha yüksək və daha sivil
şəkildə.
- Yeri gəlmişkən,
televiziyalarımızın bu günkü durumu sizi qane edirmi?
- Qətiyyən
yox! Televiziyalarımızda bəzi verilişlər mənəviyyatı,
yüzillərlə oturuşmuş dəyərləri məhv
etməklə məşğuldur. Təsəvvür edin hər
gün televiziya xəbərlərində «oğul atanı
baltaladı», «ata qızına təcavüz etdi», «qardaş
qardaşı bıçaqladı», «ər arvadını
öldürdü»… kimi xəbərləri dinləyən vətəndaş
hansı vəziyyətə düşür. Artıq ata
oğuldan, arvad ərdən, qız atadan ehtiyat etməyə
başlayıb. İnsanların alt şüurunda qorxu meydana gəlib.
Yaxud, camışın ağ balasının olmasını,
payızda hardasa ağacın çiçək
açmasını xəbər adına
tamaşaçıya sırımaq xəbəri
ucuzlaşdırmaqdı, həm də tamaşaçıya
hörmətsizlikdir. Televiziyalar məktəblinin doğru
istiqamətdə böyüməsi, tələbələrin
bilik və dünyagörüşlərinin
formalaşması, genəlliklə toplumun
sağlamlığının qorunub saxlanması
üçün hansı işləri görür?! Bu gün
ailə başçıları var ki, məktəbli
övladlarını televiziyaların təqdim və təlqin
etdiyi tərbiyəsizlikdən qorumaqla məşğuldur. Əgər
evlərdə ailələr birlikdə oturub televiziyanı sərbəst
şəkildə izləyə bilmirsə, ana evdən
çıxarkən məktəbli övladlarına televizoru
işə salmamağı, verilişləri izləməməyi
tapşırırsa bu, artıq üzərində ciddi
düşünüləsi məsələdir.
- Sonda
daha bir sual: 2012-ci il başa çatır. Yeni ildən —
2013-cü ildən — nə gözləyirsiz, nə umursunuz?
- İl
bitir, ancaq, qayğılar, dərdlər bitmir. Köhnə
ilin dərdlərini özümüzlə 2013-cü ilə
daşımaqdayıq. Umduğum bu ki, 2012-ci ilin dərdlərini
2013-ə daşıdığımız kimi, 2013-cü ilin dərdlərini
növbəti — 2014-cü ilə daşımayaq. Azərbaycan
olaraq ən böyük dərdimiz olan Qarabağ problemi
çözülsün. Çözülsün ki, Təbriz,
Kərkük, Dərbənd, Borçalı, Göyçə…
intizardadır…
Söhbətləşdi:
Oktay Hacımusalı
Xalq Cəbhəsi.-
2012.- 27 dekabr.- S.11.