“Azərsu” ASC-də
ilin yekunları ilə bağlı
müşavirə keçirilmişdir
Dekabrın 26-da
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2012-ci
ildə ölkənin su təchizatı və
kanalizasiya sektorunda görülmüş işlər və
qarşıda duran vəzifələrə
həsr olunmuş müşavirə keçirilmişdir.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası möhtərəm Prezident İlham Əliyev tərəfindən bu il də uğurla davam etdirilmişdir. Qeyd olunmuşdur ki, ötən müddətdə ölkə iqtisadiyyatının dinamik inkişafı davam etmiş, yeni infrastruktur layihələri həyata keçirilmiş və əhalinin sosial rifah halı daha da yaxşılaşmışdır. Şirvan-Muğan qrup su kəmərinin təməlinin qoyulmasını, Külüllü-Zərdab magistral su xəttinin açılışını ilin mühüm hadisələrindən sayıldığını diqqətə çatdıran cəmiyyətin sədri qeyd etmişdir ki, bu layihələr Aran bölgəsinin böyük bir hissəsində su təchizatının yaxşılaşmasına töhfəsini verəcəkdir.
Ölkənin su təchizatı və kanalizasiya sektorunda görülmüş işlərə toxunan “Azərsu” ASC-nin sədri bildirmişdir ki, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində su təchizatı və kanalizasiya sektoru son iki ildə yeni inkişaf dövrünə qədəm qoymuşdur: Dövlət proqramlarına uyğun olaraq bütün şəhər və rayon mərkəzlərinin, eləcə də Bakıətrafı kənd və qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulduğunu vurğulayan Q. Hüseynov onu da demişdir ki, bu sahədə nəzərdə tutulan işlərin bir hissəsi layihə mərhələsindədir. Qeyd olunmuşdur ki, hazırda ölkənin 23 şəhər və rayon mərkəzi, eləcə də 277 kənd və qəsəbəsi üzrə işlərə artıq start verilmiş, bəzi layihələr üzrə işlərin isə ilkin mərhələsi uğurla başa çatmışdır. “Azərsu” ASC-nin sədri Bakı şəhərinin və Abşeron yarımadasının içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə görülən işlərə toxunaraq qeyd etmişdir ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxtın su təchizatında ciddi dönüş yaranmışdır. Onun sözlərinə görə, son bir ildə Bakı şəhərində 300 min nəfər fasiləsiz içməli su ilə təmin olunmuş, gələn ilin əvvəllərində isə Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının 200 mindən çox sakini 24 saat su alacaq. 2012-ci ildə 400 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır ki, onların da 30 minindən çoxu bölgələrdə yaşayan kənd sakinləridir. Bu tədbirlər nəticəsində 95 məhəllədaxili nasos stansiyasının fəaliyyəti dayandırılıb və bu da ayda təxminən bir milyon kilovatt-saat elektrik enerjisinə qənaət deməkdir. Başlıca vəzifə yaxın illərdə bütün istehlakçıları fasiləsiz içməli su ilə təmin etməkdən ibarət olduğunu bildirən natiq qeyd etmişdir ki, Bakı şəhərində yeni su anbarlarının tikilməsi, magistral və paylayıcı su xətlərinin yenidən qurulması ilə fasiləsiz su alanların xüsusi çəkisi 95 faizə çatdırılacaq.
Dünyanın ən böyük ultrasüzgəcli qurğusunun Azərbaycanda tikildiyini söyləyən Qorxmaz Hüseynov rekord müddətə istismara veriləcək qurğunun Abşeron yarımadasının içməli su təchizatında müsbət dəyişikliklər yaradacağını demişdir. Onun sözlərinə görə, Abşeron yarımadasını əhatə edən Master Planı üzrə işlər başa çatmaq üzrədir və layihə yekunlaşdıqdan sonra içməli su, kanalizasiya və yağış sularının axıdılması layihələri üzrə tikinti və istismar prosesləri asanlaşacaq. Qeyd olunmuşdur ki, istehlakçılara verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində tikilən mərkəzi laboratoriyanın yeni inzibati binasında son tamamlama işləri gedir və bina 2013-cü ilin birinci rübündə istismara veriləcək. Cəmiyyətin sədri daha sonra demişdir ki, ötən müddətdə suyun tədqiq olunan parametrlərinin sayı 25-dən 40-a çatdırılsa da, mövcud cihazlar tələblərə cavab vermir. Yeni laboratoriya isə ən müasir avadanlıqlarla təmin olunacaq. Artıq həmin cihazlarla işləmək təcrübəsi olan kadrların hazırlığı istiqamətində ciddi iş gedir. Bundan sonra əsas hədəf laboratoriya üçün beynəlxalq İSO standartlarının alınması olacaqdır.
Q. Hüseynov, həmçinin AzersuCİS layihəsinin Bentley beynəlxalq layihə müsabiqəsində birinci yerə və səhmdar cəmiyyətinin Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçid istiqamətində ən yüksək mükafatına layiq görülmələrini ilin mühüm uğurları adlandırmışdır. 2012-ci ildə “Azərsu” ASC-nin fəaliyyətini qənaətbəxş qiymətləndirən Qorxmaz Hüseynov qarşıda duran vəzifələr barədə tapşırıq və göstərişlərini verdi.
Sonda “Azərsu” ASC-nin sədri kollektiv üzvlərini 31 dekabr
- Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edərək
onlara cansağlığı,
firavanlıq və gələcək işlərində uğurlar arzulamışdır.
Yaqubzadə Mirbağır
Xalq
qəzeti.- 2012.- 28 dekabr.- S. 11.