İslam Əməkdaşlıq Təşkilatı
Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə
soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır
İslam həmrəyliyi çərçivəsində beynəlxalq təşkilat yaratmaq
ideyası 1969-cu il sentyabrın
22-25-də Mərakeşin paytaxtı Rabatda keçirilən 25 müsəlman ölkəsinin dövlət və hökumət
başçılarının
birinci konfransında özünün siyasi həllini
tapdı. Zirvə toplantısında qəbul
edilmiş bəyanatda
görüşdə iştirak edən
dövlətlər arasında iqtisadiyyat, elm, mədəniyyət və başqa
sahələrdə əməkdaşlıq, eləcə də
qarşılıqlı yardım üzrə məşvərətlər
keçirilməsi, yarana biləcək
problemlərin BMT-nin prinsipləri əsasında
həll edilməsi barədə öhdəliklər əks olunmuşdur.
İslam Konfransı Təşkilatının (İKT/İƏT - 2011-ci il iyunun 28-də İslam Konfransı Təşkilatının (İKT) Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanın paytaxtı Astanada keçirilən XXXVIII sessiyasında təşkilatın adının dəyişdirilərək İslam Əməkdaşlığı Təşkilatı (İƏT) adlandırılması haqqında qərar qəbul edilmişdir) nizamnaməsi qəbul edilənə qədər 1970-ci ilin mart ayında Kəraçi şəhərində təşkilatın üzvü olan dövlətlərin xarici işlər nazirlərinin birinci konfransında İƏT Baş Katibliyi təsis edildi. 1972-ci ilin mart ayında Ciddədə keçirilmiş xarici işlər nazirlərinin üçüncü konfransında İƏT nizamnaməsi 30 dövlət tərəfindən qəbul olundu.
Zirvə toplantısında nizamnaməyə əsasən İslam dünyasının vacib problemləri müzakirə edilir, həmin məqsədlə təşkilatın siyasəti əlaqələndirilir. İƏT-in Zirvə toplantısında sənədlərin qəbulu konsensus əsasında, yəni qərar və qətnamələr iştirakçıların mövqeyinin razılaşdırılması yolu ilə həyata keçirilir və hər hansı iştirakçı tərəfindən rəsmi etiraz olmadıqda sənəd qəbul edilmiş hesab olunur.
İƏT-in məqsədi təşkilatın üzvü olan dövlətlər arasında islami həmrəyliyi möhkəmləndirmək; elmi, mədəni, sosial, iqtisadi və digər həyati əhəmiyyətli sahələrdə üzv dövlətlər arasında əməkdaşlığı müdafiə etmək, həmçinin beynəlxalq təşkilatlarda üzv dövlətlər arasında məsləhətləşmələr keçirmək; irqi ayrı-seçkiliyin və müstəmləkəçiliyin bütün formalarının ləğv edilməsinə yardım etmək; ədalət əsasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi; işğal olunmuş müqəddəs yerləri azad etmək və toxunulmazlığını təmin etmək uğrunda mübarizəni əlaqələndirmək; Fələstin xalqının öz hüquqlarının qaytarılması və ərazısınin azad edilməsi yolundakı mübarizəsini dəstəkləmək; bütün islam xalqlarının öz ləyaqət, istiqlaliyyət və milli hüquqlarını qorumaq yolundakı mübarizəsini dəstəkləmək; üzv ölkələrin digər ölkələrlə əməkdaşlıq və qarşılıqlı anlaşması üçün şərait yaratmaqdır.
İslam Əməkdaşlıq Təşkilatı hazırda 57 dövləti özündə birləşdirir. Bundan əlavə, bəzi ölkələrin müsəlman icmalarının, eləcə də bir sıra beynəlxalq və regional təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər. İƏT Birləşmiş Mİllətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir və 1975-ci ildən BMT yanında müşahidəçi statusu almışdır. BMT Baş Məclisinin 36-cı sessiyasında “BMT ilə İƏT arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edilmişdir. İƏT üzvü olan dövlətlərin ümumi əhalisi bir milyard nəfərdən çoxdur və bir yerdə götürüldükdə bu dövlətlər böyük mənəvi, siyasi, iqtisadi, elmi və mədəni potensiala malikdir.
Azərbaycan Respublikası 1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilən dövlət və hökumət başçılarının 5-ci konfransında 46-cı tamhüquqlu üzv kimi təşkilata qəbul olunmuşdur. İƏT Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüququn subyekti kimi qəbul olunduğu ilk beynəlxalq təşkilatdır. Həmin dövrdə Azərbaycanın İƏT-ə üzv qəbul olunması həm erməni təcavüzünə məruz qalmış, eləcə də informasiya təbliğat imkanları zəif olan ölkəmizin öz haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırması, həm də İƏT-in Ermənistan-Azərbaycan münaqişəsinə münasibət bildirməsi üçün əsas verməklə yanaşı, islam dövlətləri tərəfindən dəstəklənməsi üçün çox zəruri idi.
Buna görə də təşkilata üzv qəbul edildikdən üç ay sonra Azərbaycan hökumətinin müraciətinə cavab olaraq İƏT-in Baş Katibi Həmid əl-Qabid öz müavini Məhəmməd Möhsinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdəki ictimai-siyasi vəziyyət və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün mövcud imkanlarla tanış olmaq üçün regiona göndərdi. İƏT nümayəndə heyəti Azərbaycanda, Ermənistanda, Türkiyədə, İranda, Rusiyada olmuş, bu ölkələrin xarici işlər nazirliklərinin vəzifəli şəxsləri ilə, eləcə də BMT-nin xüsusi nümayəndəsi Sayruns Venslə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məsləhət xarakterli görüşlər keçirmişlər.
1993-cü il aprel ayının 25-29-da Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilmiş İƏT Xarici İşlər nazirlərinin 21-ci konfransında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamə qəbul edildi. Qətnamədə Ermənistanın ölkəmizə qarşı təcavüzü pislənmiş, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından təcili çıxarılması tələb olunmaqla münaqişənin sülh yolu ilə aradan qaldırılmasının vacibliyi bildirilmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə genişmiqyaslı hücumu və torpaqlarımızın işğalı ilə əlaqədar noyabr ayının 23-də BMT iqamətgahında İƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin əlaqələndirmə toplantısı keçirilmiş, burada Azərbaycan Prezidenti Heydər Əliyevin erməni təcavüzü ilə əlaqədar ölkəmizin düşdüyü vəziyyət barədə toplantı iştirakçılarına dərin məzmunlu müraciəti oxunmuş və Ermənistanın son təcavüzü ilə bağlı bəyanat qəbul edilmişdir.
Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbədə ümrə ziyarəti, kral Fəhd bin Əbdüləzizlə apardığı danışıqlar, İƏT Baş katibliyinin rəhbərliyi ilə keçirdiyi səmərəli görüşlər Azərbaycana islam aləmində olan maraq və diqqəti daha da artırdı. Nəticədə İƏT-in beynəlxalq aləmdəki nüfuz və imkanlarından lazımi səviyyədə istifadə edə bilməsi Azərbaycanın mövqeyini daha da möhkəmləndirərək əməkdaşlığın gələcək inkişafına zəmin yaratdı. 1994-cü il noyabr ayının axırlarında İƏT-in Baş katibi Həmid əl-Qabid Azərbaycana səfər etdi. Səfər zamanı o, Azərbaycanın İslam Konfransı Təşkilatı ilə əlaqələri və bu təşkilatda tutnduğu yer haqqında Azərbaycan Prezidenti Heydər Əliyevlə müzakirələr apardı. Həmid əl-Qabid İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədiyini və münaqişənin dinc siyasi vasitələrlə həll olunmasına tərəfdar olduğunu bildirdi.
1994-cü il dekabrın 13-14-də Mərakeş Krallığının Kasablanka şəhərində İƏT-ə üzv olan ölkələrin dövlət və hökumət başçılarının 7-ci Zirvə toplantısı Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycanın üzv dövlət kimi ilk dəfə iştirak etdiyi Zirvə Konfransında çıxış edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dərin məzmunlu çıxışı, keçirdiyi görüşləri ilə ölkəmizin bu təşkilat daxilində mövqeyini xeyli möhkəmləndirdi.
Konfransda Azərbaycanla əlaqədar iki qətnamə qəbul edildi. Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamədə Ermənistanın Azərbaycana təcavüzü kəskin şəkildə pislənilmiş, bu təcavüzə son qoyulması tələb olunmuş və zor gücünə ərazi ələ keçirilməsinin yolverilməz olduğu bildirilməklə, ilk dəfə olaraq Ermənistan beynəlxalq səviyyədə təcavüzkar kimi qiymətləndirilmişdir. Konfransda qəbul edilən ikinci qətnamədə Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq qaçqın olması ilə əlaqədar Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsi öz əksini tapdı. Konfransın qəbul etdiyi Yekun bəyannaməyə isə Ermənistanın Azərbaycana təcavüzü haqqında geniş bir bölmə daxil edildi.
İƏT-ə üzv olan ölkələrin xarici işlər nazirlərinin İndoneziyanın Cakarta şəhərində 1996-cı il dekabrın 9-13-də keçirilən 24-cü konfransında da Azərbaycanla bağlı bir neçə qətnamə qəbul edilmişdir. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində 1993-cü ildən başlayaraq İƏT konfranslarının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələrin adı dəyişdirilərək, “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişə haqqında” qətnamə əvəzinə, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” qətnamə adlandırılmağa başlandı. Əvvəlki qətnamələrdə olduğu kimi, Ermənistanın təcavüzkarlığını pisləyən bu qətnamədə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrin yerinə yetirilməsi, Azərbaycanın işğal olunmuş ərazilərindən o cümlədən Şuşa və Laçından Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması təkidlə tələb edilirdi. Cakarta konfransında bu qətnamədən başqa Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında başqa bir qətnamə də qəbul edildi. Konfransın Yekun sənədində isə Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması prinsipləri - Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan Respublikası tərkibində Dağlıq Qarabağa muxtariyyət verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması prinsipləri barədə Lissabon sammitində qəbul edilmiş ATƏT sədrinin bəyanatının yekdilliklə müdafiə olunması haqqında maddə öz əksini tapdı.
1997-ci il martın 23-də İƏT-ə üzv olan ölkələrin dövlət və hökumət başçılarının İslamabadda ölkənin müstəqilliyinin 50-illiyinə həsr edilmiş növbədənkənar toplantısında qəbul edilmiş bəyannamənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 10-cu maddəsində Ermənistan tərəfindən ölkəmizə qarşı edilən təcavüz qətiyyətlə pislənilmiş, işğal edilmiş ərazilərin azad olunması tələb olunmuşdur. Bundan əlavə, 1997-ci il oktyabrın 4-də BMT Baş Məclisinin 52-ci sessiyası çərçivəsində BMT iqamətgahında keçirilmiş İƏT xarici işlər nazirlərinin əlaqələndirmə toplantısının Yekun Bəyanatında İslam dünyasının digər problemləri ilə yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi də öz əksini tapdı.
İƏT ölkələrinin dövlət və hökumət başçılarının İran İslam Respublikasının Tehran şəhərində 1997-ci il dekabrın 8-11-də keçirilən 8-ci Zirvə konfransı əvvəlki qətnamələrin müddəalarına istinad edərək Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında daha bir qətnamə qəbul etdi.
Tehran Zirvə konfransında qəbul edilən bu qətnamə Cakarta konfransında qəbul edilmiş qətnaməni bir daha təsdiq etdi. Bundan başqa, İƏT-in 8-ci Zirvə toplantısında qəbul edilmiş Tehran bəyannaməsinin 8-ci maddəsi də Azərbaycana aid idi. Burada deyilirdi ki, İƏT üzvü olan dövlətlər Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü faktını bir daha təsdiq edir və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasına, münaqişənin tezliklə və sülh yolu ilə həll edilməsinə çağırırlar. Tehran Zirvə toplantısının Yekun bəyannaməsinin 56-cı maddəsində isə göstərilirdi ki, konfrans Ermənistan və Azərbaycan arasında münaqişənin nizama salınmasına dair ATƏT sədrinin 1996-cı il Lissabon sammitində qəbul edilmiş bəyanatında ifadə olunmuş üç prinsipə tərəfdar olduğunu bir daha təsdiq edir və bu addımı Azərbaycana qarşı təcavüzün ciddi nəticələrinin dərhal aradan qaldırılmasının təminatı kimi qiymətləndirir. Beləliklə, Tehranda qəbul edilən sənədlərdə Azərbaycanın mənafeyi bütünlüklə müdafiə olundu.
Azərbaycan Prezidenti Heydər Əliyev Tehran Zirvə konfransındakı nitqində İƏT-in müsəlman dünyasında və beynəlxalq aləmdə apardığı işlərə böyük əhəmiyyət verərək üzv dövlətləri fəal əməkdaşlıq etməyə, müsəlman ölkələrində davam edən münaqişələrin sülh yolu ilə həllində, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında, eləcə də sabit inkişafa nail olunmasında əməkdaşlığın daha da artırılmasının zəruriliyini qeyd etmişdir. Bununla yanaşı, Azərbaycanın dövlət başçısı İƏT rəhbərliyinə və üzv dövlətlərin başçılarına təşkilatın yüksək səviyyəli toplantılarında Ermənistanın təcavüzkar siyasətini pisləyərək, ədalətli qərarlar qəbul etdiklərinə görə təşəkkürünü bildirmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyevin apardığı səmərəli danışıqlar və məqsədyönlü fəaliyyət nəticəsində İƏT dövlət və hökumət başçılarının 1994-cü ildə Kasablankada keçirilmiş 7-ci Konfransının qəbul etdiyi qətnamənin adı 1997-ci ildə Tehranda keçirilən 8-ci Konfransda dəyişdirilərək “Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münaqişə haqqında” qətnamə əvəzinə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” qətnamə adlandırıldı.İƏT-in xarici işlər nazirlərinin 1998-ci il martın 15-17-də Qətər dövlətinin paytaxtı Dohada keçirilən 25-ci konfransında Tehran Zirvə toplantısında qəbul olunmuş qətnaməyə Azərbaycan tərəfinin etdiyi yeni düzəliş və əlavələr qəbul edilmiş qətnamədə tam şəkildə öz əksini tapdı. Konfrans bir daha Ermənistanın təcavüzkar siyasətini pisləməklə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə çağırmışdır.
Bundan əlavə, konfransda “Azərbaycan Respublikasına maliyyə və iqtisadi yardım haqqında” qəbul edilmiş qətnamədə bütün üzv dövlətlərə, islam institutlarına və beynəlxalq təşkilatlara Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsi üçün müraciət edilmişdir. Kofnransın Yekun Bəyanatında isə, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair bənd öz əksini tapdı.
Azərbaycanın maraqlarına tam şəkildə uyğun olan və ölkəmizin ədalətli mövqeyini beynəlxalq səviyyədə dəstəkləyən həmin sənədlər İƏT-nin üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 2000-ci il noyabrın 12-13-də Dohada keçirilən Zirvə toplantısında bir daha təsdiq edilərək qəbul olundu. İƏT-in Zirvə toplantısında ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində ölkəmizin tarix və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması ilə əlaqədar qətnamənin qəbul edilməsi çox zəruri və təqdirəlayiqdir.
Ümumiyyətlə, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qəbul edilmiş sənədlər bu təşkilatın müntəzəm keçirdiyi toplantılarda hər dəfə Azərbaycan tərəfinin təklifi ilə yeni bəndlər əlavə edilərək xeyli təkmilləşdirilmişdir. Belə ki, İƏT xarici işlər nazirlərinin Kuala-Lumpur (2000), Bomako (2001), Xartum (2002), Tehran (2003), İstanbul (2004), Səna (2005), Bakı (2006), İslamabad (2007), Kampala (2008), Dəməşq (2009), eləcə də İƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Putracaya (2003) və Dakarda (2008) keçirilən növbəti zirvə toplantılarında Azərbaycanla əlaqədar çox mühüm əhəmiyyət kəsb edən sənədlər qəbul edilmişdir.
İslam Konfransı Təşkilatının 2008-ci il martın 13-14-də Seneqalın Dakar şəhərində keçirilmiş 11-ci Zirvə konfransı, həmin il iyunun 18-20-də Uqandanın Kampala şəhərində İƏT xarici işlər nazirlərinin 35-ci konfransı, eləcə də 2009-cu il mayın 23-25-də Suriyanın Dəməşq şəhərində keçirilmiş İƏT xarici işlər nazirlərinin 36-cı konfransı Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul etmiş, qəbul edilən sənədlərdə üzv dövlətlər bir daha erməni təcavüzünü qətiyyətlə pisləmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd - şərtsiz çıxarılmasını tələb etmişlər.
Bununla yanaşı, İƏT-in Dakarda keçirilən 11-ci Zirvə konfransında təşkilaltın yeni Nizamnaməsi qəbul edilmişdir. İƏT-in bu əsas sənədinin məqsəd və məramları bölməsində Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində ərazisi işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəanın təsbit edilməsi ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir. Təsadüfü deyildir ki, Dakar toplantısının keçirildiyi günlərdə, yəni 2008-ci il martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında Azərbaycan nümaynədə heyətinin təqdim etdiyi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul edilməsində İƏT-ə üzv olan dövlətlərin mövqeyi mühüm rol oynamışdır.
Son illər Azərbaycanın İƏT ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Heç şübhəsiz ki, təşkilata üzvlüyün ilk illərində Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın xarici siyasətinin əsas məqsədi bu işğalın səbəb və məqsədlərinin, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İƏT ilə əməkdaşlıq təkcə bu problemin həlli üçün siyasi sənədlərin qəbul edilməsi ilə məhdudlaşdırılmamış, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələri genişləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabrında İƏT-in Məkkədə keçirilmiş 3-cü fövqəladə Zirvə görüşündə iştirakı, eləcə də dövlət başçısının təşəbbüsü ilə 2006-cı il iyunun 19-21-də İƏT xarici işlər nazirlərinin növbəti 33-cü konfransının Bakıda keçirilməsi Azərbaycanın bu təşkilatla əlaqələrinin inkişafında mühüm rol oynamışdır.
2006-cı il sentyabrın 11-də İƏT-in üzvü olan dövlətlərin turizm nazirlərinin V konfransı, 2007-ci il aprelin 26-da “Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu” mövzusunda beynəlxalq konfrans, 2008-ci il iyunun 10-11-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialqoda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum, 2008-ci il oktyabrın 6-8-də İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV kofnransı, 2009-cu il aprelin 21-22-də İƏT-in üzvü olan ölkələrin hüquq mühafizə orqanlarının rəhbərlərinin konfransı, 2009-cu il oktyabrın 13-15-də İƏT-in üzvü olan ölkələrin mədəniyyət nazirlərinin VI konfransı və digər tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın İslam Konfransı Təşkilatı ilə əlaqələrinin yüksək səviyyədə olması və bu təşkilatla əməkdaşlığın genişlənməsini təsdiq edən amillərdəndir.
Azərbaycanla İƏT-in müxtəlif strukturları arasında münasibətlərin inkişaf edib möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı il noyabrın 26-da İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir.
Bundan əlavə, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2006-cı il iyunun 10-11də “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq forumda iştirak edən İƏT-in Baş katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımını “İƏT-in humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplomla təltif etmişdir.
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın olması olduqca əlamətdardır. Onu da qeyd etmək lazımdır ki, Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı qərar da İƏT ilə əməkdaşlığın bəhrəsi və Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.
Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Əməkdaşlıq Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində uğurla davam edir.
2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏT GF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası təsis edilmiş, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verilmişdir. Hazırda 60-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
Artıq Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənmişdir. Belə ki, 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə “İƏT GF ilə İƏT Pİ arasında əməkdaşlıq haqqında” qətnamə imzalanmışdır. “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilmişdir. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı facıəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir.
Bu, uğurlu kampaniya başlanandan az sonra İƏT xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbuluna nail olunmasıdır. 2009-cu ilin iyulunda isə İƏT Gənclər Forumu ilə İSESKO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilmişdir.
2012-ci il noyabrın 15-17-də Cibuti Respublikasının paytaxtı Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasının yekununda Cibuti bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üzv ölkələrin mövqeyi əks olunmuş, Ermənistanın Azərbaycana qarşı təcavüzü kəskin surətdə pislənilmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb edilmişdir.
Konfransda siyasi qətnamələr arasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, iqtisadi qətnamələr arasında Azərbaycana iqtisadi yardımın göstərilməsi, mədəni-ictimai qətnamələr arasında isə işğal edilmiş Azərbaycan torpaqlarında İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması və təhqir edilməsi ilə bağlı sənədlər qəbul olunmuşdur.
Bununla yanaşı, Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun fəaliyyəti ilə bağlı qurumun təqdim etdiyi qətnamə layihəsi İƏT Xarici işlər nazirləri şurası tərəfindən həmin sessiyada qəbul edilmişdir. Forum tərəfindən təqdim edilən qətnamə layihəsində qurumun gördüyü işlər arasında Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayından həyata keçirilən “Xocalıya ədalət” kampaniyasına dair xüsusi bənd ayrılmışdır. Bu bəndə əsasən, İƏT Xarici işlər nazirləri şurasının üzvü olan ölkələri və İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırmışdır.
Beləliklə, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı aktı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bütün bunlar onu göstərir ki, Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrlə yalnız milli mənəvi dəyərlər deyil, beynəlxalq siyasi arenada birgə fəaliyyət də ciddi şəkildə bağlayır. İslam Əməkdaşlıq Təşkilatı və onun üzvü olan dövlətlər Azərbaycanın haqq işinin tərəfdarı kimi benyəlxalq səviyyədə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə, yəni sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsinə dəstək verilməklə təşkilatın Nizamnaməsində nəzərdə tutulmuş İslami həmrəylik ideyasına sadiqdir.
Elçin ƏHMƏDOV, Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
“Beynəlxalq
münasibətlər və xarici siyasət”
kafedrasının dosenti, siyasi
elmlər üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2012.- 28 dekabr.- S. 11.