Yarım əsrlik şərəfli yol

 

 Abşeron-50

 

1963-cü il  yanvarın 4-də Azərbaycanın iqtisadi xəritəsinə yeni bir rayon - Abşeron rayonu daxil oldu. Bakıdan cəmi 5 kilometr məsafədə yaradılan bu rayonun kənd rayonları sırasına aid edilməsi strateji məqsəd daşıyırdı. Bakı ətrafında gündən-günə böyüyən və inkişaf edən kənd və qəsəbələrin vahid inzibati mərkəzdən idarə edilməsi baxımından bu addım olduqca zəruri idi. Müasir Abşeronun iqtisadi təhlillərinə istinad etməklə yuxarıdakı fikrimizi əsaslandırmağa çalışaq: Abşeron yarımadasında yerləşən Abşeron rayonunun ərazisi 1966,1 kvadratkilometrdir.

 

Abşeron tarixi zənginliyi ilə fərqlənir. Rayonun tarixi abidələrindən: Novxanıda XVII əsrdə Şahsultan Hüseyn adlı şəxs tərəfindən tikilmiş məscid, Fatmayıda XVII əsrdə tikilmiş Hacı Heybət məscidi, XVIII əsrdə tikilmiş Salam məscidi, XVIII əsrdə Xırdalan kənd icması tərəfindən tikilmiş məscid, Məmmədlidə XVIII əsrdə Qaradağlılar nəsli tərəfindən inşa edilmiş məscid, XIX əsrdə Görədildə həmin kəndin sakini Hacı Qurbanın tikdirdiyi Əbdürrəhman məscidi, Digahlı Mir Qohum ağanın tikdirdiyi məscid, XIX əsrdə Məmmədli kəndində Şahsevənlər tərəfindən tikilmiş məscid, Novxanıda XIX əsrdə Hacı Səfəralının ibadət və dini tədris məqsədilə tikilmiş məscid-mədrəsəsi, Fatmayıda XIX əsrdə tikilərək kənd ağsaqqalı Əlbattinin adı verilmiş məscid, Saray kəndindəki XIX əsrə aid Hacı Bədəl məscidi mövcuddur ki, bunların da əksəriyyəti son onillikdə bərpa olunaraq dini mərasimlərin keçirilməsi məqsədilə rayon əhalisinə xidmət edir. Güzdək qəsəbəsi ərazisində XIX əsrə aid dörd ədəd “Dəvəlik” adlanan təsərrüfat tikilisi mövcuddur. Həmin tikililər təsərrüfat məqsədilə istifadə olunmasa da, qorunub saxlanılır.

 Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, mişar daşı, kərpic, beton, sement, asfalt və digər tikinti materialları, müxtəlif mebel və məişətdə istifadə olunan qablar, çörək, ət, süd, balıq, uşaq qidası, şirniyyat-qənnadı məmulatları, sərinləşdirici içkilər və digər məhsullar istehsal edən müəssisələr fəaliyyət göstərir.

Məqsədim statistikanın dili ilə danışmaq olmadığından faktları sadalamaqdan yan keçirəm. Daxilimdə baş qaldıran belə bir suala  cavab verməyə çalışacağam: müasir Abşeron müstəqil Azərbaycanımızın yüksək sürəti ilə ayaqlaşa bilirmi? Bir sakin və ziyalı olaraq baxış bucağından Abşeron rayonu necə görünür?

Təbii ki, gündən-günə gözəlləşən və çiçəklənən Azərbaycanımızın nailiyyətlərini bütün dünya təsdiqləyir. Respublika paytaxtı Bakının, necə deyərlər, lap qulağının dibində bu vüsətli inkişafın ən bariz nümunəsini məhz Abşeron rayonunda görmək olar. Şəhər statusu almasının cəmi 5 yaşını qeyd etdiyimiz Xırdalan şəhərinin, Saray, Novxanı, Hökməli, Fatmayı, Məhəmmədi, Qobu, Masazır və s. kimi iri qəsəbə və kəndlərin timsalında bu inkişaf daha aydın görünür. İndi Xırdalanda müasir şəhər infrastrukturuna aid olan bütün məsələlər diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq rayonda mədəni inkişafın, sosialyönümlü işlərin düzgün strategiyası müəyyənləşdirilir. Rayonun həyatında son illərdəki tərəqqi və danılmaz inkişafın RİH-in başçısı Zakir Fərəcovun adı ilə bağlanması təsadüfi deyildir. Çünki düzgün rəhbərlik tərəqqinin və inkişafın əsasıdır. İndi bütün Abşeron, xüsusilə Xırdalan şəhəri coşqun bir həvəslə müasirləşir, yenidən qurulur. Heydər Əliyev parkı, Misir parkı, geniş xiyabanlar şəhərə xüsusi gözəllik verir. Cəmi bir neçə il əvvəl axşamının qaranlığı vahimə doğuran Xırdalanın işıqlı, nurlu gecəsindən ayrılmaq olmur...

Əhalinin artım sürəti orta respublika səviyyəsindən xeyli yüksəkdir. RİH-in apardığı rəsmi araşdırmaya əsasən, hazırda Abşeronda 300 minə yaxın əhali yaşayır. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə rayonun iqtisadi inkişafı diqqət mərkəzində saxlanılır.

2012-ci ilin altı ayı ərzində rayonun əsas iqtisadi göstəriciləri aşağıdakı kimi olmuşdur: Ümumi məhsul istehsalı 53,6 milyon manat; əhaliyə göstərilən pullu xidmətlər 21,7 milyon manat; rabitə xidməti 1,8 milyon manat; əsas kapitala yönəldilən investisiya 78,7 milyon manat, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 73,6 milyon manat; pərakəndə əmtəə dövriyyəsi 112,5 milyon manat təşkil etmişdir.

Əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunmuş, rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin edilmişdir. 2012-ci ilin altı ayı ərzində əhalinin təbii qaz təminatını daha da yaxşılaşdırmaq məqsədilə “AzəriQaz” İstehsalat Birliyinin sifarişi əsasında 60 kilometrdən artıq daşıyıcı və küçədaxili qaz xətləri çəkilmişdir.

Rayonda təhsilin və səhiyyənin yaxşılaşdırılması istiqamətində  də xeyli irəliləyişlərə nail olunmuşdur. Əhaliyə göstərilən səhiyyə xidmətləri müasir tələblərə cavab verir. Xəstəxana və poliklinikalar müasir tibbi qurğularla təchiz edilir.

Rayonda  təhsil sektorunda da nəzərəçarpacaq müvəffəqiyyətlərə nail olunmuşdur. Məktəblərin maddi-texniki bazası gücləndirilib. Son beş ildə bir neçə yeni məktəb binası istifadəyə verilmiş, bəzi məktəblər üçün əlavə korpuslar və yardımçı binalar tikilmişdir. Bu da rayon üzrə təhsil alanların nailiyyətlərinin artmasına gətirib çıxarmışdır. Gəlin TQDK-nın statistik təhlillərindəki bəzi məlumatlara nəzər salaq:

-2011-ci ildə rayonun ümumtəhsil müəssisələrini 1504 şagird bitirib və onların 1342 nəfəri attestat alıb.

-Ədəbiyyat, coğrafiya, ingilis dili fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır.

-Rayonun məzunlarının 80 nəfəri 500, 18 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

-Abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub.

-Qəbul imtahanlarında 34 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Xırdalan qəsəbə 1 nömrəli, Xırdalan şəhər 2, 5 və 9 saylı tam orta məktəbləri daxil olub.

Ölkəmiz inkişaf və tərəqqi yolu ilə durmadan irəliləyir. Abşeron da bu mübarizənin  ön sıralarında öz qətiyyətini göstərir.

Rayonda aşağıdakı infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur:

-Bütün kənd və qəsəbələrin içməli su, təbii qaz, elektrik enerjisi təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidən qurulması.

-Rayonda iki yeni məktəbin, 1680 şagird-yerlik əlavə korpusların tikintisi, iki məktəbin əsaslı təmiri, 420 yerlik dörd uşaq bağçası - körpələr evinin tikintisi.

-Rayon mərkəzində Olimpiya İdman Kompleksinin tikintisi.

-Rayonun bütün yaşayış məntəqələrində sadə idman obyektlərinin inşası.

-Rayonun kənd qəsəbələrarası, eləcə məhəllədaxili yollarının asfaltlanması yenidən qurulması, abadlıq işlərinin gedişinin intensivləşdirilməsi, yeni yaşıllıqların salınması, əhalinin sosial problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi.

-Kənd təsərrüfatı məhsulları istehsalının (quşçuluğun, zeytunçuluğun, zəfərançılığın) inkişaf etdirilməsi. Göründüyü kimi, Abşeron öz 50 illik yubileyini xalqımız qarşısında alnıaçıq fərəhli göstəricilərlə qeyd edir.

 

 

Hüseyn ŞAHBƏNDƏYEV,

Ən yaxşı müəllimrespublika

müsabiqəsinin qalibi

 

Xalq qəzeti.- 2012.- 29 dekabr.- S. 5.